Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağdakı son insidentin arxasında nə dayanır? -ŞƏRH

Ekspert: “Toqquşma baş versə, Gümrüdəki 102-ci baza bir neçə saatdan sonra Qarabağda olacaq”

Yenixeber.org: Martın 5-də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycan hərbçiləri ilə silahlı ermənilər arasında hərbi toqquşma baş verib.

Ermənistan KİV-in məlumatına görə, səhər saatlarında Qarabağ separatçılarının polis maşını atəşə tutulub. Nəticədə 3 polis əməkdaşı – polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan ölüb. Leytenant David Hovsepyan isə güllə yarası alıb.

Ermənistan KİV-i xəbər verir ki, hadisə Xankəndidən Şuşa rayonunun separatçıların nəzarətində olan Qaybalı kəndinə gedən yolda baş verib.

Azərbaycan tərəfinin məlumatına görə, ermənilər sözügedən dolama yoldan Ermənistandan Qarabağa gizli şəkildə silah daşımaq üçün istifadə ediblər.

Hadisə ekoloji fəalların aksiyası keçirildiyi Laçın-Şuşa yolundan bir neçə kilometr aralıda baş verib.

Bununla bağlı Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri bəyanat yayıblar. XİN-in bəyanatında bildirilir ki, Azərbaycan tərəfi hərbi təxribatların qarşısını almaq üçün Üçtərəfli Bəyanatın yerinə yetirilməsini, Ermənistan tərəfindən Azərbaycana qanunsuz silah və sursat, canlı qüvvə və minaların daşınmasının dayandırılmasını, habelə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edir. XİN regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü vurğulayıb.

Öz növbəsində Müdafiə Nazirliyi Azərbaycan tərəfdən ölən və yaralananların olduğunu bildirib: “Bugünkü hadisə bir daha göstərir ki, Azərbaycan Laçın-Xankəndi yolunda müvafiq keçid-buraxılış məntəqəsi yaratmalıdır.

Ermənistanın hələ də Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna hərbi daşımaları həyata keçirməsi Azərbaycana qarşı davam edən təcavüz və terror siyasətinin sübutudur”.

Ağıla gələn ilk sual budur: bu nə idi və nəyə aparıb çıxara bilər? İnsan itkiləri ilə müşayiət olunan bu silahlı toqquşmanı müharibədən sonrakı silsilə hadisələrin yalnız bir epizodu hesab etmək olarmı? Yoxsa bunu Azərbaycanın hansısa qəti addımlara hazırlaşdığına birbaşa işarə olaraq qəbul etmək lazımdır? İndiki şəraitdə Rəsmi Bakıya Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyat lazımdırmı?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.

O, baş verən hadisəni təxribat hesab edir. “Bu, birmənalıdır və baş verənləri son hadisələr kontekstində nəzərdən keçirmək lazımdır. Kontekst isə Lavrovun son səfəri ilə bağlıdır. Tərəflər nədəsə razılaşmayıblar. Təbii ki, Azərbaycan hakimiyyəti özünü əhaliyə hər şey barədə məlumat verməyə borclu hesab etmir. Onlar bunu qapalı qapılar arxasında edirlər və bu da müxtəlif idarələrə xas olan xüsusiyyətə çevrilib. Lakin bu haqda daha sonra”.

Politoloq hesab edir ki, Moskvanın Lavrovun səfərinin nəticələrindən narazılığı Mariya Zaxarovanın dilindən birbaşa, açıq şəkildə, heç bir diplomatik etik normalar gözlənilmədən ifadə olunub.

“Daha sonra “Bravo” hipermarketində təxribat baş verdi. Bu da təxribat elementidir, mən bunu belə görürəm. Ertəsi gün isə Qarabağda məlum insident baş verdi. Orada dəqiq nə olduğunu hələ də bilmirik. Çünki erməni mənbələri Azərbaycan mənbələrindən daha ətraflı məlumat verir. Amma mən onlara inanmaq istəmirəm, çünki onlar münaqişə tərəfidir. Eyni zamanda, Müdafiə Nazirliyi həlak olanlarımız barədə də ictimaiyyətə vaxtında məlumat vermədi. Səhər toqquşma olub, gün ərzində Müdafiə Nazirliyi erməni tərəfdən ölənlərin adlarını açıqlayır, ölən azərbaycanlı hərbçilərlə bağlı bir kəlmə də olsun danışmır. Və yalnız müəyyən tənqidlər səslənəndən sonra onlar saat 20.30-da şəhidlərimizin adlarını açıqlayır. Bu idarəyə etibar etmək olarmı? Mən şəxsən buna meylli deyiləm. Niyə özlərini bu qədər şübhəli aparırlar? Əgər onların hələ də bu gizli yoldan xəbəri olmayıbsa, o zaman əllərində bütün texniki müşahidə vasitələri ola-ola, onlar nə ilə məşğuldurlar?”

Baş verənlərin fonunda ictimaiyyətdə yeni anti-terror əməliyyatının aparılmasının zəruriliyi, Xankəndinin nəzarətə götürülməsi və s. bağlı fikirlər yaranıb. Ərəstun Oruclu qəti əmindir ki, bu olmayacaq. 

“Niyə bütün kanallarda bunu car çəkərək, insanları qızışdırmaq lazımdır? Düşünürəm ki, baş verənlərin mahiyyətini kölgədə qoymaq üçün. Aydındır ki, erməni təxribatları davamlı olaraq baş verir. Bəs niyə bu barədə müntəzəm geniş mesajlar yoxdur? İndi Ermənistan tərəfdə Aİ-nin monitorinq missiyası peyda olandan sonra Qarabağ ən riskli, ən qaynar nöqtəyə çevrilir. Avropa monitorinqi sayəsində Azərbaycanla Ermənistan arasında yeni birbaşa müharibənin törədilməsi imkanları minimuma endirildiyindən, indi Rusiyanın bütün diqqəti Bakı ilə Qarabağ separatçılar arasında münaqişə yaratmağa yönələcək. Bəs bu, Rusiyaya niyə lazımdır? Bölgəyə qoşun yeritmək, nəzarəti ələ keçirmək üçün.

Sual olunur: bu bizə lazımdırmı? Bəs onda bu çağırışlar nədir? Nəzarəti ələ keçirməli olduğumuz barədə radikal bəyanatlar nədir? Azərbaycanı Rusiya sülhməramlıları adlandırılan qüvvələrlə toqquşmaya kim çağırır? Bu toqquşma baş verərsə, nə olacağını deyə bilərəm. Gümrüdəki 102-ci baza bir neçə saatdan sonra Qarabağda olacaq və bununla da hər şey bitəcək.

Ona görə də hesab edirəm ki, ölkə rəhbərliyi təmkinini qorumalıdır. Sülhməramlılara gəlincə, onların imkanları məhdudlaşdırılmalıdır. O cümlədən sülhməramlıların Qarabağın erməni icmasının yaşadığı dağlıq hissəsində qondarma siyasi proseslərə təsir imkanları məhdudlaşdırılmalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəhbərliyinin davranışları nəzarətə götürülməlidir. Mən ciddi şəkildə şübhələnirəm ki, bu təxribatları Rusiya təşkil edir, həm separatçılar, həm də bizim hərbçilər Rusiya xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilib. Bu, mənim fikrimdir.

Qarabağdakı qeyri-qanuni erməni birləşmələrini tərksilah etməyə çalışmaq sülhməramlılarla birbaşa qarşıdurmaya getmək deməkdir – bu, Moskvanın qarşısına qoyduğu məqsədlərdən biridir. 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsi ilə bağlı ssenarini unutmayaq. Ona görə də, bu gün Azərbaycanda səslənən emosional çağırışları başa düşmək kifayət qədər çətindir”, – deyə politoloq yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam