Türkiyə-ABŞ münasibətləri konkret üç məsələyə fərqli yanaşma ucbatından yenidən qarşıdurma mərhələsinə keçirilmık üzrədir, Ağ Ev müttəfiqliyə yalnız öz “maraq pəncərəsi”ndən baxır... Rəsmi Ankara isə Türkiyənin milli maraqlarından geri çəkilməyəcəyini sezdirir, Ağ Evin məntiqsiz tələbləri ilk növbədə NATO-nun gələcək taleyini də zərbə altında qoyur...
Yenixeber.org: Dünyanın iki nəhəng NATO dövləti arasında münasibətlər yenidən gərginləşməyə başlayıb. Belə ki, hazırda Türkiyə və ABŞ arasında kəskin ziddiyyətlərin mövcudluğu müşahidə olunur. Hər halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfərinin təxirə salındığı barədə məlumatlar mövcuddur. Və bunun iki ölkə arasında mübahisəli mövzuların son vaxtlar daha ön plana keçirilməsi ilə əlaqələndirirlər.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə-ABŞ ziddiyyətləri qısa fasilələrlə olsa da, uzun müddətdən bəridir, davam edir. Rəsmi Ankara Türkiyənin milli maraqlarını ABŞ-ın beynəlxalq hədəflərinə uyğunlaşdırmaqdan israrla imtina edir. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni beynəlxalq məkanda şərtləri diqtə edən dövlətlər sırasına çıxartmaq niyyətini qətiyyən gizlətmir. Və bu məsələdə prinsipial davranmaqdan da çəkinmir.
Son illərdə rəsmi Ankara və Ağ Ev arasında olan ziddiyyətlərin təməlində Ukrayna savaşına fərqli mövqedən yanaşma xüsusi yer tutur. Türkiyə bnu savaşda tərəfə çevrilməkdən israrla yayınır. Həm Ukrayna, həm də Rusiya ilə normal münasibətlərin qorunmasına üstünlük verir. Bu istiqamətdə böyük uğurlar qazanmış rəsmi Ankara Rusiya və Ukrayna arasında sülh prosesinə tərəfsiz vasitəçilik şansı olan yeganə siyasi iradə mərkəzi olaraq da diqqəti çəkir. Və Türkiyənin şansı Qərb siyasi dairələrində qıcıq doğurmaqdadır.
Ancaq bu ilin əvvəllərində Türkiyə-ABŞ münasibətlərində müəyyən qədər yaxınlaşmanın ön plana keçdiyi müşahidə olunurdu. Çünki rəsmi Ankara və Ağ Ev iki prinsipial məsələnin həllində ortaq mövqeyə gəlməyi bacarmışdılar. Belə ki, Türkiyə Rusiyanın narazılığına baxmayaraq, İsveçin NATO-ya üzvlüyünə qoyduğu vetonu ləğv etmişdi. ABŞ isə Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışına razılıq vermişdi. Və bundan sonra Türkiyə-ABŞ münasibətlərində daha hamar dövrün başlanma ehtimalı istisna deyildi.
Halbuki, Ağ Ev öz davranışları və tələbləri ilə Türkiyə-ABŞ münasibətlərinin yenidən gərginləşdirilməsinə səbəbkar olmağı yenə bacardı. Belə ki, hazırda rəsmi Ankara və Ağ Ev arasında əsasən üç önəmli məsələ ətrafında kəskin mövqe ziddiyyətləri mövcuddur. Bəzi məlumatlara görə, Ağ Ev rəsmi Ankaradan Türkiyənin İsrailə qarşı kəskin mövqeyinin nisbətən yumşaldılmasını istəyir. Və Türkiyənin İsraillə idxal-ixrac prosesini tamamilə dayandırmasından sonra bu məsələ üzərində anlaşma ehtinmalı artıq qətiyyən inandırıcı görünmür.
Türkiyə-ABŞ münasibətlərində digər “düyün nöqtəsi” PKK/PYD terror təşkilatı ilə bağlıdır. Rəsmi Ankaranın İraq hökuməti ilə PKK/PYD terror təşkilatına qarşı ortaq hərbi əməliyyatların başladılması məsələsində anlaşdığı bildirilir. Ağ Ev isə Türkiyənin ” PKK/PYD terror təşkilatına qarşı hərbi əməliyyatlarını əngəlləməyə cəhd göstərir. Ağ Evin əsas “arqumenti” ondan ibarətdir ki, PKK/PYD ABŞ-ın həmin bölgədə əsas tərəfdaşıdır. Üstəlik, Ağ Ev PKK/PYD-ni terror təşkilatı kimi deyil, məhz “demokratik hərəkat” olaraq, təqdim etməyə çalışır. Və rəsmi Ankara Türkiyənin NATO üzrə hərbi müttəfiqi olan ABŞ-ın PKK/PYD terror təşkilatını “demokratik hərəkat” kimi qəbul etməsindən ciddi şəkildə narazıdır.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ hərbiçiləri PKK/PYD terror təşkilatını üçün təlim düşərgələri yaradaraq, terrorçuların döyüş hazırlığını yüksəldirlər. Yəni, ABŞ PKK/PYD terror təşkilatınını himayə etməklə, əslində, beynəlxalq terrorizmin dəstəkçisi və sponsoru rolunda çıxış etmiş olur. Rəsmi Ankara isə Ağ Evin bu mövqeyi ilə razılaşmaq niyyətində deyil və PKK/PYD terror təşkilatınına qarşı antiterror məliyyatlarına başlamaqda israrlıdır. Və Türkiyə bu problemi yaxın iki ay ərzində birdəfəlik həll etməkdə qərarlıdır.
Nəhayət, daha bir qəliz problem Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri ilə bağlıdır. Ağ Ev rəsmi Ankaradan tələb edir ki, Türkiyə həmin raket sistemlərini ya Ukraynaya, ya da hər hansı üçüncü ölkəyə versin. ABŞ-ın əsas “arqumenti” isə ondan ibarətdir ki, “S-400” raket sistemləri NATO standarlarına uyğun deyil. Və Türkiyənin bu raket sistemlərindən istifadə etməsi yolverilməz hesab olunur.
Ancaq Ağ Ev nə qədər təzyiq göstərməyə çalışsa da, Türkiyə “S-400” raket sistemindən imtina etmək niyyətindən uzaqdır. Hətta Türkiyənin müdafiə naziri Yaşar Gülər “S-400” raket sistemlərinin hər hansı üçüncü ölkəyə verilməyəcəyini birmənalı şəkildə bəyanlayıb. Yəni, rəsmi Ankara bu məsələdə geri çəkilməyəcək. ABŞ-ın Türkiyəyə təzyiq cəhdləri bu baxımdan, effektiv xarakter daşımır. Və indiki situasiyada Türkiyə-ABŞ münasibətlərində dərin çatlar yaratmaqdan başqa heç nəyə yaramır.
Halbuki, Ağ Evin rəsmi Ankaraya qarşı təzyiqləri və arqumantləri də məntiqsiz və absurd xarakter daşıyır. Belə ki, Türkiyə Rusiyadan “S-400”-lər almazdan öncə NATO silahı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması üçün müraciət etmişdi. Ancaq ABŞ və Qərb Türkiyənin bu müraciətinə müsbət cavab vermədi. Türkiyə də Rusiyadan “S-400” almaq məcvuriyyətində qaldı.
Digər tərəfdən, NATO ölkəsi olan Yunanıstanda “S-300” raket sistemlərindən istifadə edilir. Türkiyə ilə bağlı Rusiyanın “S-400”-lərinin NATO standartlarına uyğun olmadığını iddia edən ABŞ daha geridəqalmış “S-300”-lərin Yunanıstanın hərbi arsenalına olmasını normal qarşılayır. Və bu, Ağ Evin “standartlar”ının müttəfqilik münasibətlərinə uyğun olmadığını göstərir.
Belə anlaşılır ki, Türkiyə-ABŞ münasibətləri konkret üç məsələyə fərqli yanaşma ucbatından yenidən gərginləşmək üzrədir. Ağ Ev müttəfiqlik münasibətlərinə birmənalı şəkildə ABŞ-ın beynəlxalq maraqları çərçivəsindən yanaşır. Rəsmi Ankara isə Türkiyənin milli maraqlarından geri çəkilməyəcəyini açıq şəkildə sezdirir. Və belə bir situasiya ilk növbədə NATO-nun iki ən nəhəng orduya malik dövləti arasında yarandığından, mövcud ziddiyyyətlər bu hərbi-siyasi alyansın gələcək taleyini də zərbə altında qoya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert