Demoqrafik kollaps:erməni əhali hara gedir və niyə?
Yenixeber.org: Beynəlxalq Countrymeters layihəsinin (dünya ölkələrində əhalinin sayının, digər demoqrafik və sosial proseslərin dəyişmə dinamikasını göstərmək məqsədilə həyata keçirilir) məlumatına görə, 2020-ci ilin sonuna Ermənistan Respublikasının əhalisi 2 mln. 971 min 248 nəfər təşkil edib. (Biz bu təşkilatın məlumatlarından istifadə etmək məcburiyyətindəyik, çünki Ermənistan hökumətinin 18-27 oktyabr 2020-ci il tarixində əhalinin növbəti siyahıya alınması planını həyata keçirməsinə İkinci Qarabağ Müharibəsi mane oldu).
2011-ci ildə Ermənistanda son dəfə keçirilmiş əhalinin siyahıya alınması göstərdi ki, ölkə əhalisinin sayı 3 mln. 18 min 900 nəfər olub. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin daimi əhalisinin sayı 1 yanvar 2019-cu il tarixinə 2 mln. 965 min 100 nəfər təşkil edib (1 yanvar 2018-ci il tarixi ilə müqayisədə bu göstərici 7,6 min azalıb), yeri gəlmişkən, bu, Countrymeters-in BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin əhali şöbəsinin yazılarına əsaslanan məlumatları ilə uzlaşır.
SSRİ əhalisinin siyahıya alınmasına görə, 1989-cu ilin yanvarında Ermənistanda (o vaxt Ermənistan SSR-də) 3 mln. 305 min nəfər yaşayıb ("1989-cu ildə SSRİ əhalisinin siyahıya alınması üzrə SSRİ əhalisinin milli tərkibi”, SSRİ Dövlət Statistika Komitəsi, Moskva, Maliyyə və Statistika, 1991).
Bu rəqəmdən Countrymeters-in qeyd etdiyi 2020-ci ilin sonu üçün Ermənistan sakinlərinin sayını çıxsaq, belə alınır ki, ölkə əhalisinin sayı otuz il ərzində 333 min 752 nəfər azalıb.
Lakin Ermənistan cəmiyyəti dövlət orqanlarının statistikasına etibar etmir. Hələ 2000-ci ildə həyəcan təbili çalaraq bildirirdi ki, son səkkiz-on il ərzində kütləvi miqrasiya nəticəsində ölkə əhalisinin sayı kəskin şəkildə azalıb. Müstəqil KİV bildirirdi ki, ölkə müstəqillik əldə etdikdən sonra 800 mindən bir milyon yarıma qədər adam ölkəni tərk edib. Belə ki, "Delovoy ekspress" qəzeti (№ 34, sentyabr 2000-ci il, səh 8, "Medalın arxa tərəfi") Ermənistan hökuməti yanında Miqrasiya və Qaçqınların Məsələləri üzrə İdarənin məlumatlarına istinad edərək ölkəni “birdəfəlik tərk etmiş” 700-800 min vətəndaş haqda yazırdı, digər şərait nəzərə alınmaqla 800 min tərk etmiş göstərilirdi. Nəticədə onların hesablamalarına görə, Ermənistan əhalisi azalaraq təxminən 2,5 mln. nəfər təşkil edib. Lazım olan rəqəm ölkəni tərk edənlərin sayının 1990-cı illərin əvvəlləri üçün əhalinin sayından çıxılması yolu ilə alınırdı.
EÜH (Erməni Ümummilli Hərəkatı - eks-prezident Levon Ter-Petrosyanın Partiyası) ilə bağlı nəşrlər “bir milyon yarımdan çox tərk etmiş” adamın sayının 3-3,3 milyon nəfərlik "sovet" əhalisinin sayından çıxılması yolu ilə bir milyon yarım erməninin getdiyini bəyan edirdilər.
Siyasi elmlər doktoru, "XXI əsr" müstəqil Beynəlxalq Assosiasiyasının prezidenti Arkadi Vartanyan iddia edirdi ki, Ermənistanda sistemli böhran nəticəsində kütləvi şəkildə "dayanmadan miqrasiya" başlayıb, bunun nəticəsində ölkə əhalisinin sayı məqalə yazılan anda 3,6 mln. nəfərdən 1,3 - 1,5 mln. nəfərədək azalıb ("NQ", 16.08.2000, “Qrustnıye melodii duduka”).
Vartanyanın göstərdiyi rəqəm, çox güman ki, həqiqətə uyğun olub. Odur ki, miqrantların sayının müəyyən edilməsi üçün əhalinin təbii artımını da nəzərə almaq lazımdır. 1989-2000-ci illərdə bu, minimum 200-300 min nəfər təşkil edib. Sadə hesablamalar göstərir ki, əgər bu rəqəmi 1990-cı illərin əvvəllərində respublika əhalisinin sayına, 3,6 mln-a əlavə etsək, o zaman 2000-ci ildə Ermənistanda kütləvi mühacirət olmadığı halda, ölkədə yaşayan əhalinin sayı təxminən 3,8-3,9 mln. nəfər olmalı idi. Müxalifətin iddia etdiyi kimi, əgər güman etsək ki, ölkəni ən azı 1,5 mln. nəfər tərk edib, o zaman ölkə əhalisinin sayı maksimum 2,3-2,4 mln. nəfər olmalı idi.
Demoqraf Ruben Yeganyan Panorama.am müxbirilə söhbətində (27 fevral. 2019-cu il) qeyd edib ki, Ermənistanda miqrasiyanın səviyyəsi artır: 2017-ci ildə ölkəni 35-40 min nəfərə yaxın adam tərk edib və geri qayıtmayıb.
Yeganyanın qeyd etdiyi rəqəmlər doğru hesab edilə bilər. Məsələ ondadır ki, Erməni Milli Konqresinin (EMK) parlament fraksiyasının katibi Aram Manukyan 2014-cü il sentyabrın 8-də parlament iclasında çıxış edərkən payız sessiyasının gündəliyinə mühacirət problemi ilə bağlı məsələnin daxil edilməsini və müvafiq müzakirələrin təşkil olunmasını tələb etmişdi.
"Son aylar ərzində biz son 15 ildə Ermənistanda demoqrafiya ilə bağlı beynəlxalq təşkilatların araşdırmalarını öyrənmişik və istəyirik ki, bu tədqiqatlar parlamentarilər üçün əlçatan olsun. Milli Məclis ölkənin demoqrafik vəziyyətini bilməli və bu problemi müzakirə etməlidir", - Manukyan deyib.
O, rəsmi statistikanın məlumatlarına istinad edərək bildirib ki, 2008-ci ildən 2013-cü ilədək Ermənistanı 210 min nəfərdən çox adam tərk edib.
Beləliklə, əgər orta hesabla əhalinin illik gedişi 40 min nəfər təşkil edirdisə, belə çıxır ki, 2000-ci ildən ölkəni təxminən 800 min nəfər tərk edib və İkinci Qarabağ Müharibəsinin başladığı vaxt əhalinin sayı 1,5 mln.-a yaxın, bəlkə də 2015-ci ildə Ermənistanda başlayan görünməmiş sosial-iqtisadi böhranla əlaqədar daha az olub.
Demoqrafın sözlərinə görə, miqrasiyanın səviyyəsinin artması ilə paralel olaraq əhalinin demoqrafik qocalması prosesi gedir, çünki doğum sayı azalıb və yeni gənc nəsil artıq keçmişi əvəz edə bilmir.
"İndiki sosial-iqtisadi vəziyyətdə gənclər ailə qura bilmirlər, ailə qurduqdan sonra cütlüklər dünyaya çoxlu uşaq gətirmək istəmirlər ki, bu da sosial problemlərlə bağlıdır. Bu, həm də miqrasiyanın hesabına baş verir, çünki Ermənistandan gedənlər arasında reproduktiv və əmək qabiliyyətli adamlar üstünlük təşkil edir. Bunun hesabına yaşlı əhalinin xüsusi çəkisi artmaqda davam edir", - Yeqanyan bildirib və əlavə edib ki, kompleks tədbirlər həyata keçirilməsə doğumun səviyyəsi azalmaqda davam edəcək.
Yeqanyan qeyd edib ki, demoqrafik problemlər sistemli problemlər: hərbi-siyasi, iqtisadi, sosial-psixoloji və s. səbəbindən yaranır.
Dağlıq Qarabağ
DQ (Dağlıq Qarabağ) demoqrafiyasına gəlincə, sovet dövrünün siyahıya alınmasına görə, (1989–cu il ümumittifaq siyahıya alınması) regionun əhalisi 189085 nəfər olub ki, bunun 123100-nü ermənilər (75,9%), 40688-ni azərbaycanlılar (21,52%) təşkil edib. Sonralar ermənilər tərəfindən aparılmış etnik təmizləmə nəticəsində bölgənin əhalisi homogen olub.
Erməni tərəfinin iddiasına görə, İkinci Qarabağ Müharibəsi nəticəsində Dağlıq Qarabağı təxminən 90 min nəfər tərk edib. Lakin Qərb mənbələrinə görə, müharibə başlayanda Dağlıq Qarabağ əhalisinin sayı 70 mindən az olub. Bu, həqiqətə daha çox uyğundur.
Məsələ bundadır ki, noyabrın 9-da sülh sazişi imzalanan zaman Qarabağda olan rusiyalı jurnalistlər bildirirdilər ki, Dağlıq Qarabağın demək olar ki, bütün sakinləri Ermənistana gediblər.
Sonra Rusiyanın sülhməramlı kontingenti tərəfindən ermənilərin Dağlıq Qarabağa qaytarılması təşkil edilib və 14.01.21-ci ildə buraya 49 461 nəfər qayıdıb. Əgər Qarabağda qalan 5 minə yaxın kişi döyüşçü və kiçik yardımçı qrupları da nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, hazırda Qarabağda təxminən 55 min erməni var.
Lakin yerlərdəki süjetlərdən görünür ki, Birinci Qarabağ Müharibəsindən sonra başlayan erməni əhalisinin köçü davam edəcək.
"Nastoyaşee vremya" (Currenttime TV) telekanalının müxbiri Aleksandr Kasatkinin suallarını cavablandıran qaçqınlardan biri deyib:
"İndi, Kəlbəcər və bütün digər rayonların Azərbaycana verildiyi təqdirdə biz 90-cı illər müharibəsinə qədər olduğu kimi eyni blokadada qalacağıq, -Ermənistana tərəf gedən sürücülərdən biri deyib.- Onlar [azərbaycanlılar] bizə ensiz yol verəcəklər. Amma heç kim onun nə qədər təhlükəsiz olacağını bilmir. Orada yaşamağa davam etməyin mənası yoxdur, oranın gələcəyi yoxdur".
Eyni zamanda “Onlar Ermənistanda nə edəcəklərini bilirlərmi? sualının cavabında qaçqınlar qısaca "bilmirik" cavabını veriblər.
Paradoksal mənzərə yaranıb - 80-ci illərin sonlarından türklərin sıxışdırılmasına nail olaraq həyat məkanının genişləndirilməsi planını həyata keçirən erməni əhali həm Ermənistanı, həm də Dağlıq Qarabağı tərk etməyə başlayıb. Köç əsasən Rusiya, Ukrayna, Qərbi Avropa, hətta Türkiyəyədir.
Regionu tərk etmə, çox güman ki, müharibədən sonrakı yoxsul həyatın məyusluğu və daha yaxşı qazanc üçün digər ölkələrə getməklə bağlıdır.
Ermənistanın İkinci Qarabağ Müharibəsində məğlub olmasının mühüm səbəblərindən biri də məyusluq və perspektivsizlik oldu - Böyük Ermənistan yaradılması ideyası baş tutmadı və əksəriyyətin artıq yaşamaq istəmədiyi torpaq uğrunda ölmək üçünsə motivasiya olmadı.(turan)