“SSRİ-nin ƏFSANƏSİ” PUTİNƏ QARŞI! –Alla Puqaçovanın müraciəti Kremli niyə çətin duruma salıb?
Yenixeber.org: Bunu məşhur rusiyalı müğənni, SSRİ Xalq artisti və ümumiyyətlə, xüsusi təqdimata ehtiyacı olmayan Alla Borisovna Puqaçova Kremlə etiraz məktubunda bildirib.
Beləliklə də, Alla Puqaçova Ukrayna müharibəsinə qarşı olduğu üçün ittiham edilərək, barəsində “xarici agent” statusu təyin edilən həyat yoldaşı Maksim Qalkini dəstəkləyərək, rəsmi orqanlara “məni də xarici agent elan edin” deyib.
Xatırladaq ki, Qalkin rus əsgərlərinin törətdiyi müharibə cinayətlərini qınamış və Ukraynanın işğal edilməsinə heç bir şeylə bəraət qazandırılmayacağını demişdi.
Puqaçovanın bu müraciəti Kremldə şok effekti yaradıb. Xüsusilə də onun Ukraynadakı müharibəni nəzərdə tutaraq dediyi “gənclərin xəyali məqsədlər uğrunda ölməsi”, “ölkənin qovulmuş vəziyyətə salınması”, “vətəndaşların ağır vəziyyətə düşməsi” kimi ifadələr Putin hakimiyyəti üçün olduqca təhlükəlidir. Buna görə rəsmi Rusiya KİV-ləri Puqaçovanın müraciətinin yalnız ilk cümlələrini dərc edərək, onun “xarici agent” statusu almaq istədiyini yazıblar. Bunun hansı səbəbdən irəli gəldiyini isə şərh etməyiblər... Ümumiyyətlə, Puqaçova ilk dəfədir ki, bu cür siyasi açıqlama verir. Bunun nə demək olduğunu anlamaq o qədər də çətin deyil. Məsələ ondadır ki, Puqaçova barədə sadəcə, “müğənni” deyib keçmək qətiyyən doğru olmaz. O, təkcə Rusiyanın mədəniyyət tarixinə düşmüş şəxsiyyət, Rusiyada son 50 ilin ən böyük pop ulduzu deyil. Onun daşıdığı olduqca sanballı ictimai-siyasi, sosial, hətta siyasi bir yük də var.
Rusiyanın xüsusilə yaşı 40-dan yuxarı olan əhalisi üçün Puqaçova az qala müqəddəsdir və məsələ ondadır ki, Putinin əsas elektoratı da məhz həmin yaş qrupuna aid olan insanlardan ibarətdir. Bu insanlar Puqaçovanın çəkildiyi filmləri əzbər bilir, həmin filmlərdəki obrazlar, epizodlar, sitatlar və s. onların həyatının, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayıb. Elə bir toy, ad günü, bayram olmayıb ki, onun mahnıları oxunmasın. Onun konsertləri az qala tarixi hadisə kimi qarşılanıb və böyük meydanları, stadionları doldurub və s.
Hətta əzəmətli SSRİ “KQB”-si belə heç zaman ona toxunmayıb, o, rəhbərlərə yox, rəhbərlər ona biət ediblər. Bütün bunlara görə Puqaçova haqlı olaraq, bir növ qeyri-rəsmi toxunulmazlıq satatusu qazanıb.
Elə indi də Puqaçovanı bütün xalq tanıyır və bilir ki, o, ABŞ-a, Qərbə və digər “düşmənlərə” işləyə, satıla bilməz. Hər nə qədər saxta ittihamlar, “faktlar” və s. ortaya atılsa belə (hansı ki, bunlar Rusiya FTX-si üçün adi şeydir), heç kim buna inanmayacaq. Ona görə də Putin hakimiyyəti üçün onu ləkələmək, qorxutmaq, susdurmaq cəhdləri olduqca çətin və perspektivsiz davranış olardı.
Bu adam keçmiş Azərbaycan SSR də daxil olmaqla, bütün respublikalarda SSRİ mentalitetinin, düşüncəsinin, həyat tərzinin simvolu olub. O SSRİ-nin ki, indi Putin Rusiyası guya bərpa etməyə çalışır. Əslində isə daha çox məhz Puqaçova SSRİ-nin mənəvi və fiziki simvolu, hətta varisi sayıla bilər, nəinki Putin və onun ətrafı. Puqaçova orijinal formada, ideal SSRİ-nin simvoludursa, Putin və ətrafı daha çox saxta, korrupsiyalaşmış, cinayətlərə bulaşmış SSRİ-dir. Hazırda yaranmış durumdan isə belə nəticə çıxır: Puqaçovanın etirazı gerçək SSRİ-nin saxta SSRİ-yə qarşı üsyanıdır. Bu, həm də Rusiya eliatasının üsyanının əlaməti sayıla bilər. Çünki Puqaçova təkcə SSRİ deyil, yeni Rusiya elitasının da bir parçasıdır...
Təbii ki, bütün bunları Kremldə də anlayırlar. Məsələnin ciddiliyini göstərən amillərdən biri də odur ki, Putinin sözçüsü Dmitri Peskov Alla Puqaçovanın bəyanatı ilə bağlı verilən suala cavab verməkdən imtina edib və sadəcə deyib ki, buna dair heç bir şərh verə bilməz.
Artıq bəzi xəbərlərə görə Kreml əfsanəvi müğənni ilə anlaşmağa, vəziyyəti düzəltməyə çalışır. Lakin müşahidəçilər bildirirlər ki, Puqaçovanın etiraz açıqlamaları davam edə bilər. Belə ki, yaşı 70-i ötsə də, xarakteri onun geri çəkilməsini mümkünsüz edir və onun bu müraciətinin xüsusilə də “rus dərin xalqı”na ciddi təsir edəcəyi və Putinə, onun Ukraynada apardığı savaşa qarşı etirazları bir qədər də artıracağı şübhəsizdir. Bu isə zatən Ukrayna bataqlığında gündən günə daha da dərinə batan Putin hakimiyyətinə, onun ölkə daxilindəki olan-qalan nüfuzuna növbəti güclü zərbədir...
“Azpolitika”