Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzərdə od püskürən palçıq vulkanı, yoxsa altdan-altdan çəkilən NABUKKO layihəsinə qarşı təxribat?-ANALİZ

 
Dünən axşam Xəzər dənizində baş vermiş partlayışla bağlı müxtəlif versiyalar irəli sürülür. İctimai rəyi çaşdıran əsas məsələ isə partlayışın səbəbi ilə bağlı rəsmi açıqlamalardır. 
Yenixeber.org: SOCAR əlində oğurluq konfet tutulmuş uşaq kimi, heç kim ondan nəsə soruşmamasına baxmayaraq, ciddi cəhdlə bu hadisənin şirkətə aid hər hansı obyektdə baş vermədiyini bildirir və dənizin dibindəki palçıq vulkanının püskürə biləcəyi ehtimalı üzərində dayanır. “Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, - SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov mediaya açıqlamasında belə deyib.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli də qabaqdangəlmişlikdə SOCAR yetkililərindən geri qalmayıb. O da Xəzərdəki hadisənin palçıq vulkanının əlaməti olduğunu istisna etməyərək deyib: "Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxlu palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də - 20, 30 saniyəyə sönüb".
 
Rəhbərinin bir ucu gedib Rusiyaya bağlanan FHN də eyni görüşdədir: Xəzərdə palçıq vulkanı püskürüb, vəssəlam, şüt-tamam. Yəqin, siz də razılaşarsınız ki, işin mahiyyətini araşdırmamış hər 3 tərəfin yaxasını cıra-cıra ortaya hoppanaraq bütün günahları təbiətin üstünə atması insanda bəzi şübhələr doğurur. Ümidvarıq ki, müvafiq qurumlar və istintaq, rəsmilərimizin bu “operativliyinin” əsl səbəbini araşdıracaq və ortaya çıxaracağı nəticələri ictimaiyyətlə bölüşəcək. 


 
Zənnimcə, SOCAR, FHN və AMEA-nın ciddi cəhdlə üzərində dayandığı palçıq vulkanının püskürməsi ehtimalı özünü doğrultsa, dünənki partlayış olduqca müsbət hadisə kimi tarixə düşə bilər. Belə ki, palçıq vulkanları adətən neftli-qazlı sahələrdə baş verir. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Azərbaycan isə palçıq vulkanları ilə zəngin ərazidir. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycandadır. Bunlar sadəcə bizim görə bildiklərimizdir. Bir də Xəzər dənizinin dibində hələ də kəşf edilməmiş palçıq vulkanları var. Ələt yaxınlığında dənizin dibindən püskürən alov həqiqətən də palçıq vulkanına aiddirsə, belə çıxır ki, Azərbaycan neftçiləri yeni enerji yatağının kəşfinə ümid edə bilərlər. 
 
Bununla belə, palçıq vulkanının o qədər güclü partlaması və püskürdüyü odun 10 kmlərlə məsafədəm görünməsi də bizə inandırıcı gəlmir. Rəsmi qurumların canfəşanlığı isə şübhələri daha da artırır. Əvvəla, ona görə ki, partlayışın SOCAR-a aid müəssisələrdən birində baş verməməsi iddiaları doğru olsa belə, bu, hələ təxribat ehtimalını azalda bilməz. Ona görə ki, Xəzərin enerji resurslarının tək hasilatçısı SOCAR deyil. Hətta deyərdim ki, SOCAR Xəzərin əldən-ayaqdan düşmüş, son istifadə tarixini bitirmiş yataqlarında iynə ilə gor qazır. Xəzərin əsas resurslarını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) istismar edir. ABƏŞ-ə isə dünyanın 7 ölkəsini - Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı təmsil edən 11 iri neft şirkəti daxildir. Başqa sözlə, bir-birilə son zamanlar dünya hegemoniyası uğrunda açıq qarşıdurmaya gedən demək olar ki, bütün ölkələr ABƏŞ-in obyektlərinə öz şirkətləri vasitəsilə müdaxilə edə bilərlər. Nəzərə alsaq ki, Qara dənizdə NATO qüvvələrinin başlatdığı “Sea Breeze 2021” hərbi dəniz təlimindən sonra Rusiya ilə ABŞ və İngiltərə arasında rəqabət qızışır və Şimali Atlantik Alyansının hədəfi arasında həm də Cənubi Qafqaz və Xəzəryani ölkələr var, o zaman dünənki partlayışın adi təbiət şiltaqlığı olmaması ehtimalı güclənir.


 
Ümumiyyətlə, son 20 ildə Xəzərdə baş verən partlayışların və qəzaların ümumi xronikasına nəzər salanda hamısının qlobal enerji rəqabəti ilə birbaşa bağlı olduğunu görə bilərik. Bunlardan ilki 2002-ci ilin 23 oktyabrında Azərbaycana məxsus "Merkuri-2" gəmisinin Qazaxıstan akvatoriyasında batması ilə ortaya çıxmışdı. Qəza nəticəsində Qazaxıstan qazını Azərbaycana daşıyan gəmi batmış və göyərtidə olan 50 sərnişindən 41-ni xilas etmək mümkün olmamışdı. "Merkuri-2" gəmisi hələ də dənizin 300 metr dərinliyində özünün xilas ediləcəyi günü gözləyir.
 
İlk baxışdan bunun təxribatla nə əlaqəsi var, deyə bilərsiniz. Təbii ki, zaman bir çox sirr pərdəsini aradan qaldırmayana qədər bu sualı verənlər haqlı olacaqlar. Amma məsələ burasındadır ki, 2002-ci il Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə bağlı sazişin imzalandığı tarixdir. Həmin ilin avqust ayında Londonda kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün BTC Ko şirkəti yaradılmış, sentyabrın 18-də isə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə boru kəmərinin təməli qoyulmuşdur. Üzərindən cəmi 1 ay 5 gün keçəndən sonra Qazaxıstandan Azərbaycana gətirilən neft tankeri qəzaya uğramışdı. Sanki bununla Bakıya Bakı-Tbilisi-Ceyhan xəttini çəkə bilərsən, amma nəbadə Orta Asiya neftinin həmin kəmərlə nəqli xülyasına düşəsən mesajı verilmişdi.
 
İkinci böyük “qəza” 2009-cu ildə Türkmənistandan Rusiyaya uzanan qaz kəmərində yaşanmışdı. Məlumata görə, qəzadan əvvəl Türkmən qazının əsas tədarükçüsü Rusiya idi. Partlayışdan sonra bu qaz nəqli dayandırıldı və bir də 2019-cu ildə qismən bərpa olundu. 2009-cu il partlayışı ilə Orta Asiyanın enerji xəritəsi dəyişdi, Çin Türkmənistan və Özbəkistan qazının əsas alıcısına çevrildi. 


 
İlk baxışdan bu partlayış Çinin işinə yaramış kimi görünsə də, hadisənin “tarix öncəsi”nə nəzər salanda mənzərə büs-bütün dəyişilir və bəlkə də son Ələt partlayışının ipuclarına qədər gedib çıxır. Belə ki, SSRİ yenicə dağılandan sonra ABŞ-da Avropanı Rusiyanın enerji asılılığından qurtarmaq üçün NABUKKO qaz kəməri adlı bir ideya irəli sürüldü. Bu layihəyə görə, Orta Asiyanın (Türkmənistan, Özbəkistan və Qazaxıstan) qaz ehtiyatları Rusiya və İran ərasindən keçmədən Avropaya daşınmalı və xüsusilə keçmiş Varşava Paktına üzv ölkələrin enerji ehtiyacları alternativ kəmərlər vasitəsilə qarşılanmalı idi. Sözsüz ki, burada əsas məqsəd həmin coğrafiyanı Rusiyanın təsir dairəsindən çıxarmaq idi. Bunun üçün isə ilk növbədə Türkmənistandan dünən partlayışın baş verdiyi Ələtə qaz kəməri çəkilməli, sonra bu qaz Ərzuruma, ordan isə İstanbul vasitəsi ilə  Bolqarıstana ötürülməli idi. Ümumi uzunluğu hardasa 4000 km olan kəmərin Avropa hissəsi ardıcıl olaraq belə sıralanmışdı: 
Bolqarıstan: 424 km,
Rumıniya: 475 km,
Macarıstan: 383 km,
Avstriya: 47 km. 
Kəmərin Türkiyədən keçən hissəsinə Yaxın Şərq qazının da əlavə olunacağı gözlənilirdi. Əvvəl İrandan Türkiyəyə nəql olunan qazın bu xəttə qoşulması nəzərdə tutulurdusa, sonradan Tehranın Moskvanın yanında yer alması NABUKKO layihəsində kiçik düzəlişlər edilməsini şərtləndirmişdi: İran qazı Şimali İraq qazı ilə əvəz olunmuşdu. 
 
2008-cu ilə qədər NABUKKO layihəsində hər şey öz qaydasında gedib. Hətta 2002-ci ilin fevralında NABUKKO boru kəmərinin çəkilməsi barədə ilk rəsmi müzakirələr belə başlayıb. Avstriyanın OMW və Türkiyənin BOTAŞ şirkətləri arasında aparılan danışıqlara sonradan daha üç şirkət - Macarıstanın MOL, Rumıniyanın TRANSGAZ və Bolqarıstanın BULGARGAZ kompaniyaları da qoşulub. Həmin ilin oktyabrında adı çəkilən beş şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin əsas məqsədi Nabukko boru kəməri üzrə texniki-iqtisadi əsaslandırmanın aparılması idi. 
 
Di gəl ki, hər şey razılaşdırıldığı bir zamanda araya qara pişik girir. Türkmənistan 2008-ci ildən etibarən Azərbaycanın bir sıra qaz yataqlarına, o cümlədən iki dövlətin dəniz sərhədlərində yerləşən Kəpəz (Türkmənistan onu “Sərdar” adlandırırdı) quyusuna haqq iddia edir və Azərbaycanı beynəlxalq arbitraja verməklə hədələyir. Qısa müddətdən sonra onun “Qazprom”la anlaşdığı və qazını Rusiya vasitəsilə Avropaya nəql edəcəyi anlaşılır. Bu isə sözsüz ki, Avropanı rus inhisarından qurtarmağa çalışan beynəlxalq qüvvələri maraqlarına zidd idi. Məhz belə bir zamanda Türkmənistan-Rusiya kəmərində partlayış baş verir. Nəticədə Türkmənistan Çin bazarından asılı vəziyyətdə qalır və bu ilin əvvəlindən yenidən Tranxəzər qaz layihəsinə qayıdır.


 
2000-ci illərin ilk 20 ilində Transxəzər layihəsinin baş tutmaması bir neçə amillə əlaqələndirilir. 
 
Birinci amil: Türkmənistanın qazını nəql edən iki dövlətin (Rusiya və İranın) buna qarşı çıxması. Onlar Xəzər dənizinin hüquqi statusunun həll olunmamasına və ekoloji təhlükələrə istinad edərək boru kəmərinin çəkilməsinə etiraz edirdilər. 
 
İkinci amilAzərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən mübahisəli neft yatağı üstündə iki dövlət arasında münasibətlərin pisləşməsi
 
Üçüncü amil isə Xəzər dənizinin Azərbaycan sahəsində Şahdəniz qaz yatağının kəşf edilməsi. Boru kəmərinin ildə nəql edəcəyi 30 milyard kubmetr qazın 5 milyard kubmetrini Şahdəniz yatağından hasil olunacaq qaza ayırması barədə Azərbaycanın xahişi Türkmənistan tərəfindən qəbul edilməmişdi. Beləcə, NABUKKO layihəsinin ilk mərhələsi – “Transxəzər” kəməri barədə müzakirələr də uzun illər boyu dayandırılmışdı.
 
Maraqlıdır ki, Türkmənistan və Azərbaycan prezidentləri ötən ildən etibarən aralarındakı ən mühüm anlaşmazlıq əngəlini aradan qaldırdılar. Bizim “Kəpəz”, türkmənlərin “Sərdar” dedikləri yatağa “Dostluq” adı qoyub birdə istismarına qərar verdilər. Bu ilin 21 yanvarında Aşqabadda iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nda açıq şəkildə ifadə olunmasa “Tranxəzər boru kəməri”nin çəkilməsi istiqamətində atılan ilk kövrək addımdır. Önümüzdəki illərdə Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması gözlənilir. Bu isə Rusiyanı narahat etməyə bilməz. Nədən ki, bu layihə yuxarıda da qeyd etdiyimiz kimi, Avropanı rus enerji inhisarından çıxarmağı hədəfləyir. İldə 50 milyard kub metr qaz nəqlini nəzərdə tutan NABUKKO kəmərinin canlandırılması Rusiyanın “Cənub axını” və “Türk axını” projesinə ən ciddi rəqibin ortaya çıxması deməkdir. Xatırladaq ki, Azərbaycanın hazırda fəaliyyət göstərən TANAP-TAP layihəsi cəmi ildə 16 milyard kub metr qaz nəqlini nəzərdə tutur. NABUKKO-nun qaz tutumu potensialı isə ondan 3 dəfə çoxdur. İstisna deyil ki, bu kəmərin çəkilməsini istəməyən qüvvələr bu “palçıq püskürməsi”ndə maralı olsunlar.


 
Xəzərdə baş verən üçüncü böyük qəza 2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında baş vermişdi. Yatağının 10 saylı dərin dəniz özülündə yanğın çıxmış, nəticədə 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmiş, 17-si itkin düşmüşdü.
 
Hadisənin baş verdiyi zaman coğrafiyamızda olduqca gərgin proseslər gedirdi. Suriyada müharibə qızışır, buna paralel olaraq Rusiya-Türkiyə gərginliyi artırdı. Hətta qəzadan cəmi 10 gün qabaq - 24 noyabr 2015-ci il tarixində Türkiyə Suriya ilə sərhəddində bir rus hərbi təyyarəsini vurmuş və iki dövlət az qala müharibə edəcək duruma gəlmişdi. Təyyarə insidentindən az keçməmiş Türkiyənin Baş naziri Bakıda qonaq gəlmiş və TANAP layihəsini 2018-ci ildən daha tez bitirməyin lazım olduğunu bildirmişdi. Çünki gərginliklər "Türk axını" layihəsi dondurulmasına qədər vara və Türkiyənin Azərbaycan qazına daha çox ehtiyacı yarana bilərdi. Belə bir zamanda “Günəşli” yatağında yanğın çıxmasının təsadüfi olması qətiyyən təsadüfi görünmür.
 
Palçıq vulkanı”nın məhz Ələtə yaxın ərazidə “püskürdülməsi”nin digər bir səbəbi Prezident İlham Əliyevin bir neçə gün əvvəl təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası ilə bağlı ola bilər. Sirr deyil ki, Ələt Azad İqtisadi Zonası Çindən Avropaya uzanan “Bir Kəmər, Bir Yol” (yeni İpək yolu) marşrutu üzərində qurulan ən iri proyektlərdəndir. Həm Qərb-Şərq, həm də Cənub-Şimal kommunikasiya xətlərini birləşdirən Ələt dünya ticari əlaqələrinin mərkəzi halına gətirilir. Bu da istər-istəməz regional rəqiblərimizi narahat edir. Çünki bu kommunikasiya xəttinin Azərbaycanda yaradılması Rusiya və İran kimi ölkələrin alternativ layihələrini mənasızlaşdırır. Bunun qarşısını almaq üçün isə Ələt üzərində güvənsizlik haləsi yaradılmalıdır.
 
Qeyd edək ki, bir neçə gün öncə Ələt Azad İqtisadi Zonasının təməlatma mərasimində Prezident İlham Əliyev də layihəyə xarici investiyaların cəlbi üçün təhlükəsizlik ortamının yaradılmasının vacibliyinə toxunaraq demişdi: “Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir”.


 
Prezident çıxışında onu bildirmişdi ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılmasının təbii çətinlikləri var. Başlıca çətinlik isə ölkəmizin açıq dənizlərə birbaşa çıxışının olmamasıdır. Belə bir vəziyyətdə bizim dezavantajlarımızı kompensasiya edə biləcək bir neçə amil var ki, onların da başında investisiya mühitini yaxşılaşdıran hüquqi islahatlar, infrastrukur layihələri, güclü intellektual kadr bazası, mədəniyyətlərarası dialoq, dini tolerantlıq, ictimai-siyasi sabitlik və bütün bunların bazasını təşkil edən təhlükəsizlik gəlir. 
 
İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlatma mərasimində iştirakından cəmi 3 gün sonra elə həmin ərazinin yaxınlığında püskürdülən “palçıq vulkanı” Azərbaycana cəlb olunacaq xarici investisiyanı da hədəf almış ola bilər.
 
Sözsüz ki, partlayışın arxasında İranın da rolunu istisna etmək mümkün deyil. Xatırlayırsınızsa, hələ 2007-ci ildə NABUKKO layihəsinin ciddi müzakirə olunduğu ərəfədə İrana məxsus vetrolyotlar hava sərhədlərimizi pozmuş və bu hadisədən sonra Türk təyyarələri Bakı səması üzərində əzələ nümayişinə başlamışdı. Türkiyənin bu açıq mesajı İran tərəfindən də ciddi qəbul edilmiş və Tehran geri addım atmışdı. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu hadisəni şərh edərək demişdi ki, İranda səfərdə olarkən vertolyotların Azərbaycanın hava sərhədini pozması barədə etirazını bu ölkənin müvafiq qurumlarına çatdırıb: “Onlar bunun bilərəkdən yox, təsadüfən olduğunu deyərək, üzrxahlıq etdilər. Biz də hesab edirik ki, İran vertolyotlarının Azərbaycan sərhədlərini pozması bilərəkdən edilməyib”, - Xələfov belə demişdi.
 
Yuxarıda qeyd etdiyimiz kimi, hazırda açıq şəkildə deyilməsə də, NABUKKO layihəsinin ilk addımları atılır və yəqin ki, bu da İranı ciddi düşündürür. Üstəlik, son zamanlar İsrail-İran arasında münasibətlərin kəskinləşməsi də müşahidə olunur. Rəsmi Tehran isə dəfələrlə verdiyi açıqlamalarında İsraili onun daxilində yox, tərəfdaşlarının ərazisində cəzalandıracaq. Maraqlıdır ki, bizim İsraildən özümüzü qorumaq üçün aldığımız dronlar belə, cənub qonşumuzun gözünə əyri görünür. Halbuki, 44 gün savaş o dronların nə məqsədlə alındığını tam aydınlığı ilə ortaya qoydu. Kiminsə silahını almaq hələ onunla müttəfiq olmaq anlamına gəlmir və eyni məntiqlə İranda da şah dönəmindən qalan ABŞ istehsalı hərbi təyyarələr varBu fakt onun ABŞ-ın gizli müttəfiqi olmasını nə qədər əks etdirirsə, Azərbaycan da silahını aldığı dövlətlərlə o qədər stateji tərəfdaşdır.(ovqat.com)
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam