Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çarın seçki planları –Suallar çoxdur, cavablar isə Kremldədir

Rusiyada yaşayan azərbaycanlı politoloq: “Seçkilərdə Putinlə rəqabət apara biləcək ikinci qüvvə yoxdur”

Siyasi şərhçi: “Putin necə saxta seçkilərlə hakimiyyətə gəlib, bundan sonra da bütün seçkiləri saxtalaşdırmağa çalışacaq”

Yenixeber.org: 2024-cü il martın 17-də Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. Xarici mətbuat Vladimir Putinin yenidən namizəd olacağını açıqlasa da, Prezidentin sözçüsü Dmitri Peskov yekun qərarın verilmədiyini bəyan edib. O deyib ki, Putinin belə bir açıqlaması yoxdur: “Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Kampaniyanın özü də hələ rəsmi olaraq elan edilməyib”, - Kreml sözçüsü bildirib.

Bəzi iddialara görə, Vladimir Putin sələfi Boris Yeltsin kimi, gözlənilmədən yarışmadan geri çəkiləcək və yerini hakim komandada olan yüksək rütbəli məmurlardan birinə verəcək. Onun bu yolla Qərb-Rusiya döyüşündən yayınacağı söylənilir. Bu iddiada olanların qənaətinə görə, artıq Putin Rusiyanın məğlub olacağını bilir və seçkilər dövründə məsuliyyətdən boyun qaçırmağa çalışır. Lakin Putinin sona qədər dirəniş göstərəcəyini və növbəti seçkilərdə də qələbəsini təmin edəcəyini söyləyənlər də az deyil.

Qeyd edək ki, Ukrayna da martın 31-də keçiriləcək prezident seçkilərinə hazırlaşır. 2024-cü ilin mart ayı həm Rusiyada, həm də Ukraynada taleyüklü bir ay olacaq. Zelenski müharibə şəraitində seçkilərin keçirilməsini qeyri-mümkün adlandırsa da, onun seçkilərin gedişinə mane ola bilməyəcəyi bildirilir.

Rusiyada və Ukraynadakı seçkilər bütün dünyanın diqqət mərkəzindədir və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bəs görəsən qarşıdakı seçkilərdə hansı sürprizlər olacaq? Putin gedəcək, yoxsa qalacaq? Siyasi şərhçilər mövzu ətrafında fikirlərini bizimlə bölüşüblər.

Sankt-Peterburq şəhərində yaşayan politoloq Teymur Yəhyayev hesab edir ki, Putin yenidən Rusiyanın Prezidenti seçiləcək: “Düzdür, müxtəlif mülahizələr irəli sürülür ki, Putin öz yerini Rusiyadakı iriçaplı məmurlardan birinə vermək istəyir. Bununla bağlı konkret adlar da çəkilir. Lakin mən bu proqnozları bölüşmürəm. Qənaətim ondan ibarətdir ki, Putin yenidən prezidentliyə namizəd olacaq və seçiləcək. Çünki Rusiyada ona rəqib mövcud deyil. Digər yandan, Rusiya bir tərəfdən həm Ukrayna ilə, həm də ABŞ və müttəfiqlərinin daxil olduğu Qərb bloku ilə mübarizə aparır. Müharibə şəraitində onun getməsi də inandırıcı deyil. Hazırda Rusiyada prezident seçkilərində Putinlə rəqabət apara biləcək ikinci qüvvə yoxdur. Putin seçkiyə faktiki olaraq alternativsiz qatılacaq”.

Politoloqun sözlərinə görə, Putinin namizədliyi açıqlanandan sonra artıq seçkilərin taleyi məlum  olacaq: “Bu səbəbdən bəzilərində ümidlər var ki, o namizəd olmayacaq. Bununla da kənar təsir mexanizmləri işə düşəcək. Təbii ki, Qərbin əsas məqsədi Rusiyanı daxildən parçalamaq, kütləvi narazılıqlara və itaətsizliyə yol açmaqdır. Lakin iki ilə yaxındır ki, buna çalışsalar da, müvəffəq ola bilmirlər”.

“Rusiyaya qarşı çoxvektorlu sanksiyalar, regional qarşıdurmalar, şimal qonşumuza qarşı Ermənistan və digər dövlətlərin timsalında yeni cəbhələrin açılması, Ukraynanın silahlandırılması və s. addımlar effektiv nəticələr vermir. Hətta bu gün ABŞ-ın özündə də Rusiya məsələsinə görə, Baydeni ittiham edənlər var. Belə bir şəraitdə Qərbin Rusiyada aranı qatmağa nail olacağı, seçkilər fonunda üstünlük qazanacağı qətiyyən real deyil. Bu, baş verməyəcək”, - Yəhyayev söyləyib.

Politoloq Zərdüşt Əlizadə isə Rusiyada demokratik seçki ənənəsinin mövcud olmadığını bildirir: “Putinin taleyi seçkilərdə həll olunmayacaq. Çünki Putinin normal seçki keçirmək təcrübəsi yoxdur. Putin necə saxta seçkilərlə hakimiyyətə gəlib, bundan sonra da bütün seçkiləri saxtalaşdırmağa çalışacaq. Rusiya dünyada avtoritar rejimlərin himayəçisi rolunda çıxış edir. Belə bir ölkədə demokratik seçkilər keçirilə bilərmi? Əlbəttə ki, yox. Mart seçkiləri də seçki yox, seçki tamaşası olacaq. Demokratik dünyanın da bu seçkilərdən heç bir gözləntisi yoxdur”.

“Bir məsələ var ki, seçkilərin necə başa çatmasından asılı olmayaraq, Rusiya çöküş dövrünü yaşayır. Bir müddət sonra Rusiyanın iqtisadi və hərbi imkanları tükənəcək. Daxildə kütləvi narazılıqlar baş qaldıracaq. Heç şübhəsiz Qərb bloku da bundan yararlanmağa çalışacaq. Onların əsas məqsədləri də elə əslində budur”, - Əlizadə əlavə edib.

Politoloq qeyd edib ki, Rusiyanın anti-Qərb blokunu ətrafında toplamaq cəhdləri də nəticəsiz qalacaq: “Rusiyanın Çin və digər ölkələrlə ittifaqa gedəcəyi, Qərbə qarşı geniş təsir imkanlarına malik koalisiya formalaşdıracağı barədə mülahizələr də əsassızdır. Heç kim batan gəminin içərisində yer almaq istəməz. Düzdür, müəyyən məsələlərdə Qərbə qarşı dayanan qüvvələr birlik nümayiş etdirirlər. Lakin bu uzunmüddətli və strateji birlik deyil. Rusiya Ukraynada itirdiyi mövqeləri hansısa siyasi və diplomatik üsullarla geri qaytara bilməyəcək. Qərbin Ukraynanı silahlandırmaq məsələsində qətiyyətli mövqe ortaya qoymaması, prosesləri kənardan idarə etmək istəyi Putin adminstrasiyasında müəyyən ümidlər oyadır. Lakin anlamırlar ki, Qərb Rusiyanı tam tükətmək istəyir və bunun üçün nə qədər lazım olsa gözləyəcək ki, sonradan bu imperalist dövləti rahat idarə edə və yönləndirə bilsin”.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam