Yenixeber.org: Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev deyib.
C.Paşayevin sözlərinə görə, palçıq vulkanı axşam saatlarında tam sönüb və hazırda ərazidə heç bir təhlükə yoxdur:
"Artıq vulkanda heç bir aktivlik qeydə alınmır. Cənub-şərq istiqamətində uzanmış həmin vulkanda püskürmə məhsullarının hərəkəti də tam dayanıb. Proses tamamilə sönüb".
Direktor qeyd edib ki, hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib:
"Vulkan çox güclü püskürüb, ərazinin əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. Ərazidə dərin çatlar yaranıb. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada tam təhlükəsizlik tədbirləri həyata keçirir. Əraziyə heç kim buraxılmır. Təhlükəsizlik baxımından biz hələ ərazidə ölçmə işlərini də dayandırmışıq, vulkanın həcmi və sahəsini ölçmürük. Hadisədən sonra çatlarda dağılmalar baş verir. Ona görə də gözləyirik ki, proses tam dayanandan sonra ölçmə işlərini aparaq".
Qurum rəhbəri bildirib ki, vulkan "Ümid" yaşayış məntəqəsindən təxminən 7-8 kilometr aralıdadır, ona görə də yaşayış məntəqəsinə heç bir ziyan dəyməyib:
"Palçıq vulkanının püskürməsi nəticəsində yaxınlıqda olan 1 elektrik dirəyi əyilmişdi, "Azərişıq" ASC-nin əməkdaşları dərhal hadisə yerinə gələrək problemi aradan qaldırdılar".
Xatırladaq ki, sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. İkinci püskürmə saat 09:58 radələrində qeydə alınıb.
Vulkan püskürməsi zamanı alovun hündürlüyü 200-300 metr olub. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.