Yenixeber.org: “Crocus City Hall”da baş verən terror aktından sonra Ağ Evin Rusiyaya yardımdan imtina etməsi ilə bağlı bəyanatı mənəviyyatsız davranışdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb: “Nümayiş xarakterli mənəviyyatsız davranış liberal demokratiyalarda yeni normal hala çevrilib”.
Zaxarova Prezident Co Bayden dövründə Ağ Ev daxilindəki koordinatorlardan biri Con Kirbinin açıqlamasına cavab verib.
İndi mən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin “Crocus City Hall”dakı terror aktından dərhal sonra dediklərini xatırlamağı təklif edirəm: “Fikirlərimiz bu dəhşətli atışma qurbanları ilədir. Hələ xəbəri almamış ana-ata, qardaş-bacı, oğul-qız var. Çətin bir gün olacaq”.
Yəni, başsağlığı sözləri Kirbi tərəfindən söylənib ki, bu da Zaxarovanın ABŞ-ın mənəviyatsızlığı ilə bağlı mülahizələrini artıq absurd edir.
İndi gəlin “Rusiyaya köməkdən imtina” məsələsinə toxunaq. ABŞ-ın Moskvadakı səfirliyi martın 7-si axşam saatlarında bildirib ki, diplomatik missiya “ekstremistlərin Moskvada insanların sıx toplaşdığı yerlərə, o cümlədən konsertlərə hücum etmək üçün gözlənilən planlarına dair məlumatları” izləyir. Bununla bağlı ABŞ vətəndaşlarına qarşıdakı 48 saat ərzində böyük toplaşmalardan çəkinmələri tövsiyə olunub. Yəni Moskvada terror aktının baş verə biləcəyi ilə bağlı ABŞ-dan konkret siqnal olub.
Sonra nə oldu? Rusiya Prezidenti Vladimir Putin martın 19-da ABŞ-ın xəbərdarlığını “açıq şantaj” adlandırdı: “İcazə verin, bir sıra rəsmi Qərb strukturlarının Rusiyada terror aktlarının törədilməsi ehtimalı ilə bağlı son, açıq desək, təxribat xarakterli bəyanatlarını da sizə xatırlatım. Bütün bunlar açıq-aşkar şantaj və cəmiyyətimizi qorxutmaq və sabitliyi pozmaq niyyətinə bənzəyir”.
Sadə dillə desək, Rusiya dövlətinin başçısı Moskvada ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin yüksək səslə elan etdiyi terror aktı təhlükəsini şəxsən rədd edib. Deməli, dürüst və məntiqli danışsaq, baş verənləri Amerika tərəfindən soruşmaq lazım deyil. Tamamilə aydındır ki, “Crocus City Hall”dakı terror aktını qaçıran Rusiya xüsusi xidmət orqanlarının işində uğursuzluq var. Mariya Zaxarovanın, eləcə də müxtəlif səviyyəli rus təbliğatçılarının söhbəti başqa istiqamətə yönəltmək cəhdləri manipulyasiyadır.
Eyni zamanda, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller artıq bəyan edib ki, ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatlarını alacağı təqdirdə Rusiya Federasiyasına yenidən ötürəcək: “Əgər gələcəkdə bu hücumla bağlı kəşfiyyat məlumatlarımız olsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki terror hücumlarının dünyanın heç bir yerində uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik”.
Daha aydın, dürüst və hörmətli bir mövqe. Bu, Mariya Zaxarovanın çıxışlarının tam əksidir. Şəxsən mən sizə bir şeyi xatırlatmaq istəyirəm, çünki o, açıq-aşkar mənəviyyatsız davranış mövzusuna toxundu. Bazar ertəsi Rusiyanın Krımdan ballistik raketlərlə Kiyevə növbəti zərbəsi nəticəsində Ukrayna paytaxtının Solomyanski, Qoloseyevski, Dnepr, Darnitski rayonları, eləcə də Peçerskidə ziyan qeydə alınıb. Ən azı 9 nəfər yaralanıb.
Eyni zamanda M.Boyçuk adına Dekorativ-Tətbiqi İncəsənət və Dizayn Akademiyasının hələ 1938-ci ildə yaradılmış binasının bir hissəsi dağıdılıb. İlk partlayışlar həyəcan siqnalından bir neçə saniyə sonra baş verdiyindən Akademiyanın tələbələri və müəllimləri sığınacaqlara çatmağa vaxt tapmayıblar. Raketlərin parçaları qonşu otaqlara düşüb,
Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Rostislav Karandeyev deyib: “İdman zalı, konqres zalı və sərgi mərkəzi tamamilə dağılıb. İlkin məlumata görə, ölən olmayıb. Laboratoriya müdiri xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib”.
Bu, həyat yoldaşımın oxuduğu Akademiyadır. Və qızımın qəbul olmaq istədiyi Akademiya. Mən çox istəyirəm ki, Mariya Zaxarova heç olmasa, bu sətirləri yazanda keçirdiyim emosiyaları anlamağa çalışsın və düşünsün ki, Rusiya zərbəyə başlamaq qərarına gələndə arvadım və qızım Akademiyanın binasında olsaydılar, hansı dəhşətli təhlükə ilə üzləşə bilərdilər.
İstəyirəm ki, o, heç olmasa, ən yaxşı illəri, xoşbəxtlik və qayğısızlıq dövrü oğurlanmış milyonlarla ukraynalı uşağın valideynlərinin hisslərini anlamağa çalışsın. Mən onun öz üzərində inanılmaz səy göstərməsini və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi kimi deyil, vicdanı amputasiya edilməmiş bir insan kimi düşünməyə çalışmasını istəyirəm.
Belə olan halda, bəlkə də o, heç olmasa özü ilə təklikdə etiraf edə bilər ki, çoxlu sayda ukraynalı uşaq evlərini, mənzillərini itirib, başqa şəhərlərdə və ölkələrdə yaşamağa məcbur olublar. Üstəlik, çoxlu sayda ukraynalı uşaq müharibədə atalarını və qardaşlarını itirdi. Rusiyanın başlatdığı çox qanlı, dəhşətli müharibədə. Və belə bir şəraitdə, Rusiya Federasiyasının Ukrayna ərazisində törətdiyi cinayətlərin böyük siyahısını nəzərə alsaq, Mariya Zaxarovanın açıq-aşkar mənəviyyatsız davranışla bağlı mülahizələri ABŞ-a qarşı ittiham kimi deyil, görülən işlərin hesabatı kimi səslənir.(AYNA)