Yenixeber.org: Dövlət satınalmaları büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə etmək, həmçinin sağlam rəqabətli iqtisadi mühitin yaradılması üçün mühüm iqtisadi alətdir. Məlum olduğu kimi, hər il dövlət büdcəsi xərclərinin böyük bir hissəsi məhz satınalmalarla həyata keçirilir. Hesablama Palatasının məlumatlarında qeyd olunur ki, dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi satınalmaları vasitəsilə icra edilir.
Bu baxımdan dövlət satınalmalarında şəffaflıq problemləri həmişə aktual olub. Amma son illər Azərbaycanda dövlət satınlamalarındakı problemlər o qədər ciddiləşib ki, narahatlıqlar Prezident İlham Əliyev səviyyəsində ifadə olunur. Ekspertlər başda olmaqla media neçə ildir ki, bu sahədə olan korrupsiya ilə bağlı həyəcan təbili çalır.
Qaynarinfo xəbər verir ki, artıq hökumət nümayəndələri də satınalmalardakı problemlərdən danışmağa başlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov son çıxışlarında bu sahədəki şəffaflıq problemlərinə diqqət çəkir. Nazirin sözlərinə görə, dövlət sifarişləri ilə bağlı ölkədə çox ciddi problemlər var:
“Bir qayda olaraq böyük tenderləri heç kimin tanımadığı, dövlətə vergi borcu olan və ofisi, işçisi olmayan bir-iki aylıq MMC-lər qazanır. Hər şeydən də görünür ki, bu sahədə böyük bir şəbəkənin monopoliyası fəaliyyət göstərir və mətbuat artıq uzun illərdir bu sahədəki qanunsuzluqları, korrupsiyanı işıqlandırsa da, vəziyyət dəyişmir”.
Mikayıl Cabbarov “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlandığını bildirməklə yanaşı, yeni qanunun qəbulundan sonra dövlət satınalmalarında şəffaflığın artırılacağını deyib.
Millət vəkili Əli Məsimlinin sözlərinə görə, dövlət satınalmaları sahəsində qanunvericilik sənədlərində zəruri dəyişiklik edilib işlək mexanizm yaradılmalıdır. Bununla yanaşı, ictimai nəzarət gücləndirilməlidir.
İqtisadçı Toğrul Vəliyev dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün iştirakçılarla yanaşı, tenderlərin ictimaiyyət üçün də açıq olmasını vacib hesab edir.
Sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli isə Mikayıl Cabbarovun son çıxışından sonra bu sahədə dəyişiklik olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, dövlət satınalmaları sahəsində böyük maliyyə fırıldaqları həyata keçirilir və bu tenderləri qazanan şirkətlər heç də real kiçik və orta biznesə aid deyil. Bu şirkətlər əslində məmurların korrupsiya aləti rolunda çıxış edir.
Sabiq deputat bu sahədə şəffaflığın yaradılması üçün ilk növbədə məmur sahibkarlığının ləğv olunmasını vacib hesab edir:
“Problemlərin səbəbini aradan qaldırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, yüksək çinli məmurların və dövlət qurumlarından işləyənlərin əmlak və gəlir deklarasiyası təmin olunmalıdır. Təsəvvür edin ki, təkcə ordunun və dövlət müəssisələrinin ərzaq təminatı üçün ildə 700-800 milyon manat vəsait xərclənir. Bəzən biz görürük ki, yerli kartofu deyil, xarici kartofu alırlar. Həm də baha qiymətə… Nəticə etibarilə də korrupsiya, rüşvətxorluq çiçəklənir. Dövlət vəsaitləri də səmərəsiz xərclənir”.
Araşdırmaçı jurnalist Hafiz Babalının sözlərinə görə, qüvvədə olan qanun dövlət satınalmalarında şəffaflığı təmin edə bilmir. Jurnalist yeni yaradılan şirkətlərin dövlət satınalmalarında tez-tez qalib elan olunması prosesindəki problemlərə diqqət çəkib:
“Qanun yeni yaranan şirkətin dövlət satınalmasında iştirakını məhdudlaşdıra bilməz. Yəni, burada önəmli olan iddiaçının və iştirakçının ixtisas uyğunluğu meyarlarına cavab verməsidir. Satınalan təşkilat öz mülahizəsinə əsasən bu meyarları tətbiq edə də bilər, etməyə də. Başqa sözlə, qanun ixtisas uyğunluğu mərhələsinin təşkilini imperativ qaydada tələb etmir. Bu, qanunda yaradılan korrupsiya formalaşdırıcı imkandır.
Qanunun belə halları önləyən başqa bir resursu var. Bu, mal (iş və xidmətlərin) subpodrat müqaviləsi əsasında ən çoxu 50 faizini digər təşkilata (şəxsə) vermək məhdudiyətidir. Yəni, istənilən halda müqavilə üzrə öhdəliyin azı 50%-ni qalib şirkət öz kadr, texniki resursu hesabına icra etməlidir. Mediaya da şərait yaradılmalıdır ki, qalib şirkətin imkanlarını və maddi vəsaitlərini araşdırsın. İstənilən halda bu sahədə şəffaflığı təmin etmək üçün tenderlər ictimaiyyət üçün açıq olmalıdır…”