Rusiyaya qarşı ikinci cəbhə:Moskva Zelenskinin Türkiyə səfərindən niyə təşvişə düşüb?
“Türkiyə Ukraynanın Qara və Azov dənizlərində Rusiya ilə mübarizəsini dəstəkləmək qərarına gəlib”.
Yenixeber.org: Rusiyanın hərbi portalı Avia.pro Ukrayna prezidenti Vladimir Zelenskinin dünən başlayan Türkiyə səfərini şərh edərkən bu iddianı irəli sürüb.
Xatırladaq ki, sabah yekunlaşması planlaşdırılan bu səfər çərçivəsində iki ölkə arasında hərbi-strateji müqavilə bağlanması nəzərdə tutulur. Ukrayna Müdafiə naziri Andrey Taranın bildirdiyinə görə, “bu müqavilə müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi zəmin yaradacaq, həmçinin iki ölkənin Qara dəniz – Azov bölgəsində sülh və təhlükəsizliyə bağlılığını əks etdirəcək”.
Avia.pro da məhz bu açıqlamaya istinadən, iki ölkənin hərbi əməkdaşlığa başlamasını Rusiya üçün böyük təhdid hesab edir: “Mətbuatda yer alan məlumatlarda iki ölkə arasında Rusiya üçün çox mənfi nəticələrə səbəb ola biləcək strateji ittifaqdan söhbət gedir”.
Türkiyə ilə Ukrayna arasındakı hərbi-strateji ittifaq sazişinin bağlanması ərəfəsində Ankarının öz hərbi arsenalındakı S-400 hava hücumundan müdafiə sistemlərini Samsundan Sinopa daşıması və bunu açıq şəkildə bəyan etməsi də Avia.pro-nun diqqətindən yayınmayıb. Portalın iddiasına görə, S-400-ün hazırda yerləşdirilən məkanı Krım yarımadasının bütün ərazisini nəzarətə götürməyə fürsət verir və bu gün, yaxud sabah Ukraynayla bağlanacağı gözlənilən strateji hərbi ittifaq müqaviləsi məhz bu bölgədə iki ölkə arasında aktiv qarşılıqlı əlaqəni nəzərdə tutur.
Maraqlıdır ki, bundan bir qədər əvvəl NATO-nun ağır gəmiləri Qara dənizin Ukrayna sahillərinə lövbər salanda Kiyev Ankaranı Bosfor boğazını bağlamağa çağırmış, Türkiyə isə hələ ki belə bir hüququ doğmadığı üçün buna getməmişdi. Zira 1936-cı ildə bağlanan Montrö müqaviləsinə əsasən, Türkiyə yalnız bir halda Qara dənizi Aralıq dənizinə bağlayan boğazları bağlaya bilər: regionda savaş çıxarsa.
Bununla belə, Türkiyə ilə Ukrayna arasında Qara dəniz və Azov bölgəsinin təhlükəsizliyi və müdafiəsini nəzərdə tutan müqavilənin bağlaması Rusiya ətrafında çənbərin daralmasına və Azovda saxlanılan rus hərbi gəmilərinin daxili sularda həbs olunmasına gətirib çıxara bilər. Başqa sözlə desək, bütün bunların Dağlıq Qarabağda müharibə getdiyi zamana təsadüf etməsi NATO qüvvələrinin Rusiyaya qarşı ikinci cəbhəni açması anlamına gəlir.
Bəlli olduğu kimi, NATO üzvü olmasa da, Ukranya bu alyansla dərin əlaqələr içərisindədir. Hazırda Ukraynada ABŞ-ın ağır bomba daşıyan strateji B-52 təyyarələrinin yerləşdirilməsi və onların ölkənin hava sərhəddinin qorunmasında rol alması təsadüfi hesab edilə bilməz. Görünən budur ki, Ukrayna da yaxın günlərdə 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Krım yarımadası və Donbass uğrunda aktiv döyüşlərə hazırlaşır.
Rusiya silahlarına qarşı yeni hərbi texnika və texnologiyaların Dağlıq Qarabağdakı son döyüşlərdə uğurla sınaqdan çıxarılması da Kiyevi öz torpaq bütünlüyü uğrunda mübarizəyə həvəsləndirə bilər. Azərbaycan ordusunun Türkiyədən aldığı pilotsuz təyyarələrlə erməni ordusu üzərində əsl şou göstərməsi bu güvənin əsas dayağıdır və Kiyev-Ankara arasındakı hərbi əməkdaşlıqların niyə məhz indi genişləndirilməsinə kifayət qədər aydınlıq gətirir.
Ukraynanın ABŞ hərbi təyyarələri və digər texnikalarla hava hücumlarından qorunması da Kiyevə əlavə impulslar verir. Belə görünür ki, Ukrayna səmasının təhlükəsizliyini tam qarantiya altına alan Kiyev Krımda və Donbassda separatçılara və onların ağalarına qulaqburması verməyə hazırlaşır.(ovqat)