Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar… -Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır

news content

Üç ilə yaxındır Ukraynaya qarşı aparılan işğalçı müharibə, Qərbin iqtisadi sanksiyaları, nəhayət, Rusiya iqtisadiyyatında ciddi problemlər yaratmağa başlayıb.

Yenixeber.org: Bu ilin oktyabr ayında Mərkəzi Bank uçot dərəcəsini 20 il ərzində maksimum səviyyəyə qaldıraraq, 21 faizə çatdırıldığını elan edib. Bu, il ərzində ardıcıl olaraq artım istiqamətində verilmiş üçüncü qərardır. Məzənnənin artması iqtisadiyyat və əhali üçün kreditlərin dəyərini artırır və öz növbəsində inflyasiyanın azalmasına səbəb olan iqtisadi böyüməni azaldır. 

Noyabr ayının əvvəlində Mərkəzi Bankının sədri Elvira Nabiullina sərt pul siyasətinə keçmək məcburiyyətində qaldığını və bunun Rusiya iqtisadiyyatı üçün yeni bir vəziyyət olduğunu etiraf edib. 

Ötən həftə ABŞ Maliyyə Nazirliyinin “Qazprombank”, “Dom.RF Bank” və daha 10 rus bankına qarşı sanksiyaları tətbiq etməsi, daha sonra Böyük Britaniya və bəzi Avropa ölkələrinin də Rusiya maliyyə qurumlarına qarşı yeni məhdudiyyətlər elan etməsi rublun məzənnəsinə təsirsiz ötüşməyib. Sanksiyalar xarici banklara “Qazprombank” tərəfindən verilmiş Çin ödəmə sisteminin kartlarına xidmət göstərməyi qadağan edir.

Noyabrın 26-da “Forex” beynəlxalq valyuta bazarında dollar məzənnəsi 105,2 rubla qədər artıb. Amerika valyutası 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Avro və Yuanın məzənnəsi də artaraq, müvafiq qaydada, 110,6 rubl və 14,5 rubl arasında dəyişir.

Rusiya Ukraynaya qarşı müharibəni qalibiyyətlə bitirmək üçün nəhəng resurslar sərf edir. Sanksiyalar şəraitində bu xərcləri qarşılamaq getdikcə çətinləşir və büdcədə böyük defisitə yol açır. Qeyd edək ki, Rusiyanın 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərcləri tarixi maksimum - 13,2 trilyon rubl və ya təxminən 142 milyard dollar proqnozlaşdırıb. Bu məbləğ 2024-cü ildə həmin istiqamətdə xərclənmiş vəsaitdən təxminən 2 dəfəyə yaxın çoxdur. Beləliklə, gələn il hərbi xərclərin Rusiya ÜDM-nin 6,2%-ni təşkil edəcəyi gözlənilir. 
Təkcə müdafiə və təhlükəsizlik xərclərinin 2025-ci ildə Rusiyanın ümumi büdcəsinin təxminən 40%-ni təşkil edəcəyi gözlənilir ki, bu da təhsil, səhiyyə, sosial siyasət və milli iqtisadiyyata ayrılan ümumi ayırmalardan çoxdur. Bundan başqa, Rusiya büdcəsinin məxfi bəndində gələn il üçün 12.9 trilyon rubl nəzərdə tutulub. Bu, büdcənin 30 faizi deməkdir. 2024-cü ilin büdcəsində məxfi bəndin xərcləri 11.1 trilyon rubldur.

Rusiyada iqtisadi, sosial vəziyyətin ağırlaşması bu ölkədə yaşayıb işləyən, həmçinin qonşu ölkədən gələn vəsaitlər hesabına Azərbaycanda güzəranını təmin edən milyonlarla azərbaycanlı üçün məyusedicidir. Moskvada meyvə-tərəvəz ticarəti ilə məşğul olan İsmayıl Məmmədzadə deyir ki, vəziyyət hətta bir il əvvəlki ilə müqayisədə xeyli ağırlaşıb: “Əhalinin alıcılıq qabiliyyəti azalıb, ərzaq, xidmətlər, daşıma, logistika xərcləri artıb. Habelə miqrantlarla bağlı yeni qanunlar qəbul edilib, ciddi nəzarət var, işləmək üçün tələb olunan sənədlərin sayı, rüsumların məbləği də yüksəlib. Çox adam bu əngəlləri keçə bilmir. Həmçinin, Rusiya vətəndaşlığı olanlar daimi təqib altındadırlar, ələ keçəni zorla müharibəyə aparırlar. Getmək istəməyənlərin pasportuna “deport” vurub, ölkədən qovurlar. Miqrantlara münasibət olduqca sərtləşib”

İ.Məmmədzadə deyir ki, Rusiya hava limanlarında miqrantları çox diqqətlə, uzun-uzadı yoxlayırlar. Onun sözlərinə görə, ölkəyə buraxılanlar daha sonra nəzarət altına alınır, Rusiya vətəndaşlığı olanlar zorla müharibəyə cəlb edilir: “Bu səbəbdən də Rusiyanı tərk edən miqrantların, o cümlədən azərbaycanlıların sayı hər gün artır. Bir çoxlarına quru sərhədlərin bağlı olması maneə olur, çünki aviabiletlər çox bahadır. Nəzərə alın ki, Rusiyada ailəlikcə işləyən azərbaycanlılar çoxdur, onların vətənə dönüşü böyük vəsaitə başa gəlir”.

Xatırladaq ki, bu günlərdə Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışında quru sərhədlərin bağlı qalmasının zəruriliyini qeyd edib. Bildirib ki, əks halda, müharibədən qaçan 100 minlərlə insan Azərbaycana gələ bilər. İsmayıl Məmmədzadə isə deyir ki, əslində deputat azərbaycanlıları nəzərdə tutur. “Doğurdan da sərhədlər açıq olsa, on minlərlə azərbaycanlı qısa müddətdə ölkəyə qayıda bilər. Bunu isə Bakıda istəmirlər”, - o, əlavə edir.

Həmsöhbətimiz deyir ki, Rusiyada çalışıb pul qazanmağı səmərəsiz edən amillərdən biri də rublun ucuzlaşmasıdır. Onun sözlərinə görə, gəlir onsuz da azalıb, bir hissəsini də rublu manata dəyişəndə itirirlər: “Keçən həftə ailəmə göndərdiyim pulun 1000 rublunu 15.7 manata dəyişiblər. Bilirsiniz, Azərbaycanda ərzaq qiymətləri çox bahadır, biz ayda nə qədər pul qazanmalıyıq ki, ailəmiz ərzaq məhsulları ala bilsin?! Çox çətindir”.

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana göndərilən pulların məbləği 1 milyard 884.2 milyon manat olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 464.9 milyon manat təşkil edib. 

Ekspertlər bu azalmanı Rusiyada getdikcə pisləşən iqtisadi durumun azərbaycanlılara təsirini əks etdirən əsas göstərici hesab edirlər. 

Rusiya ilə Azərbaycan arasında ticarətdə isə qonşu ölkənin xeyrinə artım var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin 10 ayında (yanvar-oktyabr) Rusiya ilə 3 milyard 942 milyon 426 min dollar - 1 il əvvələ nisbətən 14,5% çox ticarət əməliyyatları aparılıb. Bu dövrdə Azərbaycana Rusiyadan 2 milyard 969 milyon 917 min dollar (19,7% çox), Azərbaycandan Rusiyaya isə 972 milyon 509 min dollar (illik müqayisədə 1,2% çox), mal-məhsul ixrac edilib. Ölkənin ümumi idxalında Rusiya 17,85 faiz paya malikdir. 

Azərbaycan Rusiya əsasən kənd təsərrüfatı məhsulları satır. Bu il ərazində ölkədə istehsal olunan 535 milyon 26.8 min dollar dəyərində 515 min 707 ton meyvə-tərəvəz əsasən qonşu ölkənin bazarlarına göndərilib. Dövlət Gömrük Komitəsi bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 

Bu azalmanın əsas səbəblərindən biri Azərbaycanda aqrar sektordakı durğunluq və ya tənəzzüldürsə, burada Rusiyada iqtisadi durumunun pisləşməsi də müəyyən rol oynayır. Məlumdur ki, Azərbaycanda ixracyönümlü kənd təsərrüfat məhsullarının əsas hissəsi Rusiya bazarlarına istiqamətlənib. Bu sahəyə investisiya qoyan fermerlər üçün yüksək maya dəyərinə görə daxili bazar az əhəmiyyət daşıyır, İran, Türkiyə, Gürcüstan kimi aqrar sektoru inkişaf qonşu ölkələr isə əkinə, Azərbaycana meyvə-tərəvəz, ət, yağ və s. məhsullar ixrac edirlər. 

Beləliklə, qonşu ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi azərbaycanlı fermerlər, sahibkarlar üçün də pis xəbərdir. Onların gəliri Rusiyadan çıxır, təsərrüfatları isə bu ölkədə məhsul satışından əldə olunan valyuta hesabına ayaqda qalır. İstixanalar, bağ, bostan təsərrüfatları həmçinin işsizlikdən əziyyət çəkən region əhalisi üçün əsas mövsümi iş yerləri hesab olunur. Qarşıdakı ildə Rusiyada iqtisadi vəziyyətin daha da ağırlaşması Azərbaycanda real sektora, ev təsərrüfatlarına daxil olan pul vəsaitlərinin azalmasına gətirib çıxaracaq ki, bu da ölkədə sosial durumun daha da ağırlaşması deməkdir. Hökumət bu barədə hər hansı statistik rəqəmlər təqdim etməsə də Azərbaycanın regionlarında əhalinin dolanışığı əsasən Rusiyada qazanılan vəsaitlər hesabına təmin olunur. Elə yerli ticarəti, tikinti sektorunu da ayaqda saxlayan bu vəsaitlərdir. Ona görə, sərhədləri bağlayıb “problemdən yaxa qurtarmaq” cəhdi uğursuz seçimdir. Əkinə, hökumət qurumları Rusiyada pisləşən iqtisadi durumun Azərbaycandakı sosial-iqtisadi vəziyyətə təsirini azaltmaq üçün adekvat tədbirlər görməlidirlər.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam