Paşinyanın “U” dönüşü -“Sərhəddə görüş” ideyası Moskvanın təhdidinin nəticəsidir?
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birbaşa, vasitəçisiz danışıqlara hazır olduğunu deyib.
Yenixeber.org: O, ötən həftə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşməyə hazırdır. Baş nazir hesab edir ki, Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş daha effektivdir.
“Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektivliyini göstərib”, - o deyib.
N.Paşinyan qeyd edib ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə də son telefon danışığı zamanı deyib.
Xatırladaq ki, Putin Azərbaycana rəsmi səfərindən sonra Paşinyan ilə telefon danışığı aparıb. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini də müzakirə ediblər.
Putin və Paşinyan arasındakı danışıqlardan dərhal sonra Paşinyanın “sərhəddə görüş” barədə fikirləri bir sıra suallar doğurur. Xatırladaq ki, 44 günlük müharibədən sonra rəsmi Bakı qarşı tərəflə danışıqların ikitərəfli formatda keçirilməsi ilə bağlı təkliflər edirdi. İrəvan isə təkidlə bu təklifi rədd edib, sülh danışıqlarında qarantor ölkə olaraq üçüncü tərəfin, (Fransanın –red.) iştirakını istəyirdi. Ermənistan tərəfinin məntiqi belə idi ki, müharibədən qələbə ilə çıxan Azərbaycan özünün hərbi-psixoloji üstünlüyündən istifadə edərək, onları qeyri-məqbul güzəştə məcbur edə bilər. Ancaq indi birdən-birə Paşinyanın təkbətək görüş ideyasını səsləndirməsi İrəvanın bu məsələdə kəskin mövqe dəyişikliyindən xəbər verir.
Bu dəyişikliyin səbəbi nə ola bilər? Məhz Putinlə telefon danışığından sonra bu fikrin səsləndirilməsi Moskvanın görünməyən kanallarla İrəvanı təhdid etməsinin nəticəsi ola bilərmi?
Mövzu ilə bağlı politoloq Şahin Cəfərlinin sözlərinə görə, Putinin Azərbaycana səfəri, İlham Əliyev ilə apardığı danışıqlar, Moskvaya döndükdən sonra Paşinyana etdiyi telefon zəngi onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan arasındakı sülh və əməkdaşlıq prosesində yenidən öz rolunu gücləndirmək istəyir:
“İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında danışıqlar əsasən Rusiyanın vasitəçiliyi ilə aparılırdı. Burada üçtərəfli format var idi – Moskva-Bakı-İrəvan. Bu çərçivədə görüşlər keçirilir, müəyyən anlaşmalar əldə olunurdu. Son zamanlarda isə bu formatın arxa plana keçdiyini gördük. Yəni Rusiyanın liderlik etdiyi üçtərəfli format hazırda faktiki olaraq işləmir. Moskvanın niyyəti odur ki, bu formatı yenidən bərpa etsin. Bununla o, həm prosesə nəzarət edəcək, həm də ümumilikdə Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlayacaq. Amma Ermənistan hökumətinin siyasəti göstərir ki, artıq onlar Rusiyanın vasitəçiliyindən faktiki imtina ediblər. Yəni bunu konkret bəyan etməsələr belə, faktiki olaraq, Ermənistan hökuməti Rusiyanın bu prosesdə iştirak etməsini istəmir”.
Müsahibimizin fikrincə, Paşinyanın son bəyanatı həm də Azərbaycana doğru atılan müsbət bir addımdır. Çünki Azərbaycan da vaxtı ilə bildirmişdi ki, ikitərəfli formatda, üçüncü tərəfin iştirakı olmadan məsələləri müzakirə edə bilərik. Ermənistan isə Qərbin qarantiyasını tələb edirdi ki, 3-cü tərəf bu prosesdə təminatçı rolunda çıxış etsin. O vaxt Azərbaycan da bu ideyaya soyuq baxırdı. İkitərəfli formatda danışıqların aparılması təklifi Azərbaycanın da qəbul edə biləcəyi bir təklifdir: “Ümumiyyətlə, İlham Əliyev və Paşinyan arasında görüşlərin keçirilməsində ciddi bir problem yox idi. Düzdür, iyul ayında Londonda görüşün keçirilməsi məsələsində anlaşılmazlıq yarandı. Bakı bəyan etdi ki, Ermənistan tərəfi imtina edib, Ermənistan bəyan etdi ki, Bakı imtina edib. Müəyyən anlaşılmazlıq yaransa belə, bu görüşlərlə bağlı ümumi problem yox idi. İndi əsas sual odur ki, tərəflər sülh müqaviləsi imzalamağa nə qədər yaxındır?”
Müsahibimiz qeyd edir ki, görüşlər bundan sonra da keçiriləcək, amma o görüşlər hansı nəticəni verəcək, əsas odur. Düzdür, indi delimitasiya prosesində irəliləyişlər var. Bu proses öz konstruktiv axarında davam edir. Amma delimitasiya daha çox təhriki prosesdir. Burada əsas məsələ sülh müqaviləsinin imzalanıb, imzalanmayacağıdır.
Ş.Cəfərlinin fikrincə, Bakı bu mərhələdə konstitusiya dəyişikliyi tələb edir, Ermənistan hökuməti isə buna hazır olmadığnı bildirir. Bu problemi aradan qaldırmaq isə yalnız bu şəkildə mümkündür ki, ya Bakı öz tələbini müəyyən qədər yumşaldacaq, konstitusiyanın müqavilədən sonra dəyişdirilməsi ilə razılaşacaq, ya da Ermənistan geri addım atacaq, mümkün olan ən yaxın zamanda konstitusiya dəyişikliyini həyata keçirməyə razılaşacaq. Bunlar olmadan sülh müqaviləsinin yaxın günlərdə imzalanacağı real görünmür.
Müsahibimiz deyir ki, bu məsələdə rəsmi Bakının daha bir tələbi ortaya çıxıb: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün bildirdi ki, Ermənistan ordusunun silahlanması üzərində müəyyən bir nəzarət və bu prosesdə müəyyən məhdudiyyətlər olmalıdır. Yəni Bakının mövqeyi bundan ibarətdir ki, onların silahlanmasına məhdudiyyətlər tətbiq olunmalıdır. Düzdür, bunu sülh müqaviləsinin imzalanması üçün irəli sürülən bir şərt olub-olmadığını bilmirik. Amma konstitusiya tələbindən əlavə, Bakının başqa tələbləri də olduğunu zaman-zaman görürük. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın müddət ərzində sülh müqaviləsinin imzalanması real görünmür. Hətta ikitərəfli görüşlər keçirilsə belə, tərəflərdən biri geri addım atmayana qədər sülh müqaviləsi imzalana bilməz”.(pressklub)
Mədinə Useynova