Yenixeber.org: Məlum olduğu kimi, aprelin 14-də ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Tədbirdə akkreditə olunmuş Ermənistan İctimai Televiziyasının Birinci Kanalının dizayn studiyasının rəhbəri Aram Nikolyan qaçaraq arenaya çıxıb, orada qoyulmuş Azərbaycan bayrağını ələ keçirib və yandırıb.
Yerli mətbuat yazır ki, Nikolyan həm də özünün yaratdığı Moda Evinin direktoru, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür. O, saxlanılaraq İrəvanın Malatiya rayonunun polis bölməsinə aparılıb. Saxlanılan şəxsin vəkili Aleksandr Koçubayev əvvəlcə sosial şəbəkədəki hesabında yazıb ki, “ilkin məlumatlara görə, Aram Nikolyana qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb”.
Lakin sonradan Koçubayev bildirib ki, saxlanılan şəxs sərbəst buraxılıb, ona qarşı heç bir ittiham irəli sürülməyib. Polis idarəsinin qarşısında toplaşan kütlə Nikolyanı alqışlarla qarşılayıb.
Ermənistan rəsmiləri, tanınmış ictimai xadimlər bu biabırçı hadisə ilə bağlı susmaqda davam edirlər. Amma sosial şəbəkələrdə sözünü deməyə cəsarət edən, soydaşlarını belə bir hərəkətin nəticələri barədə düşünməyə dəvət edənlər ermənilər var:
““Çətin döyüşdə” 4 idmançıdan ibarət “düşmən ordusunun” bayrağını ələ keçirən və onu yandıran bu Nikolyan heç nə olmamış kimi sərbəst buraxıldı və küçədə qəhrəman kimi qarşılandı. Təəssüf ki, biz ermənilər bu gün beləyik: özümüzə olmayan yerdə problemlər yaradırıq, sonra isə onları uzun müddət və əziyyətlə həll edirik”.
“Və belə bir ağılsız, hətta deyərdim ki, vəhşi hərəkət nəticəsində nə əldə edəcəyik? Yalnız bütün normal düşüncəli dünyanın nifrətini. Biz Azərbaycanın bayrağını yandırmadıq, başqa ölkələrin bizə illərdir əldə etdiyimiz rəğbətini məhv etdik. Bayraq, yeri gəlmişkən, tezliklə yerinə qaytarıldı, bəs biz itirdiklərimizi necə qaytaracağıq?”
“Bayraq ölkənin şərəfidir. Bəs Azərbaycan qapalı otaqda öz ölkəsinin şərəfinə hücuma açıq meydanda, təmas xəttində cavab vermək qərarına gəlsə necə? Bu Aram Nikolyan orada qəhrəmanlıq etməyə, sərhədləri müdafiə etməyə gedəcəkmi?”
“Ermənistan Avropa çempionatını təşkil etməklə, gələn il də dünya çempionatını keçirmək hüququnu qazanacağına ümid edirdi. Bəs indi belə bir insidentdən sonra əvəzində nə alacağıq?”
“Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verdi. Bizimkilər niyə susur? Xarici İşlər Nazirliyi? Siyasətçilər? İdman təşkilatları? Deyəsən, ya başa düşmürlər, ya da qorxurlar, kütləyə oynayırlar. Bəli, belə bir “qisas” bizim yox, Azərbaycanın əlinə oynayır, doğrudanmı başa düşmürsünüz?”
“Bir tərəfdən sülhdən danışırıq, digər tərəfdən döyüşə atılırıq. Bəli, mən bunu belə başa düşürəm. Və hansısa dizaynerin bayrağı təhqir etməsi formasında deyil, dövlət adamlarının baş verənləri səssiz müşahidə etməsi formasında. Axı bizim idmançılar da ora yarışmağa gedirlər. Təsəvvür edin, orada rəsmi tədbirlərdə Ermənistanın bayrağı belə açıq şəkildə yandırılsaydı, biz necə reaksiya verərdik. Bəlkə də istəyirlər, amma etmirlər. Sadəcə təsəvvür edin və ona uyğun reaksiya verin”.
“Bayrağın yandırılması çox zəif təsəllidir. Ermənistan göstərdi ki, ağır atletika üzrə Avropa çempionatı kimi o qədər də böyük olmayan tədbirdə belə, təhlükəsizliyi təmin etmək iqtidarında deyil… Bu hekayədə önəmli olan bayrağın yandırılması deyil, bunun mümkün olmasıdır. Problem bundadır. Çünki kiçik bir səhnə üçün belə, təhlükəsizliyi təmin edə bilmədiyimiz göz önündədir. Bu hal, bayraq yandırmaqdan qat-qat artıq olan dövlətçiliklə bağlı məsələləri daha da kəskinləşdirir”.(pressklub)