ABŞ-dan PUTİNƏ “RAKET SİQNALI” -Saatda 6000 kilometr sürətlə uçan reaktiv raket sınaqdan keçirildi
ABŞ və onun rəqibləri düşmənin ənənəvi hava müdafiəsi mexanizmlərini (radarlar və sairə) işə salmasına macal tapmağa imkan vermədən, yeni nəsil silahların - hipersəs silahlarının yaradılması istiqamətində səylərini getdikcə artırırlar.
Yenixebe.org: İyul ayında Rusiya “Sirkon” qanadlı hipersəs raketini uğurla sınaqdan keçirdi. Prezident Vladimir Putin “Sirkon” raketini razılıqla tərifləyərək deyib ki, bu sistemlərin dünyada tayı-bərabəri yoxdur.
ABŞ Müdafiə Nazirliyinin “Perspektivli Elmi-Təhqiqat Layihələri Agentliyi” (Defense Advenced Research Projects Agency)(DARPA) məlumat verib ki, keçən həftə “hava-reaktiv mühərrikli konseptual hipersəs silahı”nın (HAWC) sərbəst uçuş sınağı keçirilib.
Amerikanların yeni hipersəs sistemi atmosferin yuxarı qatlarında saatda 6200 kilometr sürətlə uçur, yəni səsin sürətini beş dəfə ötür.
“DARPA”-dan verilən məlumat görə, ”Raython Technologies” şirkəti tərəfindən yaradılan bu raket, “Northrop Grumman” şirkətinin hava-reaktiv mühərriki ilə təchiz olunub. “Raython” şirkətinin raket şöbəsinin rəhbəri Ues Kremer (Wes Kremer) deyib: ”Müdafiə Nazirliyi hipersəs silahı və onunla mübarizəni bizim ölkənin təhlükəsizliyi üçün texniki prioritet hesab edir. ABŞ və onun müttəfiqləri bu cür silahların və həmçinin də onların məhv edilməsi vasitələrinin düşmənlər tərəfindən tətbiqinə imkan verməməlidir”. 2019-cu ildə “Raython” şirkəti hipersəs mühərriklərinin istehsalı çərçivəsində “Northrop Grumman” ilə güclərini birləşdiriblər. Bu barədə ”DARPA”-nın bəyanatında deyilir: “Hava-reaktiv mühərrikli hipersəs silahı bol oksigenli atmosferdə daha yaxşı işləyir və həm sürətinə, həm də manevr qabiliyyətinə görə bu raketin aşkarlanması çətinləşir. Kinetik enerjiyə malik bu silah hədəfi sürətlə məhv edir”.
“DARPA”-nın döyüş texnikası idarəsində çalışan və “HAWAC” proqramına rəhbərlik edən Endryu Knedler bildirib: ”HAWAC raketlərinin sərbəst uçuş sınağı onun imkanlarının uğurlu nümayişi idi və qanadlı raketlər bizim silahlı qüvvələrimiz üçün yüksək effektlilik nümunəsidir. Biz, HAWAC konsepsiyasının yeni nəsil silaha çevrilməsi üçün daha bir addım atırıq. HAWAC raketinin uğurlu sərbəst uçuş sınağı dövlətlə hərbi sənaye arasındakı çoxillik əməkdaşlığın kuliminasiyası oldu. Bu tarixi uçuş, silah sənayesinin və həmçinin də ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin səyləri olmadan baş tuta bilməzdi. Pandemiyaya baxmayaraq, onlar möcüzə yaratdılar”.
Son günlər məlum olub ki, çinli alimlər də hipersəs silahı yaradırlar. Bu raket güclü elektromaqnit impulsu verərək, rabitə xətlərini və elektrik təchizatını sıradan çıxara bilir. Həmin raketin sürəti saatda 3200 kilometrdir. Yeni silah şəhərlərin üzərində nüvə partlayışı həyata keçirmək üçün nəzərdə tutulub.
Çin “Raket Daşıma Akademiyası”nın alimləri hesab edirlər ki, bu raket Yer atmosferi hüdudlarında qalacaq. Alim və konstruktor Sun Çjen “Raket döyüş texnikası” jurnalında həmkarları ilə birlikdə sözügedən raketin xüsusiyyətini belə izah edib: ”Raket öz enerjisinin 95 faizini 10 saniyə ərzində boşalda bilir ki, bu da anidən elektromaqnit impulsu yaradaraq, düşməni məhv edir. Nəticədə, düşmənin iki kilometr radiusundakı informasiya şəbəkəsinin əsas elektrik qurğuları yanaraq sıradan çıxır. Enerji regenerasiyası əsasında hazırlanmış aktiv və nəzərə az çarpan impulslu elektromaqnit silahı informasiya şəbəkələrini sıradan çıxaran ən müasir sistemdir”.
“Daily Express” – (Böyük Britaniya)