Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… -Türkiyənin regionda söz sahibinə çevrilməsi Kremldə böyük narahatlıq doğurub

RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… - Türkiyənin regionda söz sahibinə çevrilməsi Kremldə böyük narahatlıq doğurub

Rusiyanın “Telegram” kanallarında şovinist faşist ruporları ölkələrinin Qafqazda təsirini itirdiyi üçün “od püskürür” və bu məsələ ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyanı səbəbkar, xəyanətkar elan edirlər. Onlar Paşinyanı “Əcdadlarının amalına xəyanət edən xain", “Qarabağı təslim edən satqın erməni” adlandırırlar.

Yenixeber.org: Əlbəttə, 19-cu əsrdə ermənilər aydın başa düşürdülər ki, təkcə onların gələcəyi deyil, həm də bir xalq kimi fiziki olaraq sağ qalmaları bilavasitə rusların Zaqafqaziyaya gəlişi ilə bağlıdır. Və ermənilər bu gəlişdə ruslara hər cür töhfə verdilər. Erməni icması Rusiyaya hər cür kömək etdi və gələcək “Rusiya Ermənistanı”nı idarə etmək üçün öz pulu ilə erməni gəncliyindən rus kadrları hazırladı.

Rus-fars müharibəsi başlayanda və Paskeviç rus ordusu ilə İrəvanın üstünə yeriyəndə, ermənilər öz tacirləri vasitəsilə rus qoşunlarını təchiz etdi, düşmən xəttinin arxasında kəşfiyyat əməliyyatları apardı, mindən çox erməni atlısı birinci sıralarda döyüşərək "igidlik" və Rusiyaya sədaqət möcüzələri nümayiş etdirdi. Nəticədə, 1828-ci ildə Rusiya üçün qələbə demək olan Türkmənçay müqaviləsi bağlandıqdan sonra on minlərlə erməni İrandan İrəvana köçürüldü və qalibiyyətlə başa çatan Rusiya-Türkiyə müharibəsindən sonra on minlik erməni bölgəsi yaradıldı. Türkiyədən (Bəyazid və Qarsdan) ermənilər və yunanlar erməni bölgəsinə köçürüldü, müsəlman əhali isə Türkiyəyə köç etdi. Nəticədə, 19-cu əsrin ortalarında "gələcək Ermənistan"ın əhalisi xristian və ermənilərə dolduruldu. Ermənilərin ruhani lideri arxiyepiskop Nerses bəyan etdi: “Qurtuluş günü parladı və rus qardaşlarların yanımızda olmasıyla Ermənistanın çoxəsrlik şöhrəti xaçın kölgəsi altında yer üzündə yenidən canlanır...”

Bu, ermənilərin əsl simasını ortaya qoyur, onların kim olması və öz xalqını xilas etmək üçün necə hərəkət etdiyi bəllidir və indiki “Paşinyanlar”dan çox fərqlidir. Ermənilər yalnız Rusiyanın tərkibində olmaqla, nəinki yaşamaq və inkişaf hüququ, həm də özlərinə aid olmayan ərazilər qazandılar.

İndi isə rusların Zaqafqaziyanı qaçılmaz şəkildə itirməsi ilə regionun gələcəyi Kreml üçün çox tutqun rəngə boyanıb. Türkiyə-Azərbaycan tandemi isə daha üst səviyyəyə çıxır. Bəs, belə bir vəziyyətdə Paşinyan Ermənistanı Rusiyanın təzyiqlərinə tab gətirə biləcəkmi? Yaxud Paşinyanın bu qədər ümid bağladığı Qərb onun “sağ qalmasına” kömək edəcəkmi? Fikrimizcə, bu haqda konkret fikir bildirmək hələ çox tezdir. Lakin görünən odur ki, hər şey 19-cu əsrin əvvəlindəki vəziyyətə doğru gedir, sadəcə, Paskeviçin başında durduğu rus ordusu bu dəfə ermənilərin yanında olmayacaq.

Rusiyanın barmaqları arasından "sürüşüb çıxmaqda" olan Qafqazda "ilişib-qalma" cəhdinə zəmin yarada biləcək bir strateji "ilgək" var: Abxaziya və Cənubi Osetiyanı öz tərkibinə qatmaq. Rus media nümayəndələri əla-ayağa düşərək təklif səsləndirirlər ki, Rusiyanın müstəqilliyini tanıdığı "qondarma" respublikaların elitaları özləri referendum yolu ilə rus abxazları, rus osetinləri kimi mədəni-tarixi kimliklərini (etnoqrafik deyil) müəyyən edərək, Rusiya Vətəndaş Siyasi Millətinə daxil olmaq barədə qərar verməlidirlər! Rus şovinistlərin tərəf müqabillərini panikaya salmaq bəhanələri budur ki, qeyri-rus xalqlar rus siyasi millətinə daxil olmasalar, onların hamısı gələcəkdə tam fiziki assimilyasiya (gürcülərlə birlikdə) məruz qalacaq, türk etnoqrafik kimliyində əriyəcəklər.

Burada sözün birbaşa mənasında "bişmiş toyuğun gülməyi gəlir". Çünki Rusiya coğrafi ərazisinin türk kökənli xalqlara qarşı apardığı assimilyasiya siyasətinin bəhrəsi olaraq bu xalqlar öz dillərini və etnik bağlarını itirməkdədirlər. Onlardan biri olan udmurtlar isə dillərini tamam itiriblər. Öz gözündə tiri görməyib, Türkiyənin siyasətində qəbahət axtaran rus şovinizmi təkrarsız səviyyədə iyrəncdir.

            Qayıdaq Azərbaycan seqmentinə.  

Bildirək ki, hazırda Qafqazda gedən Qarabağın tam azad olması prosesi əslində Rusiyanın regiondan çıxarılma prosesinin ana xəttini təşkil edir. Lokal anti-terror hərəkatının başlamasıyla Rusiya XİN Moskvanın “Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşvişə düşdüyünü” bildirdi. Eləcə də sözçü Mariya Zaxarova Rusiya “sülhməramlılar”ının regionda öz missiyasını yerinə yetirməyə davam etdiyini bildirdi.

Bu arada haşiyə çıxaraq qeyd edək ki, Erməni Apostol Kilsəsi Azərbaycanın hərəkətlərini “soyqırım” adlandırdı və beynəlxalq təşkilatları Bakıya adekvat cavab verməyə çağırdı. Bu səbəbdən, iddia olundu ki, rus “sülhməramlılar” hələlik olduqları ərazidə qalmalıdırlar.

Əlbəttə, tarxi hazırda baş verənləri Rusiyanın Qafqazdan qovulması kimi qiymətləndirəcək. Döyüşlərin Fransa, Türkiyə və ya başqa ölkənin diplomatları tərəfindən dayandırılması haqda deyilənlər isə Rusiyanın Qafqazda “sülhün keşiyində duran” rolunu daha da gözdən salacaqdı ki, elə belə də oldu. Çünki Azərbaycan anti-terror əməliyyatını heç kimin sözü ilə deyil, özü istədiyi zaman dayandırdı. İnternetdə Ermənistanın sıradan çıxarıldığına dair çoxlu nəzəriyyələr var. Amma, bu, əslində Qafqazın Kremlin əlindən çıxarılmasıdır.

Bəs, Qarabağın tam təmizlənməsindən sonra Qafqazda hadisələr hansı yöndə cərəyan edə bilər?

İlk öncə onu qeyd edək ki, Rusiyanın Qafqaz xalqlarını, xüsusilə də osetin və abxazları guya türk assimilyasiyasından qorumaq üçün formal da olsa qondarma dövlətçiliyindən vaz keçməyin və rus siyasi millətinin cərgəsində qoşulmağın yeganə xilas yolu olduğunu aşılamaq variantı "Artsax xalqı" uydurması adı altında Xankəndi və ətrafına da tətbiq ediləcəkdi. Sadəcə, qardaş Türkiyənin ciddi-cəhdi ilə Moskva buna müyəssər olmadı. Bəzilərində belə təəssürat yaranır ki, guya ruslarla Qarabağ məsələsində nəyinsə qarşılığında razılığıa gəlmək mümkündür və gəlinib. Amma əsla belə deyil. Sadəcə "Ukraynadakı müharibədə qan və əzələ itirən" Rusiyanın Türkiyə ilə Qarabağda "dirəşməyə", yaxud kəllə-kəlləyə gəlməyə nə vaxtı, nə resursu, nə də gedosiyasi manevr imkanı yoxdur. Bu səbəbdən Rusiya 24 saatlıq anti-terror əməliyyatına pərdəarxası müqavimət göstərə bilmədi.

Beləliklə, Türkiyə sürətlə Cənubi Qafqazda əsas oyunçuya çevrilir. Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya Qərbin əli ilə Rusiyadan uzaqlaşdırılır və Türkiyə bu prosesdə artıq vasitəçi deyil, tamhüquqlu oyunçudur. Ankara ya Qərb ilə birgə oynaya bilər, ya da regionda öz məqsədlərini yerinə yetirə bilər. Ankaranın Xəzərə girməsi, Turan (məncə, Türk-İslam) ideologiyasının təsir imkanlarının genişləndirilməsi siyasətinin bir elementidir... Bu, ilk növbədə, NATO-nun regiona daxil olmasıdır ki, aralarında olan ziddiyyətlərə rəğmən, Türkiyə bu bölgədə özünü kifayət qədər rahat hiss edir. Türkiyənin arxasında NATO var və hətta postsovet məkanında öz maraqları naminə hərəkət edən Ankara NATO-nun əliylə oynayır. Hadisələrin bu cür inkişaf perspektivində “Böyük Turan” quruculuğu davam edəcək, Cənubi Qafqaz, Orta Asiya və Rusiyanın türk bölgələri türk birliyi ideyalarının yayılma meydanına çevrildikdən sonra, Rusiya İmperiyası süqut edəcək. Türkiyənin türk dövlətləri və bölgələrində nüfuzu dəfələrlə artacaq. Nəticə etibarilə Rusiyanın cənub sərhədlərinin perimetri boyunca tezliklə Türkiyənin (hətta NATO-nun) hərbi bazalarının görünməsi mümkündür.

Rusiya isə əksinə, nəinki regionda (şübhəsiz ki, Türkiyədən geri qalır), həm də postsovet məkanında öz təsirini itirir. Əslində, Kremlin qeyri-müəyyən siyasəti təkcə zəifliyindən deyil, həm də Ankaradan çəkindiyindən xəbər verir. Heç kim zəifi saymır, güclülərə diqqət yetirir.

Azərbaycanın özünü qalib kimi hiss etməsindən qorxuya düşən rus ekspertlər isə bildirirlər ki, Ermənistandan sonra növbədə İran olacaq.

Ermənistan şübhəsiz ki, uduzan tərəfdir. Paşinyan “çoxvektorlu” yanaşması və Qərblə oynaması sayəsində də İran, Rusiya, ABŞ və Fransadan dəstək almadı. Əcdadlarının məntiqilə İrəvan Tehran və Moskvadan dəstək axtarmalıdır. Amma “Paşinyan öz səhvlərini anladı” kimi görünmür. Tam əksinə - Rusiyanın Cənubi Qafqaz ilə bağlı qeyri-müəyyən tərəddüdülü mövqeyindən bir stimul kimi istifadə edərək, Paşinyan Qərbə doğru irəliləməyə davam edəcək. Ermənistan son nəticədə uduzan tərəf olaraq qalacaq, çünki Qərb aciz Ermənistanla müttəfiqlik naminə Türkiyə ilə münasibətləri heç vaxt riskə atmayacaq və bu, Vaşinqtonla Ankaranın münasibətlərində alver predmetinə çevriləcək.   

24 saatlıq anti-terror əməliyyatlarının uduzan cinahlarından biri də İran oldu. Belə ki, İran çətin geosiyasi vəziyyətə düşüb - Türkiyə-Azərbaycan müttəfiqliyinin mövqeləri kəskin şəkildə möhkəmlənib. Tehran münaqişənin sona çatmasından “məmnun olduğunu” bildirsə də, molla rejimi daxilində narahatlıq artır. Onlar hesab edirlər ki, Ankara və Bakı Güney Azərbaycanı mənfur teokratik Tehran rejiminin gücündən azad etməyi planlayır. Azərbaycan ordusunun anti-terror əməliyyatı dönəmində Ərdoğanın BMT Baş Assambleyası çərçivəsində İsrailin baş naziri Netanyahu ilə görüşü də təsadüfi deyil.

Beləliklə, belə bir mənzərə ortaya çıxır: Türkiyə faktiki olaraq bütün Zaqafqaziyaya nəzarət etməyə başlayır, İran hər an Türkiyə, Azərbaycan və İsraildən gələcək “zərbələrin” gözləntisi içindədir, Rusiya isə logistik marşrutlar və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən regionda qalan təsirini sürətlə itirir.

Azərbaycan öz güc və imkanlarını Türkiyə və İsrailin dəstəyi ilə xarici siyasət sahəsində də nümayiş etdirdi. Qeyd etmək yerinə düşər ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Azərbaycanın Qarabağdakı 24 saatlıq əməliyyatının Rusiya Federasiyasının Qafqazdan daha da sıxışdırılmasının proloqu olduğunu bəyan edir. "Əgər elitamız ümid edirsə ki, Ərdoğan enerji qovşağının yaradılmasında əməkdaşlıq naminə bizi nəzərə alacaq, bu, əbəsdir: nəhayət, regionda öz yerini tutaraq, sadəcə, öz şərtlərini diktə edəcək, biz isə onları qeyd-şərtsiz qəbul etməyə məcbur olacağıq, çünki vəziyyətin hakimi Moskva deyil, Ankara olacaq. Ərdoğan üzündə dostcasına təbəssüm və çiyninə dostcasına sığal vurmaqla qolları necə bükə bildiyini dəfələrlə nümayiş etdirib", - deyə Zatulin yanıb-tökülərək "ürək ağrısını izhar edib".

"Əlbəttə ki, yanaqlarımızı şişirdərək heç nə olmamış kimi davranmağa davam edə bilərik, Bakı “daxili münaqişəni” uğurla həll etdi, Ankara bunu dəstəklədi və Rusiya buna lütfkarlıqla icazə verdi, eyni zamanda “Qərb zibilindən” - Paşinyandan qisas aldı. Hər şeyə görə Paşinyan günahkardır. Bəs bütün bunlarla özümüzdən başqa kimi aldadırıq?", - sözlərinin də müəllifi Zatulindir.

Zatulin timsalındakı rus ekspertləri yeganə çıxış yolunu İranla hərbi ittifaq bağlamaq həddinə qədər sıx əməkdaşlıqda görür, Tehrandan mədəd umurlar. Onlar düşünürlər ki, yalnız bu, Türkiyənin daha da regiona yayılmasını və postsovet məkanında NATO nəzarətinin qurulmasını dayandıra bilər. Bu durumdan irəli gələn tezisləri səsləndirərək qeyd edirlər ki, belə olmasa yaxın gələcəkdə nəinki Cənubi Qafqazı, hətta Orta Asiyanı da itirəcəklər, sonra növbə Rusiyanın türk bölgələrinə çatacaq.

Sonda qeyd edək ki, hazırda İrəvanın növbəti hədəfi kimi KTMT-dən çıxmaq və Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanı ölkədən çıxarmaqdır. Çox güman ki, yaxında boynundakı Qarabağ yükündın qurtulmağı bacaran Paşinyanın dirijorluğu ilə növbəti dram səhnələrinin bu sferada yaşanmasını da görə biləcəyik.

Ülviyyə ŞÜKÜROVA 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam