Sonuncu reys:qəzaya uğramış təyyarəmizin ekipajının heyrətamiz hekayəti...

Yenixeber.org: “Embraer E190” təyyarəsi 2024-cü il dekabrın 25-də yerli vaxtla saat 11:28-də Qazaxıstanda, Sain Şapağatov kəndi yaxınlında, Aktau hava limanının uçuş-eniş zolağına 5 km çatmadan qəzaya uğradı. Göyərtədə 62 sərnişin və 5 heyət üzvü vardı.
Bundan 3,5 saat əvvəl Bakıdan Qroznıya uçmuşdu. Orada isə Rusiya HHM Ukrayna pilotsuzlarının hücumunu dəf edirdi. Mübarizənin episentrinə uçduqlarını heyətə xəbər verməmişdilər. Qroznı üzərindəki məkanı qapadan “Kovyor” planı sərnişin təyyarəsinin həmin məkana daxil olmasından 40 dəqiqə sonra, xəsarət almasına, bütün ştatlı idarə sistemlərinin sıradan çıxmasına bir dəqiqə qalmış elan edildi. Pilotlar hava gəmisini daha 1 saat 12 dəqiqə idarə edərək, ehtiyat aerodroma doğru 450 km uçdular.
Son siyahıyaalmaya görə, Sain Şapağatov kəndində minə yaxın adam yaşayır. İdarəetmə sistemləri işləməyən təyyarə onların evlərinin üstünə uçurdu. Onlar da yad müharibənin “müşayiətedici itkilər”i ola bilərdilər. Lakin pilotlar idarəolunmayan təyyarəni döndərə bildilər və çöllükdə sərt eniş etdilər. 38 nəfər həlak oldu. Amma Sain Şapağatov kəndinin sakinləri, iki stüard və 27 sərnişin sağ qaldı. Biz sizə insanları xilas edən, amma özləri həlak olan heyət üzvləri - hava gəmisinin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva haqqında danışacağıq.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təyyarələri Bakıdan Qroznıya həftədə iki dəfə uçurdular: çərşənbə və bazarda. Qışda bu, Əhməd Kadırov adına hava limanında qəbul edilən ilk reys olurdu. Həftədə iki dəfə Moskva vaxtı ilə 08:10-da hava limanı Bakıdan təyyarə gözləyirdi. Bu vaxtı yadda saxlayaq.
Ştat rejimində
Hava gəmisinin komandiri, 40 illik pilot təcrübəsinə malik İqor Kşnyakin dekabrın 25-də səhər saat 4-də oyandı. Onlar Qroznıya Bakı vaxtı ilə 8-də uçurdular, hava limanında iki saat tez olmaq lazım idi. Qızları Nastya və Daşa yatırdılar.
Nastyanın 17 yaşı vardı. O və atası axşamlar çay süfrəsi arxasında oturmağı, söhbətləşməyi çox sevirdilər. İqor qızına təyyarələrdən danışırdı: Nastya pilot olmağa hazırlaşırdı. Atası fikrindən daşındırmağa, hətta qadağan etməyə çalışırdı, Nastya ancaq gülürdü. Daşanın isə 14 yaşı vardı. İqor zarafatca deyirdi ki, prokuror olacaq.
“Bu gün qayıtmaya bilərəm”, - dəhlizdə ayaqqabısını geyinən İqor onu yola salan arvadı Yananı xəbərdar etdi. “Qroznıda hava, adəti üzrə, pisdir, sabaha qədər ilişib qala bilərik”.

Qroznıya uçmağı sevmirdi - daim duman, ildırım, görmə dərəcəsi az, hava limanı da dəqiq eniş sistemi (ILS) ilə təchiz olunmayıb.
Kşnyakinin An-2-dən “Embraer”ə qədər altı müxtəlif təyyarədə 40 illik pilot təcrübəsi vardı. Ümumi uçuşu 15 min saat, yarısını kapitan kimi. Pensiyaya üç il qalırdı, amma istirahət üçün tələsmirdi.
Həmin gün Kşnyakinlə ikinci pilot Aleksandr Kalyaninov uçurdu. Onun uçuş stajı ayyarımdan sonra 1 il olacaqdı. Akademiyanı bitirəndən sonra 828 saat 50 dəqiqə uçmuşdu. Qroznı reysindən əvvəl iki gün istirahət etmişdi.

Saşa pilot olacağını 9 yaşından bilirdi. Böyük həyətlərindəki bütün qonşular da bilirdi. Bakıda Milli Aviasiya Akademiyasına da ilk cəhddən daxil oldu. Təhsilinin birinci ilini İzmirdə keçirdi: gələcək təyyarəçilər burada ingilis dilini öyrənirdilər. Beş il təhsil, orduda xidmət və sonra trenajorlar, trenajorlar, trenajorlar. Azərbaycanda cəmi bir aviaşirkət var və akademiyanı bitirib oraya düşən məzunlar uçmaq üçün növbələrini gözləyirlər.
Dördnəfərlik “Cessna”da 150 saat uçdu. 2020-ci ildə pandemiya üzündən uçuşlar dayananda vaxtı bihudə itirməmək üçün magistraturaya daxil oldu. Ukraynanın Kropivnitski şəhərində Aviasiya akademiyasında oxuyurdu. İki il ərzində də Ukraynanı çox sevdi.
Baş bələdçi Hökumə Əliyeva bilirdi ki, bu, onun sonuncu reysidir. Yeni il bayramlarından dərhal sonra, yanvarın 2-də yeni həyatı başlayacaqdı: o, həmin aviaşirkətdə hüquqşünas kimi çalışacaqdı.
— Həmin gün çox yaxşı, şən əhvalı vardı, - Hökumənin əri Etibar danışır. - Mən həmişə onu işə aparırdım, sonra da hava limanında qarşılayırdım. Özü maşın sürmürdü, amma öyrənməyə hazırlaşırdı. Həmin gün onu saat 12-də qarşılayacaqdım. Gül də almışdım.
“Enişə icazə verirəm”
8243 saylı reys Qroznıdakı dispetçerlərin məsuliyyət zonasına Moskva vaxtı ilə 07:36-da (UTC 04:36) daxil oldu. Cədvəl üzrə enişə yarım saat qalırdı. Hava, İqor Kşnyakinin arvadına dediyi kimi, çox pis idi. “Buludluq büsbütün lay-lay 180 m hündürlükdə”, - Qazaxıstan Nəqliyyat nazirliyinin ilkin hesabatında deyilir. Bu, azdır. Pilotlar belə hava şəraitini marginal adlandırırlar: normal enmə zamanı 180 metr o deməkdir ki, pilot zolağı enişə 1 dəqiqə qalmış görəcək. Texniki baxımdan saz təyyarə belə şəraitdə enə bilər. Amma həmin vaxt heyət Qroznı dispetçerinə xəbər verdi ki, təyyarədəki hər iki GPS cihazı sıradan çıxıb.
Pilotlar deyir ki, GPS siqnalı iki halda itə bilər. Birincisi GPS-jamming adlanır: siqnal batırılır və pilotlar harada olduqlarını sadəcə görmürlər. İkincisi - GPS-spoofing: GPS-in göstəricilərinə qəsdən səhv daxil edilir və pilot, şərti olaraq, Qroznıya yaxınlaşanda birdən görür ki, yenə Bakıdadır. Sistemin “Embraer” heyətinə nə göstərdiyini bilmirik. Amma heyət anlayırdı ki, səhv var. Hətta təyyarənin hansı hündürlükdə olması barədə məlumat heyətdə və dispetçerdə fərqli idi. “DME məsafəölçəni yerüstü stansiyaların siqnalını qəbul etmirdi”, - hesabatda deyilir.
Qazaxıstan Nəqliyyat nazirliyinin ilkin hesabatına görə, heyət 500 metr hündürlükdə uçduğunu hesab edirdi, dispetçer isə 330 metr hündürlükdə görürdü. O şəraitdə 170 metr fərq həlledici ola bilərdi. Kabinədə yerlə mümkün toqquşma xəbərdarlığının siqnalı işə düşdü, amma yanlış siqnal da ola bilərdi.
— Marginal hava şəraitinin üstünə GPS işləməməsi də gəlir, - adının çəkilməsini istəməyən pilot danışır. - Dispetçer təyyarəni bir neçə dəfə nöqtələrə yönəltməyə çalışır, amma GPS işləmirsə, heyət bu məlumatlardan yararlana bilməz. Bu, çox köhnə eniş üsuludur, qeyri-dəqiq eniş adlanır. Belə halda enmək, yoxsa ikinci dövrəyə getmək üçün qərar qəbulu hündürlüyü daha yüksək olmalıdır. Bu halda buludluq və sıradan çıxan GPS enişi davam etdirməyə imkan vermədi.
Dispetçerin enişə icazə verməsi müqabilində heyət UTC vaxtı ilə saat 05:11:42-də Bakıdakı havanı soruşur. Parametrik “qara qutu”nun məlumatları göstərir ki, GPS və məsafəölçən istisna olmaqla, təyyarənin bütün sistemləri saz işləyirdi.
Komandir Bakıya qayıtmağı qərara alandan bir dəqiqə sonra, saat 05:13:31-də səs “qara qutu”su səs zərbəsi təsbit etdi. Kabinədə səs siqnalizasiyası işə düşdü, avtopilot və dartı avtomatı dayandı. Əvvəlcə bir, sonra da o biri iki hidravlik sistemlərdən maye axdı, hidrosistemlərdə təzyiq sıfıra endi. Təyyarə idarəetməni itirdi. 05:13:36-da qara qutu “hava gəmisinin tanqaj üzrə tənzimləmə sisteminin sıradan çıxması”nı qeydə aldı: hündürlük sükanlarına və təyyarənin balanslaşdırmasına məsul cihazlar işləmədi. Sadə dillə desək, bu andan etibarən pilotlar təyyarənin tarazlığına “əl ilə” nail olmalı idilər, amma bu idarə də məhdud idi. 05:13:39-da füzelyajın hermetikliyi pozuldu, salonda oksigen maskaları düşdü. 05:13:56-da “qara qutu” ikinci səs zərbəsini qeydə aldı.
Səs “qara qutu”sundan:
“05:14:06, komandir: Bu quşlardır!”
“Biz quşlarla toqquşduq”, - ikinci pilot yerə məruzə edir. Zərbə quyruq hissəyə dəyib, heyət gerçəkdə nə baş verdiyini görə bilməzdi. İqor Kşnyakinin isə keçmişdə quşlarla toqquşması vardı.
Səs “qara qutu”sundan:
“05:15:06, komandir: Allo. Nə baş verib:
05:15:07, baş bələdçi: Partladı. İki oturacaq. Mən yaxınlaşa bilmirəm, çünki sərnişinlər qalxıb, onları oturduram”.
Metaldan, plastikdən və dəridən hazırlanan oturacaqlar özləri partlamırlar. Hökumə oksigen balonunun partladığını düşünür və bunu komandirə deyir.
— Təyyarənin salonunda oksigen balonu var: sərnişinlərdən birinin halı pisləşərsə, tənəffüsü üçün, ya da hermetiklik pozularsa, stüardların ondan istifadə edərək hərəkət edə bilmələri üçün, - naməlum qalmaq istəyən pilot deyir.
“Embraer 190” təyyarəsinin salonu 100 nəfər üçün nəzərdə tutulub. Həmin reysdə 62 nəfər uçurdu. Görünür, “partlayan” oturacaqlar boş olublar, çünki kiminsə xəsarət alması haqda məlumat yoxdur. Amma adamalr qorxmuşdular. Hökumə Əliyevə onları sakitləşdirirdi.
Sərnişinlərdən biri ucadan dua edir və baş verənləri videoya çəkirdi, buna görə də baş bələdçinin səsi eşidilir: “Hər şey yaxşı olacaq. Ayaq üstdə qalmayın, bu təhlükəlidir. Oturun və kəməri bağlayın”.
Digər bələdçi Zülfüqar Əsədov da sərnişinləri sakitləşdirirdi ki, ikinci “səs zərbəsi”ni eşitdi. İti bir şey qoluna batdı.
Qazaxıstan Nəqliyyat nazirliyinin ilkin hesabatından:
“Fraqmentlərə ilkin baxış zamanı füzelyajın quyruq hissəsində, kildə, stabilizatorda, hündürlük və istiqamət sükanlarında xeyli sayda müxtəlif ölçülü və formalı dəlib keçən və keçməyən xəsarətlər aşkar edilmişdir. Bənzər xəsarətlər hava gəmisinin sol mühərrikində və sol qanadında, eləcə də aqreqatlarında və komponentlərində mövcuddur...”
— Biz Hökuməni dəfn edəndə Zülfüqar mənə dedi, Hökumə onu salonun axırına göndərib ki, sərnişinlər qolundakı qanı görüb qorxmasınlar, - baş bələdçinin qardaşı Coşqun Əliyev danışır. - Aydan Rəhimlini də göndərib ki, Zülfüqarın qolunu bağlasın. Bacım bununla onların hər ikisinin həyatını xilas edib. Hökumə özü isə sona qədər sərnişinlərlə olub, insanları sakitləşdirib. Son dəqiqəyə qədər komandirlə əlaqə saxlayıb. Sona qədər oturmayıb və kəməri bağlamayıb.
Hökumə

Hökumə 1991-ci ildə Susuzluq kəndində anadan olub. İki yaşı olanda Kəlbəcər rayonu Ermənistanın nəzarətinə keçib və azərbaycanlılar evlərindən qaçmalı olublar. Əliyevlər ailəsi Bərdə yaxınlığındakı kənddə qaçqın statusunda yaşayıb. Coşqun orada doğulub. 1996-cı ildə Əliyevlər Rusiyaya, Volqoqrada gediblər. Hökumə orada altı il oxuyub, sonra ailə Azərbaycana qayıdıb. Valideynləri və qardaşı hələ də Gəncədə yaşayırlar.
— Bacım həmişə təmkinli idi, - Coşqun danışır. - Mən iki yaş kiçiyəm. O, orta məktəbi bitirəndə hirsləndirirdim ki, heç yerə daxil ola bilməyəcəksən. O isə ancaq gülümsəyirdi və “baxarıq” deyirdi. İlk cəhddən hüquq fakültəsinə girdi, demək olar, ən yüksək bal topladı. Mən orta məktəbdən sonra universitetə daxil olmayanda əvvəlcə bir söz demədi. Bir müddət sonra isə söylədi: “Bəlkə artıq oyanasan? Nədir, sən o cüzi 200-300 balı toplaya bilmirsən?” Mən də iki ay ərzində hazırlaşdım və daxil oldum.
Hökumə Bakını çox sevirdi.
— O, ancaq Bakıda işləmək istəyirdi, - Coşqun davam edir. - Bacım 2008-ci ildə Gəncədən getdi, universiteti, sonra magistraturanı, doktoranturanı bitirdi. Hüquqşünas işi axtarırdı, amma Bakıda tapmadı. 2016-cı ildə isə aviaşirkətdə stüardessa vakansiyası yarandı və ora müraciət etdi. İşini bəyəndi.
Hökumə müxtəlif ölkələri görmək istəyirdi, kiçikləri də, böyükləri də. Ona görə də işi hobbiyə çevrildi. Demək olar, istədiyi bütün ölkələri gördü, Amerikadan başqa.
Maaşı da yaxşı idi, daim valideynlərinə kömək edirdi. Soruşurdu ki, sizə nə alım. “Bəlkə siz də Bakıya köçmək istəyirsiniz?”. Yaponiyadan mənə təzə telefon gətirdi.
33 yaşında Hökumə daha sadəcə dünyanı görmək istəmirdi. Ailə qurmuşdu və Etibarla o, uşaq istəyirdilər, bunun üçün isə daha “yerüstü” iş lazım idi. Həm də Hökumə əvvəlki kimi hüquqşünas olmaq arzusunda idi.
Keçən il aviaşirkətdə hüquqşünas vakansiyası yarandı. Sentyabrda Hökumə müsahibədən keçdi və yeni işinə başlaya bilərdi, amma əvvəlcə bütün planlaşdırılmış reysləri uçmaq lazım idi. Coşqun deyir, sonuncusu dekabrın 25-də idi. Sistemlərin sıradan çıxması üzündən təyyarənin balansı pozulanda baş bələdçi sərnişinlərdən salon boyu səpələnməyi xahiş etdi ki, pilotlara tarazlığı saxlamaq asan olsun. Hökumə quyruq tərəfə göndərdiyi adamların həyatını xilas etdi.(pressklub)
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada