Əhməd Obalı: “Edam qərarı belə, Güneydəki soydaşlarımızı çəkindirməyəcək”
Xəqani Cəfərli: “İran ya federativ bir dövlətə çevriləcək, ya da tamamilə parçalanacaq”
Yenixeber.org: İran hökuməti etiraz edən 14 min vətəndaşını edam etməyə hazırlaşır. Rəsmi Tehranın bununla bağlı qəbul etdiyi qərar beynəlxalq ictimaiyyətdə hiddətlə qarşılanıb. Həbs olunanların hansı cəza tədbiri alacağı dəqiq bilinməsə də, mediada yayılan informasiyalara görə, onların edamı istisna olunmur.
İran parlamentinin 290 deputatından 227-si etirazcıların cəzalandırılması təklifinin lehinə səs verib. İran məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Eceinin sözlərinə görə, “rejimi devirmək niyyətində olan saxlanılan etirazçılar xarici təsirlərdən asılıdır və qanuni standartlara uyğun olaraq cəzalandırılacaqlar”.
Qeyd edək ki, bu gün İranda hökumətə etiraz edən mindən çox şəxs məhkəmə hökmü alıb. Onların hansı cəza aldıqları isə açıqlanmayıb.
Göründüyü kimi, İran rejimi kütləvi etirazlardan təşvişə düşüb və diktatorlar üçün ən son sayılan üsula əl atmağa – aksiyaya qatılan vətəndaşları edam etməyə hazırlaşır. Molla rejiminin bu qərarı hansı nəticələrə gətirib çıxaracaq?
Mövzunu ekspertlərlə müzakirə etmişik.
ABŞ-da yaşayan, Güney Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının sözlərinə görə, molla rejimi kütləvi etirazlardan vahiməyə düşüb və ağlını itirib: “Təsəvvür edin ki, fars rejimi ən son üsula – kütləvi edama əl atır. Əslində, burada təəccüblü bir şey yoxdur. İran rejiminin xisləti budur və onlar iflasa uğrayan siyasi sistemi xilas etmək üçün öz əhalisini qırmağa belə, hazırdırlar”.
“Bu, həyəcan siqnalıdır və dünya birliyi İranın bu vəhşiliyinə qarşı kəskin mübarizə aparmalıdır. İrana qarşı sanksiyalar artırılmalı və fars rejimi dünyadan təcrid olunmalıdır. Öz əhalisinə qarşı kütləvi qətliam həyata keçirən bir rejimə dözüm nümayiş etdirmək olmaz. Fars rejiminin bu cür cəza tədbirləri heç şübhəsiz ki, nəticəsiz qalacaq”, - deyə həmsöhbətimiz bildirib.
O, güneyli soydaşlarımızın da öz azadlıqları uğrunda mübarizəyə başladıqlarını söyləyib: “Bunun qarşısını almaq artıq mümkün deyil. Rəsmi Tehran bu yolla əhalinin gözünü qorxutmağa və onları çəkindirməyə çalışır. Hesab edirlər ki, edam qərarı etirazçıları geri çəkilməyə təhrik edəcək. Lakin bu ssenari də onların öz əleyhinə işləyəcək. Proses artıq başlayıb və inzibati yollarla bunun qarşısını almaq nəticəsiz qalacaq”.
Siyasi mühacir hesab edir ki, Güneydəki soydaşlarımız öz hökumətlərini qurmaq niyyətindədirlər: “Fəalların əsas şüarları “Azadlıq, ədalət, milli hökumət”dir. Molla rejimi isə on illərdir yürütdüyü zorakılıq siyasətinə davam edir, öz vətəndaşını əzir, türklərin əleyhinə olan kim varsa, hamısı ilə əməkdaşlıq edir. Bu siyasət özünü İranın son illər qabarıq hal alan anti-Azərbaycan siyasətində də göstərməkdədir. İran rejimi Ermənistana dəstək verməklə, Azərbaycana qarşı təzyiq siyasətini işə salmaqla güneylilərin şimaldan dəstək almasına mane olmağa çalışır. Mollalar illərdir vətəndaşların inancından, şiə islamçılığından sui-istifadə edərək, Kərbəla-Nəcəf, Məşhəd-Qum ziyarətlərini öz şəxsi bizneslərinə çeviriblər. Din pərdəsi altında əhalini soyqırıma məruz qoyurlar”.
“Bütün sivil cəmiyyətlərdə vətəndaşların etiraz etmək, öz haqqını tələb etmək hüququ var. Bunun qarşısını repressiv yollarla almaq, etiraza qalxanları edamla hədələmək molla rejiminin mahiyyətindən xəbər verir. Bu repressiyaların cavabında Güney azərbaycanlılar daha da aktivləşiblər. Milli dövlətçiliyimizin qurulması yolunda hədəfimizi düzgün qoymuşuq. Biz İran çərçivəsində hər hansı hüquqa inanmırıq və bizim hüquqlarımız verilməyəcək. Qanunda yazılsa belə, icra olunmayacaq. Dəfələrlə biz təcrübədə buna şahid olmuşuq”, - deyə Obalı vurğulayıb.
Politoloq Xəqani Cəfərlinin fikrincə, 2010-cu ildə müxalifət qüvvələri iqtidara gəlsəydi, bu hadisələr baş verməyəcəkdi: “İran rejimi o zaman bu qüvvələrin hakimiyyətə gəlməsinə imkan vermədi və inzibati yollarla bunun qarşısını aldı. Artıq gecdir və daxildə siyasi islahatlar aparmaqla molla rejimi xilas ola bilməyəcək. Bu gün İranda yaşayan milli azlıqlar öz hüquqlarını qorumağa başlayıblar və bu proses kütləvi xarakter alıb”.
“İranda son aksiyalar göstərir ki, insanların tələbləri də fərqlidir. Əgər əvvəllər sosial-iqtisadi tələblər, sonra insan hüquqlarının təmin olunması, rejim daxilində dəyişiklərlə bağlı şüarları eşidirdiksə, indi proseslər fərqli müstəviyə keçib. Əgər "Azadlıq, ədalət, milli hökumət!" aparıcı şüara çevrilirsə, bu, xalqın böyük hissəsinin rejimdən ümidini kəsdiyini göstərir”, - deyə müsahibiiz qeyd edib.
Cəfərli düşünür ki, İranın gələcək taleyi barədə qəti proqnozlar vermək çətin olsa da, cənub qonşumuzun yolun sonuna gəldiyi müşahidə olunur: “İran federativ dövlət olacaq, yoxsa parçalanacaq - bu barədə qəti ehtimal söyləmək çətindir. Lakin görünən odur ki, molla rejimi sürətlə məhvə doğru irəliləyir və inzibati müdaxilələr, respresiv üsullar da bunun qarşısını almayacaq. Etirazçıların kütləvi şəkildə edamına dair qərara gəldikdə isə, bütün diktatorlar sonda buna bənzər üsullara əl atırlar və tarixi təcrübəyə istinadən etsək, görərik ki, məhz bu cür qərarlarla öz sonlarını daha da yaxınlaşdırırlar”.(AYNA)