Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

PUTİNİN NİYYƏTİ VƏ UKRAYNA ÜÇÜN DÖNÜŞ NÖQTƏSİ... – Avropa Ukraynaya ordu göndərəcəkmi?

Rusiya-Ukrayna müharibəsi uzandıqca və döyüşlər şiddətləndikcə Avropanın bu müharibəyə fəal şəkildə qoşulması,daha doğrusu, döyüşlərə silahlı qüvvələri ilə müdaxilə etməsi ehtimalı yavaş-yavaş gündəm mövzusuna çevrilməyə başlayıb.

Yenixeber.org: Bəlkə də bir il öncə bu fikirlər qeyri-real görünərdi, lakin Fransa Prezidenti Emmanuel Makronun məlum bəyanatından sonra Avropa ölkələrinin Ukraynadakı müharibəyə canlı qüvvə ilə girməsi ethtimalı artır. Aydın məsələdir ki, Ukraynanın məğlubiyyəti Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir. Avropalıların müharibəyə münasibətində radikal dəyişikliklər baş verməlidir və onlar bunu təkcə Ukraynanın mücadiləsi yox, həm də öz mübarizələri kimi qavramalıdırlar. Əks halda gözləmədikləri fəlakətli nəticələrlə üzləşə bilərlər.

Əlbəttə, Avropada vəziyyətin kəskinləşməyə doğru getdiyini anlayanlar artıq var. Belə ki, Polşa Baş naziri Donald Tusk Ukraynada gedən müharibəni dəyərləndirərkən bildirib ki, Avropa İkinci Dünya Müharibəsindən sonra ən kritik dövrünü yaşayır: ”Mən heç kimi qorxutmaq fikrində deyiləm, amma müharibə artıq keçmişin bir amili hesab olunmur. Bu, realdır və əslində, iki ildən çoxdur ki, başlayıb. İndi bizi ən çox narahat edən, sözün əsl mənasında, istənilən ssenarinin mümükünlüyüdür. Biz mental olaraq yeni dövrün gəlişinə hazırlaşmalıyıq.Mən əsla mübaliğə etmirəm, biz müharibə öncəsi dövrü yaşayırıq”.

Donald Tusk həm də vurğulayıb ki, Ukraynanın Rusiya işğalından qorunması vacibdir və Avropa öz müdafiəsini tam şəkildə təmin etməlidir.

Böyük siyasi təcrübəsi olan Tuskun “müharibə öncəsi dövr” ifadəsinə diqqət etmək lazımdır. Polşa öz tarixi ərzində Rusiyanın çoxsaylı təcavüzü ilə qarşılaşıb. Sonuncu dəfə İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası ilə Sovet İttifaqının birgə işğalına məruz qalıb. Tarixi təcrübəyə əsaslanan polyakların həyacanları məntiqi reallığa söykənir. Onlar Avropanın və ABŞ-nin inertliyindən bərk narahatdırlar və keçmişdəki acı hadisələrin bir daha təkrarlanmasından ehtiyatlanırlar.

İki il öncə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzə başlayacağına inanmayanlar heç də az olmayıb. Hətta bir çox avropalı siyasətçilər boşuna təlaş qaldırılmasından gileylənirdilər.

Rusiyanın niyyəti tam aydındır, o, Ukraynanı işğal edəndən sonra hibrid üsulu ilə Baltik ölkələrinə soxulmağa başlayacaq. Hərçənd ki, Putin bu yaxınlarda Rusiyanın Baltik dövlətlərinə hücum etməsi fikrini cəfəngiyat adlandırıb. Amma unutmayaq ki, Putinin öz sözündən dönməsi adi hal alıb. Ona görə də fürsət düşsə, ruslar mütləq Pribaltikaya soxulmağa cəhd göstərəcəklər. Sonrakı mərhələdə isə Rusiya dişini Polşaya batırmağa çalışacaq.

                  Böyük müharibə necə baş verə bilər?

Lakin böyük müharibə o zaman baş verər ki, bir çox Avropa ölkələri Ukraynaya hərbi birləşmələr göndərsin. Əks halda onsuz da Ukrayna fakitiki olaraq Rusiya ilə təkbətək döyüşür.

Silah yardımlarının həcmi isə əsl həqiqətdə qələbə yox, duruş gətirmək üçün nəzərdə tutulmuş həcmdədir. Son üç aydır ki ABŞ-dən heç bir silah tədarük olunmayıb. ABŞ Konqresindəkı mübahisə şousu və müxtəlif bəhanələrlə silah yardımını durdurub. Bəlkə də yardımı hansısa strateji məqsəd çərçivəsində qəsdən yubadırlar...

               Qərbin müəmmalı davranışları

Qərbin indiyədək sərgilədiyi davranışlar göstərir ki, onlar Rusiyanın əzilməsini böyük ehtimalla istəmirlər. Hələ ABŞ-ni bir kənara qoyaq, Avropa dövlətlərinin böyük orduları olmasa da, güclü Hərbi Sənaye Kompleksləri var və onlar istənilən təyinatlı silahı istehsal edirlər. 

Bu ölkələrin hamısı birmənalı şəkildə Ukraynanı dəstəklədiklərini və onun qalib gəlməsi üçün hər şey edəcəklərini söyləsələr də, ortada real nəticə yoxdur və bununla bağlı ağıla heç də nikbin fikirlər gəlmir. Avropanın aparıcı mətbuat orqanları əsas etibarı ilə Ukraynanın məğlubiyyət ssenarisindən yazırlar. Əlbəttə, yazdıqlarında həqiqət payı çoxdur, yəni onlar deyirlər ki, əgər Qərb kömək etməsə, Ukrayna ağır vəziyyətə düşəcək. Digər tərəfdən, yardımların yetərsizliyini də xüsusilə vurğulayırlar. Ancaq bu mətbuat sual vermir ki, axı necə ola bilər ki, iki ildən artıq müddət ərzində Qərb hələ də həmin “lazımi səviyyədə yardım”ın həyata keçirilməsi üçün əlacsız və aciz qalıb?

Görün vəziyyət hansı həddə çatıb ki, Avropanın kiçik dövlətlərindən olan Çexiyanın Prezidenti Ukraynaya tədarük edilməsi üçün qapı-qapı düşüb pul və mərmi toplayır. Əgər müharibənin ilk günləri olsaydı, bunu başa düşmək olardı. Deyərdilər ki, Avropa hərbi baxımdan hazır deyil və sairə. Bəs indi, müharibənin üçüncü ilində hansı bəhanələr ola bilər?

Yeri gəmişkən, hələ müharibənin ilk başlarında ABŞ və Avropa Ukraynaya zirehli maşınlar, tank və Hava Hücumundan Müdafiə sistemləri yollanılmasını qırmızı cizgi hesab edirdilər. Deyirdilər ki, gəlin, Rusiyanı qıcıqlandırmayaq, yoxsa, dəhşətli proseslər yaşana bilər. Müharibə başlayanda az qala hamı bildirirdi ki, Çin Rusiyanı hər cür silahla təchiz edəcək. Əksinə, indiyədək Çin Rusiyaya heç bir birbaşa hərbi yardım göstərməyib. O, sadəcə Rusiya ilə ticarət aparıb.

                 Rusiyanın strategiyası və döyüş planları

Qərbdən fərqli olaraq, Rusiyanın niyyəti tam bəllidir. Onlar Ukraynanı xəritədən silmək istəyirlər. Bunun həyata keçirilməsi üçün yüz minlərlə rusiyalını qurban verməyə və ölkənin bütün iqtisadi imkanlarını müharibəyə yönəltməyə hazırdırlar.

Zaman keçdikcə müharibənin şiddəti də tədricən artır. Kremldən gələn göstərişlərə əsasən Rusiya ordusu silah arsenalındakı bütün silahları istifadə edəcək. SSRİ-dən qalmış ağır aviasiya bombaları üzərində müəyyən texniki təkmilləşdirmə prosesi başa çatıb və indi onların tətbiqinə start veriblər. Ruslar Ukraynanın Sumı vlayətinin Velikaya Pisaryovka yaşayış məntəqəsinə ağır ”ODAB-1500” bombası atıblar. 

Ekspertlərin fikrincə, Rusiya irəlidə bu cür bombaları Ukraynanın iri şəhərlərinə atmağa cəhd edəcək. Hələ sovet dönəmindən qalmış sözügedən bu silah detonasiya edən termobarik aviasiya bombasıdır və o, hədəfinə çatmağa 10 metr qalmış ətrafa aerozollu isti və alovlanan qarışıq bir maddə püskürdür. Nəticədə dağıdıcılıq gücü 500 kvadrat metri tam əhatə edən böyük bir partyaış baş verir. Həmin ağır aviasiya bombasının digərlərindən əsas fərqi dərin istehkamları sıradan çıxara bilməsidir. Məlum olduğu kimi, ruslar Avdeyevkanın alınması zamanı da buna bənzər mərmi-bombalardan istifadə ediblər.

Rusiyanın may- iyun aylarında geniş miqyaslı hücuma keçəcəyi gözlənilir. Onların əsas zərbə istiqaməti yəqin ki, Kupyansk istiqamətindən olacaq. Çox böyük ehtimalla Xarkov və Sumı şəhərlərinə ağır aviasiya bombaları tullayacaqlar. Çünki rusların hədəfində Xarkovun tamamilə darmadağın, yerlə yeksan edilməsi durur.

Hətta Rusiyanın bir çox politoloqları, təbliğatçı jurnalistləri bunu gizlətmir, dövlət televizya kanallarından açıq söyləyirlər. Rusiya ordusu cəbhə xətti boyunca hücuma keçir və müxtəlif aralıqlarla Ukraynanın bütün böyük şəhərlərinə “Kalibr”, ”İskander”, ”Kinjal”, ”Sirkon” raketləri və “Şahed” dronları ilə hücum edir. Rusiya ağır aviasiya bombalarından intensiv istifadə edən zaman cəbhə xəttinin dərinliklərinə getmək məcburiyyətində qalırdı. Elə məhz ona görə də Avdeyevkada Ukraynanın Hava Hücumundan Müdafiə sistemləri rusların 15 ən müasir təyyarəsini vura bilmişdi.

Çox böyük ehtimalla Rusiya böyük hücumla yanaşı, böyük itkilərə də hazırlaşır. İnternetdə, sosial şəbəkələrdə hərbi bloqerlərin və döyüşdən qayıdan rus əsgərlərinin şikayətləri ilə dolu video materiallar Rusiyanın cəbhə xəttində ağır itkilərlə üzləşməsindən xəbər verir. Həmçinin, hesablamalara görə, Ukraynada aparılan müharibə Rusiyaya gündəlik 300 milyon dollara başa gəlir.

Sözsüz ki, müharibədə itkilər çoxalacaq, hərbi xərclərin ağırlığı adi insanların üzərinə yüklənəcək, amma indiki şərtlər daxilində bunların heç biri Rusiya hakimiyyətini dayandırmayacaq, çünki əhalinin məhrumiyyətləri, insan itkiləri onlar üçün əhəmiyyət kəsb etmir.

                Avropa Ukraynaya ordu göndərəcəkmi?

Yuxarıda müharibənin daha geniş miqyas almasıyla bağlı Polşa hökumətinin narahatlığının real əsaslara dayanmasından və Avropanın müharibəyə daha fəal qoşulması ehtimalından söz salmışdıq.

Bəs, Avropa Ukraynaya ordu göndərəcəkmi? Bunun mümkün variantlarını nəzdən keçirmək lazımdır. Əvvəla, bilməliyik ki, formasından asılı olamayaraq, bu, ümumilikdə NATO-nun yox, ayrı-ayrı ölkələrin qərarı ola bilər. Ən yaxşısı və məntiqlisi isə Ukraynaya ordu göndərmək əvəzinə onu ən müasir silahlarla təchiz etməkdir.

Bu yaxınlarda Fransanın “Le Figaro” qəzetindəki məqalədə Fransanın Ukraynaya hansı formatda qoşun göndərilməsi analiz edilmişdi. Hazırda Fransa sürətli hərbi hazırlığa başlayıb. Belə ki, Fransa Müdafiə Nazirliyinin portalında 200 min fransalının müxtəlif təyinatlar üzrə işə qəbulu elan olunub. Əgər fransız əsgərləri Ukraynaya ayaq basarlarsa, deməli, bunun arıdınca Niderland, Danimarka, İsveç və Polşa hərbçilərini də gözləmək olar. Almaniya hesab edir ki, əgər Fransa Ukraynaya əsgər göndərsə, Avropada Parisin nüfuzu yüksələcək. Ona görə də Berlin bunu istəmir.

Hələlik isə Makron Almaniya ilə müqayisədə Ukraynaya daha az yardım etməsiylə bağlı danlaqlardan yaxa qurtarmaq və fikrinin qətiliyini sübut etmək üçün Ukraynaya 78 ədəd özüyeriyən “Sezar” haubitsası, bir sıra zirehli texnika yollayacağını bəyan edib.

Ancaq Ukraynanın müdafiə olunmasındakı ən vacib iş hava məkanının qorunmasıdır. Ukraynanın bundan sonrakı ən böyük çətinliyi də məhz havadan olacaq. Əgər Ukraynanın hava sahəsi yaxşı qorunarsa və ukraynalılar Rusiya ərazisindəki Neft Emalı Zavodlarına, mühüm infrastruktur obyektlərinə və hərbi bazalara ardıcıl dron hücumları təşkil edərlərsə, onda Rusiyanın iqtisadi həyatı iflic olacaq, onlar müharibənin yükünü qaldıra bilməyəcəklər və Kreml müharibəni uduzacaq. Rusiyanın nüvə silahına əl atmaq niyyəti də məhz bununla bağlıdır. Digər tərəfdən, Moskva hər vəchlə istəyir ki, Qərb Ukraynaya girməsin, çünki bu halda vəziyyət mürəkkəbləşəcək və Kiyevin xeyrinə həlledici dönüş yaranacaq.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam