Putin və Tramp taleyüklü seçim qarşında -Ukraynaya kollektiv Qərbin dəstəyi müharibəni bitirə bilər

Avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ukrayna Prezidenti Volodimir Zelenski, NATO baş katibi, Mark Rutte, Avropa Komissiyasının prezidenti Ursula Von der Lyayen və bir sıra Avropa liderlərinin iştirakı ilə yüksək səviyyəli görüşlər keçirildi.
Yenixeber.org: Görüşlərin əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması, Ukraynanın gələcək təhlükəsizliyinin təmin olunması mümkün atəşkəs, yaxud sülh müqaviləsi üçün şəraitin yaradılması idi.
Üç gün əvvəl isə Prezident Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putini qəbul etmişdi. 2.5 saat çəkən görüşdə konkret razılaşmalar əldə olunmasa da, Tramp Rusiya liderinin şərtlərini Prezident Zelenski və NATO müttəfiqləri ilə müzakirə etməyə razılaşıb. Daha sonra Ukrayna və Avropa liderləri Vaşinqtona dəvət edildi və əvvəlcə Zelenski-Tramp, daha sonra NATO, Aİ rəhbərləri və müttəfiq dövlətlərin liderlərinin iştirakı ilə müzakirələr aparıldı. Danışıqların yekununda Tramp Kremlə telefon açaraq əldə olunan razılaşmalar haqda Putini məlumatlandırdı, daha sonra Zelenski ilə üçlükdə görüşə onun razılığını aldı.
ABŞ Dövlət katibi Mark Rubio bildirib ki, bu, hələ razılaşma deyil, lakin böyük bir irəliləyişdir: “İnsanlar artıq bir-biri ilə danışır, bu isə üç ildən çoxdur baş verməyib”.
Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp ilə danışıq açıq və konstruktiv xarakter daşıyıb və Ukrayna-Rusiya liderlərinin görüşündə təhlükəsizlik zəmanətləri və qarşılıqlı etimad məsələləri müzakirə olunacaq.
Daha əvvəl - Trampla görüşdən sonra isə Rusiya rəhbəri şərtlərinin təmin olunacağı təqdirdə Qərbin Ukraynanın təhlükəsizliyinə zəmanət verməsinə etiraz etməyəcəyini bildirmişdi. Uşakov ondan bəhs edir...
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, avqustun sonuna qədər üçlü görüş Budapeştdə keçirilə bilər. Habelə İsveçrə hökuməti bəyan edib ki, müzakirələr üçün Cenevrə şəhəri seçilərsə, Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqda həbs qərarına müvəqqəti moratorium qoya bilər.
Putinlə görüşə qədər kollektiv Qərb öz arasında əsas məsələni həll etməlidir və Vaşinqtonda saatlarla çəkən müzakirələrin ana mövzusu bu idi:
Putinin tələblərinə uyğun olaraq Ukraynanın ərazi güzəştlərinə getməsi;
Bunun müqabilində Qərbin Ukraynaya təhlükəsizlik qarantiyası verməsi.
Hər iki mövzu olduqca həssas və ziddiyyətli məqamlarla doludur.
Əvvəla, Putinin tələb etdiyi ərazilər - Ukraynanın şərq vilayətlərinin Rusiyaya təhvil verilməsi Kiyev üçün qəbuledilməzdir. Rusiya Krımın öz ərazisi kimi tanınmasını və 4 vilayətdən Ukrayna qoşunlarının çıxarılmasını tələb edir ki, bu, Rusiya ordusunun son 3 ildə yüz minlərlə itki hesabına işğal etdiyi ərazilərdən dəfələrlə böyükdür. Belə ki, Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində uğurlu əməliyyatlarından sonra Rusiya genişmiqyaslı hücumlar həyata keçirsə də, işğal olunan ərazilərin miqyası Ukraynanın ümumi ərazisinin 1%-indən azdır (5,842 km²). Habelə, həmin ərazilərdə Ukrayna qoşunlarının möhkəmləndirilmiş müdafiə xətləri mövcuddur, onların tərk edilməsi gələcəkdə bütün Ukraynanın işğalına şərait yarada bilər.
Rusiyanın başqa tələbləri də var: ölkənin NATO-ya qoşulmaması, rus dilinin ikinci dövlət dili elan olunması, Rusiyayönlü ictimai-siyasi təşkilatların fəaliyyətinə icazə verilməsi, Rus Pravoslav Kilsəsinin himayəsinə qayıdış və s...
Təhlükəsizlik təminatlarının iştirakçıları, miqyası, forması da xeyli ziddiyətlidir. Görüşlərdə Prezident Donald Tramp bildirib: “Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Avropa ilə birgə işləyəcəyik. Bu, NATO-nun 5-ci maddəsinə bənzər mexanizm olacaq, lakin ABŞ qoşun göndərməyəcək. Əsas müdafiə yükü Avropaya düşəcək”.
Ukrayna lideri Zelenski isə deyib ki, artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyirlər, zəmanətlər olacaq.
Fransa Prezidenti Emmanuel Makron isə Ukrayna ordusunun gücünü vurğulayıb: “Yüz minlərlə insan və Rusiyanı cilovlaya bilən Ukrayna ordusunun saxlanması münaqişənin başa çatmasından sonra Ukrayna üçün əsas təhlükəsizlik təminatlarından biridir. Bu ordunu uzun müddət təchiz etməli, təlim keçməli və saxlamalıyıq”.
NATO Baş katibi Rutte isə Ukraynaya veriləcək zəmanətlərin NATO-nun kollektiv müdafiə prinsiplərinə uyğun olacağını vurğulayıb və Ukraynanın müstəqilliyini qorumağın prioritet olduğunu bildirib.
Almaniya kansleri Fridirix Merz Ukraynanın ərazi bütövlüyünü qorumaq və NATO ilə əlaqələrini gücləndirmək mövqeyini dəstəkləyib. Təhlükəsizlik zəmanətləri yalnız atəşkəsdən sonra reallaşa bilər.
Beləliklə, ümumiləşdirsək, danışıqlarda Ukrayna üçün aşağıdakı zəmanət mexanizmləri nəzərdən keçirilir:
NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər: ABŞ və Avropa ölkələri birgə öhdəlik götürəcək, lakin ABŞ qoşun göndərməyəcək. Əsas yük Avropaya düşəcək;
Avropa İttifaqı və NATO-nun birgə təhlükəsizlik qüvvələri: Müxtəlif Avropa ölkələrinin dəstəyi ilə “İstəklilər koalisiyası” çərçivəsində quruda, dənizdə və havada dəstək qüvvələri yerləşdirilə bilər;
ABŞ-nin silah yardımı və hərbi təlimlər: Ukraynaya ABŞ-dən 100 milyard dollarlıq paket almaq. Bu çərçivədə hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri Ukraynaya veriləcək, PUA sənayesinə investisiya ediləcək.
Qeyd edək ki, tərəfdaş ölkələr Ukraynanın təhlükəsizliyini təmin edəcək zəmanətləri 7–10 gün ərzində rəsmi şəkildə təqdim edəcəklər.
Yekun olaraq qeyd edək ki, qarşıdakı günlərdə Ukraynanın ərazi güzəştləri barədə mövqeyinə ABŞ, NATO, Aİ-nin tam dəstəyi təmin olunmalıdır.
Bundan sonra kollektiv Qərb əvvəlcə öz daxilində Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri barədə razılığa gəlib, vahid sənəd hazırlamalıdır. Bu sənədi, habelə ərazi güzəştlərinin mahiyyətini Prezident Zelenski Ukrayna xalqına açıqlamalı və ictimai dəstəyi təmin etməlidir.
Beləliklə, Ukrayna və onun müttəfiqləri Putinlə danışıqlarda vahid mövqedən çıxış etməlidir və bu mövqe Prezident Tramp tərəfindən ifadə olunmalıdır. O zaman Rusiya rəhbərinin ənənəvi manevr etmək imkanları daralacaq və o, seçim etmək zorunda qalacaq: ya şərtləri qəbul edir, ya da müharibəyə davam deyir. Bundan sonra söz ABŞ prezidenti Donald Trampındır: o, beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun olaraq, nəhayət, Rusiyanı sülhə məcburetmə əməliyyatına start verməlidir. Bura isə Kremlə ağır iqtisadi, siyasi sanksiyaların qoyulması, Ukrayna ordsunun ən müasir silahalrla təmin edilməsi daxildir. Seçim sonda yenə Rusiya və ABŞ liderlərindədir!(pressklub)