Ötən əsrin ortalarında İranda daha çox İran Milli Sosialist İşçi Partiyası kimi tanınan nasist təşkilatı fəaliyyət göstərirdi.
Yenixeber.org: Bu partiya və onun rəhbəri, “İranlı Hitler” adlanan Davud Monşizadə barəsində materialı təqdim edirik.
Qısaca SOMKA adlanan partiyaya iranlı filoloq Davud Monşizadə (1914 - 1989) rəhbərlik edirdi. İkinci Dünya Müharibəsi zamanı o, Hitler Almaniyasında yaşayıb və guya SS-də xidmət etdiyini, müharibədən sonra isə Berlin uğrunda döyüşlərdə yaralandığını iddia edirdi. Monşizadənin xarici görünüşü də öz kumiri saydığı Adolf Hitlerə bənzəyirdi.
Monşizadənin tələbələrindən sayılan Dariuş Homayun sonralar Şah Məhəmməd Rza Pəhləvi dövründə informasiya naziri vəzifəsində çalışıb. Homayun öz xatirələrində yazır ki, Monşizadə Üçüncü Reyx üçün Şərq Cəbhəsində farsdilli hərbi əsirləri sorğu-suala tutaraq öz sıralarına cəlb etməklə məşğul idi. Bu, mümkündür - axı, məsələn, farsdilli taciklər türklərlər ərəblər, hindlilər və afrikalılarla birlikdə Almaniya Ordusunda xidmət edirdi.
Sonralar Danimarkanın “Neue Illustrierte” nəşri məqalə dərc edib və onun müəllifi özünü Monşizadənin keçmiş həmkarı kimi təqdim edib. Onun sözlərinə görə, Monşizadə müharibə illərində “Signal” təbliğat jurnalının redaktor köməkçisi (alm. Hilfsredakteur) olub. Bu jurnal nasistlər tərəfindən hazırlanmış və bütün Avropa və Yaxın Şərqdə yayılmışdır.
Yeri gəlmişkən, Yəhudi Araşdırmaları İnstitutunun doktoru Otto Paul 27 oktyabr 1942-ci il tarixli məktubunda Davud Monşizadənin adını Təbliğat Nazirliyinin “fars yəhudilərinin irqi kimliyinin öyrənilməsinə cavabdeh olan” əməkdaşı kimi qeyd edir. Bununla belə, Monşizadənin əslində Holokosta və “yəhudi məsələsi”nin həllinə hansı töhfə verdiyini bilmirik.
1943-cü ildə Monşizadə Münhendə İran filologiyası üzrə doktorluq dərəcəsi (orta əsr fars və şiə məhəbbət pyeslərinə dair monoqrafiyaya görə) alır. Təxminən eyni vaxtda o, parlaq isveçli hind-iran və sanskrit alimi Oskar Stiq Vikanderlə, həmçinin alman şərqşünası, SS Standartenfürer və Ahnenerbe (tədqiqat üçün yaradılmış məşhur nasist təşkilatı) Valter Vüstlə sıx əlaqələr qurdu.
Davud Monşizadə özünü ari hesab edirdi və alman qadını ilə evlənərək dörd övlad atası oldu. O, Hitlerə çox sadiq idi. Monşizadənin özünün dediyinə görə, 1945-ci ildə o, Berlində mühafizə qvardiyasının yeganə iranlı zabiti idi. Orada guya ağır yaralanıb (güllə onun omba sümüklərini sındırıb), nəticədə Mönşizadə ömrünün sonunadək axsaqlıqdan əziyyət çəkib. Sonradan o, bu hadisə əsasında qəribə bir bədii əsər yazdı və əsərdə obrazlı şəkildə vəhşi skiflərin (müttəfiqlər), "şimal tayfalarının" kraliçası (arvadının) və sadiq arinin (özünün) iştirakı və hökmdar Daranın (Hitler) ölümündən bəhs olunurdu.
Lakin Monşizadə yalan danışırdı. Həyat yoldaşının sonralar dediyi kimi, 1945-ci ildə o, heç Berlində də deyildi. Ailə Potsdam yaxınlığında yaşayırdı. 1945-ci ilin aprelində onların evinə Almaniya ordusunun "Şərq legionu"nda döyüşən bir neçə müsəlman hərbçi gəlir. Onlar Monşizadə ilə mübahisə edərək, onun bud nahiyəsindən atəş açırlar. Qadının xatirələrinə görə, əri çoxlu qan itirir, hərbi hospitala göndərilir. 1945-ci ilin aprel-noyabr ayları arasında o, müalicə alır, ona morfin verilir. Xəstənin qızdırması, halüsinasiyalar və pis qidalanma problem var idi. Ancaq 10 əməliyyat keçirdikdən sonra Monşizadə sağalır və ailəsini tərk edərək müəmmalı şəkildə Almaniyanı tərk edə bilir.
Monşizadə 1947-ci ildə Münhen Universitetində fars dili müəllimi kimi yenidən ictimaiyyət qarşısına çıxır. Şayiələrə görə, o, sona qədər bunkerdə onunla qalan Hitlerin şəxsi katibi Traudl Yungeni köməkçisi edir.
Monşizadə Münhendən sonra Misirin İsgəndəriyyə şəhərində yaşayır və burada, guya Misirin gələcək prezidenti Ənvər Sədatın yanında dərs deyirdi. 1950-ci ildə Monşizadə İrana qayıdır və digər iranlı nasistlərin yaratdığı yeni yaranan SOMKA partiyasına qoşulur. Monşizadənin rəhbərlik etdiyi və Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə onların partiyası 1953-cü il dövlət çevrilişində mühüm rol oynayır. Təxminən bu vaxtlarda Monşizadə “Fars Hitleri” ləqəbini alır.
Lakin elə həmən il Mosaddıq hökuməti devrildikdən sonra Monşizadə və onun SOMKA-sı aşkar nasist yönümlü olduqlarına görə Şah Məhəmməd Rza Pəhləvi və onun ətrafı tərəfindən təhlükə kimi görülməyə başladı. 1953-cü ilin sonunda Mönşizadə şahın göstərişi ilə “qeyri-rəsmi sürgünə” göndərildi. O, heç vaxt İrana qayıtmadı.
Davud Monşizadə İsveçdə məskunlaşdı. O, uzun illər Uppsala Universitetində fars və İran ədəbiyyatından dərs dedi. “Fars Hitler”i 1989-cu ildə vəfat edib.