Putin planı işə düşdü, ABŞ-Türkiyə gərginliyi artdı: Ərdoğan savaş anonsu verdi
Türkiyə "Suriya bataqlığı"nı Putin planı ilə qurutmaq və PKK/YPG terror təhlükəsini zərərsizləşdirmək imkanı qazanıb; Hərbi əməliyyatlar nəticəsində Türkiyə ordusunun terrorçuları dəstəkləyən ABŞ silahlı qüvvələri ilə toqquşma ehtimalı da istisna deyil...
Yenixeber.org: "Suriya bataqlığı" ətrafında yeni gərginləşmə meyilləri müşahidə edilir. Bu coğrafi məkanda nəhəng dövlətlərin maraqları ciddi şəkildə toqquşur. Və belə vəziyyət daha ağır nəticələrə yol aça biləcək geopolitik qarşıdurma vəd edir.
Məsələ ondadır ki, son vaxtlar Türkiyənin Suriya ilə sərhəd bölgəsi raket zərbələrinə məruz qalmaqdadır. Eyni zamanda, Türkiyənin Suriya ərazisində dislokasiya olunmuş hərbi kontingentinə də hücumlar edilir. Və rəsmi Ankara nə qədər səbrli davranmağa çalışsa da, Türkiyənin milli təhlükəsizlik maraqları təhdid altında qalıb.
Əslində, Türkiyə "Suriya bataqlığı" əlavə fəallığa o qədər də həvəsli deyil. Çünki, bu hərbi-siyasi poliqonda Türkiyənin əsas rəqibləri rolunda məhz ABŞ və Rusiya çıxış edir. Və rəsmi Ankara bundan qətiyyən məmnun olmasa da, Türkiyənin milli təhlükəsizlik maraqlarının təhdid edilməsinə də uzun müddət səbr göstərmək niyyətində deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəd bölgəsində baş verənlərə mütləq cavab veriləcəyini bəyan edib. Türkiyə prezidenti ABŞ və Rusiyanı da açıq mətnlə suçlayıb. Onun sözlərinə görə, bu iki dövlət Türkiyə qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyib. Və bu, ciddi problemlər yaratmağa başlayıb.
Məsələ ondadır ki, Suriya ərazisində olan PKK/YPG terrorçu qruplaşmaları iki dövlətin - ABŞ və Rusiyanın təsir dairəsində fəaliyyət göstərirlər. Hər iki dövlət Türkiyəni hədəf alan terrorçuları səhnəarxasında silah-sursatla təchiz edir. Belə vəziyyət bir-birinə qarşı düşmən olan ABŞ və Rusiyanı Suriyada dolayısı ilə Türkiyə əleyhinə müttəfiqə çevirir.
İndi rəsmi Ankaranın bu iki dövləti anlaşmaları pozmaqda suçlaması Türkiyənin daha qətiyyətli addımlar atmağa hazırlaşmasından xəbər verir. Belə ki, həm ABŞ, həm də Rusiya rəsmi Ankaraya PKK/YPG terrorçu qruplaşmalarının Türkiyə sərhədlərindən ən azı 30 kilometr geri çəkiləcəyini vəd etmişdi. Bu halda, Türkiyənin Suriya ilə sərhəd bölgəsində hərbi təhlükəsizlik təmin edilmiş olacaqdı. Ancaq bu, hələ də baş verməyib və Türkiyə ərazisi terrorçular tərəfindən raket atəşinə tutulur.
Maraqlıdır ki, Ağ Evin bu vəziyyətə münasibəti həmişə olduğu kimi, yenə də "təmkinli" xarakter daşıyır. ABŞ rəsmi dairələri Türkiyə ərazisinin raket atəşinə tutulmasını ünvan göstərmədən qlnamaqla kifayətləndi. Və bu, Türkiyə tərəfindən olduqca sərt reaksiya ilə qarşılandı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzrə müvafiq olan ABŞ-dan daha səmimi mövqe gözlədiyini vurğuladı. O, Ağ Evi ABŞ-ın təlim keçib, silahlandırdığı terrorçuları ünvanı ilə göstərməyə çağırdı. Və bildirdi ki, tezliklə PKK/YPG terrorçularına qarşı yeni genişmiqyaslı antiterror əməliyyatı keçirilə bilər.
Ancaq Türkiyə prezidentinin açıqlamasında bir çoxları üçün gözlənilməz sayıla biləcək əlavə hədəf də yer alırdı: "Əgər, Türkiyəyə qarşı terrorçuların yanında yer almaqda davam etsələr, Suriyada olan ABŞ hərbi qüvvələri ilə də mübarizə aparacağıq".
Göründüyü kimi, olduqca sərt açıqlamadır. Türkiyə prezidenti bu xəbərdarlığını reallaşdırmaq məcburiyyətində qalıb-qalmayacağı barədə indidən qəti fikir söyləmək çətindir. Çünki, çox şey ABŞ-ın mövqeyindən asılı olacaq.
Ancaq əgər, ABŞ PKK/YPG terrorçularına Türkiyəyə qarşı dəstək verməkdə davam edərsə, NATO üzrə iki müttəfiq dövlətin savaş meydanında üz-üzə qalması reallığa da çevrilə bilər. Bu, hadisələrin inkişafı baxımından, nə qədər arzuolunmaz istiqamət olsa da, mümkün ehtimallar arasında öz yerini qoruyub, saxlayır. Bu ehtimal reallaşarsa, dünyanın siyasət məkanında da bir çox şeylər ciddi şəkildə dəyişmiş olacaq.
Onu da qeyd etmək lazımdır ki, belə vəziyyət Rusiyanı tamamilə məmnun edir. Çünki, ABŞ və Türkiyə arasında gərginliyin artması hamıdan çox məhz Rusiyanın maraqlarına cavab verir. Hər halda, bu, Türkiyənin ABŞ-dan tamamilə qopması və Rusiya ilə yaxınlaşması üçün daha ciddi səbəb rolunu oynaya bilər.
Əslində, Kreml Türkiyəyə Suriyada geniş əməkdaşlıq modeli də təklif edir. Bəzi məlumatlara görə, Rusiyanın Soçi şəhərində keçirilmiş Ərdoğan-Putin görüşündə Suriya mövzusu geniş şəkildə müzakirə olunub. Kreml sahibinin Türkiyə prezidentinə Suriya məkanında ortaq fəaliyyət planı təklif etdiyi barədə məlumatlar mövcuddur.
Həmin plana görə, rəsmi Ankaraya Əsəd rejiminə münasibətinə yenidən baxılması və korrektələr edilməsi təklif olunub. Bu halda, Rusiya, Türkiyə və Əsəd rejimi Suriyada müttəfiqə çevrilə bilərlər. Nəticədə həm Əsəd rejimi öz mövqelərini möhkəmləndirmək, həm də Suriyanın ərazi bütövlüyünü təmin etmək şansı qazanar.
Rəsmi Ankaranın isə Əsəd rejiminin əliylə PKK/YPG-ni sıradan çıxarmaq imkanı qazanacağı bildirilir. Çünki, Əsəd rejimi Suriyanın ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG-nin yerləşdiyi bölgələri öz nəzarəti altına almalıdır. Və bu halda, bölgədə əsas pozucu qüvvə olan ABŞ hərbi bazalarının Suriyadan sıxışdırılıb, çıxarılması da reallaşa bilər.
Əslində, Putin planı bir çox detallarına görə rəsmi Ankara üçün cəlbedici görünür. Bu vəziyyəti şərh edən Kremlin əsas ideoloqlarından olan Aleksandr Duqin hesab edir ki, əgər, Rusiya və Türkiyə birləşsələr, bəzi problemli regionlarda kompleks nizamlamalara nail ola bilərlər. Və həmin problemli regionların sırasına "Suriya bataqlığı" da daxildir.
A.Duqin Əsəd rejiminin Putin planına mümkün reaksiyasını da proqnozlaşdırıb. Onun fikrincə, Suriyanın gələcəyi məhz Rusiya-Türkiyə əməkdaşlığının məzmunundan asılıdır: "Suriya prezidenti Bəşər Əsəd də bu reallığı çox gözəl anlayır".
Göründüyü kimi, Türkiyə "Suriya bataqlığı"nı Putin planı ilə qurutmaq və PKK/YPG terror təhlükəsini zərərsizləşdirmək imkanı qazanıb. Böyük ehtimalla yaxın vaxtlarda Suriyada anti-terror əməliyyatlarına başlayacaq. Bu antiterror əməliyyatlarının Putin planı üzrə anlaşmalara uyğun aparılacağı da qətiyyən istisna deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ehtiyac yaranarsa, ABŞ qüvvələri ilə də mübarizə aparılacaq" deməsi isə rəsmi Ankaranın böyük geopolitik dəyişikliyə hazırlaşdığını göstərir. Və bu, baş tutacağı təqdirdə, dünyanın siyasət məkanında ağırlıq mərkəzini də dəyişdirə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert