Yenixeber.org: İran ordusu sabah – oktyabrın 1-də ölkənin şimal-qərbində, Azərbaycan Respublikasının sərhədlərində hərbi təlimlərə başlayır. İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib ki, “Fatihan Xeybər” (“Xeybər fatehləri”) adlı təlimlərdə toplar, pilotsuz uçuş aparatları, helikopterlər və zirehli texnikadan istifadə olunacaq. (APA) K.Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd İran ordusunun hərbi bacarıqlarının artırılmasıdır. Təlimlərin neçə gün davam edəcəyi açıqlanmayıb.
Təlimə verilən ad diqqəti cəlb edir. 629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər Əlinin xüsusi şücaət göstərdiyi müharibənun sonunda müsəlmanların nəzarətinə keçib. İran Xarici İşlər Nazirliyinin ötən günlərdə “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” şəklində rəsmi bəyanatı, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu zabitlərinin açıqlamaları deməyə əsas verir ki, təlimin adı təsadüfi seçilməyib. Şübhə yoxdur ki, bu hərbi manevrlər Azərbaycan Respublikasına xəbərdarlıq/mesaj xarakteri daşıyır və Bakıda ciddiyə alınmalıdır. Açıq hərbi müdaxilə gözlənilməsə də, İranın özünə təhlükə kimi qiymətləndirdiyi hansısa obyektə lokal zərbə endirməsi ehtimalını da tam istisna etmək doğru olmaz. Hər halda, Azərbaycan dövləti bütün ehtimalları nəzərə almalı və müvafiq tədbirlər görməlidir.
Böyük ehtimalla İran işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində İsrail şirkəti tərəfindən aparılan işləri, o cümlədən camış ferması tikintisini hansısa hərbi və ya kəşfiyyat xarakterli işlər kimi qiymətləndirir. Ümumilikdə İran dövləti Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük müharibənin bölgədə yaratdığı yeni geosiyasi reallıqları həzm etməkdə çətinlik çəkir.
Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışına gələcək. Füzulinin İran sərhədlərinə çox yaxın olduğu məlumdur. Bu səbəbdən, cənab Ərdoğanın səfərini Bakı və Ankaranın Tehrana mesajı kimi də oxumaq olar. Bu səfəri “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin 1-ci maddəsi çərçivəsində də dəyərləndirə bilərik. Həmin maddədə yazılıb:
“…Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.”
Yeri gəlmişkən, bir sıra Azərbaycan siyasətçiləri və şərhçilərindən hələ də eşidirik ki, Türkyə ilə hərbi müttəfiqlik və birgə müdafiə haqqında saziş imzalanmalıdır. Halbuki barəsində danışdığmız müqavilə bu müttəfiqliyin hüquqi bazasını çoxdan yaradıb, məcbur deyil ki, sənədin adında “hərbi müttəfiqlik” sözləri yazılsın. Məsələn, 2-ci maddə bu baxımdan çox aydındır:
“Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq.”
Bu sənəd Türkiyənin Azərbaycana hərbi yardımı və onun müdafiəsinin təşkili üçün zəruri tədbirləri görməsinə hüquqi təməl yaradır. Başqa nə cür anlaşma lazımdır ki?..
Şahin Cəfərli