Yenixeber.org: 2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyətinin, hüquq-mühafizə orqanlarının saxlanılması, tikinti və şəhərsalma xərcləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına çəkiləcək xərclər əsas yer tutacaq.
Başa çatmaqda olan ildə olduğu kimi, sosial müdafiə, səhiyyə və kənd təsərrüfatı üçün nəzərdə tutulan vəsait büdcənin 20 fazini ötmür. Belə ki, proqnozlaşdırılan gəlirlərin hər 100 manatının 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi isə kənd təsərrüfatı sektoruna yönəldiləcək. Hər üç sahədə problemlərin kifayət qədər böyüdüyünü nəzərə alsaq, xeyli az vəsait nəzərdə tutulub.
Azərbaycanda 2021-ci il ərzində əhalinin sosial müdafiəsi və sosial təminatı istiqamətində ciddi tədbirlərə ehtiyac var. Çünki 2020-ci ildə ilboyu pandemiya davam edib, nəticədə iqtisadiyyatın əksər sahələrinə ciddi ziyan dəyib. Günəmuzd işləyən vətəndaşların azı üçdə ikisi iş yerlərini itirib. Dövlət onların bir qismini 190 manat birdəfəlik ödəmə ilə təmin edib, habelə iş sahiblərinə müəyyən miqdarda dotasiya versə də, bu rəqəm cüzi olduğuna görə həmin kateqoriyadan olanların onların sosial vəziyyətini yaxşılaşdıra bilməyib. Proqnozlara görə, ən azı gələn ilin birinci rübü pandemiya şəraiti davam edəcək. Deməli, ötən il yoxsullaşaraq bütün ehtiyatını xərcləmiş işçi sinfi üçün məşəqqətli aylar qabaqdadır.
İkinci vacib məqam ərzaq və gündəlik tələbat mallarının bahalaşmasının doğurduğu narahatlıqdır. Rəsmi inflyasiya rəqmlərində görünməsə də, əhalinin kəskin azalan gəlirlərinin fonunda qiymətlər kifayət qədər artıb. Bu da maaş və pensiyaların, müavinətlərin artırılmasını zəruri edir. Büdcə rəqəmlərindən görünür ki, illik rəsmi inflyasiya miqdarının kompensasiya edilməsindən əlavə, sözügedən istiqamətlərdə ciddi artımlar olmayacaq. Yəni ən yaxşı halda pensiya və müavinətlərdə 10-12 manat artım nəzərdə tutulur. Büdcə sənədində ehtiyac meyarının 160 manatdan 170 manata qaldırılması (cəmi 10 manatlıq artım) da pessimist yanaşmanı qüvvətləndirir.
Üçüncü mühüm məsələ isə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, müharibə əlillərinin sosial problemlərinin vaxtında həll olunmasıdır. Hazırda şəhid ailələrinə və əlillərə veriləcək müavinətlərin həcmi çox aşağıdır. Onların əhəmiyyətli dərəcədə artırılması vacibdir. Bundan başqa, qazilərin müalicəsinin təşkili, onların məşğulluq problemləri dövlətin qarşısında prioritet vəzifə kimi dayanır. Bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsi təkcə onların deyil, bütün cəmiyyətin tələbidir. Bu sahədə hazırda kifayət qədər narazılıqlar var.
2021-ci illə bağlı əsas proqnozlardan biri COVİD-19 pandemiyasının davam edəcəyi ilə bağlıdır. Amma Maliyyə Nazirliyi büdcəni tərtib edərkən bu reallığı o qədər də nəzərə almayıb. Büdcə gəlirinin hər 100 manatından cəmi 4.9 manatının bu sektora ayrılması gözlənilir. Başa çatmaqda olan il göstərdi ki, Azərbaycanın səhiyyə sistemi böhranı idarə etmək qabiliyyətində deyil. Pandemiyanın ilk günlərində əhalinin tibbi sığortası üçün nəzərdə tutulan 500 milyon manat xərcin təxirə salınması, səhiyyə sektorunda ikihakimiyyətlilik, idarəetmə islahatlarının yarımçıq qalması ciddi problemlərə gətirib çıxardı. Səhiyyə Nazirliyi ümumiyyətlə, fəaliyyətsizliyi ilə yadda qalsa da, TƏBİB korrupsiya, rüşvət iddiaları, yarıtmaz idarəçiliyi ilə tənqid hədəfinə çevrildi. COVİD xəstələrinin dərman ehtiyaclarının ödənilməməsi, “qara bazar”da dərmanların fantastik qiymətə satılması, əhalinin kütləvi testdən keçirilməməsi və testlərin bahalı olması 2020-ci ilə damğa vurdu. Növbəti ildə səhiyyə sahəsinə büdcə ayırmalarından görünür ki, ənənəvi problemlər biraz da dərinləşəcək. Halbuki ötən ildən nəticə çıxarıb, əhalinin sağlamlığının qorunması istiqamətində vacib islahatların həyata keçirilməsi üçün yetərli vəsaitə ehtiyac vardı.
Kənd təsərrüfatı sahəsi əhalinin məşğulluğunun təmin olunması, dəyər yaradan sahələrdən biri olmasına baxmayaraq, 2021-ci ildə büdcədən ən az dəstək əldə edən sektorlardan biri olacaq. Maliyyə Nazirliyi hər 100 manatın cəmi 3.3 manatını ayırmaqla milyonlarla insanın çalışdığı sahəyə yumşaq desək, ögey münasibət göstərib. Aqrar sektor istehsal, ixrac imkanlarının genişləndirilməsi ilə ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında başlıca yer tutur. Ölkənin valyuta gəlirlərinin azaldığı dönəmdə daxili istehsalın stimullaşdırılması üçün müasir texnologiyanın, habelə dərmanların, pestisidlərin, bitki sortlarının, məhsuldar heyvan cinslərinin idxalı vacibdir. Taxıl, pambıq, çay, tütün, sitrus bitkiləri, habelə kartof, meyvə istehsalçıları dövlətdən dəstək gözləyirlər. Bu istiqamətdə əhəmiyyətli dəstək proqramları həyata keçirilməsə, ölkədə qıtlıq, bahalıq, işsizlik və onlardan dolayı başqa problemlərin ortaya çıxması qaçılmazdır.(pressklub)
Turqut