ABŞ və Qərbin Ukrayna ilə münasibətlərində onsuz da mövcud olan çatlar daha da dərinləşərək, böhranlı həddə çatmaq üzrədir... Ukrayna şərtləri qəbul edilməzsə, hərbi-siyasi himayədarlarını NATO sammitini boykot edəcəyi ilə hədələyir...
Ukrayna savaşı uzandıqca, Qərbin Rusiyaya qarşı qurduğu koalisiya daxilində ziddiyyətlər də dərinləşir. Hazırda bəzi Qərb ölkələri Ukraynaya hərbi və maddi dəstək üçün resurslarının tükənmək üzrə olduğunu iddia edirlər. Həmin dövlətlər Ukrayna savaşının mümkün qədər tez bir zamanda sona çatdırılmasının yollarını axtarmağa çağırırlar.
Yenixeber.org: Təbii ki, Ukrayna hərbi və maddi dəstək prosesindən kənara çəkilməyə çalışan ölkələrin mövqeyinə qarşı ABŞ və ən yaxın müttəfiqləri sərt reaksiya verirlər. Bu reaksiyaların əsas məzmunu ondan ibarətdir ki, Qərb koalisiyası Ukraynaya savaşın qələbə ilə sona çatmasına qədər dəstək verməyə davam etməlidirlər. Əks halda, Rusiya ilk növbədə Avropa məkanını hərbi hədəfə çıxartmaq üçün cəsarətlənə bilər.
Ukrayna savaşının sona çatmalı olduğu vaxta gəldikdəsə, bu məsələyə də konkret şərtlər daxilində yanaşılır. Belə ki, hesab edilir ki, Ukraynanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədləri bərpa edilməyincə, savaşın dayandırılmasını tələb etmək yolverilməzdir. NATO-nun rəhbərliyindəsə, hesab edirlər ki, sülh sazişi barədə düşünmək üçün Ukrayna əvvəlcə ən azından Krım yarımadasını Rusiya işğalından azad etməyə nail olmalıdır.
Ancaq nə qədər qəribə də olsa, hazırda NATO ilə Ukrayna arasında da müəyyən ziddiyyətlərin olduğu açıq-aşkar nəzərə çarpır. Belə ki, həm ABŞ-da, həm də NATO rəhbərliyində Ukraynanın əkshücum əməliyyatlarının mövcud nəticələrindən narazıdırlar. Belə hesab olunur ki, Ukrayna ordusunun əkshücum əməliyyatları çox ləng inkişaf edir. Və NATO-nun yaxınlaşan növbəti sammitinə qədər Ukrayna ordusunun daha ağır zərbələrlə Rusiyanın ciddi şəkildə geri çəkilməsinə nail olması vacibdir.
Maraqlıdır ki, Ukraynanın hərbi-siyasi dairələri Qərbin bu iradlarını ittiham kimi qəbul edirlər. Rəsmi Kiyev açıq şəkildə bəyan edir ki, Qərb ölkələri Ukrayna ordusunu sürətli irəliləyişi təmin edəcək qədər hərbi texnika ilə təmin etməyib. Ukrayna ordusunun əkshücum əməliyyatlarından gözlənilən nəticəyə nail olmaq üçün əvvəlcə hərbi texnika təchizatı ilə bağlı vədləri yerinə yetirmək lazımdır. Və bu, o deməkdir ki, rəsmi Kiyev də dolayısı ilə Qərbi ittiham edir.
Onu da qeyd etmək lazımdır ki, Ukraynanın Qərblə, xüsusilə də, NATO ilə ziddiyyətləri yalnız bununla məhdudlaşmır. Belə ki, rəsmi Kiyev Ukraynanın NATO-ya tamhüquqlu üzv qəbul edilməsində israrlı mövqe tutur. Son vaxtlara qədər Zelenski hakimiyyəti hesab edirdi ki, əgər, savaşın bitməsindən dərhal sonra NATO-ya üzvlük problemi həll edilməzsə, bu, yalnız Ukrayna deyil, elə Avropa Birliyi üçün də hərbi-siyasi intihar xarakteri daşıyacaq.
Ancaq indi Ukrayna NATO-ya münasibətdə öz mövqeyini nisbətən dəyişərək, daha da sərtləşdirib. Belə ki, rəsmi Kiyev prezident Volodemir Zelenskininin NATO sammitində iştirakı qarşılığında şərt irəli sürüb. Prezident V.Zelenskinin sammitdə iştirakının yalnız Ukraynaya həmin toplantı öncəsində NATO üzvlüklə bağlı rəsmi dəvət göndəriləcəyi təqdirdə, mümkün olacağını bəyan edib. Əks halda, rəsmi Kiyev prezident V.Zelenskinin NATO toplantısına qatılmaqdan imtina edə biləcəyini vurğilayıb.
Göründüyü kimi, rəsmi Kiyev NATO-ya sammit ərəfəsində kifayət qədər ciddi problemlər yaratmağa başlayıb. NATO rəhbərliyi Ukrayna prezidentinin sammitdə mütləq iştirak etməsini vacib hesab edir. Çünki həmin sammitdə Ukrayna savaşı ilə bağlı NATO-nun növbəti strateji addımlarının müzakirəsi nəzərdə tutulub. Prezident V.Zelenskinin iştirakı olmadan isə belə mövzuların müzakirəsi absurd görünür.
Bununla belə, NATO rəsmi Kiyevin şərtini qəbul etmək niyyətindən də çox-çox uzaqdır. Xüsusilə də, bəzi aparıcı NATO ölkələri Ukraynanın yaxın gələcəkdə bu hərbi-siyasi alyansa üzvlüyünü qətiyyən mümkün hesab etmirlər. Onların fikrincə, Ukraynaya NATO-nun qapılarının açılması yolverilməzdir. Və bu mövqenin əsas müdafiəçiləri rolunda isə məhz Fransa-Almaniya cütlüyü çıxış edir.
Maraqlıdır ki, Fransa Ukraynanı ümumiyyətlə, NATO sıralarında görmək istəmir. Rəsmi Paris hesab edir ki, Ukraynanın NATO üzvlüyü onilliklər boyu davam edə biləcək bir prosesə çevrilməlidir. Ukrayna yalnız NATO üzvlüyünə bütün parametrlər üzrə hazır olduqdan sonra quruma müraciət eütməlidir. Əks haldasa, rəsmi Kiyev belə radikal addımlara qətiyyən ümid bəsləməsə, daha yaxşıdır.
Almaniyanın bu məsələ ilə bağlı mövqeyi isə daha konkretdir. Bu ölkənin kansleri Olaf Şults NATO-nun Ukraynaya Rusiya ilə savaşda hərbi və maddi dəstəyi sona qədər davam etdirməli olduğunu vurğulayıb. Ancaq Almaniya kansleri Ukraynanın hazırda NATO üzvlüyü üçün vacib olan şərtlərdən çox-çox uzaq olduğunu qabardıb. Onun fikrincə, sərhədləri mübahisəli olan ölkələrin NATO-ya qəbulunun yolverilməzliyi barədə prinsipdən uzaqlaşmaq yolverilməzdir. Və bu, o deməkdir ki, rəsmi Kiyevə əvvəlcə Rusiyaya qalib gəlinib, Ukraynanın sərhədlərinin bərpa edilməsinin vacibliyi xatırladılır.
Belə anlaşılır ki, NATO Ukraynanın ərazi və sərhəd problemlərinə şərik çıxmaq istəmir. Əslində, hətta Ukrayna Rusiyaya qəbul gələcəyi təqdirdə belə, rəsmi Kiyevin NATO-ya üzvlük hədəfinin reallaşacağı qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Rusiyanın nüvə silahı mövcud olduqca, Ukraynaya NATO-nun qapılarının açılması mümkün olmayacaq.
Məsələ ondadır ki, NATO ölkələri Ukraynanın üzvlüyündən sonra Rusiya ilə birbaşa hərbi münaqişə təhlükəsinin yaranacağından ehtiyatlanırlar. Əgər, Ukraynanın üzvlüyü ucbatından belə hərbi münaqişə baş verərsə, Rusiyanın NATO ölkələrinə qarşı nüvə silahəndan istifadə etməyəcəyinə qətiyyən təminat yoxdur. Və Qərb siyasi dairələri Rusiya ilə nüvə savaşının dəhşətli nəticələr verə biləcəyini anlamamış deyillər.
Ona görə də, hazırda NATO və Ukrayna arasında münasibətlər böhranlı məzmun daşımağa başlayıb. Rəsmi Kiyev NATO-nun Ukraynanı dərhal öz sıralarına qəbul etməsində israrlı mövqe tutur. NATO isə ümumiyyətlə, Ukraynanın üzvlüyünü öz hərbi-siyasi və strateji maraqlarına zidd mövzu hesab edir. Bu səbəbdən də, rəsmi Kiyev savaş bitmədən bu məsələnin həlli üçün NATO-ya təzyiq göstərməyə çalışır.
Rəsmi Kiyevin son mövqeyinə əsasən, Ukraynanın hətta NATO-ya qarşı qiyam qaldırdığını da düşünmək olar. Əgər, belə davam edərsə, ABŞ və Qərbin Ukrayna ilə münasibətlərində onsuz da mövcud olan çatlar daha da dərinləşə bilər. Çünki hazırda hər iki tərəf birbirindən asılı vəziyyətdədir. Münasibətlərin korlanması isə istənilən halda, hər iki tərəfə sarsıdıcı zərbə vurmaqla yanaşı, Rusiyanın maraqlarına uyğun olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert