Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Zatulinin dili ilə Bakıya mesaj və:Kremlin dəyişməyən Qafqaz siyasəti

Hərbi ekspert: “Demək istəyirlər ki, Qarabağ münaqişəsi bitməyib, hər zaman bölgədə vəziyyəti gərginləşdirə bilərlər”

Yenixeber.org: Hər zaman ermənipərəst mövqeyi ilə tanınan və Rusiyanın erməni icmasının maraqlarını aktiv müdafiə edən rusiyalı deputat, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyi ilə çıxış edib. Zatulin Qarabağda ləğv edilən separatçı rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. Zatulin məktubunda Bakıda məhkəməsini gözləyən Qarabağ separatçılarının təəssübkeşi rolunda da çıxış edib, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirib.

“Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”, - Zatulin qeyd edib.

Azərbaycan ictimaiyyəti Zatulinin separatçılara simpatiyasını gizlətməyən bəyanatına etiraz edir. Maraqlıdır ki, Qarabağda separatizmin ideoloqları olan şəxslərin azad edilməsini sıradan olan biri deyil, Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini dilə gətirir. Rusiyanın hakim partiyasının üzvü olan bu şəxsin belə bəyanat səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərində yaxşılaşma iddiası ilə çıxış edənlərin də arqumentlərini zəiflədir.

Qarabağ münaqişəsinin həll olunduğu, separatçıların Bakıda həbsdə olduğu bir vaxtda Rusiya rəsmisinin belə fikirlər səsləndirməsi təəccüb doğurmaqla yanaşı, məsələnin alt qatında başqa nüansların olduğundan xəbər verir. Sual olunur: Rusiya hələ də Qarabağ separatçılarını dəstəkləyir və onlardan nəsə gözləntisi var?

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son vaxtlar Rusiya rəsmiləri, ictimai-siyasi şəxsləri Azərbatycana qarşı hədlərini aşırlar:

- Nə olsun ki, Rusiya Prezidenti Bakıya səfər etdi, görüşlər keçirdi, bəyanatlar verdi. Əslində isə Rusiyanın Azərbaycana qarşı siyasəti heç vaxt dəyişməyib, dəyişmək ehtimalı da yoxdur. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanat səsləndirdi və bildirdi ki, “Dağlıq Qarabağ problemi hələ də həll olunmayıb”. Bu nə deməkdir? Nəzərə almaq lazımdır ki, Lavrov sıradan bir şəxs deyil, uzun illərdir Rusiyanın xarici siyasətini idarə edən şəxsdir. Eyni zamanda, Lavrov özbaşına deyil, Putinin sözünü səsləndirir. Demək ki, Kreml üçün hələ də Qarabağ münaqişəsi var və bitməyib. Putinin özü də Bakıda səsləndirdiyi fikirlərdə bir dəfə də olsun Qarabağ məsələsinin həll olunduğunu dilinə gətirmədi. Lavrovdur, Zatulindir, digər şəxslərdir ki, zaman-zaman Azərbaycan əleyhinə danışırlar. Danışdıqları isə birbaşa Moskvanın mövqeyidir.

- Azərbaycan tərəfindən bu təxribatlara cavab nə olmalıdır?

- Cavab sərt olmalıdır. Xarici İşlər Nazirliyi səviyyəsində Lavrov, Zatulin, Peskov və digər bu kimi şəxslərin cavabı sərt olmalıdır. Qarabağ münaqişəsinin bitmədiyini iddia edən Rusiya rəsmilərini “qara siyahı”ya da salmaq mümkündür. Onların cavabı sərt şəkildə verilməsə, davamlı olaraq, hədsizlik nümayiş etdirəcəklər. Bilirsiniz, Rusiyanın bu gün vəziyyəti o qədər çətindir ki, Azərbaycana yaltaqlanırlar. İnanın ki, bir qədər vəziyyətləri yaxşılaşsa, bunlar əvvəlki siyasətlərinə qayıdacaqlar. Əslində siyasətlərini dəyişməyiblər. Kremlin siyasəti bir günün, bir ilin, yaxud beş ilin içərisində dəyişə bilməz. Əsas siyasi xətt sabitdir. Sadəcə vəziyyətə uyğun davranış sərgiləmək tələb olunursa, ona uyğun bəyanatlar səsləndirirlər.

Zatulinin açıqlaması, separatçılara simpatiyasını nümayiş etdirməsi göstərdi ki, siyasətlərində heç konyukturaya uyğun da dəyişiklik yoxdur. Baxın Zatulin separatçılara dəstək bəyanatını, onları təbrik bəyanatını nə zaman səsləndirdi – Azərbaycanın Baş Prokurorluğunun Qarabağ separatçılarının məhkəmə qarşısına çıxarılacağı məlumatından sonra. Baş prokuror Bakıdakı separatçı ünsürlərin ən sərt şəkildə cəzalandırılacağını söylədikdən sonra Zatulinin timsalında quldurların himayəçiləri danışmağa başladılar.

Baş prokuror demişkən, Azərbaycanın baş prokuroru , hörmətli Kamran Əliyev bu günlərdə Moskvada Rusiyanın baş prokuroru İqor Krasnovla görüşdü. Hesab edirəm ki, Kamran müəllim bu cür məsələləri rusiyalı həmkarına deməli, etirazını bildirməlidir. Eyni zamanda, baş prokuror Krasnova deyə bilərdi ki, Rusiyada polkovnik rütbəsində Yuri Zarviqorov adlı cani var ki, onu Azərbaycan beynəlxalq axtarışa verib. Bu həmin Zarviqorovdur ki, Xocalıda soyqırımında iştirak edən 366-cı motoatıcı alayının komandiri olub. Kamran müəllim rusiyalı həmkarından bi caninin ekstradisiyasını niyə istəmədi?

- Zatulinin timsalında Rusiyanın rəsmi şəxslərinin Qarabağ separatçılarına dəstək bəyanatı səsləndirməsinin səbəbi maraqlıdır. Yəni bununla Rusiya rəsmiləri nəyə nail olmağı düşünürlər?

- Bilirsiniz, Qarabağda separatçı rejimə başçılıq edən şəxslər və ümumilikdə separatçılar Rusiya tərəfindən təlimatlandırılmış, onların siyasətini yerdə həyata keçirən məxluqlardırlar. Robert Köçəryan, Serj Sarklisyandan üzü bəri - Bako Saakyan, Arayik Arutunyan, Ruben Vardanyan, Vitali Balasanyan və digər separatçılar Moskvanın təlimatı ilə Qarabağda hoqqabazlıq ediblər. Elə bilməyək ki, Zatulin bu gün öz sözünü deyir. Əlbəttə, belə deyil. Zatulinə separatçılara xoş sözlər ifadə etdirən separatçıların ağası olan Kremldir. Məqsədləri Azərbaycana mesaj vermək, hədə-qorxu gəlməkdir. Demək istəyirlər ki, Qarabağ münaqişəsi bitməyib, hər zaman bölgədə vəziyyəti gərginləşdirə bilərlər.

- Bu, mümkündürmü?

- Əlbəttə, mümkündür. Bir müddət əvvəl sərhəddə vəziyyəti gərginləşdirən kim idi? Təbii ki, Rusiya idi. Rəsmi İrəvan sərhəddə təxribatın Ermənistan ordusu tərəfindən törədilmədiyini, məsələnin araşdırıldığını bildirdi. Nəticədə Ermənistan bəyan etdi ki, Yerkrapa adlı bir silahlı dəstə təxribata əl atıb. Düzdür, atəşkəs pozulursa, Azərbaycan mövqelərinə qarşı təxribat törədilirsə, bunun birbaşa məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yerkrapa törədirsə, Ermənistan dövləti bu silahlı terror ünsürünü zərərsizləşdirməlidir. Mən demək istədiyim məsələnin başqa tərəfidir: yaxşı, bu Yerkrapa adlı terrorçu ünsürləri sərhədə kim yerləşdirib, onlara kim atəş əmri vermişdi? Əlbəttə, Rusiya. Yerkrapa dəstəsini Ermənistan ordusu içərisinə Rusiya “könüllü” və “təcrübəli” adı ilə yerləşdirib. Rusiya bu addımları ilə dediyim kimi, siyasətini dəyişməyib.

Ümumiyyətlə, Cənubi Qafqazda çox hadisələr olacaq. Cənubi Qafqazda Rusiyanın hoqqabazlığı, Fransanın yaramazlığı, ABŞ-ın ikibaşlı oyunları davam etdiyi müddətdə bölgədə münaqişə davam edəcək. Düşünürəm ki, Azərbaycan bu gərginliklərə hazır olmalıdır.(AYNA)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam