Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

news content


Ekspert: “Bu xalq ölməz, sonadək dayanacaq!”

Yenixeber.org: “Rusiya Ukraynada müharibə başa çatmamış NATO ölkələrindən birinə hücum edə bilər”. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Guardian” qəzetinə müsahibəsində bildirib.

Biz Avropada yayılmış ümumi skeptisizmi kənara qoymalıyıq. Guya Putin əvvəlcə Ukraynanı işğal etmək istəyir, sonra isə başqa istiqamətlərə yönələ bilər. Əslində, o, hər ikisini eyni anda edə bilər”, – deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Rusiya ordusunun Ukraynada irəliləyə bilməməsi fonunda NATO ölkələrindən birinə mümkün müdaxilə ehtimalı getdikcə artır.

Bu bəyanat fonunda Baltikyanı ölkələrdən gələn fikirlər xüsusi diqqət doğurub. Latviyanın Milli Silahlı Qüvvələrinin polkovniki Antonina Blyodone bildirib ki, ölkədə hərbi münaqişə baş verəcəyi təqdirdə əhalinin çoxu dövləti müdafiə etməkdənsə, qaçmağa üstünlük verəcək.

Polkovnik “Baltijas” Balss nəşrinə müsahibəsində həmvətənlərinin düşüncə tərzindən dərin narahatlığını ifadə edərək, bu tendensiyanın latış xalqının bir millət kimi mövcudluğuna birbaşa təhdid yaratdığını vurğulayıb.

“Ukrayna müharibəsi başlayandan bəri mənə tez-tez “müharibə olarsa, hara qaçaq” sualı verilir. Amma demək olar ki, heç kim “dövlətin müdafiəsinə necə kömək edə bilərik?” deyə maraqlanmır”, – Blyodone bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə müqayisədə Latviyada əhval-ruhiyyə tam fərqlidir. “Ukraynalılar ölkələrinə qayıdıb yardım etmək istəyir, hətta müharibə şəraitində belə ailə qururlar. Latışlar isə əksinə, uzunmüddətli planlardan – istixana salmaqdan, uşaq sahibi olmaqdan imtina edirlər və bunu mümkün müharibə qorxusu ilə əsaslandırırlar”, – o əlavə edib.

Polkovnikin fikrincə, fərdi rahatlığın dövlət maraqlarından və milli demoqrafiyanın davam etməsindən üstün tutulması iradə zəifliyinə və kollektiv müdafiə qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Blyodone müsbət nümunə kimi İsraili göstərib: “Orada insanlar təhlükə altında yaşasalar da, ailə qurmaqdan çəkinmirlər və yüksək doğum səviyyəsini qoruyurlar. Bu, milli iradənin gücünü göstərir”. 

Onun sözlərinə görə, bu ziddiyyət Latviya cəmiyyətindəki böhranın dərinliyini bir daha üzə çıxarır. O, bununla uşaqları (yəni müharibənin dəhşətlərindən qorunmalı olanları) nəzərdə tutmadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, söhbət uşaqlardan deyil, döyüş qabiliyyətli, işləyən insanlardan gedir – “çünki onların borcu dövləti qorumaqdır”.

Polkovnikin fikrincə, problemin kökü “insanın özünü dünyanın mərkəzi hesab etdiyi, ölkəsinə mənsubiyyət hiss etmədiyi və onu öz davamı kimi görmədiyi geniş yayılmış fərdiyyətçilikdə” gizlənir.

Əgər hər kəs kritik anda yalnız özünü xilas etməyə çalışacaqsa, bu, faciəvi sonluqla nəticələnəcək – həm Latviya, həm də latışlar etnos kimi yox ola bilər”, – polkovnik xəbərdarlıq edib.

Bəs bu fikirlər reallığa nə dərəcədə uyğundur? Ola bilər ki, Rusiya nə vaxtsa həqiqətən də Latviyaya hücum etsə, ölkə vətəndaşlarının böyük hissəsi bu və ya digər şəkildə belə davranacaq?

Pressklub.az-ın suallarına latviyalı ekspertlər münasibət bildiriblər.

Rezekne şəhər bələdiyyəsinin deputatı, politoloq və “Žurnāls A12” jurnalının baş redaktoru İnara Qrotse deyib ki, hər zaman qaçanlar da olacaq, partizanlıq edənlər də, döyüş meydanında sonadək dayananlar da. 

Ukraynada da müharibənin əvvəlində əhalinin bir hissəsi ölkəni tərk etdi, amma indi geri qayıdırlar. Hərbi əməliyyatların getdiyi yerdə mülki vətəndaşlara ehtiyac yoxdur, amma hamıya ruhun güclü iradəsi lazımdır. İnsanları məhz buna – iradə gücünə və Vətənə məhəbbətə öyrətmək lazımdır. Lakin bunu etmək asan deyil. Xüsusən də əhalinin bir hissəsinin etnik köklərinin başqa bir dövlətə bağlı olduğu və yaşadıqları ölkəyə mənsubiyyət hiss etmədikləri şəraitdə”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bununla belə bir çoxları bu yaxınlarda kiçik Latviyada 5 min nəfərin mitinqə çıxmasının şahidi oldular. Onlar parlamentin ölkəni İstanbul Konvensiyasının (qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında saziş) iştirakçıları sırasından çıxarmaq niyyətinə etirazlarını bildiriblər.

Deməli, azadlıq dəyərləri hələ də önəmlidir və insanları aldatmaq mümkün deyil.

“Doğum səviyyəsi bütün Avropanın problemidir. Yüksək yaşayış səviyyəsi, karyera haqqında düşüncələr, səyahət arzusu… Halbuki uşaqlara vaxtı və diqqət həsr etmək lazımdır – bu iki şey ən vacibidir. Əlbəttə, Rusiya sərhədi yaxınlığında yaşayanda bütün bunlar barədə düşünmək çətindir. Amma buna baxmayaraq, burada ailələr kredit götürür, evlər tikirlər. Antonina Blyodonenin özünün də dediyi kimi, müharibə yaxın olsa belə, pozitiv düşünmək lazımdır. Bu, asan deyil, güclü iradə və ruh tələb edir. Amma mən inanıram və mən burda, Rezeknedə qalacağam. Yaxud, əgər nəsə olsa, partizanlara qoşulacağam”, – Qrotse bildirib. 

Liepaya şəhərində yaşayan jurnalist Yuris Ekşteyns isə deyib ki, 1990–2000-ci illərdə Latviyadan keçmiş Yuqoslaviya, İraq və Əfqanıstandakı beynəlxalq missiyalarda iştirak üçün seçilmək rəqabəti çox yüksək olub – bəzən bir yerə 11 nəfər iddia edirdi.

Gənclik illərimdə hətta Ümumittifaq Kinematoqrafiya İnstitutuna və ya Moskva Universitetinə qəbul üçün müsabiqə belə bu qədər gərgin olmurdu. Bizim ölkəmiz həmişə müttəfiqlərinə köməyə gəlib – istər NATO-ya üzv olmadığımız dövrlərdə, istərsə də sonradan, Şimali Atlantika Müqaviləsinin beşinci maddəsinə uyğun şəkildə.

Niyə o gənclər o vaxt “qaynar nöqtələr” adlanan yerlərə getməyə can atırdılar? Biz qumluq səhralarda qəhrəmancasına həlak olmuş Latviya oğullarının adlarını həmişə xatırlayacağıq – baxmayaraq ki, bəzən onların ana dilinin hansı olduğunu belə unuduruq. Amma bunun nə fərqi var? Onlar çox dildə danışırdılar, bu isə beynəlxalq hərbi kontingentlərdə xidmət üçün vacib şərt idi.

Onlar sadəcə ən yaxşı olmaq istəyirdilər və oldular da. Cavab budur. Onlar “NATO bizi qoruyacaq” demirdilər, “NATO – bizik” deyirdilər. Elə buna görə də bu gün də Şimali Atlantika Alyansının ən yaxşı istehkamçıları latışlar sayılırlar.

Maraqlıdır, əks halda, biz bu otuz ildən artıq müddətdə NATO sıralarında nə edirdik? Axı bu təşkilat yalnız hərbi əməkdaşlıqdan ibarət deyil – o, elmi, təhsil və sosial proqramların geniş sistemini əhatə edir. Unutmaq olmaz ki, artıq bütöv bir nəsil Latviyada – NATO ölkəsində doğulub və böyüyüb. Onların dünyagörüşü, gözləntiləri və düşüncə tərzi bununla formalaşıb. Odur ki, gənclərin əsas məqsədinin buradan qaçmaq olacağına inanmaq sadəlövhlük olardı.

Hərb şərəfi və hərbi xidmətə xüsusi ehtiram latış xarakterinin ayrılmaz xüsusiyyəti olub. Tarixin mürəkkəb dönəmlərində latışlar müxtəlif ölkələrin ordularında xidmət ediblər. Məsələn, vaxtilə latış zabitləri Rusiyanın şimal-qərbinin böyük hissəsinə sahib olan güclü İsveç ordusuna sevinclə qəbul edirdilər. Rusiya imperatriçası I Yekaterinanın ilk həyat yoldaşı da məhz İsveç ordusunun latış mənşəli kapitanı idi.

Elə Rusiya imperiyası da Latviya əsilli hərbçilərə çox borcludur – onların adları və məzarları Riqa ilə Port-Artur, Mukden arasında uzanan döyüş meydanlarını əbədiləşdirib. Onların arasında həqiqi Georgi kavalerləri vardı – bu adı və lenti həqiqətən daşımaq hüququna layiq idilər. Unutmayaq ki, məhz Rusiya 1915-ci ildə latış atıcıları fenomenini yaratdı”, – ekspert qeyd edib.


Bolşeviklər isə heç vaxt yenilik etməyiblər, deyə o sözünə davam edib – Qırmızı orduda yaradılan ilk milli hərbi birlik 1918-ci ildəki Latış Diviziyası idi. “Təsadüfi deyil ki, stalinizm tərəfdarı olan istedadsız şair bir dəfə həqiqəti belə ifadə edib: “Hər hansı cinahda latışlar dayanırsa o cinah etibarlı sayılır”.

Qırmızı ordu doktrinası milli birləşmələrin yaradılmasını qadağan etsə də, 1941-ci ildə təcili qaydada 201-ci Latış Diviziyası təşkil edildi. Bu diviziya demək olar, tam tərkibdə Moskva uğrunda döyüşlərdə Naro-Fominsk və Borovsk yaxınlığında həlak oldu. Sonradan həmin hissə 43-cü Qvardiya Diviziyasına çevrildi. Dəqiq bilmirəm, amma deyəsən, Kiyev istiqamətindəki dəmir yolu xəttində “Latış” adlı stansiya hələ də qalır.

Bəlkə də stalinçilər XIX əsrin sonlarında xalqımızın himnində qürurla səslənən “Dievs, svētī Latviju!” (“Tanrı, Latviyanı qoru!”) sözlərinin və “latış” adının birdəfəlik yox olmasını arzulayırdılar. Elə buna görə sovet işğalı illərində süni şəkildə “Riqa vilayəti”, “Dauqavpils vilayəti” kimi inzibati bölgülər uydurulmuşdu. Amma heç nə alınmadı.

1919-cu ildə yalnız qiyamçı Liepaya və ətrafının Latviyanın azadlıq adası kimi qaldığı zaman, azsaylı könüllü dəstələr – daha çox gimnaziya tələbələrindən ibarət olan gənclər – “məğlubedilməz və əfsanəvi” Qırmızı Ordunu darmadağın edərək Pskov istiqamətinə qədər geri çəkilməyə məcbur etdilər. Bununla da Lenin hökuməti 1920-ci il 11 avqust Sülh Müqaviləsi ilə Latviyanın müstəqilliyini tanımağa və bu torpaqlardan “əbədilik” imtina etməyə məcbur oldu.

Bu gün Liepayada yaşayarkən tez-tez görürəm ki, dinc, sakit insanlar olan qonşularım Zemessardze (Latviya könüllü müdafiə qüvvələri) formasını geyinib təlimlərə yollanırlar. Və bu, heç də təəccüblü deyil.

“Mentalitet” məsələsini bilmirəm, amma latış ruhuna tam əminəm.

Finlandiya və sualtı donanmaya malik İsveç NATO-ya qoşulduqdan sonra finlandiyalı dostum maraqlı bir hadisə danışdı. Estoniyada ondan soruşublar: “Ruslar bizə hücum etsələr, kömək edəcəksinizmi?” O isə düşünərək cavab verib: “Əlbəttə. Sadəcə ona görə ki, biz finik”.

Latviya da elə bu cürdür. Sadəcə ona görə ki, biz latışıq – harada olsaq, orada dayanacağıq. Bu həqiqəti heç nə dəyişə bilməz. Latışlar qaçmaz, ölənədək dayanarlar.

Axı əks halda, bu gün Ukraynanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanların dul arvadlarının və qızlarının gözünə necə baxa bilərdik?” – Ekşteyns yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam