Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət inkişaf edir, əhali niyə kasıblayır?-Prezidentin açıqladığı göstəricilərlə əhalinin real sosial vəziyyət tərs mütənasibdir

 

“Bu yaxınlarda ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir”.

Yenixeber.org: Bu sözləri prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, ölkənin valyuta ehtiyatları da 2,5 milyard dollar artıb. “Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq”,-prezident vurğulayıb

İlham Əliyev daha sonra 2022-ci ilin dövlət büdcəsinin 30 milyard manata çatmasını tarixi nailiyyət adlandırıb. Onun sözlərinə görə, müharibədən çıxmış ölkə üçün bu nailiyyətlər iqtisadi sahədə çox gözəl mənzərə olduğunu göstərir. 

Ölkə başçısı təkcə vergi orqanlarının ötən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığılmasını islahatların nəticəsi kimi dəyərləndirib. “Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”,-İlham Əliyev vurğulayıb.

Prezidentin ötən il əldə olunan iqtisadı göstəricləri müsbət xarakterizə etsə də müsahibəsində əhalinin gəlirləri, bahalaşmanın ona təsiri barədə geniş danışmayıb. Dövlət başçısı yalnız çörəyin bahalaşmasının səbəblərindən danışıb və bunu Rusiyadan alınan taxıla çəkilən xərclərin yüksəlməsi ilə izah edib. O, pensiya, müavinət, maaş artımlarını bu bahalaşmanı kompensasiya etməyə yönəldiyini deyib. Amma dövlətdən heç bir vəsait almayan yüz minlərlə ailənin çörəklə bərabər bahalaşan kommunal haqların, yanacağın, ərzağın artan dəyərinin necə ödənildiyindən bəhs etməyib. 

Ötən il qiymət artımları ilə yanaşı sosial xərclərin azalması, əhalinin aztəminatlı hissəsini təşkil edən vətəndaşların müavinət, pensiya hüququnun məhdudlaşdırılması ölkədə sosial vəziyyəti ağırlaşdırıb. İqtisadçıların hesablamalarına görə, 210 mindən artıq vətəndaş dövlətdən aldığı vəsaitlərdən məhrum edilib ki, bu da ciddi narazılıq mənbəyidir.    

Azərbaycandakı acınacaqlı mənzərə Beynəlxalq Əmək Təşkilatının 2021-ci ili əhatə edən Qlobal Sosial Müdafiə Hesabatında əks olunub. Hesabatda qeyd olunur ki, ölkədə aztəminatlı əhalinin cəmi 13,4%-i sosial yardım proqramları ilə əhatə olunub. Bu göstərici Qazaxıstanda 74,2%, Gürcüstanda 93% faizdir. Dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkili edir. Beləliklə, Azərbaycanda göstərici dünya üzrə orta göstəricidən iki dəfədən çox aşağıdır ki, bu da dövlətin sosial öhdəliklərindən böyük ölçüdə imtina etdiyini təsdiqləyir. 

Hesabatda başqa göstəricilər üzrə də Azərbaycan qonşu ölkələrlə müqayisədə ən aşağı yerdə qərarlaşıb. Məsələn, ölkədə qeyri-sığorta əsaslı pensiya (pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən qocalığa görə müavinət) məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6% təşkil edir. Gürcüstanda həmin göstərici 109%, Ermənistanda 39%, Türkiyədə 21,7% təşkil edir.

Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Ermənistanda pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşdüyünü bildirir. Xatırladaq ki, Azərbaycanda pensiya hüququ olmayan vətəndaşlara ötən ilin sonuna qədər cəmi 130 manat müavinət verilirdi ki, bu da hökumətin təyin etdiyi yaşayış minimumdan (196 manat) 66 manat azdır. Prezidentin sərəncamı ilə 2022-ci ildən bu müavinət 180 manata çatdırılıb ki, bu rəqəm də ən minimum yaşayış standartlarına cavab vermir. 

İqtisadçı Rövşən Ağayev hökumətin bu siyasətini belə izah edir: “Bunun səbəbi aydındır: hökumət sığorta əsaslı pensiya sistemilə bağlı tələbləri son 15 ildə sərtləşdirib, amma buna paralel olaraq rəsmi məşğulluğun əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edə bilməyib. Nəticədə, uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum olurlar, əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir”. 

Hesabata görə, Azərbaycanda hazırda əhalinin əmək qabiliyyətli yaşda (15+) təxminən 40%-dən daha az hissəsi öz gələcək pensiyalarını təmin etmək üçün təklif edirlər. Türkiyədə həmin göstərici 60%-in üzərində, Ermənistanda 50%-ə yaxındır.

Sənəddə uşaqların dövlət qayğısı ilə əhatə dairəsi ilə bağlı da göstəricilər təqdim olunub. Burada da ölkəmiz ən bərbad vəziyyəti ilə diqqəti cəlb edir. Belə ki, Azərbaycanda uşaqların cəmi 16,9%-i səhiyyə xərci istisna olmaqla ən azı bir sosial müdafiə tədbirilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4%, Gürcüstanda 48,1%, Ermənistanda 30,2%-dir. O cümlədən, dünya üzrə orta göstərici 26,4%, aşağı gəlirli ölkələrdə 8,5%, orta gəlirli ölkələrdə 20%-dən bir qədər yüksək, yüksək gəlirli ölkələrdə isə 87% təşkili edir. Beləliklə, Azərbaycanda uşaqların dövlət tərəfindən sosial qayğı ilə əhatələnməsi dərəcəsi dünya üzrə orta göstəricidən 1.5 dəfə aşağıdır.  

Təşkilatın hesabatında dünyaya yeni övlad gətirmiş qadınların sosial müdafiə proqramları ilə əhatə səviyyəsi araşdırılıb. Məlum olur ki, Azərbaycanda yeni övladı olan cəmi 16%-i hökumətin sosial müdafiə proqramı ilə əhatə olub. Həmin göstərici Qazaxıstanda 44,2%, Ermənistanda 61,6%, Gürcüstanda 26%-dir. O cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, orta gəlirli ölkələrdə 40% ətrafında, yüksək gəlirli ölkələrdə isə 86% təşkili edir. Bu sahə üzrə də Azərbaycanda vəziyyət dünya üzrə orta göstəricidən 3 dəfəyə yaxın aşağıdır.

Qeyd edək ki, əhalinin sosial vəziyyətini əks etdirən başqa göstəricilər də bərbad haldadır və ölkədə yaşayış minimumu ilə tərs mütənasibdir. Məsələn, 50 milyard dollardan artıq valyuta ehtiyatları olan ölkədə orta maaş bu ilki artımlarla 813 manat təşkil edir. Muzdla çalışan 1.7 milyon nəfərin 800 min nəfərdən artığı ayda 400 manata çatmayan əmək haqqı alır. Pensiyanın aşağı həddi son artımlarla cəmi 240 manata çatdırılıb, yaşa görə təqaüdlər isə artırılmayıb. Təxminən 700 min nəfərə yaxın təqaüdçünün gəliri gələn ay 3 faizlik indeksasiya ediləcək ki, bu ayda 9-12 manat artım demək olacaq. 

Azərbaycanda pensiya yaşı 65 olmaqla əksər ölkələrdən kifayət qədər yüksəkdir, baxmayaraq ki, əhalinin real orta ömür uzunluğu 60 yaşa çatmır. Məsələn, DSK-nın məlumatına görə 2015-2020-ci illər ərzində 80 min artıq vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişib… 

Belə kədərli statistikanın sayını kifayət qədər uzatmaq olar. Bəs, prezidentin haqqında danışdığı yüksək iqtisadi göstəricilərdən bu vətəndaşlar niyə faydalana bilmir? Rekord büdcədən niyə onlara qəpik-quruş düşəcək? Valyuta ehtiyatlarını artırmaq prioritetdir, bu, yaxşı niyyətdir, bəs yüz minlərlə insanı elementar ehtiyaclara məhkum etməklə bu vəsaitləri ehtiyatda saxlamaq nə dərəcə doğrudur? Belə çıxır ki, hökumətə ancaq rəqəmlər lazımdır, ölkədə insanların həyat səviyyəsinin necə olması onu az maraqlandırır.(pressklub)

E.Eldaroğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam