Azərbaycan-İran münasibətləri: tarixin izi ilə keçmişdən gələcəyə gedən yol
Yaşadığımız müasir dövrdə olduqca ciddi siyasi-iqtisadi proseslər cərəyan edir. Bir çoxları baş verənləri dünyanın yeni nizamının formalaşması, beynəlxalq münasibətlər sisteminin yenidən inşa olunması ilə izah edirlər və qlobal güclərdən tutmuş kiçik ölkələrə kimi bütün dövlətlərin bu nizamda mümkün qədər əlverişli mövqelərə sahiblənmək istədiklərini düşünürlər.
Yenixeber.org: Ölkələrin daxilində baş verən kataklizmlər bəşər övladı üçün təəccüb doğurmayan proses olsa belə, qısa tarixi mərhələdə dövlətlərarası münasibətlər kontekstində baş verən sürətli dəyişikliklər siyasi analitika və proqnozlaşdırma üçün sözün əsl mənasında başağrısına çevrilib. Çünki son bir neçə ildə əski düşmən dövlətlər arasında nəzərəçarpacaq yaxınlaşma və hətta tərəfdaşlıq münasibətlərinin formalaşması bir tərəfdən, keçmiş müttəfiqlərin, hətta qardaş xalqların isə bir-birinə qənim kəsilməsi isə digər tərəfdən bir o qədər də asan izah olunan məsələlər deyil.
Vaxtilə yaxın dost və mehriban qonşular olan Azərbaycanla İran arasında münasibətlərin gərginlik dövrünə qədəm qoyması da bu qəbildən olan hallardan biridir. Rəsmilərin sərt bəyanatları, hərbçilərdən tutmuş deputatlara və ekspertlərədək, mediadan tutmuş sosial şəbəkələrdəki fəallara qədər geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar heç də xoşagələn hal deyil.
Azərbaycan-İran münasibətlərinin tarixinə və bu tarixin izi ilə keçmişdən gələcəyə gedən yola nəzər salaq.
Bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasındakı telefon danışıqlarında da bəhs etdiyimiz problemlər müzakirə edilib, situasiyadan çıxış yolları aranıb. Bəli, rəsmilər də yaxşı dərk edirlər ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir.
Tarixin izi ilə gedərkən, biz İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində azərbaycanlıların həqiqətən də böyük rol oynadığının şahidi oluruq.
Azərbaycanlıların müasir İran ərazisində hələ İslamın qəbulundan əvvəl yaşamış əcdadları IV əsrdən başlayaraq yaşayış məntəqələri formalaşdırmaqla yanaşı, hakimiyyətin və dövlətçiliyin də əsasını qoymağa başlamışdılar. Fars tarixçiliyində və ədəbiyyatında Əfrasiyab şah kimi qeyd edilən xaqan Alp Ər Tunqa (“Təbakəti Nəsəri” və “Divanı Lügatit-Türk”) müasir İran ərazisində ilk azərbaycanlı hökmdar olub. Onun nəslindən olan sacilər, qəznəvilər və səlcuqlar sonradan İranla yanaşı, qonşu ölkələri də idarə ediblər. Daha sonra isə Atabəylər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri yaranıb ki, onları idarə edən azərbaycanlı hökmdarlar İranın hakimi-mütləqləri olublar.
İranın çiçəklənmə dövrü Sultan Mahmud Qəznəvinin hakimiyyəti illərinə düşür. Sultan Mahmud Hindistana 17 dəfə yürüş edərək, nəhayət, onun fəthinə nail olub. Qara Yuluq Osman bəydən sonra taxta oturmuş Uzun Həsənin dönəmində isə Ağqoyunlular Xorasandan Anadoluya, Qafqazdan Ərəbistan dənizinə qədər böyük bir ərazinin sahibi olublar.
1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı ilə yerli tayfaların Anadolu ətrafında birləşməsi və Ağqoyunlu dövlətinin dağılması ilə Təbrizdə elan olunan Səfəvilər sonradan xanədana çevrildi, 1736-cı ilədək ölkəni idarə etdi. Həmin sənədə Əfşarlar sülaləsinin yetirdiyi böyük azərbaycanlı Nadir şah səltənətinin sərhədlərini Hindistanın Dehli şəhərinədək genişləndirmişdi. Məhz Nadir şah Dehlinin fəthindən sonra əldə etdiyi nəhəng xərac sayəsində ölkəsində tam üç il ərzində vergiləri faktiki olaraq ən aşağı səviyyəyə endirmiş, İranın ağır yaralarını sağaltmışdı.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra hakimiyyət uğrunda davam edən uzun mübarizədən sonra taxta çıxan Ağa Məhəmməd şah Qacar 1796-cı ildə paytaxtı Tehran olan Qacarlar dövlətini qurmuşdu. Qacarlar ta 1925-ci ilədək - Pəhləvi sülaləsi hakimiyyətə gələnədək İranı idarə ediblər.
Ümumiyyətlə, tarixə nəzər salsaq və məxəzlərə üz tutsaq (məsələn, Əbubəkr əl Tihrani əl İsfəhaninin “Kitabi Diyarbəkiyə”si) müasir İranda yaşayan azərbaycanlıların əcdadlarının indiki Şimali və Cənubi Azərbaycanla yanaşı, Ön Asiyanın ən qədim sakinlərindən olduqlarını görərik. Səccadilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər və s. dönəmlərini də yada sala bilərik.
İranda İslam inqilabına qədər silahlı qüvvələrdən tutmuş, ucqar əyalət bələdiyyələrinədək praktiki olaraq dövlət ərkanının bütün səviyyələrində, cəmiyyətin bütün tabanlarında soydaşlarımız əhəmiyyətli şəkildə təmsil olunublar. İranın sonuncu hökmdarı Məhəmməd Rza şahın xanımı, tarixə “Fərəh Diba” kimi düşmüş Fərəh Təbatai Pəhləvi də əslən azərbaycanlıdır.
Azərbaycanlıların İranın siyasi, mədəni və sosial həyatında əlahiddə genişmiqyaslı rolu olub və bu rol indi də həddən ziyadə ciddidir. Təbii ki, çağdaş İranın yerləşdiyi ərazinin etnokultural və antropoloji məcazları ümumi bəşər mədəniyyəti ilə tarixinin inkişafında əhəmiyyətli yer tutub.
İranın İsfahan şəhərinin mərkəzindən axan Zayəndə çayının üzərində tarixi “Si o se pol” körpüsü var. Bu körpü yerli insanlarla yanaşı, İrana gələn turistlərin də diqqətini cəlb edir. (“Si o se pol” “33 tağı olan körpü” kimi tərcümə edilir). İsfahanın mühüm tarixi abidəsi və insanların sevimli istirahət yeri olan bu körpü ölkədə çox məşhurdur. Lakin İranda çox az adam bilir ki, bu körpü XVII əsrdə Səfəvi dövlətinin şahənşahı II Şah Abbasın vəziri Azərbaycan əsilli Allahverdi xan tərəfindən tikilib. Körpünün inşasına 1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdırılıb. İtalyan səyyah Petro Della Valle bu körpünü Romadakı məşhur körpülərlə müqayisə edib. Bildirib ki, “Allahverdi xan” körpüsü həm uzunluğuna, həm də eninə görə Romadakı körpülərdən bir neçə dəfə böyükdür. Körpü quruluşuna görə çoxfunksiyalı xarakter daşıyır. Burada şah üçün xüsusi yer ayrılmışdı. Şah əlamətdar günlərdə burada əyləşərək şəhərdəki mərasimləri seyr edirmiş.
İran mədəniyyəti ilə sivilizasiyasının formalaşmasında, indiki modeli almasında hələ "Avesta"da adı keçən "İranşəhər" və ya "İranvic" coğrafi arealının böyük qismini təşkil edən, sonradan bəşər tarixinə "azərbaycanlıların torpağı" kimi düşən məkanın önəmini təkzib etmək mümkün deyil.
Azərbaycanın İranın sənətinə və mədəniyyətinə təsiri genişmiqyaslı olduğu qədər, dərin və hərtərəflidir. İndiki İranda muğam ifaçılığının inkişafında və professional şəkil almasında məhz şəhərlərimizdə yaradılmış ədəbi və musiqi məclisləri böyük rol oynamışdı. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hikmət”, Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda “Fövcül-füsəha” və s. olublar. Əslən azərbaycanlı olan, İranda ilk dəfə müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu 1888-ci ildə Təbrizdə “Mədrəseyi-Rüşdiyyə” adlı təhsil müəssisələrini (İranın ilk müasir təhsil müəssisələri) təsis edib. Bu münasibətlə farsdilli “Çehrenoma” qəzeti 1906-cı il 10 oktyabr tarixli sayında Rüşdiyyənin şəklini çap edib və altında belə yazmışdı: "İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir”.
Azərbaycanlı sənət dühaları Əbdülqadir Marağayi və Səfiyyəddin Urməvi fars musiqi mədəniyyətinin güclənməsində danılmaz xidmətlərə malikdirlər. Fars nəzminə və nəsrinə, habelə elminə gəldikdə, Nizami Gəncəvi və İmadəddin Nəsimidən başlayaraq Cəlil Məmmədquluzadə və Hüseyn Cavidədək azərbaycanlı nəsr və nəzm ustadlarının yaradıcılıqlarının, əsərlərinin təsir miqyasını hesablamaq mümkün deyil. Əmir Xosrov Dəhləvi, İmad Kirmani, Əbdürrəhman Cami, Əlişir Nəvainin yaradıcılıqlarına Nizami Gəncəvi dühasının təsiri nə qədər böyük olubsa, Firdovsi, Sədi Şirazi, Əlişir Nəvai, Rudəki də azərbaycanlı nəzm titanlarından bir o qədər təsirləniblər.
Yaxud Nəsim Şamalın, Mirzə Əli Şəbüstərinin, Məhəmməd Hüseyn Şəhriyarın fars poetikasına təsirini inkar etmək, sadəcə, reallığa göz yummaq olardı. İran poeziyasını dünyaya tanıdan Məhəmmədhüseyn Şəhriyarın ilk şerlər kitabı 1931-ci ildə Tehranda həmin dövrün tanınmış alim və şairləri Məlikşura Bəharın, Sədi Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. İranın farsdilli alimləri azərbaycanlı şairin yaradıcılığına böyük qiymət verib və onun əsərlərinin bu ölkədə ədəbi mühiti formalaşdırdığını etiraf ediblər. İranın keçmiş mədəniyyət və islami irşad naziri Əli Cənnəti Şəhriyarı xarakterizə edərək deyib: “Şəhriyarın azərbaycanlı olması və fars dilini farslardan yaxşı bilərək şeirləri ilə İranı dünyaya tanıtması İranın mənəvi zənginliyinin göstəricisidir”. Qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyarın şeirləri 30-dan çox dilə tərcümə olunub.
Orta əsrlərdə azərbaycanlı əşar və nəsr ustalarının, həmçinin alimlərin əsərlərini fars dilində qələmə almaları tarixi zərurət idi. Şərq tarixinə səthi də olsa bələd olan istənilən şəxs bilir ki, bəhs edilmiş dövrlərdə yaşamış şairlər və nasirlər, alimlər və tədqiqatçılar müasirliyimizdən fərqli olaraq, xalqların etnolinqvistik mənsubiyyət baxımından fərqləndirilmədiyi, “ümmə”, “xilafət”, “səltənət”, “bəylərbəyliyi” və s. ifadələrin inzibati idarəetmədən tutmuş, dövlət siyasətinədək bütün sahələrə sirayət etdiyi zamanda ömür sürüblər. Dehlidə, Ürgəncdə, Xarəzmdə, hətta İstanbulda belə fars dilindən istifadə olunub. Ancaq bu, heç bir halda Qanq sahillərindən Mərmərə dənizi sahillərinədək nəhəng arealın farslara məxsus olması anlamına gələ bilməz. Həmin dövrdə təkcə azərbaycanlılar deyil, özbək, türkmən, ərəb mütəfəkkirləri də fars dilində yazıblar. Görkəmli özbək şairi Əlişir Nəvai də əsərlərini fars dilində yazıb.
Bütün bunlarla yanaşı, Səfəvilər dövründə İran ərazisində dövlət dili Azərbaycan dili olub. Saraydakı bütün yazışmalar Şah İsmayıl Xətainin xüsusi sərəncamı ilə Azərbaycan dilində aparılırdı. Xətainin günümüzə gəlib çatmış “Dəhnamə” əsəri buna əyani sübutdur. İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu Azərbaycan dilində “xoş gəldin” sözü ilə salamlamışdı. XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italiyalı səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşub və müsbət cavab aldıqdan sonra “xoş gəldi, səfa gəldi” söyləyib. Saray əyanları isə Şaha “qurban olum, başına dönüm” kimi ifadələrlə müraciət edirdilər.
Eyni sözləri “Azərbaycanın UNESCO-ya verdiyi mədəniyyət nümunələri fars mədəniyyətinin tərkib hissəsi” olması ilə bağlı bəzi iddialara da şamil edə bilərik. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxildir. Bunlardan 17-si Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, 2-si isə Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Siyahıda yer almış nümunələrin heç birinin fars mədəniyyəti, etnoqrafiyası, tarixi və s. ilə hər hansı formada bağlılığı, kökü və ya əlaqəsi yoxdur.
Həmçinin xüsusi vurğulanmalıdır ki, dahi Azərbaycan bəstəkarı urmiyalı Səfiəddin Urməvinin (1217-1294) yaratdığı alətlər bu gün dünya musiqisində istifadə olunur. Filosof-alim Şəhabəddin Sührəverdinin (1145-1234) “İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası”, “Rəşf ən–nəsaih əl–imaniyyə və kəşf əl–fədaih əl–yunaniyyə”, “Doğru yolu bildirmək və möminlərin əqidəsi”, “İlam əl–hüda və əqidət ərbab ət–tüqa”, “Quranın təfsirinə dair bəyanın pis əməli”, “Nüğbət əl–bəyan fi təfsir əl–Quran”, “Fəqirliyə dair traktat” – “Risalə fi-l-fəqr”, “Ariflərin məqamları”, “Məqam əl–arifin” və digər əsərləri dünyanın 30-dan çox kitabxanasında və əlyazma arxivlərində saxlanılır.
Sadalanan məqamlara istinad edərək deyə bilərik ki, xalqımızın bəşər mədəniyyətinə, elminə və tarixinə verdiyi ən böyük töhfələrdən biri qonşu etnoslar və dövlətlərlə ümumi tarix, adət-ənənələr və mədəniyyət formalaşdırmağımızdır.
Son statistik məlumatlara əsasən, 80 milyonluq İran əhalisinin təxminən yarısı azərbaycanlılardan ibarətdir. Azərbaycanlıların böyük əksəriyyəti Təbriz, Xorasan, Tehran, Kərəc, Şiraz, İsfahan, Kirman, Ərak, Qum, Qəzvin, Həmədan və digər bölgələrdə, hətta fars tayfalarının olduğu regionlarda da yaşayırlar. Bugünkü İran coğrafiyasında tarixən müxtəlif türk dövlətlərinin paytaxtı olmuş doqquz şəhər (Nişapur, Rey, Sultaniyə, Marağa, Ərdəbil, Təbriz, İsfahan, Qəzvin və Tehran) var. Şübhəsiz ki, bu şəhərlərin arasında birinci yerdə azərbaycanlı əhalinin zəngin mədəni irsi ilə tanınan Təbriz şəhəri dayanır. Bu illər ərzində, xüsusilə də orta əsrlərdə Azərbaycanın cənubu dünya mədəniyyətinə əvəzsiz incilər bəxş edib. Bu günə qədər gəlib çatan tarixi və memarlıq abidələri, kitabələr və əlyazmalar, rəssamlıq məktəbləri, elm və mədəniyyət sahələri məhz Azərbaycanın, bilavasitə onun cənubunun adı ilə bağlıdır. Keçmişdə İranda dilimizin saray və ordu dili kimi nə qədər işlək olduğu günümüzə qədər gəlib çatan əsərlərdən aydın görünür. Bu əsərlərin böyük bir qismi dövlət adamlarına, şahlara, padşahlara təqdim edilib və ya onların adına yazılıb.
Marağa, Urmiya, Xoy və digər şəhərlərdə musiqi, incəsənət, nəqqaşlıq, memarlıq, astronomiya, kitab nəşri, xalçaçılıq, miniatür sənəti tək-tək inkişaf etdiyi halda, bütün bu elm və mədəniyyət sahələri Təbrizdə cəmləşmişdi. Təbriz orta əsrlərdə mədəniyyətin beşiyi sayılırdı. Mətbəə, qəzet-jurnal nəşri, uşaq bağçası, teatr, telefon qovşağı, kar və korlar məktəblərinin İranda ilk olaraq Təbrizdə açılıb inkişaf etməsi də şəhərin ticarət mərkəzi olmasının və mədəni zənginliyinin göstəricisidir.
Əcdadlarımız qədimlərdə sərhədləri xalqları ayıran yox, birləşdirən ünsür hesab edərək birgəyaşayış, tərəfdaşlıq və əməkdaşlıq məsələlərinə böyük önəm veriblər, homogen kulturoloji mühitin formalaşdırılmasına can atıblar. Xalqımız və dövlətimiz öz maraqlarını, mənafeyini və təhlükəsizliyini təmin etməyə istiqamətlənmiş siyasət yürütməklə yanaşı, qonşu ölkələrin də istəklərini nəzərə alır və bu səbəbdən də həmin dövlətlərdən analoji davranışı gözləyir.
Azərbaycan dövləti, azərbaycanlılar heç bir region dövləti və illah da ki, qonşu ölkələrdən hər hansı biri ilə münasibətləri gərginləşdirməyə, siyasi merkantilizm prinsiplərinə əsasən öz məqsədlərini reallaşdırmağa çalışmayıb və çalışmır. Biz bütün qonşularımızla, hətta dövlət sərhədimizin delimitasiya olunmadığı, ərazilərimizin 20 faizini 30 il işğalda saxlamış Ermənistanla belə normal münasibətlərin bərqərar olunmasına can atırıq. Baxmayaraq ki, Azərbaycan ərazisinin 20 faizini 30 il müddətində işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirib. İşğal altında olan torpaqlarımızda Azərbaycan xalqına məxsus bütün maddi-mədəni irsimiz məhv edilib, məscidlərimiz dağıdılıb, dinimiz təhqir olunub. Bu faktlar aparıcı beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində öz əksini tapıb və pislənilib.
1991-ci ilin sonlarından başlayaraq 2020-ci ilin sentyabrınadək davam edən işğal dövrü gündən-günə harınlayan Ermənistana və onun işğalçılıq siyasətinə dəstək verən güclərə qarşı tam təcrid vəziyyətində mətanətlə dirəniş göstərən Azərbaycan xalqı üçün tarixi sınaq dövrü oldu. Amma xalqımız əyilmədi, sınmadı, ayaq üstə durmağı, yeni güclü dövlət qurmağı, təcriddən qurtularaq beynəlxalq aləmdə çoxsaylı tərəfdaş və böyük nüfuz qazanmağı bacardı. 1990-cı illərin əvvəllərində dünyanın bir çox siyasi dairələrində artıq aqibəti həll edilmiş hesab olunan ölkəmiz 30 ilə toparlanaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməyi bacaran, işğala son qoyan və ərazi bütövlüyünü bərpa edən bir gücə çevrildi.
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə yeni reallıqların təməlini qoydu. İşğalçı Ermənistanın kapitulyasiyası bölgədə on illərdən bəri gözlənilən sülh və sabitliyin bərqərar olmasını şərtləndirməli idi, lakin İrəvandakı hakimiyyətin aqressiv-şovinist siyasətdən hələ də əl çəkməməsi bu prosesi ləngidir.
Ermənistan indi də Cənubi Qafqazda sülh və sabitliyə başlıca təhdid olaraq qalır, kənar qüvvələrin bölgəyə ayaq açmasına zəmin yaradır. Avropa İttifaqının uzunmüddətli missiyasının bölgəyə gəlməsi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərmir, həm də hazırda Qərblə qarşıdurma vəziyyətində olan Rusiyanın, Qərbin sanksiyalarına məruz qalmış İranın maraqlarını təhdid edir.
Ermənistan uzun illərdir yürütdüyü fitnəkar siyasətini indi də davam etdirir və bu, İranla Azərbaycan arasında münasibətlərdə özünü bilavasitə büruzə verir. Tarixi, dini bağlılığı olan bu iki ölkə arasında münasibətlərin gərginləşməsi kimin maraqlarına xidmət edir, kim bundan daha çox sevinir? Əlbəttə ki, Ermənistan. Zamanında bəzi ölkələr Ermənistanın və onun havadarlarının əsl niyyətini aydın gördülər, rəsmi İrəvanla diplomatik münasibətlər belə qurmadılar və 30 il bundan əvvəl olduğu kimi, indi də Azərbaycanı dəstəkləməkdə davam edirlər. Azərbaycan xalqı İranı da bu cərgədə görmək istəyirdi və buna haqqı da çatır.
Rəsmi İrəvan iki müsəlman dövləti olan Azərbaycan və İran arasında yaranan gərginlikdən istifadə edərək, bunu bütün dünyada təbliğ edir və İslamı beynəlxalq ictimaiyyətin gözündən salmağa çalışmaqla, əslində, ona daim qucaq açan İranla dostluğa da xəyanət edir. Avropa İttifaqının uzunmüddətli missiyasının Ermənistanda olmasını həm də bu aspektdən qiymətləndirmək faydalı olardı. Ermənistan buna müsəlman dövlətlərinin əhatəsində olduğunu və müsəlmanlar tərəfindən guya təzyiqlərə məruz qaldığını Qərb dairələrini inandırmaqla nail olub.
İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Hətta kollektiv Qərbin ciddi sanksiyalar tətbiq etdiyi, ətrafında “təzyiq həlqəsi” qurmağa çalışdığı vaxtlarda belə Azərbaycan İrana münasibətdə daim düşünülmüş, rasional siyasət yeridib. Azərbaycan çox azsaylı region ölkələrindən biridir ki, ərazisindən üçüncü dövlət tərəfindən İrana hücum məqsədilə istifadə olunmasına əsla imkan verməyəcəyini dəfələrlə bəyan edib və bu gün də öz sözünün ağasıdır. Təbii ki, bütün bunlar İrana münasibətdə kimin dost, kimin xəyanətkar olduğunu açıq şəkildə ortaya qoyur.
Hələ 2007-ci ildə Ermənistanın prezidenti Serj Sarkisyanın Tehrana səfəri zamanı iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılması barədə müqavilə imzalandı. Həmin dövrdən ötən illər ərzində bu istiqamətdə irəliyə doğru bir addım da olsun atılmadı. Çünki Çindən dəvət olunan sərmayədarlar texniki əsaslandırma apardıqdan sonra yolun tikintisinə investisiya yatırmaqdan imtina etdilər. Məsələnin mahiyyəti ondan ibarət idi ki, bu dəmir yolu səmərəli deyildi. Lakin Azərbaycanın iqtisadi inkişafı və regiondakı coğrafi mövqeyi onu daha cəlbedici edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərdən biridir.
Azərbaycan-İran dövlət sərhədinin uzunluğu 765 kilometr təşkil edir. Bu da qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə imkan yaradır. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşına bilər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropanın 800 milyona yaxın əhalinin yaşadığı 40-dan çox ölkəsi ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan və İran üzərindən qurulması hər iki ölkənin iqtisadi inkişafına böyük töhfə verə bilər.
Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölçüləcək. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər gecikir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) dəmir yolu stansiyasının tikintisi və yük terminallarının inşası yarımçıq qalıb.
Vətən müharibəsində Qələbədən dərhal sonra kommunikasiya xətlərinin açılması istiqamətində fəal iş aparmağa, Zəngəzur dəhlizinin açılması ilə Asiya ilə Avropa arasında körpü salmağa və Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqəsini bərpa etməyə çalışan Azərbaycanın bu təşəbbüslərinə region dövlətləri, o cümlədən də İran daha fəal qoşularsa, bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. Çünki bu kommunikasiya xətlərinin açılması İranı da beynəlxalq nəqliyyat-logistika qovşağı zəncirində mühüm halqaya çevrilmək imkanı qazandırır. Qeyd edək ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 2022-ci martın 11-də Bakıda keçirilən 15-ci iclasında Azərbaycan hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Rəsmi məlumatda qeyd olunurdu ki, Anlaşma Memorandumunun imzalanmasının Azərbaycanla İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı İran-Azərbaycan sərhədini dostluq və qardaşlıq sərhədi adlandırdı. Azərbaycan işğaldan azad olunan sərhəd bölgəsində körpü salıb gömrük-keçid məntəqəsi açmaq istəyirdi. Qarabağın bərpasında da İran şirkətlərinin iştirakına etiraz olunmadı. Bütün bunlar Azərbaycanın İrana qarşı xoşməramlı münasibətinin göstəricisidir. Bunların müqabilində ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi, səfirlik əməkdaşının qətlə yetirilməsi, əlbəttə ki, insanlarımızı məyus etməyə bilməz. Azərbaycan terror aktının araşdırılmasını, günahkarların cəzalandırılmasını, terrorun səbəbinin müyyənləşdirilməsini istəyir.
Beləliklə, əsrlər boyu böyük dövlətlərin kəsişən maraqları nəticəsində müharibələrin, münaqişələrin, gərginliklərin yaşandığı bu bölgəni artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, inkişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib. Azərbaycan bu yolda bütün bölgə ölkələrinin ümumi rifahına töhfə verəcək nəhəng layihələrin reallaşdırılması istiqamətində təşəbbüslər göstərməkdə davam edir. Təbii ki, regionun ümumi inkişafı Azərbaycanın təşəbbüslərinin bölgə ölkələri tərəfindən dəstəklənməsi və birgə əməkdaşlıq şəraitində mümkündür.
Azərbaycan və İran prezidentlərinin 2021-ci il noyabrın 28-də Aşqabadda görüşü zamanı iki ölkə arasında tarixi bağların və əməkdaşlığın önəmi haqqında danışıldı. Deməli, İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətlərinin ölkələrimizin və bölgənin ümumi inkişafına töhfələri nəzərə alınaraq, bu əlverişli şəraitdən istifadə edilməlidir.(AZƏRTAC)