FƏLƏSTİNDƏ ERMƏNİLƏRİ DƏSTƏKLƏYƏNLƏR KİMLƏRDİR? –Və ya fələstinli diplomatların Türkiyə və Azərbaycanla bağlı fərqli mövqeləri nədən qaynaqlanır?
Dünyanın istənilən nöqtəsində zorakılıq, işğal, günahsız insanların qətli, şəhərlərin bombalanması və s. bu kimi hallar birmənalı olaraq, qınanmalı, hansı dövlət olmasından asılı olmayaraq, işğalçı cəzalandırılmalıdır. Unutmayaq ki, işğalın, günahsız insanların qətlinin, qaçqın, didərgin salınmasının nə demək olduğunu Azərbaycan hamıdan yaxşı bilir...
Yenixeber.org: Ancaq Azərbaycan kimi uzun illər işğala məruz qalmış, dəfələrlə dünya birliyinin haqsız, ədalətsiz, biganə münasibətilə qarşılaşmış ölkələr ümumbəşəri dəyərlərlə yanaşı, mütləq öz milli maraqlarını da nəzərə almalıdır.
Mayın 10-dan etibarən növbəti dəfə alovlanan İsrail-Fələstin münaqişəsi beynəlxalq hüququ çoxdan ayaqlar altına atmış dünya birliyini əsasən iki hissəyə - İsraili və Fələstini dəstəkləyənlərə böldü. Müəyyən sayda bitərəf mövqe tutanlar – “sülh tərəfdarıyıq” deyib, konkret mövqe bildirməkdən yayınanlar da var.
Bu mövqelərin hansının ədalətli olduğunu bir tərəfə qoyaraq, Fələstin və İsrailin ayrı-ayrılıqda Azərbaycana münasibətinə nəzər yetirsək, bəzi ziddiyyətli məqamlara rast gələrik. İsrailin Ermənistandan fərqli olaraq, Azərbaycana münasibəti demək olar ki, birmənalıdır və müsbətdir. Ancaq Fələstini təmsil edən bəzi dövlət adamlarının və diplomatlatının verdiyi açıqlamalar Azərbaycan ictimiyyətində haqlı narazılıq yaradır...
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinə dəstək çıxışına və Qarabağla paralellər aparmasına Fələstinin Rusiyadakı səfirinin münasibəti Türkiyədə, xüsusilə də Azərbaycanda xeyli müzakirələrə və etirazlara səbəb oldu.
Səfirin “Biz mövcud vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik” deməsi və Ermənistanla “əla münasibətlərinin” olduğunu vurğulaması bir zamanlar Fələstin lideri Yasir Ərafatın dediyi “ərəblər erməniləri heç vaxt satmaz” ifadəsini yada salır...
Ancaq bununla belə bütövlükdə Fələstin dövlətinin erməniləri dəstəklədiyini də iddia etmək doğru olmaz. Vətən müharibəsi dövründə də Fələstin XİN-i Azərbaycanı birmənalı şəkildə dəstəkləyən bəyanatı yayıb. Bəyanatda Azərbaycanın öz torpaqlarından işğaldan azad etməsi dəstəklənib.
Fələstin Dövlətinin Azərbaycandakı Səfiri Nasir Əbdül Kərəm də “AzPolitika.info” ya müsahibəsində Azərbaycan hökumətinin yanında olduqlarını, Ermənistanla diplomatik münasibətlərinin olmadığını bəyan edib.
Qeyd edək ki, Fələstinin Azərbaycandakı səfiri Naser Abdul Kərim əvəllər də bu cür möqe nümayiş etdirib.
“Qarabağ Azərbaycan ərazisidir. Biz Azərbaycanın öz ərazilərini işğaldan azad etmək istəyini dəstəkləyirik. Fələstin Azərbaycanı dəstəkləyir...” – deyə, bildirib.
Onunla eyni mövqedə olan Fələstinli diplomatlar da az deyil. Məsələn, Fələstinin Özbəkistandakı səfiri Əsəd Munem Əl-Əsəd iki il əvvəl bildirib: “Azərbaycanlılar onların torpaqlarına gələn erməniləri qəbul edib, yerləşdiriblər. Sonra isə onlar Azərbaycan xalqına qarşı cinayət törədiblər, onu Qarabağdan qovublar və Azərbaycan torpaqlarını işğal ediblər.”
Göründüyü kimi, Moskvadakı səfirdən fərqli olaraq, Fələstin XİN-in, eləcə də Azərbaycanda və başqa ölkələrdə olan bəzi səfirlər Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyiblər.
Fələstin-İsrail qarşıdurmasında hazırda yaranmış durum Ermənistanda da müzakirələrə səbəb olub və orada da münaqişə tərəflərinə münasibət fərqlidir. Ermənilər Fələstinə daha çox üstünlük verirlər və bu, onun işğala məruz qalmış, haqqı tapdalanmış tərəf olmasıyla deyil, Fələstində ermənilərə sıcaq münasibət göstərən dövlət adamlarının olması, İsrailin isə Azərbaycana dəstəyindən irəli gəlir.
Ermənilərin Fələstində özlərinə dəstəkçi tapa bilmələrinin səbəbi isə bir sıra faktorlarla bağlıdır.
Birincisi odur ki, dünyanın hər yerinə yayılan ermənilər Fələstində də məskunlaşıblar. Fələstində böyük erməni məhəllələri var ki, siyasilər seçkilər zamanı onların səsini almağa çalışılar. Bunun üçün də bəzən onları məmnun edən açıqılamalarla çıxış etməli olurlar.
İkincisi, Fələstin diplomatları arasında da ermənilərə rast gəlmək mümkündür. Məsələn, “Sputnik Armenia”-da bu mövzuya həsr olunan məqalədə bir çox məqamlara toxunulur ki, bunlardan biri də Fələstinin erməni əsilli diplomatlarıyla bağlıdır: “2015-ci ildə Fələstin administrasiyası Ermənistanda səfirlik açmaq istəyini bəyan etdi. Danışıqlar üçün İrəvana Fələstinin İngiltərədəki səfiri Manuel Xassasyan göndərildi, yeri gəlmişkən o, erməni mənşəlidir. Qeyd edək ki, Fələstin diplomatları arasında etnik ermənilər az deyil. Məsələn, Niderlanddakı keçmiş səfir Avo Kaplanyan da bizim həmvətənimizdir...”
Göründüyü kimi, dünyanın ən aparıcı ölkələrindəni, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan İngiltərədəki səfiri də daxil olmaqla, ermənilərin Fələstin diplomatiyasında samballı iştirakı var.
Bunu Fələstin Dövlətinin Türkiyə və Azərbaycana münasibətdə həlledici amil saymasaq da, hər halda əhəmiyyətsiz hesab etmək də doğru olmaz...
Nəhayət, unutmayaq ki, Fələstin hələ də dövlət kimi tam formalaşmayıb, iqtisadiyyatı, səhiyyəsi, silahlı qüvvələri və s. kimi, diplomatiyasında da ciddi problemlər mövcuddur. Şübhəsiz ki, bu amil də Fələstindən istər Türkiyəyə, istərsə də Azərbaycana yönəlik bəzən fərqli, hətta absurd bəyanatlar səsləndirənlərin meydana çıxmasına təsir göstərir...(azpolitika)
Cəlal Məmmədov