Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Ağ Ev Bakı üzərindən geostrateji seçim edir:ABŞ Azərbaycan üçün "təhlükəsizlik çətiri" açır

Ağ Evə bağlı strateji düşüncə mərkəzləri hesab edirlər ki, ABŞ-ın Çindən asılılığını azaltmaq planları reallaşacaqsa, bunda istənilən halda, mütləq Azərbaycanın həlledici rolu olacaq... ABŞ üçün Azərbaycanın faktiki olaraq, Orta Asiya, Cənubi Qafqaz və Yaxın Şərq arasında "strateji körpü dövlət" funksiyasını icra etmək imkanları da olduqca cəlbedici faktordur...

Yenixeber.org: Son vaxtlar ABŞ və Azərbaycan arasında strateji yaxınlaşma prosesinin intensivləşdiyi müşahidə olunur. Yəni, Cənubi Qafqazda yeni geopolitik arxitekturanın formalaşma əlamətləri sezilir. Hər halda, Ağ Evin rəsmi Bakı ilə münasibətlərinon son vaxtlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı son açıqlama və eyni zamanda, nüfuzlu "The National İnterest' jurnalında dərc olunan analitik məqalə onu göstərir ki, Azərbaycan artıq ABŞ-ın xarici siyasətində “regional tərəfdaş” deyil, strateji dayaqlardan biri kimi dəyərləndirilməyə başlayıb. ABŞ və Azərbaycanın yüksək səviyyəli nümayəndələri ikitərəfli işçi qrupunun ilk iclasını da keçiriblər. Bu, 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutan “tarixi sülh sammiti”ndə imzalanmış memorandumun icrasına başlamaq məqsədi daşıyır.

650680df4e7ea17c2e78764609577fa2.jpg (420 KB)

Məsələ ondadır ki, işçi qrupunun toplantısında tərəflər regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsi, iqtisadi investisiyaların genişləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur layihələri, təhlükəsizlik sahəsində əməkdaşlıq kimi önəmli mövzuları müzakirə ediblər. ABŞ səfirliyinin xüsusi vurğuladığı məqam isə ondan ibarətdir ki, Ağ Ev Azərbaycanı prezident Donald Trampın “sülh və rifah” vizyonunun həyata keçirilməsində açar tərəfdaş hesab edir. Və bu ifadə siyasi-diplomatik ritorikadan daha çox, ABŞ üçün geopolitik prioritetin artıq dəyişdiyinə işarə edir.

Maraqlıdır ki, Qərb mətbuatında Ağ Evin Azərbaycanı ABŞ-ın xarici siyasətinin bəzi önəmli istiqamətləri üçün əvəzolunmaz strateji tərəfdaş kimi qəbul etməyə başladığı vurğulanır. ABŞ-ın strateji düşüncə mərkəzlərinə yaxın "The National Interest" jurnalı isə bu məsələni daha açıq və sərt geopolitik çərçivədə təqdim edir. Qeyd olunur ki, ABŞ-ın Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün "geopolitik pəncərə" o qədər də geniş deyil. Və bu "geopolitik pəncərə"nin mərkəzində isə məhz Azərbaycan dayanır.

Təbii ki, Ağ Ev üçün Azərbaycanın yerləşdiyi geopolitik və geostrateji mühit xüsusi önəm daşıyır. Belə ki, Azərbaycanın Rusiya ilə İran arasında, qlobal enerji və nəqliyyat qovşağında, Orta Asiyaya çıxış nöqtəsində yerləşməsi ABŞ üçün olduqca cəlbedici faktorlar sayılır. Çünki Azərbaycan ABŞ üçün iqtisadi-ticari, enerji təhlükəsizliyi və regional geostrateji manevrlər baxımından, əvəzolunmaz imkanlar yarada bilər.

1755839999_tjxjimrxaaavl7c1eg18.jpg (73 KB)

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-ın strateji düşüncə mərkəzlərini xüsusi məşğul edən mövzulardan biri məhz Orta Dəhliz hesab olunur. Avropa ilə Asiyanı, Rusiya və İran ərazisindən yan keçməklə, birləşdirən yeganə quru marşrut məhz Azərbaycanın nəzarətindən keçir. Bu, ABŞ üçün gələcəkdə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi (Azərbaycan qazı), Çinin ticarət dominantlığının zəiflədilməsi, Orta Asiyanın nadir təbii resurslarına çıxış üzrə bir neçə önəmli strateji nəticə vəd edir.

Ağ Evə bağlı strateji düşüncə mərkəzləri hesab edirlər ki, ABŞ-ın Çindən asılılığını azaltmaq planları reallaşacaqsa, bunda istənilən halda, mütləq Azərbaycanın həlledici rolu olacaq. Bu baxımdan, Ağ Evdə TRIPP layihəsinə artıq yalnız nəqliyyat-kommunikasiya marşrutu deyil, həm də məhz geopolitik alət kimi yanaşmağa üstünlük verirlər. Ona görə də, "The National Interest" ABŞ-ın təşəbbüsü ilə gündəmə gətirilən TRIPP layihəsini sadəcə, logistika layihəsi kimi deyil, həm də geopolitik mühəndislik aləti kimi təqdim edir.

Ancaq ABŞ-ın strateji düşüncə mərkəzləri tərəfindən əsas risk faktoru kimi Ermənistandakı ölkədaxili siyasi qeyri-sabitlik göstərilir. Belə hesab edilir ki, Ağ Ev rəsmi İrəvana da hədəfli iqtisadi və texnoloji investisiyalarla və sülhün sosial-iqtisadi dividendlərini nümayiş etdirməklə, bu qəliz situasiyanı pozitiv istiqamətə yönəldə bilər. Və bu yanaşma ABŞ diplomatiyasının "sülh-investisiya-inteqrasiya zənciri" üzərində qurulan yeni modelini əks etdirir.

Təbii ki, Ağ Evdə İranın TRIPP layihəsinin əsas əleyhdarı olduğunu da anlayırlar. Çünki rəsmi Tehran bu dəhlizi İranın milli təhlükəsizlik maraqlarına birbaşa təhdid sayır. Ancaq buna paralel olaraq, Azərbaycan Xəzər hövzəsində güc balansını dəyişə biləcək yeni silah sistemləri əldə edir. Ona görə də, Ağ Evdə ABŞ üçün ən rasional yolun məhz Azərbaycan-ABŞ açıq strateji tərəfdaşlıq xəttinin qurulması olduğu qənaətindədirlər. Çünki Cənubi Qafqaz ətrafında yaranmış situasiya üzrə sanksiya və çəkindirmə prosesi yalnız koordinasiyalı şəkildə aparılarsa, daha effektiv ola bilər.

aliyev-tramp-tandem-Снимок.JPG (135 KB)

Digər tərəfdən, ABŞ siyasi dairələri Azərbaycanı həm də Orta Asiya və Türk dünyasına açılan önəmli "geostrateji qapı" hesab edirlər. Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində artan rolu da ABŞ üçün əlavə üstünlük faktoru kimi dəyərləndirilir. Çünki Azərbaycan faktiki olaraq, Orta Asiya, Cənubi Qafqaz və Yaxın Şərq arasında "strateji körpü dövlət" funksiyasını icra etmək imkanlarına malikdir.

Göründüyü kimi, bütün bunlar ABŞ üçün Cənubi Qafqaz regionunda dolayı, ancaq olduqca effektiv təsir mexanizmi yaradır. Bununla belə, keçmişin ağır yükü hesab olunan və Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş indi əsas hüquqi əngəl rolunu oynayır. Ona görə də, Ağ Evə yaxın strateji düşüncə mərkəzləri bu sənədin ən qısa zamanda, ABŞ Konqresi tərəfindən 907-ci ləğv etməli olduğu qənaətindədirlər. Onların fikrincə, bu sənədi artıq reallıqdan çox uzaqdır, regional balansı ciddi şəkildə pozur və ABŞ-ın maraqlarına zidd xarakter daşıyır.

Belə anlaşılır ki, ABŞ üçün artıq strateji seçim qaçılmazdır. Əgər, Ağ Ev Şərq-Qərb dəhlizi, Azərbaycan-Ermənistan sülh sazişi, Rusiya və İranın regional təsirinin məhdudlaşdırılması kimi önəmli hədəflərə daha tez çatmaq istəyirsə, onda Azərbaycanı periferik aktor deyil, məhz strateji mərkəz kimi qəbul etmək baxımından, artıq prinsipial qərar verməyə məcburdur. Və bu səbəbdən də, ABŞ-Azərbaycan münasibətləri son vaxtlar artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq, Cənubi Qafqazın yeni geopolitik arxitekturasının əsas sütunlarından birinə çevrilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam