Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... -ŞƏRH

Son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda Moskvanın Ermənistandakı hərbi fəallığı və siyasi manevrləri analitik dairələrdə narahatlıq doğurur.
Yenixeber.org: Həm Ukrayna kəşfiyyatı, həm də siyasi müşahidəçilər Kremlin Cənubi Qafqazda yeni oyun qurmağa çalışdığını iddia edirlər. Bu oyun təkcə Ermənistanın siyasi xəritəsini deyil, həm də Azərbaycanın təhlükəsizlik sistemini təhdid edə bilər.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Rusiya Ermənistandakı Gümrü hərbi bazasını sürətlə komplektləşdirir. Eyni zamanda, Şimali Osetiya və Adıgeydən könüllülər cəlb edilir, bu da Cənubi Qafqaz istiqamətində qoşun hazırlığını gücləndirmək məqsədi daşıyır. GUR-un iddiasına görə, məqsəd region ölkələrinə, xüsusən də Azərbaycana hərbi və siyasi təzyiq mexanizmlərini genişləndirməkdir.
Həbsdə olan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili isə daha irəli gedərək bildirib ki, Rusiya Ermənistan hökumətini devirməyi, öz adamlarını hakimiyyətə gətirməyi və həmin hökumət vasitəsilə Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.
Onun fikrincə, “Paşinyanın yerinə Kremlə sadiq bir rejim gətirildikdən sonra Azərbaycana qarşı Rusiya iştirakı ilə hücum planlaşdırılır”. Saakaşvili, həmçinin Rusiyanın Gürcüstanı tam nəzarətə almağa çalışdığını, bu məqsədlə oliqarx İvanişvili ilə əməkdaşlıq etdiyini bildirir. Onun təqdim etdiyi “Rusiya planı” bunlardır:
Azərbaycan-Ermənistan sülh prosesini pozmaq;
Türkiyənin regiondakı rolunu zəiflətmək;
Gürcüstanı Moskvanın orbitinə qaytarmaq;
Suriyadakı məğlubiyyətin revanşını almaq.
O, çıxış yolu kimi sülh sazişinin dərhal imzalanması, Azərbaycanda Türkiyə hərbi bazasının açılması və Gürcüstanda xalq etiraz hərəkatına dəstək verilməsini təklif edir.
Azərbaycanlı ekspertlər Fərhad Məmmədov və Arif Yunus bu iddiaların arxa planını geniş şəkildə təhlil ediblər.
Fərhad Məmmədov: “Moskvanın təsir alətləri daralır, təzyiqlər açıq və ardıcıl xarakter alıb”
Politoloq Fərhad Məmmədovun fikrincə, hazırda Rusiya paralel olaraq həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə ciddi pozuntular yaşayır. O, konkret nümunələr göstərərək bildirir: “Azərbaycanda “Rossotrudniçestvo” ofisinin fəaliyyəti dayandırılıb, “Sputnik Azərbaycan”ın da fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Ermənistanda isə Rusiya vətəndaşına məxsus olan “Elektrik Şəbəkələri” milliləşdirilib, bu proses gələcəkdə dəmir yollarına da şamil oluna bilər”.
Məmmədov hesab edir ki, Moskvanın Paşinyanı devirmək cəhdləri Ermənistan daxilində ifşa olunub və Rusiya bu istiqamətdə artıq uğursuzluğa düçar olub: “Kiriyenko vasitəsilə Ermənistanda Paşinyana qarşı yaradılmış şəbəkə ifşa olundu. Revanşistləri hakimiyyətə gətirmək cəhdləri nəticə vermədi. Əgər bu planlar uğur qazansaydı, Bakı susmayacaqdı. Azərbaycan Ermənistandan gələcək təhlükələri neytrallaşdırmaq üçün qabaqlayıcı addımlar atmağa hazır olduğunu artıq açıq şəkildə bəyan edib”.
Məmmədova görə, Kiriyenkonun regiona dair bütün planları uğursuzluğa uğramalıdır, əks halda bölgədə yeni qarşıdurmalar qaçılmaz olacaq: “Əgər Rusiya Ermənistanda siyasi dəyişikliklərə nail olarsa, Azərbaycanın təzyiq və təhdidlərlə qarşılaşma ehtimalı çoxalacaq. Bu səbəbdən, Bakı bu prosesə qarşı əvvəlcədən mövqe sərgiləyir və geri çəkilməyəcək”.
Arif Yunus: “Kreml illərdir çevrilişə çalışır, Paşinyan hələlik dayanır, amma təhlükə qalır”
Tanınmış konfliktoloq Arif Yunus Saakaşvilinin iddialarına ehtiyatla yanaşsa da, onun dediklərinin ümumi tendensiyalardan çox da uzaq olmadığını düşünür. Yunusun əsas vurğuları belədir: “Mixail Saakaşvilinin bəyanatlarını sensasiyalı saysam da, bu, Rusiya üçün yeni plan deyil. 2018-dən, xüsusilə 2020-ci ildən sonra Kreml Paşinyanı devirməyə çalışır. Paşinyan isə bu təhlükəni neytrallaşdırmaq üçün konkret addımlar da atılıb – Müdafiə Nazirliyində və güc strukturlarında Rusiyaya yaxın zabitlər ya həbs olunub, ya da vəzifədən uzaqlaşdırılıb”.
O, əlavə edir ki, Ermənistandakı Gümrü bazasına qoşun yeritmək də texniki baxımdan sadə deyil: “Rusiya ilə Ermənistan arasında quru sərhəd yoxdur. Hərbi texnika havadan göndərilə bilməz, çünki hava limanları Paşinyana yaxın qüvvələrin nəzarətindədir. Gürcüstan da öz ərazisindən Rusiya zirehli texnikasına keçid vermir. Hətta keçid versə belə, Gürcüstan-Ermənistan sərhədini keçmək lazımdır və oraya da Paşinyana sadiq qüvvələr nəzarət edir”.
A.Yunusun fikrincə, Ermənistanda Paşinyan devrilərsə, sülh prosesi çökə bilər: “Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb, sülh sazişinə hazırdır. Amma əgər Koçaryan, Karapetyan kimi Putin tərəfdarları hakimiyyətə gəlsə, Rusiya sülhməramlıları və Qarabağ erməniləri məsələsi yenidən qayıda bilər. Bu isə yeni qeyri-sabitlik dövrünə aparar”.
Konfiliktoloqun qənaətinə görə, Azərbaycan üçün ən doğru strategiya hazırkı vəziyyətdən istifadə edərək sülh müqaviləsini bağlamaqdır. Bu fürsət bir daha ələ düşməyə bilər.
Ekspertlərin də qeyd etdiyi kimi, Rusiya Cənubi Qafqazda təsir dairəsini bərpa etmək üçün yeni siyasi və hərbi alətlər işə salmaq niyyətindədir. Moskvanın Ermənistandakı revanşist dairələrlə əməkdaşlıq cəhdləri, Azərbaycana qarşı informasiya müharibəsi elementləri və Gümrü bazasının aktivləşdirilməsi bu prosesin hissələridir.
Lakin bu planların qarşısında:
Azərbaycan və Türkiyənin strateji koordinasiyası;
Ermənistanda daxili müqavimətin güclənməsi;
Gürcüstanda Rusiya təsirinə qarşı ictimai reaksiyalar;
Ukrayna müharibəsinin Kremlin resurslarını zəiflətməsi dayanır.
Beləliklə, Azərbaycan üçün prioritetlər dəyişməz qalır: sülh müqaviləsinin imzalanması, Türkiyə ilə hərbi əlaqələrin dərinləşdirilməsi və Rusiya təxribatlarına qarşı çevik diplomatik mövqe sərgilənməsi.(pressklub)