“Fəhlə Trotskiyə bənzəyir” şəri, 28 vaqonda Parisə aparılan abidə -“Fəhlə və kolxozçu”nun triumfu
1937-ci ildə Parisdə keçiriləcək ümumdünya sərgisinə SSRİ ilk dəfə dəvət alanda, Kreml bu dəvəti müsbət qarşılayıb. Bununla bağlı İosif Stalinin göstərişi ilə Mərkəzi Komitədə xüsusi komissiya yaradılıb, Paris sərgisində SSRİ-nin hansı yaradıcılıq işi ilə iştirak edəcəyi müəyyənləşib. Qərara alınıb ki, Parisdə SSRİ üçün ayrılan pavilyonda sovet memarlarının və heykəştaraşlarının əsərləri nümayiş olunsun.
Yenixeber.org: Yaradılmış komissiyaya təqdim olunan layihələr diqqətlə araşdırılıb, nəhayət, 11 noyabr 1936-cı ildə bəzi düzəlişlər edilməklə heykəltaraş Vera Muxinanın layihəsi qəbul edilib. Onun yaradacağı abidədə fəhlə və kolxozçu obrazlarının əks olunması nəzərdə tutulub ki, sonralar bu abidə “Fəhlə və kolxoxçu” adı ilə dünyada məşhurlaşıb. Bu abidə sonralar həm də SSRİ-nin qeyri-rsmi simvoluna çevrilib.
Sərgiyə az vaxt qaldığından abidənin hazırlanması üçün üçnövbəli iş sistemi tətbiq edilib. Abidə Moskvadakı Maşınqayırma və metal emalı təcrübə institutunun istehsal sexlərində hazırlanıb.
Abidənin heykəltaraşı Vera Muxina və memarı Boris İofan həmin ərəfədə sutkalarla təcrübə institutunda gecələməli olublar. İnstitutun işçiləri gərgin iş rejimindən bezərək narazılıqlarını dilə gətiriblər, rəhbərliyə şikayətlərini bildiriblər. İnstitutun direktoru Tombovtsevi bu narazalıq ciddi şəkildə təşvişə salıb. Direktor işin yarımçıq qalmasından, yaxud da vaxtında icra edilməyəcəyindən qorxub. O, Stalin rejimində bunun nə ilə nəticələnəcəyini yaxşı anlayıb.
Bu səbəbdən direktor özünü sığortalamaq üçün Mərkəzi Komitəyə Vera Muxina haqqında bir neçə dəfə məktub göndərib, məktubda Muxinanın institutun əməkdaşlarını istismar etdiyini, onlara kobud münasibət bəslədiyini bildirib. Ancaq bu məktublara heç kim reaksiya verməyib.
Tombovtsev Kremlin diqqətini instituta və yaranan vəziyyətə cəlb etmək üçün fərqli varianta əl atmağa məcbur qalıb. O, növbəti məktubunda abidədəki fəhlənin Lev Trotskiyə oxşadığını bildirib.
İnstitut direktorunun bu variantı işləyib. Məktub haqqında Stalinə məruzə edilib. Stalin heç bir reaksiya verməyib, görəcəyi tədbir haqqında heç nə deməyib. 1937-ci ilin mart ayında, abidənin hazırlanmasının yekun ərəfəsində gecədən xeyli keçmiş o, sürücüsünə maşını təcrübə institutuna sürməyi göstəriş verib. Stalinin institutuda qəfil gəlməsi hamını çaşdırıb. O, əməkdaşlardan xahiş edib ki, projektorları abidənin üstünə yönəltsinlər. Abidə tam işıqlandırıldıqdan sonra Stalin bir neçə dəqiqə sakit şəkildə abidəni seyr edib və heç bir fikir bildirmədən geri qayıdıb. Sovet lideri “fəhlə”nin üzündə heç bir Trotski cizgisi hiss etməyib. Ancaq bununla da qane olmayan Stalin səhərisi gün Kliment Voroşilovu instituta göndərib. Voroşilov institutdan qayıtdıqdan sonra Stalini əmin edib ki, “fəhlə” ilə Trotskinin heç bir oxşarlığı yoxdur.
Abidənin hündürlüyü 24 metr, çəkisi 75 tona yaxın olub. Onun Parisə daşınması növbəti problemə çevrilib. Nəhayət, “Fəhlə və kolxozçu” 68 hissəyə bölünüb, 28 vaqona yerləşdirilib və Parisə yola salınıb. Polşa ərazisindən keçərkən növbəti problem yaranıb. Tuneldən abidənin bir neçə hissəsi keçmədiyindən onları da hissələrə ayırmaq zərurəti yaranıb.
Növbəti işlər Parisdə sərgi yerində başlanıb. Abidə-monument mütəxəssislər tərəfindən SSRİ üçün ayrılmış pavilyonda ucaldılıb. SSRİ üçün ayrılmış pavilyondan bir neçə metr yuxarıda isə Almaniya üçün yer ayrılıb. Almanlar öz pavilyonıarında qartal fiqurunda kompleks nümayiş etdiriblər. Nəhəng “Fəhlə və kolxozçu”nun yanında almanların “qartal”ı kiçik bir quşcuğaza bənzəyib və bu sərgi iştirakçılarının diqqətindən yayınmayıb.
25 may 1937-ci ildə Paris sərgisinin təntənəli açılış mərasimi keçirilib. Vera Muxinanın əsəri böyük alqışlarla qarşılanıb. Pablo Pikasso və Frans Mazerel kimi tanınmış sənətkarlar abidəyə heyranlıqlarını gizlətməyiblər. Fransa mətbuatı “Fəhlə və kolxozçu” abidəsini 20-ci əsrin ən möhtəşəm abidəsi kimi təqdim edib. Dünyanın bir çox ölkələrində “Fəhlə və kolxozçu” abidəsinin əksi olan poçt markaları, açıqcalar, plakatlar buraxılıb, döş nişanları hazırlanıb.
Sərgidən sonra sovet nümayəndə heyəti Fransa rəsmilərindən abidənin satılması təklifini alıblar. SSRİ bu təklifdən qəti şəkildə imtina edib.
“Fəhlə və kolxozçu” abidəsi eyni qaydada hissələrə bölünərək vaqonlarla Moskvaya qaytarılıb. Bir müddət bu abidənin Moskvanın hansı məkanında ucaldılması məsələsi ciddi müzakirələrə səbəb olub. Vera Muxina abidənin Moskvanın Krımski Val küçəsində qoyulmasını təklif edib. Dəfələrlə bununla bağlı Mərkəzi Komitəyə müraciətlər ünvanlayıb. Amma heykəltaraşın bu istəyi nəzərə alınmayıb. Sonuncu müzakirələrdən sonra “Fəhlə və kolxozçu” abidəsi “VDNX” kompleksinin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) giriş hissəsinə qoyulub.
1948-ci ildə “Mosfilm” kinostudiyası “Fəhlə və kolxozçu” abidəsinin şəklini rəsmi simvolu kimi qəbul edib. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyi münasibətilə buraxılan 15 qəpikliyin üzərində “Fəhlə və kolxozçu” abidəsi əks olunub.
2003-cü ildə Rusiya hökuməti “Fəhlə və kolxozçu” abidə-monumentinin əsaslı bərpası ilə bağlı qərar qəbul edib. Bərpa işləri altı il davam edib və 2009-cu ildə sona çatıb.
İlham Cəmiloğlu