Müharibə bitdi? –Yaxın Şərqdə “Pandora qutusu” açılıb

İsrail və ABŞ 90 milyonluq İranı dayandıra biləcəklərmi...
Yenixeber.org: İran-İsrail münaqişəsi ötən həftənin sonunda bəlkə də ən həlledici mərhələsini yaşadı. ABŞ iyunun 22-də İsraillə birgə İranın nüvə obyektlərini məhv etmək üçün əməliyyata qoşuldu. Zərbələr Natanz, İsfahan və Fordodakı üç əsas zavoda endirildi. Əməliyyat zamanı yaxşı mühafizə olunan və dərinlikdə yerləşən bunkerlərə qarşı bombalardan istifadə olundu.
Donald Tramp əməliyyatın uğurla başa çatdığını bəyan etdi və bildirdi ki, İslam Respublikasının 40 il ərzində “Amerikaya ölüm, İsrailə ölüm” şüarını səsləndirməsi nəzərə alınsa, bu addımlar tamamilə əsaslandırılıb. Eyni zamanda, Tramp Tehranı nüvə sazişini “tez bir zamanda” imzalamağa çağıraraq, əks halda yeni zərbələrlə hədələdi.
Buna cavab olaraq İran Atom Enerjisi Agentliyi baş verənlərə baxmayaraq, ölkənin uranın zənginləşdirilməsi proqramını davam etdirəcəyini açıqladı.
Artıq İran və İsrail arasında atəşkəs barədə razılaşma olduğu bildirilir. Tramp bu atəşkəsin müvəqqəti deyil, əbədi olacağını bildirib. Amma bu, müharibənin tam başa çatdığı anlamına gəlirmi?
Ümumiyyətlə, həftə sonu İranda baş verənlərin dünya və region üçün hansı mümkün nəticələri ola bilər? Axı bu, ABŞ-ın faktiki olaraq müharibəyə birbaşa daxil olması kimi dəyərləndirilir. Bu, münaqişəyə necə təsir edəcək? ABŞ-ın gələcəkdə də eyni cür addımlar atacağını gözləmək olarmı? İran İsrail və ABŞ-ın sülh şərtlərini qəbul edəcəkmi?
Müstəqil analitik Rəşad Rzaquliyev bununla bağlı fikirlərini bizimlə bölüşüb.
“Biz İranla ABŞ-İsrail arasında “qaynar” müharibənin ilk mərhələsini izləyirik. İsrailin raket zərbələri və “Mossad”ın diversiya əməliyyatları ilə İran kimi dövləti sındıra bilməyəcəyini hamı yaxşı anlayır. Üstəlik, bu, təkcə dövlətlərarası münaqişə deyil, sivilizasiyaların qarşıdurmasıdır. Bu, xristian-yəhudi ittifaqı ilə şiə-islam sivilizasiya layihəsi arasında toqquşmadır. Bir tərəfdə birləşmiş anglosaks və sionist geosiyasi modeli, digər tərəfdə isə İslam dünyasının ikinci mühüm qanadı dayanır.
Bu qarşıdurmanın “mükafatı” ideyalar və məfhumlar üzərində qələbədir – iki bir-biri ilə uzlaşmayan dünya modelinin toqquşmasıdır. Hazırkı mərhələdə “Pandora qutusu” İsrail tərəfindən, daha dəqiq desək, baş naziri Benyamin Netanyahu tərəfindən açıldı. Mən əminəm ki, bu əməliyyatın əsas hədəfi İran hakimiyyətini öz xalqının gözündə alçaltmaq və son nəticədə devirməkdir. Çünki İranın nüvə obyektlərinin tamamilə və qəti şəkildə məhv ediləcəyinə inanmaq çətindir. Bəs bu hesab doğrudurmu?
Bir çox ciddi analitiklər hesab edir ki, xarici təzyiq İran cəmiyyətini ruhanilərin ətrafında daha da sıx birləşdirəcək. Çünki iranlılar üçün milli ləyaqət daxili siyasi çəkişmələrdən öndə gəlir”, – ekspert hesab edir. Rzaquliyev xatırladır ki, Qərb sanksiyaları on illər ərzində onların inadkar ruhunu sındıra bilməyib və cəmiyyəti müasir sosial-iqtisadi reallıqlara uyğunlaşmağa məcbur edib.
“Quru əməliyyatı olmadan, 90 milyonluq İranı məğlub etmək qeyri-mümkündür. Bəs ABŞ-İsrail hərbi-siyasi bloku buna hazırdırmı? Aydın məsələdir ki, yox. Amma biz artıq Yaxın Şərqdə alışdığımız geosiyasi quruluşun sonunun başlanğıcındayıq.
Bu müharibə uzunmüddətli, dağıdıcı və dövri olacaq, bütün region sərhədlərinin yenidən qurulmasına start verəcək. İsrail və fars imperializmi rejimləri regiondakı hökmranlıq uğrunda sonuncu qarşıdurmaya girişib və nəticələri qeyri-müəyyəndir. Hadisələr irəlilədikcə, daha çox ölkə və geosiyasi mərkəz bu münaqişəyə cəlb olunacaq, çünki bu, sivilizasiyalar müharibəsidir.
Mənim proqnozlarıma görə, nəticə etibarilə, 10 il ərzində bu qarşıdurmada iştirak edən hər iki dövlət dağılacaq və regionun siyasi xəritəsi və idarəetmə sistemləri tamamilə yenidən formalaşacaq”, – analitik bildirib.(pressklub)
Rauf Orucov