Sərdar Cəlaloğlu: “Gözlədik ki, düşmən özünə gəlsin, toparlansın. 44 günlük müharibədən sonra diplomatik gedişlərimiz çox ləng oldu”
Yenixeber.org: İrəvanda olan keçmiş Qarabağ separatçıları yenidən aktivləşiblər. Özlərini “Qarabağ hərəkatı” adlandıran ləğv edilmiş qondarma qurumun “səlahiyyətliləri” İrəvanda “dövlət” oyunlarına davam etməkdədirlər. Erməni mediasının məlumatına görə, üç gün əvvəl “Artsax parlamenti”nin İrəvanda “iclası” keçirilib. “Toplantı”da “Artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib. Qondarma “parlament”in üzvü Metakse Akopyan bildirib ki, dəyişikliklərə əsasən ”dövlət institutları"nın davamlılığı təmin edilib.
“Yeni mətn elə yazılıb ki, istənilən fors-major şəraitdə ”dövlət" qurumları həll yolları tapa bilsinlər. Gələcəkdə onlar qeyri-qanuni qurum sayılmayacaqlar. Ümid edirəm ki, “iclas” həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat qabiliyyətli olmasına stimul yaradacaq. Dəyişikliklər “prezidentin” səlahiyyətlərini genişləndirə bilər, lakin bu o demək deyil ki, düzəlişlər xüsusi olaraq bu məqsədlə edilib" , - Akopyan deyib. Separatçıların oyuncaq “parlamentinin iclasında” 30 “deputat” iştirak edib və “layihə” qəbul edilib.
Bu günlərdə fransalı deputat Nikolas Metzdorf isə İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyanla görüşüb. Bu barədə o, özünün “X” səhifəsində yazıb.
“Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın mühacirətdə olan “prezidenti” ilə İrəvanda görüşə bildim”, - fransız deputat yazıb.
Fransız deputatın separatçı Şahramanyanı “Dağlıq Qarabağın mühacirətdə olan prezidenti” kimi təqdim etməsi təbii ki, Azərbaycanın ərzi bütövlüyünə açıq-aşkar həqarətdir.
Onu da bildirək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə “Qarabağ hərəkatı”nın davamının olmayacağını bəyan etmişdi. Separatçı ünsürlərin aktivləşməsi isə göstərir ki, ya Paşinyan hər zaman olduğu kimi, sözünün üstündə dayana bilmir, ya da keçmiş qondarma qurumun tör-töküntüləri qarşısında acizdir.
Separatçıların belə aktivləşməsinin ziyanlı olduğunu bizimlə müsahibəsində deyən siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, sülh sazişinin imzalanmasının uzanması belə problemlərin ortaya çıxmasına səbəb olub:
- Dəfələrlə demişəm ki, sülh sazişinin ləngiməsi çox ciddi problemlər yaradacaq. İdmanda, boksda belə bir şey var: birinci zərbədən sonra dərhal ikinci zərbə vurulmalıdır ki, rəqib nokauta düşsün. Biz düşməni nokdauna saldıq, amma ikinci zərbə ilə nokauta salmadıq. Oturub gözlədik ki, düşmən özünə gəlsin, toparlansın. Hesab edirəm ki, 44 günlük müharibədən sonra diplomatik gedişlərimiz çox ləng oldu. Bir az müvəffəqiyyətdən başgicəllənməsi yaşandı, bir qədər dünyada gedən prosesləri tam dəyərləndirə bilmədik. Həmin dövrün siyasi konyukturasından maksimum yararlana bilmədik. Ermənilər də bu müddətdə özlərinə gəlməyə başladılar. Ermənistan iqtisadiyyatı gücləndi, silahlanma aparıldı. Eyni zamanda, beynəlxalq aləmdən, bəzi güclərdən dəstək almağa başladılar. İndi İrəvan Amerikanın əlində oyuncağa çevrilib. İndi isə revanşist meyillənmə müşahidə edilir. Yəni ki, sülhün ləngiməsi fəsad verir.
- Amma rəsmi İrəvan sülhdən yana olduğunu bəyan edir və erməni rəsmilər revanşa hazırlaşmadığını bildirirlər...
- Sülhdən yanadırlarsa, o zaman Azərbaycanın tələblərini niyə yerinə yetirmirlər? İrəvan oyun oynamaqla məşğuldur. Rəsmi Bakının konkret tələbləri var ki, o tələblər yerinə yetiriləndən sonra sülh sazişi imzalana bilər. Ermənistan tərəfi isə bu tələbləri yerinə yetirməmək üçün müxtəlif bəhanələr səsləndirir. Bununla da zaman qazanır. Sülh bəyanatları verməklə də dünyaya demək istəyir ki, guya İrəvan sülhdə maraqlıdır, Bakı yox. Halbuki müharibədən sonra sülh təşəbbüsü ilə ilk çıxış edən məhz Azərbaycan tərəfi olub, Ermənistana sülh sazişi mətni təklif edib.
Daha bir məqam: sülhdə maraqlı olan Ermənistan niyə İrəvanda məskunlaşmış separatçı ünsürlərin “Qarabağ hərəkatı” adlı qurumunu ləğv edib, dövlətin sülh siyasətinə zərbə vuranların cəzalandırılmasını təmin etmir? Bəlkə Paşinyanın özü separatçıların aktivləşməsində maraqlıdır? Mən bunu istisna etmirəm.
- Paşinyan “Qarabağ hərəkatı”nın fəaliyyətinə imkan verilməyəcəyini bildirib...
- Paşinyan çox şey bəyan edir, çox şeylər deyir. Əməldə isə başqa mənzərənin şahidi oluruq. Onun ziddiyyətli bəyanatları çoxdur. Separatçıların fəaliyyətinə imkan verməyəcəyini deyir, lap yaxşı. O zaman əməli addımlar atsın. Biz isə əksini görürük, İrəvanda qondarma qurumun tör-töküntüləri yenidən “parlament iclası” keçirirlər, “konstitusiya” dəyişdirirlər, “prezidentləri” fransız deputatla görüşür. Bəs bunlara rəsmi İrəvan niyə imkan verir? Ermənistan hakimiyyəti başa düşmür ki, belə addımlar sülh prosesinə zərbədir və sülhün əldə olunmasına əngəl yaradır? Məncə, başa düşür, sadəcə öz ağılları ilə təzyiq edirlər.
- Dediniz ki, indi Ermənistan Amerikanın oyuncağı olub, alət funksiyasını yerinə yetirir. Amma Şahramanyanı qondarma qurumun “mühacir prezidenti” adlandıran fransız deputatdır...
- Fransanın da, fransız deputatların da mövqeyi əvvəldən bəllidir. Onlar hər zaman ermənipərəst mövqe nümayiş etdirdiklərinə görə bu, təəccüblü deyil. Eyni zamanda, Azərbaycan Fransanın başına elə oyun açıb ki, fransızlar bilmirlər ki, necə qisas alsınlar. Məsələn, Fransanın müstəmləkəsində olan ada dövlətlərinin Bakıda keçirilən görüşləri, tədbirlər, Fransanın kolonial siyasəti ilə bağlı verilən mesajlar Fransanın həm beynəlxalq nüfuzuna zərbə vurub, həm də dövlət maraqlarına zərbə vurub. Fransa da buna görə qisas almaq istəyir, süparatizmi dəstəkləyir.
- Azərbaycan süparatçıların “dövlət” oyununa qarşı hansı addımları atmalıdır?
- Bir məsəl var: milçək bir şey deyil, könül bulandırır. Erməni separatçıları bir qədər demoqogiya ilə məşğul olacaqlar, müəyyən mənada aktivlik göstərəcəklər. “Arsax” adına dünya ermənilərindən müəyyən qədər pul toplayacaqlar.
Ermənilərin Qarabağdan dinc yolla çıxarılmasının əsas şərtlərindən biri qondarma qurumun özü-özünü buraxması idi. Bu barədə Şahramanyan “qərar” da vermişdi. Yenidən İrəvanda uydurma qurumun bərpasından danışırlar. Azərbaycan tərəfi Ermənistandan bunun qarşısının alınması üçün tədbir görülməsini tələb etməlidir. İkincisi, Qarabağda azərbaycanlıların məskunlaşdırılması prosesi sürətlənməlidir. Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşamaq istəyən ermənilərə müraciət olunmuşdu, amma gəlib yaşamaq istəmədilər. Beynəlxalq aləmə bu məsələ xatırladılmalıdır. Düşünürəm ki, İrəvanda separatçıların “dövlət” oyunu hansısa nəticə verməyəcək. Bu oyunlar bir qədər də Azərbaycandan çox Ermənistanın indiki hakimiyyəti üçün başağrısına çevrilə bilər. Bunu Azərbaycan Paşinyan hökumətinin diqqətinə çatdırmalıdır. Eyni zamanda, Azərbaycana qarşı atılacaq revanşist addımların, təxribatların qarşısının qəti şəkildə alınacağı ultimatumu verilməlidir.(AYNA)