Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ölümdən öncəki son görüş, 1 nömrəli çekistin qeyri-adi macəraları... -Andropov SSRİ-nin son şansı idimi?

news content

 I YAZI

Sovet İttifaqına 18 il rəhbərlik etmiş Leonid Brejnev 1982-ci il noyabrın 10-da öldü. İki gün sonra Yuri Andropov Kommunist Partiyasının Baş katibi seçildi. O, sovet dövrünün ən mübahisəli xadimlərindən biridir. Bəzilərinə görə, SSRİ-ni dirçəldəcək fiqur idi, amma ölümü imkan vermədi. Bəzilərinə görə isə Andropov ölkəni dirçəldəcək görüşlərə malik deyildi. “Radio Svoboda”nın Andropov haqqında məqaləsini ixtisarla təqdim edirik.

Yenixeber.org: Yuri Andropov üçün taleyüklü olacaq hadisələr 1982-ci ilin əvvəllərində baş verdi. Əvvəlcə partiyanın əsas ideoloqu və hətta “boz kardinalı” adlandırılan Mixail Suslov öldü. Suslov 30 il Siyasi Büronun üzvü olmuşdu, son illərdə də Mərkəzi Komitənin (MK) qeyri-rəsmi ikinci katibi və “Lenin təlimi”nin qüsursuzluğunun müdafiəçisi idi. 

Daha sonra Daşkənd səfəri zamanı Leonid Brejnevin və Özbəkistanın kommunist hakimi Şərəf Rəşidovun üstünə tikinti körpüsü aşdı. Onlar möcüzə nəticəsində mühafizə tərəfindən xilas edildilər. Xəsarət alan və körpücük sümüyü sınan Brejnev Moskvaya qayıtdıqdan sonra az qala iki ay xəstəxanada yatdı. Şayiələr gəzirdi ki, may plenumunda Brejnevi Baş katib aparatının rəhbəri Konstantin Çernenko əvəzləyəcək. Amma Brejnevi plenumda məruzə ilə çıxış etməyə inandırdılar, o da ideologiya üzrə katib postuna KQB sədri Yuri Andropovu çəkdi. Yayda Krımda istirahət edən Baş katib MK katibliyinin toplantılarını aparmağı Andropova tapşırdı ki, bu da aşkar yüksəliş idi. 

Bu zaman Andropov mühüm kadr dəyişikliyi etməklə özünü göstərdi. Nüfuzlu Sergey Medunovun yerinə Vitali Vorotnikov Krasnodar diyar partiya komitəsinin rəhbəri oldu. Korrupsiyada şübhəli bilinən Medunova qarşı cinayət işi açılmasına Brejnev razı olmadı, amma Andropovun sözü ilə Kubandakı vəzifəsini aldı və meyvə-tərəvəz təsərrüfatı nazirinin müavini kimi önəmsiz posta göndərdi. Bu arada Andrey Kirilenko varislər koqortasından çıxdı: onu səhhətinə görə Siyasi Bürodan xaric etdilər.

Krımda istirahətdən sonra Brejnev sanki əvvəlki formasına qayıtdı. O, Bakıya baş çəkdi və Heydər Əliyevi Siyasi Büro üzvü seçməyi tövsiyə etməyə macal tapdı. 1982-ci il noyabrın 7-də hərbi paradı və nümayişi Mavzoley tribunasında yola verdi. Bayram şərəfinə təşkil edilən ziyafətdə də oldu və tost dedi. Bu, onun son publik çıxışı oldu. Sovet lideri noyabrın 9-da günorta Kremlə gəldi və Yuri Andropovu öz kabinetinə dəvət etdi. Bu, Baş katibin sonuncu məlum görüşüdür. 

Noyabrın 10-da səhər təxminən 8:30-da mühafizəçi Leonid Brejnevi yataqda ölü aşkar etdi. Gələn həkimlərin reanimasiya cəhdləri nəticəsiz qaldı. Cəmi 20 dəqiqə sonra Andropov gəldi. Görünür, mühafizə artıq anlayırdı, Brejnevin varisi kimdir. 

Andropov axşam Siyasi Büronun toplanması və Moskvada gücləndirilmiş mühafizə rejiminin tətbiqi barədə göstərişlər verdi. Televiziya verilişlərinin proqramı dəyişdirildi, Milis günü münasibətilə konsert göstərilmədi. Brejnevin ölümü yalnız ertəsi gün elan olundu. 

Andropov Siyasi Büroda çoxluğa malik idi. Onun yeni Baş katib seçilməsi haqda Dmitri Ustinovun təklifi yekdilliklə qəbul edildi. MK-nın ideologiya üzrə yeni katibliyinə Çernenko nəzərdə tutuldu. Brejnevin dəfni komissiyasına Andropov başçılıq etdi. Bu, kimin birinci şəxs olacağı haqda MK plenumuna öncəsi aydın siqnal idi. 

12 noyabr plenumunda tam həmrəylik nümayişindən ötrü Andropovun Baş katibliyə namizədliyini Çernenko irəli sürdü və onu “Brejnevin ən sadiq silahdaşlarından biri” adlandırdı. Yekdilliklə seçildikdən sonra Andropov ritual şəkildə yoldaşları əmin etdi ki, “Brejnev zamanında yürüdülən leninçi daxili və xarici siyasət”i davam etdirəcək. 

Siyasət davam etdirilmədi. Yeni lider yeni kurs nümayiş etdirməli idi. Andropov iqtisadiyyatın inkişafını tormozlayan, söz azadlığını boğan, yadfikirliləri qovan və repressiya edən totalitar rejimin arxitektorlarından, daha doğrusu, mühafizəçilərindən biri idi. Eyni zamanda, onun arzusu sovet sisteminin məzmununu dəyişmədən iqtisadiyyatı canlandırmaq, kənd təsərrüfatını böhrandan çıxarmaq, elmin müasir nailiyyətlərindən yararlanmaq idi. Stalin dövrünün adamı olan yeni sovet liderinin yəqin özünə sehrli görünən iki metodu vardı. Birincisi, qayda-qanun və nizam-intizam yaratmaq, ikincisi, qanunsuz varlanma ilə mübarizə. MK-nın noyabr plenumunda məhz birinciyə diqqət çəkdi. Beynəlxalq münasibətlərdə isə Andropov ənənəvi şəkildə silahlanma yarışını cilovlamağı və Çinlə münasibətləri normallaşdırmağı vəd etdi. 

İki kadr dəyişikliyi oldu: Siyasi Büroya, Brejnevin istədiyi kimi, Heydər Əliyev daxil edildi və Nazirlər Soveti sədrinin birinci müavini postunu tutdu. MK-nın iqtisadiyyat üzrə katibi isə Nikolay Rıjkov oldu. 

“Qayda-qanun yaratmağa” gəlincə, noyabrda 1 saylı - “Yeliseyevski” deyilən - mağazanın işindən başlayaraq Moskvada və əyalətdə ticarət işçilərinin həbs kampaniyası başladı. Özbəkistanda “pripiska”lar haqda “pambıq işi”nin istintaqı getdi. Bu işlər Moskva və Özbəkistan rəhbərlərinin - Viktor Qrişin və Şərəf Rəşidovun mövqelərini təhdid edirdi. Andropov partiya nəzarəti komitəsinə nomenklatura nümayəndələrinin şəxsi bağ evlərinin mövcudluğu haqda informasiya toplamağı tapşirdi, bu da Brejnevin irəli çəkdiyi şəxslərə toxuna bilərdi. 

1982-ci ilin dekabrında DİN rəhbəri Nikolay Şelokov vəzifəsindən azad edildi. Brejnevin köhnə dostuna yeni sistemdə yer yox idi. Araşdırma zamanı rüşvət və o zaman üçün böyük miqyasda sayılacaq korrupsiya faktları aşkar edildi. 1984-cü ildə Şelokov özünü güllələdi. 

Lap təzəlikcə KQB sədri olmuş Vitali Fedorçuk daxili işlər naziri təyin edildi və dərhal milisdə böyük təmizləmə apardı. Onun Lubyankadakı yerinə KQB generalı Viktor Çebrikov oturdu. KQB kadrlarının ilk rollara çəkilməsi təəssüratı yaranırdı. 

Bir çox dissidentlər, məsələn, Pavel Litvinov, düşünürdülər ki, Andropov praqmatizm nümayiş etdirəcək və repressiv siyasəti yumşaldacaq. Amma SSRİ-nin 60 illiyi münasibətilə verilən yetərincə böyük amnistiya dissidentlərə aid olmadı. Yadfikirliliyə münasibət dəyişmədi. Həbslər davam edirdi. Andrey Saxarov hələ də Qorki şəhərində sürgündə idi. Andropov onun vəziyyətini dəyişmək üçün heç nə etmədi. Əksinə, akademik əleyhinə məqalələr və kollektiv “açıq məktublar” müntəzəm çap olunurdu. “Çelovek i zakon” jurnalı Saxarovu “CIA və beynəlxalq sionizmin agenti” elan etdi. N. N. Yakovlevin “CIA SSRİ-yə qarşı”kitabının ayrıca fəsli akademikin və onun arvadı Yelena Bonnerin “ifşa”sına həsr olunmuşdu. ABŞ senatorları ilə görüşdə Andropov Saxarovun işinə yenidən baxılması ehtimalını rədd etdi və bildirdi ki, alim guya psixi xəstədir. 

KQB-nin 1982-ci ilin yazında həbs etdiyi “gənc sosialistlər” qrupundan bir neçə nəfər (Andrey Fadin, Boris Kaqarlitski və b.) 1983-cü ildə azadlığa çıxdılar, amma onları “peşmanlıq” kağızı imzalamağa məcbur etdilər. SSRİ-dən İsrailə mühacirət imkanı kəskin məhdudlaşdı (ildə 300 nəfərə qədər), “otkaznik”lərin (ölkədən çıxmaq, əsasən də İsrailə köçmək üçün viza almağa müraciət edib rədd cavabı alanlar) sayı çoxaldı. KQB-nin təzyiqi üzündən tanınmış yazıçı Georgi Vladimov ölkədən getdi. 

Amnistiya “qadağan edilmiş fəaliyyətlə məşğulluğa” - istehsal və xidmət sahəsində  sahibkarlıq fəaliyyətinə - görə həbs edilənlərə şamil olunmadı. Andropov kiçik biznesin leqallaşdırıldığı Şərqi Avropa ölkələrinin yolu ilə getmək istəmirdi. 

Qeyd etmək lazımdır ki, xatirəsinin formal əbədiləşdirilməsindən, Naberejnıye Çelnı şəhərinin Brejnev adlandırılmasından, xatirə lövhəsinin açılışından sonra əvvəlki baş katibin, “sadiq leninçi”nin keçmiş kultunun bütün əlamətləri, əsərlərindən bütün sitatlar və “taleyüklü göstərişlər”inə istinadlar sovet mətbuatının səhifələrindən yox oldu. Andropovun nitqlərində də yox idi. Leonid İliçin şəxsiyyətinə pərəstiş dərhal ləğv edildi, Brejnevin ailəsi və irəli çəkdikləri toxunulmazlıqlarını itirdilər. 

SSRİ-nin 60 illiyi münasibətilə keçirilən yığıncaqda Andropov bəyan etdi: “Partiya gurultulu şüarlara deyil, işə istiqamət götürməlidir”. Bu, əvvəlki siyasətin tənqidi kimi anlaşıldı. Amma təşəbbüsü yuxarıdan gələn yeni işlərin bir hissəsi kifayət qədər ekzotik görünürdü. Yeni nazir Fedorçukun göstərişi ilə milis mağazalara, kinoteatrlara, hətta hamamlara basqın edir, insanların iş vaxtı niyə şəxsi işlərilə məşğul olmalarını araşdırırdı. İşə çıxmamağa, gecikməyə görə cəzalar sərtləşdirildi.(pressklub)

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/andropovskim-kursom-byl-li-glava-kgb-poslednim-shansom-dlya-sssr/32970441.html 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam