Yenixeber.org: Son bir ildə pandemiyaya baxmayaraq, Azərbaycan iqtisadiyyatına nəzarət edən holdinqlər, banklar, sığorta şirkətləri, dərman firmaları, idxal, ixrac, xidmət sektorunda hegemon olan biznes qurumları gəlirlərini dəfələrlə artırıb. Rəsmi statistikaya görə, özəl sektorda (daha çox elə bu qurumlarda) çalışan təxminən 6,2 min nəfərin illik gəliri 727 milyon manatdan çox olub. Bu, təkcə işçilərin qazandığı puldur və aylıq ortalama 13 min manatdan çox maaş deməkdir. Bu rəqəm ölkədə bütün maaş alanların qazandığı pulun 13,8 faizidir. Xatırladaq ki, Azərbaycanda 1,7 milyondan çox muzdlu işçi var, onların 940 min nəfəri dövlət sektorundadır. İldə onlara ödənilən maaş fondunun həcmi 6,3 milyard manat civarındadır.
Ötən il 26 bankın fəaliyyət göstərdiyi bank sektorunda bütün aktivlərin 77 fazini əlində cəmləşdirən 3 aparıcı bank 550 milyon manat, sığorta sektorunun 2-3 monopolist şirkəti isə 400 milyon manat civarında qazanc əldə edib. Onların toplam aktivləri 10 milyard dollardan artıqdır.
Ölkədə il ərzində ərzaq və gündəlik tələbat mallarının 38-40 milyard manata yaxın dövriyyəsi var. Bu vəsaitin 95 faizinə yenə də 2-3 inhisarçı holdinq nəzarət edir. Ölkədə iri, orta və kiçik sahibkarlıq subyektlərinin 90 fazi bu holdinqlərin tərkibindədir. Qalan biznes subyektləri (mikro sahibkarlıq) sadə vətəndaşlara məxsusdur və onlar davamlı olaraq Qida Təhlükəsizliyi Agentliyi, vergi, polis və sair qurumlara cərimə, rüsum və “haqq” ödəməyə məhkum edilib.
İnhisarçı şirkətlər durmadan qiymətləri bahalaşdırır, təkcə yanvardan bəri 40 fazidən artıq qiymət artımı qeydə alınıb. Ekspertlər bunun səbəbini Tarif Şurasının yanvarın 4-də verdiyi bahalaşma qərarları ilə əsaslandırırlar. Belə ki, həmin tarixdə hökumət kommunal xidmətlərin, benzin və dizelin qiymətini yüksəldib.
Beləliklə, ilin birinci yarısında ölkədə benzin, su, dərman, qaz və əmlak bahalaşıb, bunun arxasınca ictimai nəqliyyatda qiymət artımı barədə qərar veriləcəyi gözlənilir.
Pandemiya ilində Azərbaycan sahibkarlara və işini itirən vətəndaşlara ən az dəstək göstərən ölkələr sırasında olub. Bunun əksinə, əsassız cərimələr bir neçə dəfə artırılıb, vətəndaşlar sərt polis nəzarəti ilə üz-üzə qalıb. İl ərzində cərimələrdən yığılan vəsaitin həcmi 400 milyon manat civarındadır.
Pandemiyanın tüğyan etdiyi aylarda inhisarçı dərman firmaları koronavirus əleyhinə dərmanları 100 dəfəyədək bahalaşdırdılar. Azərbaycanda 5-6 şirkət yüz milyonlarla dövriyyəsi olan bu sektoru nəzarətdə saxlayır. Dövlətin tikdiyi modul xəstəxanalarda bir xəstə qəbulu üçün 4-10 min manat rüşvət alırdılar. May ayında hüquq-mühafizə orqanlarının Zığda yerləşən modul tipli xəstəxanada və Bakı Sağlamlıq Mərkəzində keçirdiyi əməliyyat zamanı dəhşətli korrupsiya əməlləri faş oldu. Ümumiyyətlə, pandemiya dövründə səhiyyə sistemi biabırçı duruma düşdü, xəstələnən insanların 87 faizi öz hesablarına, 2-4 min manat xərcləyib sağaldılar. Ölkədə virusdan ölüm sayı rəsmi statistikada göstəriləndən 6 dəfə yüksək oldu. Belə ki, 2020-ci ildə rəsmi rəqəmlərə görə, 3 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Amma həmin il ölkədə ölüm sayı son 10 ildəki ortalama ölüm sayından 20 min nəfərə yaxın artıq olub. Onlardan 3 min nəfəri müharibədə həlak olan şəhidlərimizidir. Səhiyyə qurumları qalan ölümlərlə bağlı hər hansı açıqlama verməyiblər.
Hökumət koronavirusa qarşı mübarizədə əhalinin dəstəyindən istifadə etdi. Yaradılan Fonda ümumilikdə 118 milyon manatdan çox vəsait yığıldı ki, onun əksəriyyəti biznes subyektlərindən, dövlət qurumlarında çalışanların maaşlarından tutuldu. Müharibədən sonra YAŞAT Fondu, Qarabağ Dirçəliş Fondu isə qazilərin, şəhid ailələrinin problemlərinin həlli, azad edilən torpaqlarda tikinti-abadlıq işlərinin həyata keçirilməsi məqsədilə əhalidən ianələrin toplanması üçün təsis edilib.
Hazırda ölkədə etiraf olunmayan 1,5 milyondan çox işsiz var, orta aylıq maaş 712 manat, median əməkhaqqı 390 manat civarındadır. Hökumət bir ildir pensiya, müavinət alanların sayını kəskin şəkildə azaltmaqla məşğuldur. İlin əvvəlində nazir Sahil Babayev dedi ki, “xalqa verməli olduğumuz puldan 750 milyon manat qənaət etmişik, perspektivdə bu rəqəm 1,5 milyarda çatacaq.” Pensiyası, müavinəti kəsilən vətəndaşdan soruşan olmayıb ki, bəs, nə ilə yaşayacaqsız?..
Burada sadalanan faktlardan və problemlərdən belə bir mənzərə hasil olur ki, ölkənin bütün gəlirli sahələri məmurlara bağlı bir qrup inshisarçı şirkətin əlində cəmləşib, onlar durmadan sərvətlərini artırırlar. Əhali isə hökumətin bahalaşma, cərimə, sosial ödənişlərin kəsilməsi qərarlarının zərbələri altında günü-gündən daha da yoxsullaşır. Bu tendensiya ölkədə narazılığı, ümidsizliyi artırır, hətta sosial partlayış ehtimalını yaradır. Necə deyərlər, ac qılınca çapar. Hökumət bunu dərk edib, problemlərin həlli istiqamətində təxirəsalınmaz addımlar atmalıdır.(pressklub)
Turqut