Makron Ərdoğana niyə məğlub olur: Liviya diktatorundan alınan rüşvətlə bağlı qalmaqal...
Şimali Afrikadan Cənubi Qafqaza qədər Fransanın maraqları olan geniş geopolitik coğrafiya Türkiyənin siyasi iradəsinə bağlıdır; Ona görə də, Fransa prezidenti Emmanuel Makron Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana barışıq təklif etməklə, minnətçi düşmək məcburiyyətində qalıb...
Yenixeber.org: Dünya yeni dönəmə hazırlaşır. Yeni dönəmin dünya düzəni artıq şəkillənməyə başlayıb. Beynəlxalq siyasət məkanında bir çox istiqamətlər üzrə "kartlar"ın yenidən paylanmaqda olduğu müşahidə edilir.
Təbii ki, belə vəziyyətdə bir çox nüfuzlu dünya dövlətləri öz beynəlxalq hədəflərini yenidən səhmana salmağa çalışırlar. Mənfəət və maraq preoritetlərini yenidən müəyyən etməyə üstünlük verirlər. Və nəticədə indiyə qədər qüvvədə olan müttəfiq, rəqib, hətta düşmən anlayışları da dəyişməyə başlayıb.
Onu da qeyd edək ki, yeni dünya düzəni üçün "viruslu böhran" dönəmi həlledici səviyyədə önəm daşıdı. Çünki bir illik bu siyasi-iqtisadi "ətalət" dövründən bəzi nüfuzlu dünya dövlətləri sarsıntısız yayına bilmədilər. Əksinə, onlardan bəziləri çox ciddi zərbələrə məruz qalaraq, zəiflədilər. Hətta bəzi dünya nəhəngləri öz beynəlxalq mövqelərini böyük ölçüdə əldən verdilər. Və dünyada şərtləri "istehsal" edən dövlətdən, onları "istehlak" edən ölkəyə çevrildilər.
Maraqlıdır ki, "beynəlxalq ətalət" dövrünün hərəkətli ölkələri də olmamış deyil. Belə dövlətlər əvvəllər malik olmadıqları səviyyədə beynəlxalq nüfuza sahib ola bildilər. Və belə ölkələrin sırasında Türkiyə də yer almaqdadır.
Məsələ ondadır ki, "beynəlxalq ətalət" dövründə Türkiyə daha da gücləndi. Dünyanın bir çox önəmli regionlarında rəsmi Ankara əsas siyasi iradə sahibinə çevrildi. İndi Türkiyənin siyasi iradəsi ilə həmin regionlarda, eləcə də dünyada hesablaşmaq məcburiyyətində qalıblar.
Onu da qeyd edək ki, bu mərhələdə Türkiyə qarşısında əsas rəqib rolunu məhz Fransa öz üzərinə götürmüşdü. Bu iki dövlət Şimali Afrikadan Cənubi Qafqaz regionuna qədər geniş bir geopolitik coğrafiyada kəskin rəqabət yaşadılar. Və bu rəqabət Türkiyənin böyük üstünlüyü şəraitində hələ də davam edir.
Rəsmi Ankaranın qətiyyətli addımları ilə Şimali Afrikada Fransa hegemoniyası zəiflədildi. Mübarizənin əsas ağırlıq mərkəzi hətta Afrikanın daha cənub bölgələrinə doğru yayılmağa başladı. Rəsmi Paris xüsusilə də, Liviyada Türkiyəni sıxışdırmağa çalışsa da, Fransa bu neft ölkəsindəki mövqelərini böyük ölçüdə artıq əldən verib. Liviyada Türkiyəyə müqavimət üçün Fransaya hətta Rusiyanın qeyri-leqal hərbi manevrləri də kömək etmədi. Halbuki, rəsmi Paris adətən, Liviyanı həmişə Fransanın nüfuz dairəsinə aid dövlətlərin sırasında görürdü. Fransanın Liviya ilə tarixi yaxınlıq ənənəsi də var idi.
Məsələ ondadır ki, Liviya diktatoru Muammar Qaddafi ölkəsinin qapılarını Fransanın üzünə sonuna qədər açmışdı. Rəsmi Paris diktatora verdiyi beynəlxalq dəstəyin qarşılığında Liviyanın enerji resurslarından daha sərfəli şərtlərlə yararlana bilirdi. Və hətta bu yaxın münasibətlərdən maliyyə-iqtisadi cəhətdən də faydalanırdı.
Onu da qeyd edək ki, Liviya diktatorunun Fransanın daxili siyasətinə müəyyən təsir imkanları da olmamış deyildi. Onun özünə daha yaxın olan fransız siyasətçilərin seçkilərdə qələbəsini maliyyələşdirdiyi barədə inkaredilməz faktlar mövcuddur. Bəzi məlumatlara görə, M.Qaddafi keçmiş prezident Nikola Sarkozinin seçkilərdə qalib gəlməsi üçün qeyri-leqal yollarla külli miqdarda maliyyə vəsaiti xərcləmişdi.
Ona görə də, prezident N.Sarkozi dönəmində Liviya diktatoru Fransaya münasibətdə olduqca ərköyün davranmaqdan belə, çəkinmirdi. Həmin dönəmdə Fransaya rəsmi səfər edən M.Qaddafinin paytaxt Parisin xiyabanlarindan birində özünə çadır qurması ilə bağlı qalmaqal hələ də unudulmayıb. Çünkü, M.Qaddafidən alınan külli miqdarda rüşvət prezident N.Sarkozini Liviya diktatorunun bu ərköyünlüyü ilə barışmaq məcburiyyətində qoymuşdu.
Ancaq keçmiş prezident N.Sarkozi Liviya diktatorunun bu ərköyünlüyünü bağışlamadı. Belə ki, Liviyada xarici müdaxilənin sayəsində sillahlı qiyamın qalib gəldiyi ərəfədə N.Sarkozi diktatorun fiziki məhvində israr edənlərin sırasında yer alırdı. Bununla N.Sarkozi həm rüşvət faktının gizli qalmasına nail olmaq, həm də diktatordan intiqam almaq məqsədi güdürdü.
Ancaq Liviya diktatoru fiziki cəhətdən aradan götürülsə də, bu biabırçılığı gizlətmək mümkün olmadı. Belə ki, N.Sarkozi "erməni soyqırımını inkar edənlərin cəsalandırılması" ilə bağlı qanunun qəbuluna nail olduqdan sonra Türkiyə kəşfiyyatı bu barədə əldə etdiyi faktları dünya mətbuatına ötürdü. Və N.Sarkozinin siyasi karyerası da zədələnmiş oldu.
Maraqlıdır ki, Türkiyə siyasi dairələri Liviya diktatorundan bir fransız prezidentin rüşvət alması ilə bağlı beynəlxalq qalmaqalı vaxtaşırı gündəmə gətirməklə, Fransanın nüfuzunu zədələməkdə davam edirlər. Eyni zamanda, rəsmi Ankaranın Fransanın müxtəlif Afrika ölkələrində törətdiyi tarixi soyqırım faktlarını da gündəmdə saxlaması rəsmi Paris üçün beynəlxalq diskomfort yaratmaqdadır.
Onu da qeyd edək ki, Makron hakimiyyətinin Türkiyə əleyhinə fəaliyyətinin zərərsizləşdirilməsində Fransanın tarixi hərbi cinayətlərinin beynəlxalq gündəmdə saxlanılması xüsusi rol oynayır. Çünki bu hərbi cinayətlər xatırladıldıqca, rəsmi Parisin beynəlxalq hüquq normaları ilə manipulyasiya etməsi də çətinləşir.
Son vaxtlar isə prezident Emmanuel Makronun Türkiyəyə münasibətdə mövqeyini nisbətən yumşaltmağa meylləndiyi müşahidə olunur. Belə ki, bir müddət öncə Fransa prezidenti E.Makron iki dövlət arasında münasibətləri yenidən düzəltmək üçün Türkiyə prezidenti R.T.Ərdoğana məktub yazıb.
Təbii ki, bu, olduqca müsbət addımdır. Ancaq qətiyyən səmimiyyətdən qaynaqlanmır. Əksinə, rəsmi Paris Türkiyə ilə qarşıdurmanın Fransaya xeyirdən çox ziyan vurduğunu anlamağa başlayıb.
Məsələ ondadır ki, Fransa Liviyada, eləcə də, Şimali Afrikada tam məğlubiyyətə uğrayıb. Eyni zamanda, Şərqi Ağdənizdə də Türkiyə öz hədəflərinə çatmaq üzrədir. Ermənistanı dəstəkləyən Fransa Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə iştirak şanslarını da itirib.
Bütün bu itkiləri Türkiyə ilə qarşıdurma vəziyyətində bərpa etmək isə artıq mümkün görünmür.
Ona görə də, indi Fransa yeni dünyanın supergücləri sırasına qatılmaq üzrə olan Türkiyə ilə əməkdaşlıq məcburiyyətində qalıb. Və prezident E.Makron son dövrlərə qədər münasibətləri gərgin olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana minnətçi düşüb. Böyük ehtimalla rəsmi Paris "ziyanın yarısından qayıtmaq da kardır" fəlsəfəsinə ayaq uydurmaq qərarı verib. Hər halda, dünyada və təmsil olunduğu regionlarda önəmli söz sahibinə çevrilmiş Türkiyə ilə davamlı qarşıdurma Fransanın beynəlxalq maraqlarını təhdid etməyə başlayıb.
Belə görünür ki, prezident E.Makron Türkiyə ilə münasibətləri normallaşdırmaqla, Şimali Afrikanın enerji resurslarına çıxış imkanlarını yenidən bərpa etmək niyyətindədir. Eyni zamanda, o, Türkiyənin Şərqi Ağdənizdə istismarına başlayacağı enerji resursları mənbələrində də Fransanın tərəfdaş ola biləcəyinə ümid bəsləyir.
Nəhayət, Cənubi Qafqazın yaxın gələcəkdə Avropa və Asiya arasında ən önəmli nəqliyyat-kommunikasiya dəhlizinə çevriləcəyi qətiyyən şübhə doğurmur. Türkiyənin razılığı olmadan isə Fransanın bu dəhlizdən yararlana bilməsi qeyri-mümkün görünür. Və ona görə də, Fransa artıq Türkiyə ilə fərqli münasibətlər sisteminə möhtacdır.
Ancaq rəsmi Ankara Fransa prezidenti E.Makronun barışıq məktubuna birmənalı müsbət cavab verməyə də tələsmir. Yalnız diplomatik xarakter daşıyan xoşniyyətli addımlara eyham vurmaqla kifayətlənir. Bu baxımdan, E.Makronun R.T.Ərdoğana beynəlxalq siyasət məkanında məğlub olduğu şübhə doğurmayan indiki dönəmdə Türkiyə-Fransa münasibətlərinin hansı istiqamətlərə yönələ biləcəyi maraq doğurur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert