Fərhad Mehdiyev: “Prezident İlham Əliyev demək istədi ki, ABŞ Minsk Qrupu ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymasa, sülh prosesində mediatorluq edə bilməyəcək”
Yenixeber.org: ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı sentyabrın 16-da baş tutub. Azərbaycan liderinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
“Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz Azərbaycan olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb”, - qeyd edilib.
Beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev bizimlə müsahibəsində deyib ki, rəsmi Vaşinqtonun dəqiq mövqeyi və Blinkenin zənginin dəqiq detallarını bilmirik:
- Amma açıqlanan məlumat əsasında deyə bilərik ki, Blinken sülhün vacibliyini qeyd edir və daha əvvəl əldə olunan razılaşmaları sadalayır. Bununla demək olar ki, rəsmi Vaşinqton tərəfləri sülhə motivasiya etməkdə maraqlıdır. Yada salmaq istəyirəm ki, bundan əvvəl Böyük Britaniyanın Təhlükəsizlik Xidmətinin rəhbəri də Bakıya gəlmişdi. Nəzərə almaq lazımdır ki, ABŞ və Böyük Britaniya bir çox məsələlərdə müttəfiq kimi çıxış edirlər. Ola bilsin ki, bu dövlətlərdə regionda müəyyən hərəkətliliklə bağlı məlumatlar var.
Unutmayaq ki, Vaşinqton əvvəllər sülh prosesində çox aktiv idi, nazirlərin görüşlərini keçirdilər, danışıqlar aparıldı. Bu yaxınlarda isə prosesdə Rusiyanın aktivləşməsinin şahidi olduq. İndi ABŞ mesaj verir ki, sülh prosesinində var və prosesin gedişində maraqlıdır, irəliləyiş istəyir. Təbii ki, sülh prosesində beynəlxalq qüvvə kimi iştirakda birinciliyi ABŞ əldən vermək istəmir.
- Amma faktiki olaraq sülh prosesi bir müddətdir ki, vasitəçilərsiz davam edir...
- Bilirsiniz, ABŞ burada müəyyən məsələləri nəzərə almalıdır. Əslində həm ABŞ, həm Rusiya bu gün faktiki ləğv olunmuş Minsk Qrupunun həmsədrləri kimi çıxış edirlər. Lakin bu məsələdə Moskva öz mövqeyini ortaya qoyub. Rusiya bəyan edib ki, Minsk Qrupunu artıq qeyri-işlək orqan kimi görür və bu təsisatın fəaliyyətində maraqlı deyil. Prezident İlham Əliyev Minsk Qrupu ilə bağlı məsələni Vaşinqtonun diqqətinə çatdırmaqla demək istəyir ki, ABŞ Minsk Qrupu ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymasa, sülh prosesində mediatorluq edə bilməyəcək. Məncə, Blinken bu mesajı yaxşı başa düşməlidir. Öz növbəsində, Vaşinqton mesaj verməlidir ki, Minsk Qrupunun vasitəsi ilə deyil, ABŞ olaraq vasitəçilikdə maraqlıdır.
Bilirsiniz, vasitəçilik odur ki, münaqişə tərəfləri vasitəçilik etmək istəyən qüvvələrin vasitəçiliyinə könüllü şəkildə razılıq verməlidir. Əgər tərəflərdən biri vasitəçiliyə razı deyilsə, o zaman vasitəçilik alternativ həll yolu kimi aradan çıxır. Faktiki olaraq, Minsk Qrupu aradan çıxıb. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Məcburi vasitəçilik isə ola bilməz.
- Ümumiyyətlə, “ölü” qurum olan Minsk Qrupunun sözdə fəaliyyəti kimə faydalıdır?
- Ermənistan Minsk Qrupundan istifadə etməkdə maraqlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla şərtsiz razılaşmada maraqlı deyil. Rəsmi İrəvan Bakı ilə danışıqlar masasında əlinin güclü olmasını istəyir. Paşinyan Qarabağdan könüllü gedən ermənilərdən alver predmeti kimi istifadə etmək niyyətindədir. Minsk Qrupu isə İrəvana bunun üçün lazımdır. Amma Paşinyan yaddan çıxarmamalıdır ki, Ermənistandan qovulan və sayları Qarabağdan könüllü gedən ermənilərin sayından qat-qat çox olan Qərbi Azərbaycan qaçqınları var. Azərbaycan bu məsələni ortaya qoyacaq ki, İrəvan burada “pas” vəziyyətinə düşəcək.
Eyni zamanda, ABŞ, Fransa, elə Rusiyanın özü də Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Söhbət vasitəçilik niyyətinin davam etməsindən gedir. Rusiya reallığı başa düşdü və israr etmir. ABŞ və Fransa da reallığı anlamalıdırlar. Dediyim kimi, tərəflərdən biri Minsk Qrupunun vasitəçiliyinə razı deyilsə, o zaman zorla vasitəçilik mümkün olmayacaq.
- Sülh sazişi üçün indi nə çatmır?
- Əslində Ermənistan ədalətli sülh üçün çox addımlar atmalıdır. Məsələn, müharibə təzminatı deyilən bir məsələ var. Biz 30 ildən çox işğalda qalan Azərbaycan ərazilərinin, kənd, qəsəbə, şəhərlərin necə viran edildiyi faktı ortadadır. Bu dağıntıların, vandalizmin təsirlərinin aradan qaldırılmasına milyardlarla vəsait lazımdır. Amma ədalətli sülh üçün İrəvanın çox şey etmək niyyəti yoxdur.
Sazişin imzalanmasına gəlincə, Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri ağlabatandır. Bakının tələbləri ortadadır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan tərəfi bu tələblərdən boyun qaçırır. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddə dəyişməlidir. Lakin Ermənistan bunu dəyişmək istəmir. Bu isə sazişin imzalanmasına mane olan amillərdən biridir.
- Rəsmi İrəvan və şəxsən Paşinyan tərəfindən sülhə razılıqla bağlı bəyanatlar verilir. Digər tərəfdən isə Bakının tələblərini yerinə yetirmək istəmirlər. Bu ziddiyyətin səbəbi nədir?
- Paşinyan bilir ki, indi konstitusiya islahatları aparmaq üçün referendum keçirsə, qorxur ki, tələb olunan səsi əldə etməyə bilər. Bu, Paşinyan hakimiyyəti üçün böyük sınaq olar. Düzdür, Ermənistanda indi Paşinyan qədər populyar olan ikinci bir siyasətçi yoxdur. Lakin Paşinyana səs verəcək ermənilərin faizi 50-dən çox deyil. Bu gün ümumi seçicinin 40 faizdən artığı Paşinyanı dəstəkləmir. Amma ən çox dəstəkçi də Paşinyanındır, digər siyasi qüvvələr, 10-15 faiz civarında dəstəklənir. Sabah referendum keçirilsə, ermənilərin neçə faizinin Paşinyanın islahatlarına dəstək verəcəyi tam bəlli deyil. Bu isə Nikolun əminliyinə çübhə ilə yanaşmasına səbəb olur. Ola bilsin ki, Paşinyan “Tarixi Ermənistan nağılının arxasınca qaçmaq lazım deyil” bəyanatı verməklə erməniləri reallığa alışdırır. Ona görə də konstitusiya islahatını 2027-ci ilədək uzatmaq istəyir.(AYNA)