Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər -Region genişmiqyaslı böhranla üz-üzə qalıb

İsraillə İran arasında eskalasiya artan templə davam edir. Tərəflərin qarşılıqlı zərbələrinin gücü və sayı getdikcə yüksəlir.
Yenixeber.org: Sosial şəbəkələrdə və teleqram kanallarında Tehrandan kütləvi köçü göstərən videolar yayılır. Kadrlarda şəhərdən çıxan yollarda bir istiqamətli avtomobil sıxlığı və paytaxt sakinlərinin panika içində şəhəri tərk etdiyi görünür. Çəkilişlərdə şəhərdən çıxan magistral yollarda avtomobil axını təsvir olunur. Videoların başlıqları isə belədir: “Tehrandan kütləvi köç! İnsanlar çamadanlarını yığaraq panikada paytaxtı tərk edirlər”.
Eyni zamanda, İsrail kanallarında ordu rəhbərliyinin Tehrandan təxliyə barədə İran sakinlərinə müraciət edəcəyi ilə bağlı məlumatlar yayılır. Qeyd edək ki, Tehran bölgəsində təxminən 15 milyon insan yaşayır.
İnsanların çoxu şimal istiqamətində, Xəzər dənizi sahillərinə, kənd və təcrid olunmuş ərazilərə üz tutur. Amma yerli sakinlərin CNN-ə dediklərinə görə, yollar o qədər yüklənib ki, hərəkət demək olar, mümkün deyil.
Ər, arvad və iki azyaşlı uşaqdan ibarət ailə Tehrandan çıxmaq qərarı verib. Ailənin başçısı deyir: “Mən evimi tərk etmək istəmirəm, amma balaca uşaqlarımı bu təhlükəyə məruz qoya bilmərəm”.
Şiraz şəhərində isə yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yaranıb. Sakinlər kütləvi şəkildə ərzaq, su və uşaq bezləri alırlar. Şəhər küçələrində üstü su bidonları və çamadanlarla dolu ailələrin olduğu avtomobillər şütüyür – bir çoxları şəhəri tərk edib kəndlərə üz tutur.
Bəs, hazırkı eskalasiyanın geniş regional müharibəyə çevrilmə riski nə qədər yüksəkdir? Bu, ətraf ölkələr, o cümlədən Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər? İran vətəndaşlarının, xüsusilə də etnik azərbaycanlıların kütləvi şəkildə ölkəmizə köçü ola bilərmi? Ya da, hansısa düşmən təxribatı nəticəsində Azərbaycanın müharibəyə cəlb olunması variantı realdırmı?
Suallarımızı Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos cavablandırıb.
Onun fikrincə, İsraillə İran arasında baş verən eskalasiyanın genişmiqyaslı regional müharibəyə çevrilmə riski yüksəkdir. Amma bu risk bir sıra faktorlardan, o cümlədən tərəflərin davranışından, onların müttəfiqlərinin reaksiyasından və beynəlxalq birliyin vəziyyəti nə dərəcədə cilovlaya biləcəyindən asılı olacaq.
“Hazırda vertikal eskalasiya (İsrail və İran arasında zərbələrin güclənməsi) ehtimalı, horizontal eskalasiyadan (çoxsaylı ölkələrin münaqişəyə cəlb olunması) daha yüksəkdir. Lakin mühüm infrastrukturun vurulması və ya mülki şəxslərin həlak olması kimi təsadüfi hadisələr vəziyyəti kəskin dəyişə bilər.
Azərbaycan coğrafi mövqeyi, İsraillə strateji tərəfdaşlığı və İranla mürəkkəb münasibətləri səbəbindən unikal və eyni zamanda həssas mövqedədir. Azərbaycan İsrailin mühüm tərəfdaşıdır, onun neft tələbatının 65%-ə qədərini təmin edir və pilotsuz uçuş aparatları və raketlər daxil olmaqla, silahlarının əhəmiyyətli hissəsini oradan alır. Öz növbəsində İsrail Qarabağ müharibəsində Azərbaycana dəstək göstərib və İranla bağlı kəşfiyyat məlumatlarını bölüşüb. Bu isə Azərbaycanın İran üçün potensial hədəfə çevrilməsinə səbəb olur. Çünki Tehran rəsmi Bakını İrana qarşı əməliyyatlar üçün İsrailə baza təqdim etməkdə ittiham edən”, – tədqiqatçı bildirir.
O, xatırladıb ki, İranın Şərqi və Qərbi Azərbaycan, eləcə də Zəncan vilayətlərinin əhalisini etnik azərbaycanlılar təşkil edir və onlar İranın ümumi əhalisi arasında da mühüm pay sahibidirlər. “İran tarixən bu bölgələrdə assimilyasiya siyasəti aparıb və bu da narazılıqlara səbəb olub. İran Azərbaycanın uğurlarını, xüsusilə Qarabağdakı uğurlarını təhlükə kimi qəbul edir və bu, əlavə gərginlik yaradır.
Kütləvi miqrasiya riski istisna deyil. Humanitar böhran və müharibənin genişlənməsi halında, o cümlədən etnik azərbaycanlıların Azərbaycana axını riski də mövcuddur. Miqrasiyanın miqyası eskalasiyanın intensivliyindən asılı olacaq. Eskalasiya halında Azərbaycan yüz minlərlə qaçqın axını ilə qarşılaşa bilər. Bu da ölkənin iqtisadi və sosial infrastrukturuna ciddi yük olacaq.
Azərbaycanın münaqişəyə birbaşa cəlb olunması ehtimalı isə aşağıdır. Çünki Bakı neytral qalmaq siyasətinə üstünlük verir və həm İsraillə, həm də İranla diplomatik münasibətləri saxlayır”, – Semivolos vurğulayıb.(pressklub)