Yenixeber.org: Prezident İlham Əliyevin fevralın 4-də imzaladığı fərmanla “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında” Əsasnamə təsdiq edilib. Bundan əvvəl – 19 yanvar 2021-ci il tarixində “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalanıb. Yanvarın 27-də isə Şuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
Yeni yaradılan xüsusi nümayəndəliklərin vəzifələrini, səlahiyyətlərini və bu dövlət təsisatının Konstitusiyaya uyğunluğunu təhlil etməzdən əvvəl qeyd edək ki, Azərbaycanda yerli idarəetmədə ciddi problemlər var. Rayon-şəhər icra hakimiyyətləri yerlərdə dövlət siyasətinin həyata keçirilməsində effektiv rol oynaya bilmir. Əksinə, rüşvət, korrupsiya bataqlığında çabalayan bu strukturun fəaliyyətini sabotaj kimi qiymətləndirmək olar. Bu fikri təsdiq etmək üçün qısaca onu xatırladaq ki, 2005-ci ildən etibarən regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün 3 Dövlət Proqramı qəbul edilib, rəsmi məlumatlara görə, bu istiqamətdə ümumilikdə 75 milyard manatdan artıq vəsait cəlb olunub. Amma bu günə olan nəticə ondan ibarətdir ki, rayonların əksəriyyəti mərkəzi büdcədən dotasiya almaqda davam edirlər. Onların gəlirləri öz xərclərini ödəməyə kifayət etmir. Rayonların əhalisi yenə çörəkpulu qazanmaq üçün Bakıya və Abşerona axın edir.
Halbuki proqramlar qəbul edilərkən başlıca məqsəd bölgələrin sosial-iqtisadi inkişafını, əhalinin məşğulluğunu təmin etmək, aqrar sektoru, emal sənayesini inkişaf etdirmək, nəticədə dotasiyadan asılılığı aradan qaldırmaq idi. Təəssüf ki, Azərbaycanda ÜDM-in 93 faizi yenə də Bakı-Abşeron iqtisadi rayonunun payına düşür. Ölkə əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmir, bölgələrdə işsizlik pik həddədir, ölkə üzrə yoxsul əhalinin əsas hissəsi də rayonlarda yaşayır.
2019-2020-ci illərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 6 icra başçısını həbs edərkən ortaya çıxan mənzərə bölgələrin səfalət girdabına yuvarlanmasının səbəblərini də ortaya çıxardı. İcra strukturlarına rəhbərlik edən şəxslər dövlətin bütün resurslarını özlərinin varlanmasına sərf ediblər. Hətta onların rüsvayçı şəkildə həbs edilməsi belə digər məmurları cinayətkar fəaliyyətlərindən çəkindirə bilməyib. Bu gün də əksər icra hakimiyyətlərində eyni iş prinspləri qüvvədədir.
Bu hadisələr Azərbaycanda yerli icra hakimiyyəti strukturunun demontaj edilməsini, yeni, çevik, dövrün şərtlərinə uyğun icra qurumlarının yaradılmasını gündəmə gətirib. Prezidentin yaratdığı xüsusi nümayəndəlikləri yerli özünüidarə sisteminin dəyişdirilməsi istiqamətində atılmış ilk addım sayanlar var. Bəs, bu qurumlar bütün ölkə üzrə fəaliyyət göstərəcəklər, yoxsa təkcə işğaldan azad olunmuş ərazilərdə? Bələdiyyələrin yerli idarəçilikdə səlahiyyətləri nədən ibarət olacaq? Yeni təsisat Konstitusiya ilə ziddiyət təşkil etmir ki?
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “saytımıza şərhində bildirdi ki, xüsusi nümayəndəliklərin yaradılmasının Konstitusiyaya uyğunluğu məsələsi hüquqi təhlil tələb edir:
“Belə ki, Konstitusiya ilə dövlət idarəetmə sistemində “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri” adlı idarəetmə qurumunu nəzərdə tutan birbaşa və dolayısı ilə hər hansı norma yoxdur. İndiki halda bu qurum dövlət hakimiyyət orqanları sistemində icra hakimiyyəti qurumu kimi yaradılıb. Konstitusiya ilə icra hakimiyyətinin strukturu belə müəyyən edilib: ali icra hakimiyyəti Prezidentə, yuxarı icra hakimiyyəti Nazirlər Kabinetinə, mərkəzi icra hakimiyyəti nazirliklərə, dövlət komitələrinə və digər bu kimi orqanlara, yerli icra hakimiyyəti isə yerli İH başçılarına məxsusdur. Yerli idarəetmə eyni zamanda yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yəni Konstitusiya ilə yerli idarəetmə yerli icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir”.
Həsənov deyir ki, bunlardan başqa, Əsasnamənin 1.1.-ci bəndinə görə, Prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılır:
“Hesab edirik ki, bu məsələnin hüquqi əsasları da mübahisəlidir. Əvvəla ona görə ki, Əsasnaməyə görə xüsusi nümayəndəlik yerlərdə – işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək və onun fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları yerli xarakterli məsələlərlə bağlıdır. Bu fəaliyyətlər mahiyyətcə əksər hallarda yerli icra hakimiyyətləri və yerli özünüidarə orqanlarının fəaliyyətləri ilə üst-üstə düşür. Burada xüsusi nümayəndəliyin fəaliyyətini həmin qurumların fəaliyyətlərindən bir qədər fərqləndirə biləcək əlaqələndirmə və nəzarət funksiyalarının olması qabardıla bilər. Lakin dərindən təhlil etdikdə bu funksiyaların birbaşa və ya dolayısı ilə yerli icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda da nəzərdə tutulduğunu görmək olar”.
Hüquqşünas belə qənaətə gəlir ki, Əsasnamədə xüsusi nümayəndəliklərin Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılması göstərilsə də, fəaliyyət predmetinə, hüquq və vəzifələrinə görə bu qurumlar mahiyyətcə yerli idarəetmə institutlarıdır:
“Bunlardan başqa, əgər xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılırdısa, onda niyə bu qurumların yaradılması ilə bağlı Prezidentin fərman və sərəncamlarında Konstitusiyanın 109-cu maddəsinin 13-cü bəndinə deyil, 109-cu maddənin 32-ci bəndinə (AR Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir) istinad edilir? Burada deyilə bilər ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi Prezidentə xüsusi nümayəndəliklər institutunun yaradılması üçün səlahiyyət verir. Hesab edirəm ki, Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi ilə nəzərdə tutulan dövlət idarəetmə institutlarını yarada bilər və bir daha qeyd edirəm ki, indiki halda Konstitusiya ilə icra hakimiyyəti strukturunda “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri” institutları nəzərdə tutulmayıb.
Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15.01.2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında” Əsasnamə ləğv edilib və hələlik yeni Əsasnamə təsdiq edilməyib. İndiki halda qüvvədə olan belə bir Əsasnamə yoxdursa, Prezident Administrasiyasının strukturunda xüsusi nümayəndəliklərin yerinin və bu qurumların hansı qurumun struktur bölməsi kimi fəaliyyət göstərməsinin hansı hüquqi sənədlə müəyyən olunması məsələsi açıq qalır”.(pressklub)
Turqut