Azərbaycan səfirliyinə hücum:"hicab inqilabı"nın şleyfi
Yenixeber.org: Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum və hücum zamanı diplomatın öldürülməsi, hücumçunun rəsmən elan edilmiş motivindən asılı olmayaraq siyasi akt kimi qiymətləndirilir və onun şleyfi ötən ilin avqustunda radikal şiə qruplaşmasının Londonda Azərbaycan səfirliyinə hücumundan uzanır.
Azərbaycan prezidenti İlham Əliyev hadisəni siyasi kimi qiymətləndirərək hücumu terror aktı adlandırıb.
"...Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror aktları qəbuledilməzdir!", -Əliyev Twitter-də yazıb.
Ötən ilin sonuncu dekadasında Paris, Vaşinqton, Beyrutda erməni radikalların Azərbaycanın diplomatik missiyalarına hücum faktları radikal İran dairələrinin Bakıya qarşı sui-qəsd versiyasını zəiflədir ki, bu da Tehrandakı terror aktını Bakı ilə Ermənistan -İran məhvərinin münasibətlərinin gərginləşməsinin emosional əks-sədası nəticəsində yaranan hal kimi göstərə bilər. Ancaq bu, belə deyil.
Azərbaycan dövləti öz müstəqilliyini elan edəndən bəri İran-Azərbaycan münasibətləri hər zama müxtəlif inkişaf vektorlarına görə gərgin olub: İran terrorizmi dəstəkləməkdə ittiham olunan klerikal dövlətdir, Azərbaycan isə dünyəvi prinsiplər əsasında inkişaf edən dövlətdir. Bu mənada tərəflər bir-birini qarşılıqlı təhlükə kimi görürlər.
İran-Azərbaycan münasibətlərində indiyədək görünməmiş son sıçrayış öz başlanğıcını 2022-ci il avqustun 4-dən götürür. “The MahdiServants Union” radikal şiə qruplaşmasının üzvləri Azərbaycanın Londondakı səfirliyinin binasına soxularaq qırğın törətmişdilər.
Sonra gərginlik sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dress-kodu pozduğuna görə İran əxlaq polisi tərəfindən döyülməsi nəticəsində ölümündən sonra artıb.
Bu ölüm İranı lərzəyə gətirib, “hicab inqilabı”na start verilib, ölkənin bütün təbəqələrinin və etnik qruplarının, o cümlədən İran etnik təbəqəsinin mühüm hissəsini təmsil edən azərbaycanlıların iştirak edib.
Məhz onlar 1979-cu il antişah inqilabının önündə olublar və gənc İran demokratiyasının bayrağını endirib mollaların çoxillik total idarəçiliyini aradan qaldıran klerikal rejimə problemlər yaradıblar.
Tehran baş verənləri Azərbaycan da daxil olmaqla, xarici qüvvələrin müdaxiləsi və manerası kimi izah etməyə tələsdi.
Oktyabrın 3-də İsrailin müdafiə naziri Beni Hansın Azərbaycana səfəri ərəfəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Bakını İranın daxili işlərinə qarışmaqda ittiham etdi. İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli saytda isə Azərbaycan, İsrail və Türkiyənin İran ərazisinə silah gpndərməsi barədə məlumat yayıldı.
İranın azərbaycanlıların yaşadığı şimal sərhədlərinə qoşun çıxarıldı. Hərbi güc nümayişi siyasi ritorika ilə müşayiət olundu. Oktyabrın 17-də, Azərbaycan Respublikasının Müstəqillik Gününün qeyd olunmasından bir gün öncə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları Araz çayı bölgəsində Şərqi Azərbaycan əyalətlərində və Ərdəbildə təlimlərə başladı.
İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur bildirdi: “Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh və dostluq, regionda sabitliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının digər silahlı qüvvələrlə birlikdə ölkənin sərhədlərini qorumaq və istənilən təhlükəyə qətiyyətlə cavab vermək hazırlığının nümayişidir”.
Qeyd edək ki, Bakı bu dəfə inamla və adekvat hərəkət etdi.
Noyabrın 1-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin ifşası barədə məlumat yaydı.
Bir gün sonra, noyabrın 2-də İranla sərhəd zonasında Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin hərbi hissələrinin təlimləri başladı.
Noyabrın 7-də İranın İnformasiya və Kəşfiyyat Nazirliyi Azərbaycanı oktyabrın 26-da Şiraz şəhərindəki məsciddə terror aktının təşkilində ittiham etdi. Terror zamanı 13 nəfərin həlak olub.
Eyni zamanda, Kipr mətbuatında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ alınmış Azərbaycan vətəndaşı Orxan Əsədovun Kiprdə həbs edilməsi barədə xəbər yayıldı. O, 5 israilliyə qarşı qətl törətməliydi.
Noyabrın 11-də ABŞ Dövlət Departamenti İranın regiondakı qonşularına, o cümlədən Azərbaycana qarşı güclənən ritorikasına reaksiya verdi: “Bizə tamamilə aydın idi ki, İran region üçün təhlükə törədir”, - mətbuat katibi Ned Prays gündəlik mətbuat konfransında bildirib.
Turan-ın müxbiri Praysa son həftələr İranın Azərbaycanın ünvanına artan ittihamlarından sonra Tehranla Bakı arasında gərginliyin artması, həmçinin Tehranın ritorikası davam edərsə, Vaşinqtonun İranın Azərbaycan kimi qonşularını müdafiə etməyə hazır olub-olmaması barədə sual verib.
“Biz öz tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik və nəticədə İranın regionda və ola bilsin ki, onun hüdudlarından kənarda sabitliyi pozan təsirinə qarşı müqavimət göstərəcəyik”, - Prays deyib.
Bu vaxt Bakı siyasi demarşlarını davam etdirirdi.
Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının sammitində prezident Əliyev həmkarlarını xaricdəki soydaşların problemlərinə biganə qalmamağa çağırdı. “Təəssüf ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - Əliyev Cənubi (İran) Azərbaycanda yaşayan etnik azərbaycanlıları nəzərdə tutaraq deyib.
Həmin gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı və ona İran KİV-də Azərbaycan əleyhinə aparılan kampaniyadan narazılıq bildirildi.
Noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 5 ölkə vətəndaşının İranın xeyrinə casusluğa görə ifşa olunduğunu bildirdi.
Həmin gün bir qrup iranlı deputat türk dövlətlərinin 9-cu sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin fikirlərinə kəskin reaksiya verdi.
İranın özündə gərginlik azaldıqca münasibətlərin kəskinliyi azalmağa başladı. Yeni il ərəfəsində İranın xarici işlər naziri Hüseyn Abdullahiyan bakılı həmkarı Ceyhun Bayramova zəng edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Dostluq münasibətlərinin bərpası prosesi təklif edildi.
Bu, hakimiyyətlə xalqın “hicab qarşıdurması”nda sakitləşdiyi bir vaxtda baş verdi ki, bu da hadisələrin gedişini öz xeyrinə çevirmək iqtidarında olmayan hansısa qüvvələr balansından xəbər verirdi. Baxmayaraq ki, ümumilikdə, hakimiyyətin klassik geniş repressiyadan imtina etməsi məğlubiyyət kimi qiymətləndirilə bilərdi.
Göründüyü kimi, münasibətlərdə gərginliyin artması və azalması ən çox İranın daxili problemləri ilə bağlıdır və gələcəkdə növbəti daha ciddi fəsadlaşmanı gözləmək lazım gələcək, çünki fasilə götürmüş “hicab inqilabı” rejimin böhranının əksi kimi mütləq özünü daha geniş siyasi kontekstdə göstərəcək. Bu, zaman məsələsidir.
Mehman Əliyev