Yenixeber.org: SSRİ-də Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi olaraq ikinci katibi vəzifəsi olmayıb. Buna baxmayaraq Mərkəzi Komitənin ideologiya üzrə katibi qeyri-rəsmi ikinci şəxs sayılıb. Bu vəzifəni uzun illər Mixail Suslov daşıyıb. 1982-ci ildə Suslovun vəfatından sonra Yuri Andropov birinci kürsüyə daha da yaxınlaşmaq üçün DTK sədrliyindən məhz bu vəzifəyə transfer edib və çox keçməmiş, elə həmin ildə Brejnevin vəfatından sonra baş katib seçilib.
Andropov hakimiyyətə gəldikdən sonra Mərkəzi Komitənin ideologiya üzrə katibi fəzifəsinə Mixail Zimyanini təklif edib. Zimyanin isə bu təklifdən qətiyyətlə imtina edib:
-Mərkəzi Komitədə yüksək vəzifələrə təyin olunan qeyri-rusların sayı günü-gündən artır. Mən qəbul edə bilməyəcəyim həmin şəxslərin arasında ikinci şəxs olmaq istəmirəm.
Əslində, bu təklif Zimyaninin gələcək karyerası üçün böyük imkanlar açıb, onun Andropovdan sonra baş katib kürsüsünə sahib olacağına şans yaradıb. Amma ruspərsətliyindən əl çəkməyən Zimyanin bu şansını dəyərləndirməyib.
Yüksək ranqlı vəzifələrdə olan qeyri-ruslara qarşı xoşagəlməz münasibət bəsləməsinə baxmayaraq Zimyanin nə vaxtsa qeyri-rus olan Lavrenti Beriyanın əlaltısına çevrilib.
Stalinin vəfatından sonra Beriya öz mövqelərini möhkəmlətmək üçün müttəfiq respublikalara öz kadrlarını yerləşdirməyə çalışıb. O, Belarusiynın birinci katibi vəzifəsində Zimyanini görmək istəyib. Belə ki, Zimyanin bu respublikaya yaxşı bələd olub, uzun illər Belarusiyada komsomol və partiya orqanlarında yüksək vəzifələrdə çalışıb. Həmin ərəfədə Zimyanin xarici işlər nazirinin müavini vəzifəsində işləyib. Beriya gecədən xeyli keçmiş ona zəng vurub:
-Mixail Vasilyeviç, bu vaxt sizə zəng etməyimdən yəqin anladınız ki, ciddi bir məsələ haqqında danışacağıq. Bizə daxil olan məlumatlara görə Belarusiyada partiya rəhbərlərinin işi yarıtmaz vəziyyətdir. Buna görə də sabah Minskdə növbədənkənar plenum keçiriləcək. Siz səhər tezdən Belarusiyaya yola düşməlisiniz. Mərkəzi Komitədə sizin Belarusiyaya birinci katib seçilməyiniz artıq razılaşdırılıb.
Beləliklə, Zimyanin Belarusiya paytaxtına yola düşüb. Özünü artıq birinci katib kimi hiss edən Zimyanin plenumda elə od püskürüb ki, hələ ki, birinci katib vəzifəsində olan Patoliçev rəyasət heyətindən düşüb zalda əyləşib. Plenumun ikinci hissəsində Patoliçev birinci katib vəzifəsindən uzaqlaşdırılıb, onun yerinə Zimyanin seçilib. Plenumun son dəqiqələrində Zimyanin bildirilib ki, təcili Kremlə zəng vurmalıdır. O, iclası bir-neçə dəqiqəlik tərk edətək Moskva ilə telefon əlaqəsi yaradıb. Vyaçeslav Molotov göstəriş verib ki, plenumun qərarı ləğv edilməli, Patoliçev birinci katib vəzifəsində qalmalıdır. Bu hadisə həmin günə təsadüf edib ki, Beriya həmin saatlarda həbs olunub.
Yarım saatlıq da olsa Belarusiyanın birinci katibi olan Zimyanin Moskvaya qayıdıb. Mərkəzi Komitədə onu “sürpriz”lər gözləyib. Onu Beriya ilə yaxın münasibətdə olmaqda ittiham ediblər. Zimyanin uzun-uzadı izahatlardan sonra özünü xilas edə bilib və o, SSRİ-nin Vyetnamdakı səfirliyinə “sürgün” edilib.
Bir müddət Vyetnamda səfir vəzifəsində işləyən Zimyanin daha sonra SSRİ-nin Çexoslovakiyadakı səfiri vəzifəsinə təyinat alıb.
Zimyanin uzun illər Xruşşovun qəzəbindən xilas ola bilməyib, hətta onun məzuniyyət dövründə Moskvaya gəlməsi də müşkülə çevrilib.
Nəhayət, 1965 -ci ildə Brejnev Zimyanini Moskvaya qaytarıb. Ona Mərkəzi Komitənin orqanı olan “Pravda” qəzetinin baş redaktoru vəzifəsi həvalə olunub. Zimyanin həm də SSRİ Jurnalistlər İttifaqının sədri vəzifəsini də daşıyıb.
10 il bu vəzifələrdə işlədikdən sonra 5 mart 1976-cı ildə keçirilən plenumda Mixail Suslovun təşəbbüsü ilə Zimyanin Mərkəzi Komitənin katibi seçilib. O, partiya xətti ilə elm, təhsil, mədəniyyət, idman və kütləvi informasiya vasitələrinə nəzarət edib.
Zimyanin siyasi elitada olduqca savadlı və bacarıqlı bir fiqur kimi tanınıb. Bununla yanaşı kifayət qədər kobud və qaba xarakterə malik olan Zimyanin sərtliyi ilə də fərqlənib. Bütün fəaliyyəti dövründə o, qeyri-rus millətlərinə xoşagəlməz münasibət sərgiləyib.
Yuxarıda qeyd etdiyimiz kimi Andropov Zimyanini partiyada ikinci şəxs etmək istəyib. Öz kapriz və xarakterinə görə Zimyanin bu təklifdən imtina edib. Mixail Qorbaçov isə onun kaprizlərinə dözməyib, 1987-ci ildə Zimyanin tutduğu bütün vəzifələrdən azad edilib. Araşdırmaçıların qənaətinə görə Qorbaçovun Zimyanini vəzifədən azad etməsi daha çox onun Kremldən qovulması səhnəsini xatırladıb.
1995-ci ildə 80 yaşında vəfat edən Zimyanin ömrünün son illərində memuarlarını qələmə alıb. Onun Mərkəzi Komitədə baş verən hadisələrlə bağlı xatirələri oxucular tərəfindən böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
İlham Cəmiloğlu