Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İnqilabçı seyid oğlu, gizli qaçış, qürbətdə ölən prezident-Şahdan sonrakı ilk rəhbərin həyat hekayəsi

Yenixeber.org: Fevral ayı İran İslam inqilabının ildönümüdür. Üstündən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq, XX əsrin bu tektonik hadisəsinə maraq azalmır. Bununla əlaqədar həmin inqilabın bir neçə önəmli fiquru haqqında məqalələr yazmağı qərara aldım. Birinci personaj İslam Respublikasının ilk prezidenti, səlahiyyətlərinin icrasına başlayandan ilyarım sonra impiçmentə məruz qalaraq ölkədən qaçmalı olan Əbülhəsən Bənisədrdir. 

O, 1933-cü ildə Həmədanda, ruhani ailəsində anadan olub. Atası Seyid Nəsrullah Bənisədr nüfuzlu müctəhid idi. Bəzi mənbələrdə Bənisədr ailəsinin azərbaycanlı olduğu göstərilir. 

Atasının istəyinə baxmayaraq, Əbülhəsən dini deyil, dünyəvi karyera seçir, Tehran universitetində hüquq təhsili alır. Onun tələbəlik illəri İran tarixində önəmli hadisələrlə zəngin olur. Milli Cəbhənin lideri Məhəmməd Müsəddiq baş nazir olur, bir sıra islahatlar, eləcə də İran neftinin milliləşdirilməsini həyata keçirir. Bənisədr Tehran universitetində Milli Cəbhənin şöbəsinə rəhbərlik edir.

O, əmək fəaliyyətinə elə Tehran universitetinin nəzdində yaranan Sosial tədqiqatlar və araşdırmalar institutunda başlayır. Müsəddiqin devrilməsindən sonra siyasi fəaliyyətinə görə iki dəfə həbs olunur.

1963-cü ilin yanvarında Məhəmməd Rza şah “Ağ inqilab” adını alan islahatlar proqramı elan etdi. Bu addım mühafizəkar din xadimlərinin etirazına səbəb olur. Onların arasında xüsusilə seçilən ayətulla Xomeyni xalqa müraciət edərək, etiraz əlaməti kimi həmin il Novruz bayramını qeyd etməməyə çağırır. 1963-cü il iyunun 3-də Aşura günü Qum şəhərində etdiyi və şahı Yezidlə müqayisələndirdiyi çıxış xüsusilə radikal idi. 

Nəticədə iyunun 5-ə keçən gecə Xomeyni həbs edildi. Səhəri gün tərəfdarları buna “15 xordad üsyanı” (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may – 21 iyun günlərini əhatə edir) alacaq küçə etirazları ilə cavab verdilər. Şah rejimi Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.

Əslində mütərəqqi addım olan və İranın iqtisadi inkişafına, modernləşdirilməsinə xidmət edən “Ağ inqilab”ı din xadimlərinin qəbul etməməsini anlamaq olar, amma Bənisədr kimi dünyəvi, həm də Milli Cəbhə tərəfdarı olan adamın niyə müqavimət göstərməsi aydın deyil. Hər halda, o, 15 xordad üsyanında fəal iştirak edir, yaralanır və həbsə düşməmək üçün İranı tərk edir.

Parisdə məskunlaşan Bənisədr Sorbonna universitetində iqtisadi təhsil alır, elmi dərəcəyə yiyələnir və elə burada dərs deyir, ““Eqtesadi tohidi” (Tövhid iqtisadiyyatı) adlı kitab yazır. O, bir müddət sırf təhsil və elmlə məşğul olur, siyasi fəaliyyətini minimuma endirir. 

1972-ci ildə atası vəfat edir və vəsiyyətinə görə şiələrin müqəddəs saydığı Nəcəfdə dəfn olunur. Bənisədr dəfn zamanı atasının köhnə dostu, İrandan sürgün olunduqdan sonra Nəcəfdə yaşayan ayətulla Xomeyni ilə tanış olur. Bundan sonra onlar mütəmadi əlaqə saxlayırlar.

1978-ci ilin ilk günlərindən İranda şah əleyhinə çıxışlar başlayır və gah səngiyərək, gah yenidən vüsət alaraq ilboyu davam edir. Bu hərəkata Xomeyni rəhbərlik edir. Məhəmməd Rza şah onu ölkədən bir az da uzaqlaşdırmaq üçün Səddam Hüseynə təzyiq edir və bu istəyi yerinə yetirilir. Bir sıra müsəlman ölkələrinə köçməyi nəzərdən keçirən ayətulla sonda Fransadakı tərəfdarlarının, o cümlədən Bənisədrin dəvətini qəbul edir və oktyabrın 8-də Paris yaxınlığındakı Nofl-le-Şato şəhərciyinə köçür. 

Lakin şahın bu tədbiri faydalı olmur. Fransanın mükəmməl telefon rabitəsi sayəsində Xomeyninin İranla əlaqələri daha da asanlaşmışdı. Üstəlik, o, burada tez-tez dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verirdi. 

Mətbuat nümayəndələri ilə görüşlərində Xomeyni olduqca düzgün taktika seçir. O, özünün yalnız ədalət uğrunda, istismara qarşı mübarizə apardığını söyləyir, dövlət idarəçiliyilə bağlı suallara yanında olan Əbülhəsən Bənisədr, İbrahim Yəzdi, Sadeq Qotbzadə kimi dünyəvi, Qərb təhsilli insanların cavab verməsini istəyir. Nəticədə həm Qərb ictimai fikrində, həm də Xomeyniyə yaxın olmaq uğrunda bir-birilə mübarizə aparan Bənisədr, Qotbzadə və Yəzdidə şahdan sonrakı İranı onların idarə edəcəyi təəssüratı yaranır.

İslam inqilabının qələbəsi Xomeyniyə İrana qayıtmaq imkanı verir. Təyyarədə onu müşayiət edən şəxslərdən biri də Bənisədr idi. O, yeni baş nazir Mehdi Bazərganın dəvətinə baxmayaraq, müvəqqəti hökumətdə təmsil olunmaqdan boyun qaçırır.

Xomeyni hələ Parisdə olarkən İnqilab şurası adlı məxfi qurum yaratmışdı. İndi bu qurumun hökumətdə təmsil olunan üzvləri bir növ hakimiyyət bölgüsü kimi şuradan çıxırdılar. Onların yerinə dəvət olunanlardan biri də Əbülhəsən Bənisədr idi.

Bu dövrdə İranın siyasi həyatında fikir müxtəlifliyi hökm sürürdü. Ölkədə hələ bir siyasi qüvvənin diktaturası formalaşmamışdı. Monarxiya əleyhinə mübarizədə müttəfiq olan müxtəlif qüvvələr açıq fəaliyyət göstərir, İranın gələcəyi barədə diskussiyalar aparırdılar. Televiziyalar da belə debatları yayırdı.

Həmin debatlar içində ən maraq doğuranı Bənisədrlə İran sosialist partiyasının sədri Babək Zəkrayi arasında olur. Trotskist olan Zəkrayinin utopik fikirləri qarşısında Bənisədrin iqtisadi bilikləri xüsusilə aydın hiss olunur. Həmin verilişlər ona o qədər populyarlıq qazandırır ki, köhnə rəqibi, indi teleradio komitəsinin sədri olan Sadeq Qotbzadə onların yayımını dayandırır. 

Bənisədr 1979-cu il yayında yeni Konstitusiya hazırlamaq üçün nəzərdə tutulan seçkili orqana – Konstitusiya assambleyasına Tehrandan üzv seçilir.

Noyabrın 4-də tələbələrin ABŞ səfirliyini tutmasına etiraz olaraq Mehdi Bazərganın istefa verməsindən sonra yaranan yeni hökumətdə Bənisədr maliyyə və  iqtisadiyyat naziri vəzifəsini tutur. Eyni zamanda, bir neçə gün,12-29 noyabrda xarici işlər naziri vəzifəsini aparır, sonra da bu vəzifəni Qotbzadəyə təhvil verir. 

1980-ci ilin yanvarında İranda prezident seçkiləri kampaniyası keçirilir. Bənisədr də bu kampaniyada müstəqil namizəd kimi iştirak edir. O, bir çox parametrlər üzrə ideal namizəd idi. Əvvəla, iqtisadçı idi. İqtisadi problemlər isə İran əhalisini şaha qarşı çıxmağa sövq edən və indi, inqilabın qələbəsindən sonra, daha çox düşündürən amil idi. İkincisi, dünyəvi adam olsa da, seyid və tanınmış ruhani ailəsindən çıxmışdı, əhalinin dini dəyərlərinə yad deyildi. Nəhayət, o, daha radikal islamçıları qəbul etməyən insanlar üçün də münasib namizəd idi.

Yanvarın 25-də Əbülhəsən Bənisədr səsvermədə iştirak edənlərin 75,6 faizinin səsini toplayaraq, qalib gəldi. Fevralın 4-də inauqurasiya mərasimindən sonra öz səlahiyyətlərinin icrasına başladı. 

Sonrakı proseslər göstərdi ki, Xomeyni və Bənisədr müvəqqəti yol yoldaşlarıdırlar. Onların istər daxili, istərsə də xarici siyasətdə bir çox məsələlərə baxışları fərqlənirdi. Bənisədr əsl prezident olmaq istəyirdi, Xomeyni isə hakimiyyəti heç kəsə vermək niyyətində deyildi.

Həmin ilin martında İranda parlament seçkiləri keçirildi və bu seçkilərdə Bənisədrlə münasibətləri heç də yaxşı olmayan, Məhəmməd Beheştinin, Haşimi Rəfsəncaninin, Əli Xamneyinin rəhbərlik etdikləri İslam Republikası Partiyası qalib gəldi. 

Yeni parlament Bənisədrin baş nazir postuna bir neçə təqdimatını rədd etdi. Aylarla davam edən mübahisələrdən sonra prezident İRP üzvü Məhəmmədəli Rəcainin baş nazirliyi ilə razılaşmalı oldu. Bir neçə aydan sonra Xomeyniyə yazdığı məktubda Bənisədr, baş nazir Rəcainin rəhbərlik etdiyi hökuməti “ölkə üçün İraq hücumundan böyük təhlükə” adlandırırdı. 

Ümumiyyətlə, inqilabın qələbəsindən sonra şaha qarşı müttəfiq olan müxtəlif siyasi cərəyanlar arasında mübarizə qızışdı. Onların İranın gələcəyi ilə bağlı fərqli baxışları vardı və hər biri hakimiyyətə yiyələnməyə çalışırdı. Bu zaman İraq təcavüzünün başlanması Xomeyniyə rəqiblərinə qarşı daha sərt davranmaq üçün kart-blanş verdi.

Prezident və Ali rəhbərin müharibənin aparılmasına baxışları da fərqli idi. Bənisədr normal ölkələrdə olduğu kimi, əsas diqqəti odrunun  gücləndirilməsinə vermək istəyirdi. Amma ruhanilər şah dövrünün zabitlərinə bel bağlamır, Sepah və könüllü dəstələrə ümid bəsləyirdilər. 

Cəbhədəki uğursuzluqlar fonunda Xomeyni 1981-ci il iyunun 10-da Bənisədrin Ali Baş komandan səlahiyyətlərini aldı. Bundan iki gün əvvəl isə Bənisədrin himayəsi altında olan “İslam inqilabı” qəzeti bağlandı. Bu zaman özünün siyası təşkilatı olmayan prezident solçu Xalq Mücahidləri Təşkilatı ilə yaxınlaşır. Mücahidlər bir sıra şəhərlərdə prezidenti dəstəkləyən aksiyalar təşkil edilər. Ölkədə Bənisədr və Xomeyni tərəfdarları arasında toqquşmalar baş verir. Milli Cəbhə, İran Azadlıq Hərəkatı da prezidenti dəstəkləməyə cəhd göstərdilər. Amma Xomeyninin ultimatumundan sonra geri çəkilirlər.

1980-ci il iyunun 21-də Məclis Bənisədrin İslam Respublikası prezidentliyinə uyğunsuzluğu barədə qərar çıxardı. Qərarın lehinə 177 nəfər səs verdi, 12 nəfər bitərəf qaldı, cəmi 1 nəfər prezidenti dəstəklədi. Ertəsi gün Xomeyni bu qərarı təsdiqlədi. Ehtimal olunur ki, Bənisədr həbs olunmalı idi, amma gizlənə bildi. Bir aydan çox gizlənəndən sonra isə Xalq Mücahidləri Təşkilatının lideri Məsud Rəcavi ilə birlikdə təyyarə ilə İrandan qaça bildi.

Yenidən Fransaya gələn Bənisədr burada siyasi sığınacaq aldı. O, bir müddət mücahidlərlə müttəfiqliyi davam etdirdi, amma ikincilər İrana qarşı müharibədə Səddam Hüseynin dəstəyini almağa çalışanda onlardan uzaqlaşdı. 1989-cu ildə “Danışmaq növbəsi mənimdir: İran, inqilab və ABŞ-la məxfi sövdələşmələr” adlı kitab yazdı. Mütəxəssislərin fikrincə, kitab obyektivliyi və mötəbərliyi ilə seçilmir.

İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr 2021-ci il oktyabrın 9-da Parisdə 88 yaşına vəfat etdi.

Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam