RUSİYA UKRAYNADA QƏTLİAMA BAŞLAYIB! Minlərlə dinc sakin öldürülür, aclıq hökm sürür....-FOTOLAR
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 13-cü günündə dinc əhali arasında ölənlərin sayı minlərlə ölçülür, yüz minlərlə insan isə rus qoşunlarının mühasirəyə aldığı yaşayış məntəqələrini tərk edə bilmir və humanitar fəlakətin miqyası get-gedə böyüyür.
Yenixeber.org: Kiyev vilayət administrasiyasının rəhbəri Andrey Kuleba bu gün martın 8-də keçirdiyi brifinqdə bildirib ki, vilayətin Polessya, Dımer və İvankov rayonları humanitar fəlakətin bir addımlığındadır.
“Qəsbkarlar əhalinin təxliyəsinə imkan vermir. Ötən sutka ərzində İrpen şəhərindən ancaq müstəqil şəkildə toplantı yerlərinə gəlib çıxanları təxliyə etmək mümkün olub. Hazırda rayondan əhalinin kütləvi təxliyəsinə və humanitar yardımın çatdırılmasına hazırlıq görülür, ancaq bunun üçün sükut rejimi zəruridir”, - vilayət rəhbəri bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna şəhərlərindən əhalinin təxliyəsi və humanitar yardımların çatdırılması üçün dəhlizlər açıldığını, sükut rejiminin tətbiq edildiyini elan edib. Lakin humanitar dəhlizlərin marşrutu elə müəyyən edilib ki, ukraynalılar öz evlərini tərk edərək ancaq işğalçı ölkəyə-Rusiyaya və bu işğalda ona dəstək verən Belarusa üz tuta bilərlər. Bu isə ukraynalılar üçün təhqir deməkdir və onların heç biri işğalçıların ayırdığı dəhlizə üz tutmaq istəmirlər.
Andrey Kuleba bildirib ki, Kiyev vilayətinin Vışeqorod rayonunun şimal hissəsi düşmən işğalı altındadır. Bu rayonda düşmən qüvvələrinin yenidən dislokasiyası və qruplaşması müşahidə olunur.
Kuleba gün ərzində Kiyev vilayətinin bütün yaşayış məntəqələrinin aviazərbələrin hədəfi ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, ən mürəkkəb vəziyyət Buça, İrpen və Hostomel şəhərlərində yaranıb. Vilayət rəhbəri əli silah tutanların kütləvi şəkildə ərazi özünümüdafiə dəstələrinə axın etdiyini də deyib.
Sumı vilayətində də humanitar fəlakət hökm sürür. Ötən gün Rusiya aviasiyası Sumı şəhərinin yaşayış rayonlarına şiddətli aviazərbələr endirib, dağıntılar altından bu vaxta qədər 21 nəfərin, o cümlədən azyaşlı uşaqların meyitlərini çıxarmaq mümkün olub. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Telegram-hesabında Sumı şəhərində dağıntılar altından çıxarılan meyitlərin fotolarını paylaşıb.
“Əclaflar! Siz dinc sakinləri qətlə yetirməklə Sumı şəhərinin müdafiəçilərinin iradəsini sındıra bilməyəcəksiniz! Onlar daha qəzəbli, daha hiyləgər, effektiv olacaqlar və düşmənə ağrılı zərbələr endirəcəklər!”, - o yazıb.
Mühasirədə olan və humanitar fəlakətin yaşandığı digər Ukrayna şəhəri isə Mariupoldur. Rusiya qoşunları şəhərdən əhalinin təxliyəsi üçün humanitar dəhliz yaradıldığını bildirsələr də həmin dəhliz ancaq işğal altındakı ərazilərə aparır. Və bu gün məhz həmin dəhlizlə şəhərə yeni hücum başlayıb. Mariupolu müdafiə edən “Azov” batalyonu bu haqda bildirib.
Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində Rusiyanın hava zərbələri altında həlak olan dinc ukraynalılar, dağıdılan şəhərlər barədə danışıb.
“İşğlçılar Sumı şəhərini yenidən bombaladılar. Aviabombalarla. Bizim dinc şəhəri, hansı ki, öz tarixi boyu heç vaxt Rusiyanı təhdid etməmişdi! Xeyirxah, sakit Sumı şəhərini cəhənnəmə çevirirlər. Mariupol. Dinc və zəhmətkeş şəhərin heç kimə pisliyi dəyməmişdi. Onu mühasirəyə aldılar, hər tərəfdən yolunu bağladılar. Və xüsusi olaraq dağıdıb tükədirlər. Xüsusi olaraq işgəncə verirlər. İşğalçılar qəsdən rabitəni kəsiblər, bilərəkdən qida təchizatının qarşısını alıblar, suyu kəsiblər, elektriki kəsiblər. Mariupolda faşistlərin işğalından bu yana ilk dəfə azyaşlı uşaq soyuqdan, aclıqdan öldü. Bu gün məni dinləyin, hörmətli tərəfdaşlar. Soyuqdan, aclıqdan, 2022-ci ildə! 13 gündür biz vədlər eşidirik, 13 gündür bizə deyirlər ki, az qalıb, gözləyin, hava dəstəyi olacaq, təyyarələr verəcəklər. Ukraynada aviazərbələrdən ölən, mühasirədə olan şəhərlərdə ölən hər bir adama görə günahkar əlbəttə, Rusiya dövlətidir. Hansı ki, bütün müharibə qanunlarını pozur, şüurlu şəkildə Ukrayna xalqını məhv edir. Günah işğalçılardadır. Lakin məsuliyyəti həm də 1 gündür haradasa Qərbdə, kabinetlərdə oturub zəruri qərarları qəbul edə bilməyənlərin üzərindədir. Onların üzərindədir ki, Ukrayna səmasını qorumaq istəmirlər. Rus qatillərindən. Bizim şəhərlərimizi aviazərbələrdən qorumayanlar bu məsuliyyəti bölüşür”, - Zelenski bildirib.
Ukrayna prezidenti çıxışında deyib ki, şəhərlərdə yüz minlərlə insan həyatla ölüm arasında çarpışır. O, Ukrayna üçün döyüş təyyarələrinin və hava hücumlarından qorunmaq üçün raketlərin vacib olduğunu bir daha vurğulayıb.