“Orta əməkhaqqı və orta pensiya artacaq“
"Bizim valyuta ehtiyatlarımız birinci rübdə xeyli artıb. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır"
"xeberinfo.com": Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın əsas iqtisadi parametrləri çox müsbətdir: "Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq.
Əhalinin banklarda əmanətləri 20 faizdən çox artıb. Bu da çox müsbət göstəricidir. Bu, ilk növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna daha çox kredit resurslarını yönəltsinlər. Çünki belə olan halda işlərimiz daha da sürətlə gedəcəkdir”.
İlham Əliyevin sözlərinə görə, birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artıb: "Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaq”.
Prezidentin fikrincə, bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb: "Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin".
İlham Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır: "İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik.
Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.
Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir".