Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qaçaq bankirin qoçaq oğlu –İlk qazancı bir vedrə qatıq olan Silvio necə milyarder oldu?

Silvio Berluskoni uzun yaşadı – 86 il. 1936-cı ilin sentyabrında İtaliyanın Milan şəhərində doğuldu, 2023-cü ilun iyununda Milanda öldü.

Yenixeber.org: O, İtaliyanın dünyada ən çox tanınan baş nazirlərindən biridir, Benito Mussolinini də üstələyir, Covanni Colittini də, Culio Andreottini də.

Berluskoni dörd dəfə ölkəsinin baş naziri olub - 1994-1995, 2001- 2005, 2005-2006, 2008-2011 illərdə.

Amma onu Mussolini ilə müqayisə etmək olmaz, çünki nə faşist idi, nə də diktator, hakimiyyətə seçki ilə gəlir, seçki ilə gedirdi.

Berluskoninin Culio Andreotti ilə o baxımdan müqayisə etmək olar ki, ikisinin adı mafiozluqda çıxıb. Amma Berluskoni sələfindən fərqli olaraq jurnalist öldürtməyib.

silveb.JPG (48 KB)

O, siyasətə biznesdən, 57 yaşında gəlib. Ona qədər Berluskoninin başı pul qazanmağa, gəzib-dolaşmağa, kef etməyə qarışıb. Artıq maldan-puldan gözü doyandan sonra siyasətə atılıb və böyük uğur qazanıb.

Berluskoni futbol fanatı olub, 2016-cı ilə qədər 30 il ərzində dünyanın öndə gələn futbol klublarından biri olan “Milan”a sahiblik edib. “Milan” onun dövründə çoxlu çempionluqlar, kuboklar qazanıb.

Mərhum biznesmen-siyasətçinin siyasət aləmindəki rekordu ondan ibarətdir ki, 1994-cü ilin yanvarında yoxdan bir partiya yaradıb və o partiya - “İrəli, İtaliya” cəmi 60 günün içində irəli gedərək parlament seçkilərində qalib gəlib.

Bu, əlbəttə, o dövrdə diletant siyasətçi olan Berluskoninin fenomenal ağlının, olmayan siyasi təcrübəsinin nəticəsi deyildi, əsasən milyarlarının gücünün göstəricisi idi. Amma o pulu da Berluskoni özü qazanmışdı, dədə-babasından qalmamışdı.

ushaqsilvi.JPG (44 KB)

Silvionun atası Luici Berluskoni adi bank işçisi, anası Rosella Bossi isə evdar qadın olub. Berluskoni ailəsi ilə birlikdə Milanın çirkli, kriminallaşmış, avaralarla dolu Volturno küçəsində yaşayıb.

Onun atası antifaşist olub. Buna görə özü qaçaq düşən Luicinin ailəsini 1943-cü ilin yazında İsveçrənin yaxınlıqdakı cənub kantonuna evakuasiya ediblər. Silvio dərsdən sonra bir çox həmyaşıdları kimi, qeyri-adi işlərlə məşğul olub: kartof yığıb, qonşu fermada inəklərə baxıb, bir vedrə qatığa işləyib.

Müharibədən sonra İsveçrədən Milana qayıdan və çətin uşaqlıq illərini arxada qoyan Silvio müxtəlif sənətkarlıqlara yiyələnməyi öyrənib.

Ailəsi nə qədər kasıb olsa da, Silvionu oxudublar. Onun oxuduğu katolik liseyində əxlaq və nizam-intizam xüsusilə sərt olub: uşaqlar gündüzlər riyaziyyat, ədəbiyyat, latın və qədim yunan dillərini öyrəniblər, axşam yeməyindən sonra yenidən dərslər keçirilib.

berlusconi-pevec.jpg (25 KB)

Berluskoni məktəbi bitirdikdən sonra, 1954-cü ildə Milan Universitetinin hüquq fakültəsinə daxil olub. O, tələbə ikən çörəkpulu qazanmağa başlayıb - məişət əşyaları satıb, digər tələbələr üçün kurs işləri yazıb, toylarda və yas mərasimlərində fotoqraflıq edib, tozsoran alveri ilə məşğul olub, konsertlər təşkil edib, kontrabas çalıb, kruiz gəmilərində və gecə klublarında mahnı oxuyub, gəmidə animator olub, liman şəhərlərində turistlər üçün turlar təşkil edib və s.

Bir sözlə, o, çox pul qazanmaq üçün hər işə qol qoyub. 1960-cı illərin əvvəllərində İtaliyada tikinti bumu yaşananda Berluskoni atasının top-menecer rütbəsinə qədər yüksəldiyi Milan bankının sahibi Rasininin təklifini rədd edərək, tikinti işinə girib, 1963-cü ildə bir sıra səhmdarlarla birlikdə “Edilnord” tikinti şirkətini qurub.

gencilvo.JPG (67 KB)

Gənc Berluskoni biznesinin çiçəklənməsi üçün öz şəxsi keyfiyyətlərindən yararlanmağa çalışıb: həmsöhbətlərinə fərdi yanaşıb, ünsiyyətcil olub, yaltaqlıq, təvazökarlıq, artistlik edib, incə zarafatlardan yaralanıb, dilli-dilavər olub, lazımi vaxtda işi keçənləri inandırıb, onları vədlərlə ələ almağı bacarıb.

“Milan 2” layihəsi zamanı Berluskoni ilk dəfə rüşvətxorluqda və biznes maraqlarının qeyri-qanuni lobbiçiliyində ittiham olunub. O, özü ittihamları təkzib edib, ona konkret sübut təqdim edilməyib. 1973-cü ildə mənzillərin müvəffəqiyyətlə satışı ilə sərvət qazanan Berluskoni bütün ölkədə məşhurlaşıb. Avropanın peyk şəhərləri konsepsiyasını İtaliyaya gətirən böyük inşaatçı tikinti maqnatı və novator kimi şöhrət qazanıb.

Varlandıqca o, başqa sahələrə də üz tutub, sürətlə inkişaf edən və perspektivli telekommunikasiya və media bazarına daxil olub, qəzet alıb, özəl telekanal yaradılmasına icazə verilən kimi, o, kiçik bir auditoriyaya yayımlanan “Telemilano 58” kabel telekanalının sahibi olub, 1984-cü ilə qədər daha üç ümummilli televiziya kanalı alaraq media-maqnata çevrilib.

Bu baxımdan əlində bu qədər sərvət və media gücü toplayan iş adamının siyasətə transfer etməsi və başgicəlləndirici uğur qazanması təsadüfi deyil.

bazsilvo.JPG (100 KB)

1990-cı illərin əvvəllərində Berluskoni artıq Avropada məşhur idi. Onun 4 milyard avro pulu vardı və pulu pul gətirirdi. Həmin vaxt o, ilk dəfə “Forbes”in siyahısına daxil olub və adı Rupert Merdokla eyni sırada çəkilməyə başlayıb.

1986-cı ildə Berluskoni çətin günlər yaşayan “Milan” futbol klubunu satın alıb. Onun rəhbərliyi altında klub 8 dəfə İtaliya çempionu, 5 dəfə Çempionlar Liqasının və 3 dəfə Qitələrarası futbol kubokunun qalibi olub. 2016-cı ildə “Milan”ı çinli investorlara 750 milyon dollara satan Berluskoni iki il sonra İtaliya futbolunun üçüncü divizionunda çıxış edən “Monza” futbol klubunun sahibi olub.

futsilvo.jpg (52 KB)

1994-cü ildə hakimiyyətə gələn Berluskoni baş nazir kimi illik G7 sammitinə ev sahibliyi edərkən ilk dəfə Bill Klinton, Toni Bleyr, Fransua Mitteran, Helmut Kol kimi siyasət ustaları ilə yaxından tanış olub və tezliklə onların cərgəsinə adlayıb.

Ancaq demokratik ölkələrdə hakimiyyət qollarının bölünmüş olması İtaliyada da Berluskoninin əl-qolunu bağlayan amilə çevrilib. Onu dəfələrlə istintaqa cəlb edib, barəsində hüquqi təqib başladıblar. Bir ara ölkənin ən populyar qəzeti “Corriere della Sera” qəzeti birinci səhifəsində “Berluskoni Milanda təhqiqat altındadır” məqaləsində sensasion şəkildə xəbər verib ki, baş nazirə qarşı məhkəmə istintaqı başlayıb.

Ancaq o, hər dəfə sudan quru çıxmağı bacarıb. Bir məlumata görə, Berluskoni siyasi həyatı boyunca vəkillərə, məhkəmələrə yarım milyarddan çox pul xərcləyib.

Dörd dəfə hakimiyyətə gəlməyi bacaran Berluskoni müxalifətdə olduğu illərdə də ölkəsinin ən nüfuzlu və populyar siyasətçisi olmaqda davam edib.

berlusiste.jpeg (66 KB)

Axırıncı dəfə o, 2011-ci il noyabrın 12-də axşam bir sıra qalmaqallardan sonra və ciddi maliyyə və iqtisadi çətinliklər fonunda İtaliya prezidenti Giorgio Napolitanonun təzyiqi altında istefa verib. İstefa ərizəsini prezidentə təqdim etdikdən sonra Berluskoni mətbuatdan və şən italyanların izdihamından yayınmaq üçün sarayı yan qapıdan tərk edib. Romanın mərkəzinə toplaşanlar Berluskoninin istefası xəbərini sevinc qışqırıqları ilə qarşılayıblar.

1421145814_10.jpg (25 KB)

Berluskoninin üzləşdiyi qalmaqallar təkcə hüquq müstəvisində olmayıb. O, şəxsi həyatında da elə qalmaqallı olub. Berluskoninin qadınlara qarşı damarının boş olması adının mətbuatda daima hallanmasına səbəb verib. Bir ara onun nazirlərinin az qala yarısı model oxşayan qadınlar olub. Bundan başqa, bir dəfə ona qarşı azyaşlı qızla intim münasibətdə olmaq ittihamı irəli sürülüb.

berlusconi-belissi_1489085i.jpg (30 KB)

Berluskonu dünya liderləri ilə məzələnməyi də vardı. Bir dəfə o, ABŞ prezidenti Barak Obama haqqında irqçi zarafat edərək qalmaqal törətmişdi. Berluskoni yüzlərlə şəxsin yanında demişdi ki, Obama o qədər də qara deyil, sadəcə, özünü gündə yaxşı qaraldıb.

medvedberlus.jpg (124 KB)

Sammitlərin birində isə o, Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevi küt olana qədər içirtmişdi və sonra Sarkozi ilə birlikdə onun qoluna girmişdi ki, adam yıxılıb özünü biabır eləməsin.

Ömrünün əvvəli çətinliklərlə, mərhumiyyət və iztirablarla keçsə də, gəncliyi, orta yaşlılığı və qocalığı kef-damaq, eyş-işrət içində keçən, biznesmenliyin və siyasətçiliyin zirvəsini yaşayan bu pozitiv insan artıq həyatda yoxdur. Ondan qalan başqalarına qismət olan milyardlardır, bir də uzun müddət unudulmayacaq xatirələri.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam