“SÜLHMƏRAMLI”NIN “BUYNUZU” DAHA AYDIN GÖRÜNDÜ... –Erməniyə qan verir, Azərbaycanı isə günahlandırır
Təəssüf ki, 10 noyabr üçtərəfli sazişindən daha çox vaxt keçdikcə, ilk günlərdən Rusiyanın Qarabağdakı missiyasının sülhməramlı deyil, separatçılara dəstək və hətta işğalçı missiya olacağına dair səsləndirilən fikirlər daha açıq şəkildə öz təsdiqini tapır. Rusiya Müdafiə Nazirliyinin (MN) dünən yaydığı məlumatda Azərbaycan tərəfinin guya avqustun 11-də səhər saat 07.29 və 07.58-də atəşkəsi pozduğu və “Dağlıq Qarabağın silahlı birləşmələrinə” kvadrokopterlərlə (PUA-ların, hərbi dronların bir növü) 2 zərbə endirdiyi iddia olunur. Və qeyd edilir ki, itki yoxdur.
Yenixeber.org: Bu, ilk hadisədir ki, “sülhməramlılar” Qarabağa soxulandan sonra birmənalı olaraq, məhz Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırır. Buna qədər pozuntular barədə məlumatlar verilsə də, həmin məlumatlarda hər iki tərəfin adı çəkilirdi və tərəflərin heç biri ayrılıqda ittiham olunmurdu. Bu dəfə isə Rusiya açıq şəkildə Azərbaycanı günahlandırıb.
Təbii ki, Rusiya MN-in bu açıqlaması təsadüfi deyil və daha çox Azərbaycan Müdafiə Nazirliyinin bundan öncəki bəyanatına cavab xarakteri daşıyır. Azərbaycan tərəfinin həmin bəyanatında deyilirdi: “10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmamışdır.
Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur... Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.”
Göründüyü kimi, həmin məlumatda haqlı olaraq, Rusiya tərəfi Ermənistanın Qarabağa yeni hərbi qüvvələr daşımasına və postlar qurmasına imkan yaratmaqda günahlandırılır. Təbii ki, bu bəyanat konkret faktlara söykənir. Çünki ölkə başçısının da müsahibələrinin birində dediyi kimi, Azərbaycan tərəfi Laçın dəhlizini də, Xankəndini də görür, ora nə daşındığını bilir. Çünki ora “ayağımızın altındadır”. Deməli, Azərbaycan MN-in açıqlaması reallığı əks etdirir və “sülhməramlı”ya rəsmən daşıdığı missiyanın tələblərini xatırladır. Rusiya isə həmin bəyanata dərhal, yəni səhəri gün cavab verərək, heç bir fakt təqdim etmədən Azərbaycanın guya hərbi dronlarla erməni mövqelərinə hücum etdiyini bildirir.
Birincisi, Rusiyanın özünün umzaladığı üçtərəfli sazişə görə, “sülhməramlı”ların gəlişi ilə paralel olaraq, erməni birləşmələri Qarabağdan çıxmalı idilər. Bu baxımdan, əslində, həmin birləşmələr Azərbaycan üçün legitim hərbi hədəflərdir və ordumuzun onları məhv etməyə tam haqqı çatır.
İkincisi, əgər doğrudan da Azərbaycan hərbi dronlardan istifadə etsəydi, həmin postlarda qorxusundan bir dənə də erməni qalmazdı. Çünki bizim dronların səsi 44 günlük müharibədən ermənilərin qulağındadır və onlar bu silahın kəramətinə yaxşı bələddirlər.
Üçüncüsü isə, bizim PUA-ların necə dəqiq işlədiyi müharibə zamanı hər kəsə bəlli oldu. Belə olan təqdirdə, Rusiya MN-in təbiri ilə desək, bunlar necə “zərbələr” olub ki, ermənilər heç bir itki verməyiblər? Həmçinin, nədənsə Rusiya MN-in yaydığı bu məlumatda deyilənlər Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən qeydə alınmayıb. Bunun üçün həmin məntəqənin texniki imkanları olmamış deyil. Hər halda, əgər belə bir ciddi fakt olsaydı, Monitorinq Mərkəzi bununla bağlı rəsmi məlumat yayardı.
Deməli, belə çıxır ki, Rusiya MN-in guya Azərbaycanın atəşkəsi pozması barədə yaydığı məlumat, sadəcə, Azərbaycan tərəfinin “sülhməramlılar”a yönələn haqlı iradlarına cavab xarakteri daşıyır və həqiqəti əks etdirmir. Bir də təbii ki, istər Azərbaycan Xarici İşlər Nazirliyi, istərsə də Müdafiə Nazirliyinin bəyanatlarında işlənən ”Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti(!) yerləşdirildiyi Azərbaycan əraziləri” ifadəsi heç də Rusiyanın ürəyincə deyil və buna hansısa formada cavab vermək istəyi hər zaman var...
Rusiyanın “sülhməramlı” missiyasının “fəaliyyəti” ilə bağlı daha bir məlumat da erməni mətbuatında “bəh-bəhlə” yayılmaqdadır. Həmin məlumatda deyilir ki, Qarabağdakı “sülhməramlılar” ermənilər üçün qanvermə aksiyası keçiriblər. Təbii ki, belə aksiyalar hərbçilər tərəfindən özbaşına deyil, Moskvanın təlimatı, göstərişi ilə keçirilir və birmənalı olaraq, humanitar deyil, daha çox siyasi mesaj xarakteri daşıyır.
Yəqin ki, ermənipərəstliyin, canfəşanlığın bundan da betəri ola bilməz. Görəsən, rusların ermənilərə vermədikləri daha nə qaldı?...
Olsun. Onsuz da Azərbaycan cəmiyyəti və dövləti heç bir mesajsız-filansız da öz dostunu və düşmənini yaxşı tanıyır...(azpolitika)
Cəlal Məmmədov