Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskva Qarabağla bağlı nə düşünür?-ŞƏRH

 

Lavrov hansısa muzdluların Qarabağa sızması ehtimalından dəm vurur, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi və bölgədən çıxarılması isə Rusiyanın gündəmində yoxdur

Yenixeber.org: Dekabrın 27-də Xocavənd rayonunda Azərbaycan ordusuna növbəti hücumdan iki gün ötsə də, Dağlıq Qarabağdakı “sülhməramlı əməliyyat” zonasına cavabdeh olan Rusiyadan hələ ki adekvat reaksiya yoxdur. Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda yalnız araşdırma aparıldığı, təmas xəttində atəşkəs rejiminə əməl edildiyi bildirilir. Halbuki Azərbaycan Müdafiə Nazirliyi hücum nəticəsində 1 hərbçinin şəhid olduğunu, 1 nəfərin yaralandığını, erməni hərbi dəstələrinin 6 üzvünün məhv edildiyini açıqlayıb.

Göründüyü kimi, kifayət qədər itkilərlə nəticələnən hadisəyə Moskva laqeyd yanaşıb. Bu da hadisələrin arxasında Rusiyanın bəzi dairələrinin ola biləcəyi barədə ehtimalları gücləndirir. Doğrudur, Azərbaycan hələlik rəsmi şəkildə sülhməramlıları qınayan açıqlama verməyib. Amma Milli Məclisdən Rusiyanın ünvanına sərt ittihamlar səslənməyə başlayıb. Bu gün parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov “Turan” agentliyinə bildirib ki, hadisələrin məsuliyyətini həm də Rusiya daşıyır:

“Əgər 10 noyabr üçtərəfli razılaşmasına əsasən bölgədə Rusiya sülhməramlıları mövcuddursa, Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, qondarma “Qarabağ ordusu” adlandırılan quldur dəstələrinin ərazidən çıxarılmasına, onların silahsızlaşdırılmasına birbaşa cavabdeh olan sülhməramlılardır”.

Məmmədovun sözlərinə görə, elə təsəvvür yaranır ki, Rusiya sülhməramlıları qondarma Dağlıq Qarabağ rejimi ilə razılaşır. Deputat xatırladıb ki, sülhməramlılar və onların rəhbərliyi Rusiya bayrağını qondarma qurumun bayrağı ilə böyür-böyürə qoyur və tədbir keçirirlər: “Elə çıxır ki, sülhməramlılar o separatçı qurumun mövcudluğu ilə razılaşır. Məntiqlə belə alınır ki, de-yure olmasa da, de-fakto bu gün Rusiya dövləti sülhməramlıların yaramaz hərəkəti nəticəsində separatist cinayətkar qurumun varlığını bir növ, qəbul edir”.

Elman Məmmədov qeyd edib ki, sülhməramlılar səlahiyyət hədlərini aşırlar, Azərbaycan qanunlarına hörmətsizlik edib, Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətkar kimi axtarışa verdiyi adamlarla işbirliyi yaradırlar, məsləhətləşmələr aparırlar, görüşlər keçirirlər. Deputat vurğulayıb ki, Dağlıq Qarabağ deyilən ərazidə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qondarma rejimin qanunsuz silahlıları var:

“Bunların tərksilah edilməsi, ərazidən çıxarılması prosesi getməyib. Onların təminatını Ermənistan Rusiya sülhməramlılarının razılığı və köməkliyi ilə həyata keçirir. Çünki Ermənistandan bu gün Azərbaycana gələn yeganə təminat yolu Laçın dəhlizidir. 10 noyabr razılaşmasına əsasən Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Görünür, Rusiya sülhməramlıları birbaşa şərait yaradırlar ki, meşələrdə qalmış və bu gün də fəaliyyət göstərən silahlı birləşmələrə Ermənistandan hər şey gətirilsin, o cümlədən silah, ərzaq. Bu da sülhməramlıların səlahiyyətinə zidd olan, gələcəkdə ciddi problemlər yarada biləcək hərəkətlərdir”.

Bu günlərdə Xankəndindəki oyuncaq rejimin “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyanın Rusiya dövlət xəbər agentliyinə müsahibəsində dedikləri isə sanki odun üstünə yağ töküb. O bildirib ki, “Dağlıq Qarabağ Respublikasının müdafiə ordusu” “Təhlükəsizlik Şurası”nın nəzarətinə keçəcək:

“Yaxın gələcəkdə sərhəd qoşunları, nizami silahlı qüvvələr yaradacağıq, təbii ki, müdafiə ordusunun da olacağı aydındır. Müdafiə ordusu Təhlükəsizlik Şurasına tabe olacaq. Bundan əlavə, kontrakt əsasında gücləndirilmiş ehtiyat qüvvələr, könüllülər, həmçinin polis və milli təhlükəsizlik xidməti fəaliyyət göstərəcək. Milli təhlükəsizlik xidmətinə antiterror funksiyaları veriləcək…”

Bu gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Qarabağ mövzusundan danışsa da, orada baş verən və Azərbaycan ictimaiyyətini narahat edən hadisələrə aydınlıq gətirməyib. Nazir deyib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağdakı vəziyyətdən xarici muzdluların bölgəyə nüfuz etməsi (?) üçün istifadə edilməməsi ilə razılaşırlar. “Bizim ümumi fikrimiz budur ki, Dağlıq Qarabağdakı vəziyyət bu bölgəyə xarici muzdluları sızdırmaq cəhdləri üçün istifadə edilməməlidir. Burada türk həmkarlarımızla tamamilə uyğun olan mövqelərimiz var”, – deyə o, vurğulayıb.

Lavrov real problemlərdən bəhs etmək əvəzinə, bölgəyə hansısa muzdluların sızması ehtimalından dəm vurur. Burada əslində dolayısı ilə Azərbaycana və Türkiyəyə xəbərdarlıq edilir, çünki müharibə zamanı məhz Türkiyənin Qarabağa guya Suriyadan muzdlular gətirməsi barədə nağıllar uydurulmuşdu. Balasanyanın Rusiyanın rəsmi mediasına Dağlıq Qarabağdakı “ordu quruculuğu”ndan danışdığı bir məqamda Lavrovun 10 noyabr bəyanatını sual altına qoyan bu tip açıqlamaları şərh etmək əvəzinə, Bakıya mesajlar yollaması rəsmi Moskvanın bölgə ilə bağlı planlarını prədələməyə ehtiyac duymadığından xəbər verir.

Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlıların hərbi təlimlərə başladığı haqda məlumat yayıb. Bildirilir ki, sülhməramlı kontingent Xankəndi və Ağdərə poliqonlarında döyüş hazırlığı üzrə planlaşdırılmış təlimlərdə şərti hədəflərə avtomat və pulemyotlardan, snayper tüfənglərindən, eləcə də “BTR-82A” zirehli texnikasından atəş açıblar. Sülhməramlıların niyə döyüş təlimlərinə ehtiyac duymasının səbəbi məlum olmur.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hadisələri “pressklub.az”a şərh edərkən bildirdi ki, Dağlıq Qarabağda baş verən hadisələrin arxasında birmənalı şəkildə Rusiya dayanır:

“Rusiya erməni diversantlarını, terrorçu qrupları təlimatlandırır, silahlandırır, mənəvi-psixoloji, maddi dəstək verir, ruhlandırır və Azərbaycan ordusunun üzərinə göndərir. Ermənistan hər zaman Rusiyanın Azərbaycana qarşı siyasətində alət olub və bu gün də həmin rolu oynamaqda davam edir”.

Ə. Oruclu hesab edir ki, Paşinyan hökuməti və onun müxalifəti bu məsələdə eyni mövqedədirlər:

“Bəzən bu qrupları Paşinyana tabe olmayan qüvvələr kimi tədim edirlər, amma bu, yanlışdır. Bu günlərdə Paşinyan bir açıqlama verdi ki, Azərbaycan Zəngəzur bölgəsinə hərbi təhdid yaradarsa, bu işə təkcə Ermənistan yox, Rusiya da reaksiya verəcək. O, həm də Rusiyanın adından danışırsa, deməli, ona belə bir mandat verilib. Paşinyan daha əvvəlki lider deyil, o, Rusiyanın vassallığını tam qəbul edib. Və o da Ermənistanın əvvəlki liderləri kimi, Rusiyanın alətinə çevrilib. Amma ən acınacaqlı hal Azərbaycan hakimiyyətinin bu istiqamətdə fəaliyyətsizliyidir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam