Yenixeber.org: Moskvanın vizit kartlarından biri sayılan Xalq Təsəsrrüfatı Nailiyyətləri Sərgisi (XTNS – ruscada “VDNX”) 1939-cu ildən fəaliyyət göstərməyə başlayıb. Bu illər ərzində SSRİ-yə təşrif buyuran sıravi turistlərdən tutmuş xarici ölkələrin dövlət başçılarına qədər sərgi əcnəbi qonaqların böyük marağına səbəb olub. Stalinin hakimiyyəti dövründən sovet liderləri “VDNX”-nın fəaliyyətini həmişə diqqət mərkəzində saxlayıblar, 320 hektardan artıq bir ərazini tutan sərgidəki vəziyyət, yeniliklər haqqında onları mütəmadi olaraq məlumatlandırıblar.
Fəaliyyətə başladığı ildə XTNS-da “Gürcüstan SSR” adlı pavilyon da yaradılıb. Bu haqda Stalinə məlumat verilib. Vyaçeslav Molotov dostyana sovet liderinə Gürcüstan pavilyonunu ziyarət etməyi, bir gürcü kimi tövsiyə və göstərişlərini verməyi məsləhət görüb. Stalin Molotovun fikri ilə razılaşıb, sərgini hökmən ziyarət edəcəyini bildirib, amma konkret vaxt deməyib, düşünüb ki, onun gəlişinə sərgidə xüsusi hazırlıq görüləcək, işçilər gərginlik içərisində olacaq.
Stalinin şəxsi katibi Poskrebışev bu haqda öz xatirələrində yazıb:
“Qəzetlərdə XTNS-ın Gürcüstan pavilyonunun hazır olduğu haqqında məlumat dərc edilmişdi. Yazılmışdı ki, pavilyon yaxın günlərdə ziyarətçilər üçün açıq olacaq. Stalin bu məlumatı oxuduqdan sonra məndən soruşdu:
- Əgər pavilyon hazırdırsa, niyə ziyarətçilərin ixtiyarına verilmir?
Mən özümdə cəsarət tapıb onun sualını cavablandırdım:
- Yəqin ki, sizin tarixi vətəninizin adını daşıyan pavilyonda ilk ziyarətçi kimi sizi görmək istəyirlər.
O, bir neçə dəqiqə susdu, qəbul otağında var-gəl etdi və üzünü mənə tutudu:
- Hə, elə Molotov da belə düşünür. Bir saatdan sonra XTNS-ə gedəcəyik. Amma bu haqda onlara məlumat verməyin”.
XTNS rəhbərliyi üçün Stalinin gəlişi gözlənilməz olub. Sovet lideri xidməti avtomobilindən düşərək pavilyonun birinci salonuna daxil olub. 10-15 addım atdıqdan sonra o, ayaq saxlayıb. Ləng hərəkətləri ilə cib qəlyanını çıxarıb, tütün doldurub, kibriti yandıranda arxadan kimsə ona yaxınlaşıb:
- Burada siqaret çəkmək olmaz. Pavilyonda çoxsaylı tezalışan konstruksiyalar var, siz yanğın təhlükəsi yarada bilərsiniz...
O, fikirlərini davam etdirmək istəyəndə Stalinin ona çevrilmiş üzünü görüb və xəbərdarlığını davam etdirə bilməyib. Stalin isə əlindəki kibriti və qəlyanı cibinə qoyub, salonu ziyarət etməkdə davm edib.
Stalinə xəbərdarlıq edən şəxs sərginin yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan əməkdaş olub. O, salona Stalindən sonra yardımşı otaqdan daxil olduğundan kibrit yandıran şəxsin kim olduğunu bilməyib.
Stalin təxminən bir saata yaxın pavilyonu gəzib, bələdçiyə diqqətlə qulaq asıb, fikir mübadiləsi aparıb, sonda pavilyon haqqında müsbət fikir söyləyib. O, giriş qapısından çıxanda kənarda dayanan rəngi ağarmış “yanğınsöndürənə” diqqətlə baxıb və pavilyonu tərk edib.
Səhərisi gün Stalinə xəbərdarlıq edən “yanğınsöndürən” işə gəlməyib. Sərginin rəhbərliyi maraqlananda evdən bildiriblər ki, o, özünü olduqca pis hiss edir, vəziyyəti o dərəcədə ağırdır ki, hətta işə çıxmaq gücündə deyil.
Bu hadisədən sonra XTNS-ın işçiləri arasında söz-söhbət kəsilməyib. “Başını hər yerə soxur”, “Elə bil, gözləri tutulmuşdu, o boyda Stalini görmürdü”, “Stalinə irad tutanın aqibəti ağır olacaq” kimi ifadələr günün frazısına çevrilib. Çoxları isə yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi qəpik-quruş maaş alan əməkdaşın “NKVD”-yə aparılacağını düşünərək təəssüf hissi keçirib.
Amma hər şey əksinə olub. İki gündən sonra sərginin rəhbərliyi “yanğınsöndürən”in evinə adam göndəriblər ki, təcili işə çıxsın. İş yerinə gələn əməkdaşı direktor qəbul edib:
- Bəsdir xəstə yatdın, işə çıxmaq lazımdır. Özün Stalinə dediyin kimi sərginin pavilyonlarında tezalışan konstruksiyalar çoxdur. Sən evdə yatsan, onların yanğın təhlükəsizliyinə kim cavab verəcək?
Özünü müqəssir sayan əməkdaş direktorun qarşısında bəraət qazanmağa, özünü doğrultmağa çalışıb:
- Mən qəsdən etmədim. Mən bilmirdim ki, kibriti yandıran Stalindir. Kirbrit yananda mən kükürdün iyini hiss edib arxadan ona yaxınlaşdım. Heç ağlıma da gəlməzdi ki, xəbərdarlıq etdiyim, irad tutduğum şəxs Stalin olacaq.
Direktor onu sakitləşdirib və gülümsəyərək deyib:
- Sən düz eləmisən, öz vəzifə borcunu yerinə yetirmisən. Heç nədən qorxmaq, həyəcan keçirmək lazım deyil. Bu hərəkətinə görə sənə Mərkəzi Komitədən Stalinin imzası ilə tərifnamə də göndərilib: Vicdanlı əməyə və xüsusi mühüm obyektin mühafizəsi zamanı göstərdiyi sayıqlığa görə. Hələ üstəlik bir aylıq maaş həcmində mükafat da yazılıb sənə.
Bu hadisə bu günə qədər də XTNS-də tez-tez xatırlanır. 12-ci pavilyonu ziyarət edəndə bələdçilər bu hadisəni böyük həvəslə danışırlar.
İlham Cəmiloğlu