Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəfiyyə rejiminin banisi, dünyanı dəyişə bilməyən liderin sonu... –Andropov SSRİ-nin son şansı idimi?

news content

 III YAZI

Yenixeber.org: Sovet İttifaqına 18 il rəhbərlik etmiş Leonid Brejnev 1982-ci il noyabrın 10-da öldü. İki gün sonra Yuri Andropov Kommunist partiyasının Baş katibi seçildi. O, sovet dövrünün ən mübahisəli xadimlərindən biridir. Bəzilərinə görə, SSRİ-ni dirçəldəcək fiqur idi, amma ölümü imkan vermədi. Bəzilərinə görə isə Andropov ölkəni dirçəldəcək görüşlərə malik deyildi. “Radio Svoboda”nın Andropov haqqında məqaləsini ixtisarla təqdim edirik.

Əvvəli: Burada

Mədəni siyasət sahəsində Andropov yaradıcı ziyalıların ona bəslədiyi böyük ümidləri doğrultmadı. MK-da bu sahəyə Mixail Suslovun kadrları nəzarət etməkdə davam edirdilər. İdeologiya işinə mühafizəkar Konstantin Çernenko baxırdı, MK katibi Mixail Zimyanın və mədəniyyət naziri Pyotr Demiçev də onun dediyini edirdilər. Məsələn, Satira teatrının repertuarından Nikolay Erdmanın “İntiharçı” tamaşasını çıxardılar. Taqanka teatrında “Canlı” (“Fyodr Kuzkinin həyatından”)  satirik tamaşasını və Vladimir Vısotki haqqında xatirə tamaşasını qadağan etdilər. Elə orada Yuri Lyubimovun artıq premyeraya hazır “Boris Qodunov” quruluşunu buraxmadılar. Müdaxilə etməsi və icazə verməsi üçün Andropova bir neçə müraciət cəhdi oldu. Baş katib Lyubimovu qəbul etmədi və Taqankanı dəstəkləmədi. Qadağa Lyubimovun hakimiyyətlə kəskin konfliktinə, sonra da mühacirətinə səbəb oldu. “Yad təzahür” və “Qərbin ideoloji diversiyasının məhsulu” hesab edilən rok-musiqiyə də təzyiqlər davam edirdi. 

Həmişə olduğu kimi, 1983-cü ildə də SSRİ-də bir çox ideoloji kampaniyalar keçirilirdi: Karl Marksın yubileyi, RSDRP-nin ikinci qurultayının 80 illiyi və s. münasibətilə. Amma onlardan heç biri vətəndaşlar üçün yeni fürsətlər açmadı. Stalinin şəxsiyyətinə pərəstiş haqda XX qurultayın qərarlarını təftiş etmək, ya da destalinizasiya ilə bağlı təşəbbüs göstərmək cəhdi gözə dəymirdi. Mövzu hər tərəfdən tabu altında idi. 

Brejnevin son dövrlərində olduğu kimi, 1983-cü ildə də ölkənin siyasi və ideoloji həyatı öncəki mühafizəkarlıq ehkamları ilə sərt məhdudlaşdırılırdı. Andropov hələ 60-cı illərdə referentlərinə dediyi tezisə sadiq idi: “Əvvəlcə iqtisadi məsələləri həll etmək lazımdır, sonra sistemin müəyyən dərəcədə demokratikləşməsi barədə düşünmək olar”. Bu zaman Andropovun proqram bir yana, heç olmasa, konseptual səviyyədə nəyi necə etmək, Çin və ya Yuqoslaviyanın təcrübəsindən yararlanıb-yararlanmamaq resepti yox idi. 

Baş katibin səhhəti sabit deyildi. O, müəssisələrə getməkdən imtina etdi, xarici səfərlər planlaşdırılmırdı. 1983-cü ilin mayından Kremlə az-az gəlirdi, görüşlərin bir hissəsi Moskva ətrafındakı iqamətgahda keçirilirdi. 1983-cü il iyunun 6-da yekdilliklə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçiləndə tribunaya düşmədi, yerindən qısa nitq söylədi. Yayda vəziyyət ağırlaşdı, böyrəklər işləmədi, daha tez-tez hemodializ aparılırdı. Sonuncu dəfə Siyasi Büro iclasına 1983-cü il sentyabrın 1-də rəhbərlik etdi.

Krıma səfər soyuqlamaya və sağlamlığın yenidən pisləşməsinə səbəb oldu. Müalicə həkimi Yevgeni Çazov memuarlarında yazır: “Yorulmuş Andropov ağacların kölgəsindəki qranit skamyada oturmağı qərara aldı. Özünün sonra dediyinə görə, titrəmə tutub, üşüdüyünü hiss edib və isti üst paltarı verilməsini istəyib. İkinci gün fleqmona baş verib. Bizim tanınmış həkim V. D. Fyodrovla Andropovu müayinə edəndə cərrahi müdaxilə tələb edən yayılmış fleqmona aşkar etdik... Əməliyyat uğurlu keçdi, amma orqanizm o qədər zəif idi ki, əməliyyat yarası sağalmırdı... Andropovun müalicəsinə sovet tibbinin ən yaxşı qüvvələrini cəlb etdik. Amma səhhəti tədricən pisləşirdi”

1983-cü ilin payızından Andropov daim xəstəxanada olmağa məhkum idi və oradan telefonla, yazılı qeydlərlə ölkəyə rəhbərlik edirdi. Köməkçilərini və Siyasi Büro üzvlərini də orada qəbul edirdi. Müdafiə naziri Ustinov, KQB sədri Çebrikov, MK katibi Qorbaçov mütəmadi ziyarətçilər idi. Andropov dövlət aparatının 20% ixtisarı, Ali Sovetə “seçki”lərdə namizədlər arasında rəhbər şəxslərin azalması göstərişlərini də xəstəxanadan verdi. 

1984-cü il yanvarın sonlarında Yuri Andropovun səhhətində kəskin pisləşmə baş verdi. Fevralın 9-da saat 16:50-də partiyanın baş katibi və dövlət rəhbəri öldü. Mərkəzi televiziya hadisəni yalnız ertəsi gün 14:30-da xəbər verdi. 

Siyasi Büro Konstantin Çernenkonu yeni baş katib seçməyi yekdilliklə qərara aldı. Çernenko özü təklif etdi ki, MK Katibliyinin iclaslarını Mixail Qorbaçov aparsın; sonuncu, beləliklə, sovet rəhbərliyində ikinci mövqeyə çıxdı.

...Yuri Andropov 1983-cü ildə Ronald Reyqanla birlikdə “Time” jurnalı tərəfindən “ilin adamı” elan edildi. Bu, o deməkdirmi ki, səhhəti imkan versəydi, dünyanı əhəmiyyətli şəkildə dəyişə bilərdi, Reyqan bacaran kimi? Bu yöndə təxminlər inandırıcı görünmür. Andropov beynəlxalq sahədə Əfqanıstana müdaxilənin, soyuq müharibə praktikasına dönüşün girovuna çevrildi. Qərblə münasibətlərdə gərginlik artdı. Əməkdaşlıq üçün xeyli fürsətlər fövtə verildi. Çinlə münasibətləri normallaşdıracağı haqda vədi həyata keçmədi. Sovet hərbi müşavirlərinin və hissələrinin Afrikada, Yaxın Şərqdə lokal konfliktlərdə iştirakı davam edirdi. Müttəfiqlərə edilən hərbi və iqtisadi yardım azalmadı. Yuri Andropovun 15 aylıq hakimiyyəti zamanı SSRİ iqtisadiyyatını staqnasiyadan aydın inkişafa aparacaq, hələ də furaj yeminin böyük miqyasda idxalından asılı olan kənd təsərrüfatını reanimasiya edəcək qərarlar qəbul olunmadı. Andropov rejimi Brejnev dövrünə yalnız zahirən alternativ idi: qəbul olunmuş qərarların icrası üzrə hesabatlılıq yaxşılaşdı, ticarətdə korrupsiya vərdişinin bir qismi müvəqqəti dayandırıldı, ya da daha az qabarıq oldu. 

Andropov açıq diskussiyalar və aşkarlığa deyil, sərt intizama söykənən “dəmir qayda-qanun” yaratmaq üçün bütün sovet siyasətində repressiv komponenti yenə gücləndirdi. Bu, inzibati-komanda sistemini köklü dəyişmədən gücləndirmək cəhdi idi. Unudulurdu ki, mövcud durumda bu sistem şəxsi marağın, barterin, müxtəlif sxemlərin kölgə mexanizmləri olmadan işləyə bilməz. Bunlardan isə yalnız bazar iqtisadiyyatına keçməklə qurtulmaq olar. Lenin ehkamından imtina etmədikcə, seçim ya repressiyaların gücləndirilməsi, ya da Brejnev “sabitliyi” dövrünün gizli oyun qaydalarına qayıtmaq ola bilərdi. Ola bilər, dünənki günün adamının hakimiyyətinin qısa çəkməsinin ölkənin xeyrinə olduğunu deyənlər haqlıdırlar. 

Andropovun müşavirlərinin milli problemlər üzrə hazırladıqları, amma görünür, baş katibə çatmamış bir məruzə məlumdur. SSRİ-nin dağılması və ya ciddi sarsıntılar ssenarisi nəzərdən keçirilmirdi, amma gərginlik nöqtələri (Qarabağ, Volqaboyu almanların və Krım tatarlarının yurdlarına qayıtması) doğru göstərilmişdi. 

Yəqin ki, Andropovun edə bildiyi ən mühüm şey hakimiyyətin yüksək eşalonunda kadr yenilənməsi idi. Növbəti nəsil siyasətçilərin böyük bir qrupu - Qorbaçov, Liqaçov, Medvedev, Rıjkov və başqaları - şəxsən onun tərəfindən MK aparatına çəkildi. Yuri Andropovun, ondan bir il sonra da Konstantin Çernenkonun ölümündən sonra məhz onlar ölkəni necə və hansı sürətlə siyasi-iqtisadi böhrandan çıxarmaq üzərində seçim etməli oldular. “Sürətlənmə”nin birinci mərhələsində onlar özlərini Andropov işinin sadiq davamçıları kimi qələmə verirdilər, amma tezliklə yenidənqurmanın başqa yolu ilə getməli oldular, daha çox da məcburən. 

Rusiyanın müasir postsovet nomenklaturası üçün “Yuri Andropov” brendi effektli aparatçı, ölkəni nəzarətdə saxlamağı bacaran və dünyada qorxunc təsirini təmin edən güclü xüsusi xidmət banisi simvolu kimi qalır. Təsadüfi deyil ki, istər Qorbaçov yenidənqurması, istərsə də Yeltsin demokratiyası dövründəki addəyişmə kampaniyaları zamanı Moskvada Andropov prospektinə toxunulmadı. 

Vladimir Putin də özünü Andropov işinin davamçısı kimi təqdim edir. 1999-cu il dekabrın 20-də Rusiya baş nazirinin Lubyankanın əsas binasında Yuri Andropovun xatirə lövhəsini açması Putin dövrünün ilk simvolik işlərindən biridir. Bu hadisə ilə Vladimir Putin özü üçün kimin nümunə olması və gerçəklikdə hansı siyasi kurs yürüdəcəyi haqda xalqa siqnal verirdi. Putin Qərblə yeni soyuq müharibənin və xüsusi xidmətlərin tam hökmranlığının Andropov kursu ilə tədricən Ukrayna ilə böyük miqyaslı müharibəyə gedib çıxdı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/andropovskim-kursom-byl-li-glava-kgb-poslednim-shansom-dlya-sssr/32970441.html 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam